İlqar ƏLFİOĞLU: "Arzu olmasa,
insan həyatı dəyərdən
düşər"
- Əvvəlcə yeni ilə
hansı əhvali-ruhiyyə ilə girdiniz ondan bəhs edək.
- Ötən
ilimiz çox zəngin hadisələrlə dolu oldu və təbii
ki, belə bir ildən sonra, adamın daha çox dincəlməyə
həvəsi olur. Amma bizim dincələn
vaxtımız da deyil. Axı, o boyda
Qarabağ yolumuzu gözləyir. Bir təsəvvür
edin, oraların hamısını başdan-ayağa yenidən
qurmalıyıq. Bəziləri bu prosesə
bərpa deyir, amma gedənlər bilir ki, oralarda bərpa edəsi
heç nə qalmayıb, hamısı sıfırdan tikilməlidir.
O yerləri lap gözəl tiksək belə, xalq
yurd-yuvasına köçməyincə, oralar
Qarabağ olası deyil. Torpağı Qarabağ
edən qarabağlılar olacaq, inşallah, çünki bu
didərginlik illərində görmüşəm - bizimkilər
hara düşürsə, oranı mini-Qarabağa çevirir,
ordan Qarabağın havası gəlir. Onu
da deyim ki, hər ölkə başçısının qismətinə
o qədər şəhəri, kəndi yenidən tikmək düşmür.
Bu, hər nəslin qismətinə də
yazılmayıb. Odur ki, insanlarımız
da, rəhbərimiz də o müqəddəs yerləri
qurmaqla adlarını tarixə əbədi yazmış
olacaq.
- Müsahibələrinizin birində
belə bir söz demisiniz ki, atamın ümidi var idi, bir
gün yaxşı yazıçı olaram. Yaxşı
jurnalist oldum, amma yaxşı yazıçı ola bilmədim. Yaxşı
yazıçı olmanıza nə mane oldu?
- Məncə,
arzu olmasa, insan həyatı dəyərdən düşər.
Böyük işlərin hamısı
böyük arzulardan, o arzuların ardınca yorulmadan getməkdən
doğur. Amma bir reallıq da var və mən
yazı-pozu aləmində ondan böyük reallıq
tanımıram. Adam yazmaya bilirsə, gərək
yazmasın. Mən də uşaq vaxtı
atam kimi yazıçı olmağı
düşünürdüm, amma ona özünü
dolandırmaq vasitəsi, peşə kimi deyil, hobbi kimi
baxırdım. Bununla belə povestim, hekayələrim
o zamanların ən mötəbər jurnallarında, qəzetlərində
dərc edilirdi, əks-sədaya səbəb olurdu. Sonra gördüm ki, yazmamaq da olar. Üstəlik, söhbət 90-cı illərdən
gedirsə, dövran elə idi ki, səhər yuxudan duranda evə
bir tikə çörəyi hardan gətirəcəyimizi düşünürdük,
yazı yazmağı yox. O zamanların Azərbaycanı
həyatın gərdişindən böyük arzuların
xırda məzarlarda basdırıldığı məmləkət
idi, biz də o arzuları ya içimizdə gəzdirib,
yaxşı zamanlaradək süsləyir, ya da mənim kimi
acımasız basdırırdıq. Mən də basdırdım
getdi...
- Sizin dövrünüzdə
yaxşı yazıçılar çox idi. Onların
əksəriyyəti artıq dünyasını dəyişib.
Müasir dövrdə ürəklə
"yaxşı yazıçıdır" deyə
bildiyiniz kimlər var?
- Mənim
aləmimdə ədəbiyyatımızın ən
böyük intibahı 60-80-ci illərdə olub, o ağır
nəzarət, sosializm-realizminin yazı normasını müəyyən
etdiyi şəraitdə ara-sıra yaxşı
yazıçılar çıxırdı, əsərləri
dillər əzbəri olur, xalq sevgisi qazanırdı. Və bu intibahın səbəbkarı yazarlardan
çox, oxucular idi. Təsəvvür edin
ki, ildə bir kitabı çıxan yazıçı aldığı
qonorarla ailəsini ortabab dolandıra bilirdi. İndi də
yaxşı yazıçılar var, yazdıqları əvvəlkilərinkindən
yüz dəfə az olsa da, oxunur. Onların əksəriyyəti mənim
dostlarımdır, amma ad çəkməyəcəm,
çünki kimisə unuda bilərəm. Təəssüf ki, əvvəlki oxucu yoxdur. Bilirsiniz, indi zəmanə tam dəyişib, başqa
dünyada yaşayırıq, gənclərin marağı
başqa şeylərə köklənib, həyatımızda
əyləncə real işdən daha çoxdur. Bunu senzura dövrünün yazarları daha
yaxşı bilər, amma mənim aləmimdə
azadlığın, sərbəstliyin senzurası daha qəddardır.
Əvvəllər yazıçının,
şairin eyhamla, sətiraltı deməyə
çalışdığı mətləbləri indi hər
sayt, hər sosial şəbəkə açıqca söyləyir.
Odur ki, yazmaq, daha doğrusu, yazaraq
populyarlaşıb dolanmaq çox çətinləşib.
- İndi bir çox
yazıçılar çörəkpulu qazanmaq
üçün jurnalistikaya üz tutub. Bu səbəbdəndir ki, həm oxucular,
həm də yazıçılar necə deyərlər
"Əli aşından da olub, Vəli aşından da".
Elə sizin özünüz də illərdir bu
yolayrıcında var-gəl etmisiniz. Ümumiyyətlə,
yaradıcı adamın iki daşın arasında qalması ədəbi
müstəvidə daha çox kimin faciəsidir. Yazıçının, yoxsa oxucunun?
- Əlbəttə, yazıçının. Yazıçı
öz yazısı ilə oxucunun qəlbinə
çöküb, həyatı zərrə qədər olsa
belə dəyişə bilmirsə, nakam olur. O ki
qaldı jurnalistikaya, indi tək yazarlar yox, əli qələm
tutanların hamısı ora axışıb. Əvvəla,
jurnalistika başqa peşə bilmədən və
rüşvət almadan, nisbətən asan dolanmağın bəlkə
də, yeganə yoludur, çarəsizlikdən gedirlər.
Çünki mətbuata imkanlılar pul
ayırır. Camaat üçün yox,
öz reputasiyası üçün ayırır, ondan
müdafiə mexanizmi düzəldir. Odur
ki, handa bir jurnalistə desən ki, gəl səni hansı
qurumasa mətbuat katibi təyin edək, qazandığından
100 manat da artıq alacaqsan, razılaşar. Əslində, yaxşı jurnalistin məmur
olması cəmiyyətin ən böyük faciələrindən
biridir. Məgər bu normal bir şeydir?
Təbii ki, yox. Amma
hansını dindirsən, görəcəksən ki,
özünü son dərəcə məmnun hiss edir.
Amma yazıçıya pul ayıran, onu dolandıran kimdir
axı...
- Günümüzdə kitab nəşr
etdirmək asan, amma onu oxucu kütləsi ilə qovuşdurmaq
çətindir. Vəziyyət o qədər
ağrılıdır ki, hər kəs kitabını
bir-birinə hədiyyə edir. Kitabdan pul qazanmaq
Azərbaycan yazıçısı üçün illərdir
sadəcə arzu olaraq havadan asılı qalıb. Bu tilsimi sındırmaq gecdir, yoxsa hələ
ümid var?
- Məncə,
bizdə bu istək həmişə beşiyində qalacaq,
reallaşmayacaq. Çünki Azərbaycan
bazarı çox xırdadır, üstəlik, güzəran
da çox ağırdır. Mən hərdən
kitab mağazalarını gəzirəm, sırf
müşahidə üçün. Rəflərə
yaxınlaşan çoxdur, amma az adam
görərəm ki, kitab alsın. İnsanları
qınamıram da, çünki ən ucuz kitabın dəyərini
belə pulla ifadə edəndə, görürsən ki, o pula
iki toyuq alarsan, evdə qazanın qaynayar, ailən bir həftə
dolanar.
- Yəni deyirsiniz kitab oxumaq
üçün tox olmaq lazımdır əvvəlcə?
- Ümid
ancaq varlılaradır, amma bizim varlıların kitab alması
ilə də iş düzələn deyil, nə qədər
varlımız var ki? İndi kimsə sovet
dövrünü misal gətirəcək, deyəcək ki, o
vaxt yazarlar vardı, kitabının pulu ilə
dolanırdı. Hə, elədir,
razıyam. Amma onda seçmələr nəşr
edilirdi, hər şey oxucuya uyğun tənzimlənirdi, kitab
yox deyildi. Məsələn, Rusiyada, Türkiyədə,
İranda vəziyyət tamam başqadır, bazarları
böyük olduğundan, hərə öz oxucusunu
yığa bilir. Oralarda da ortabab kitab indi iki min
tirajla nəşr edilir. Təsəvvür
edin ki, 100 milyon əhalisi olan bir məmləkətdə kitab
o tirajla çıxırsa, 10 milyonluq Azərbaycanda hansı
tiraj olmalıdır? Təbii ki, on dəfə az, yəni iki yüz dənə. Belə satışla yazıçı dolana bilər?
Odur ki, bizdə ən yaxşı dolananlar
sifarişli yazanlar, bir də rus dilində yazıb, Rusiya
bazarına çıxa bilənlərdir. Bu,
obyektiv gerçəklikdir. Vəziyyəti
nisbətən düzəltmək üçün cəmiyyətdə
kitab kultu yaranmalıdır. Kitabxanaya, əvvəllərdəki
kimi, evlərin yuxarı başı ayrılmalıdır, yerdəki
kitabı tapdalayıb ötən gənclər yox, əyilib
qaldıran uşaqlar tərbiyə etməliyik.
- Bu yaxınlarda
"Qızılbarmaq Fatma" adlı kitabınız nəşr
olundu. İstərdim bir az
oxucularımıza kitabı yazmaq ideyasının necə
yaranmasından danışasınız. Niyə
Qızılbarmaq Fatmadan yazmaq gərəyi hiss etdiniz?
- İnsanların mütləq əksəriyyəti həyata
durduğu nöqtədən baxır. Həyat isə
çoxüzlü prizmadır, hardan baxsan, cəmi bir
üzünü görəcəksən. Adamlar
da beyinlərini yükləməməkçün çox
vaxt elə olduğu nöqtədən baxır, prizmanın
başqa səthlərində olanlarla maraqlanmır. Amma "mən həyatı bilirəm"
sözünü qətiyyətlə demək
üçün gərək başqa cəhətlərindən
də xəbərin olsun. Fatma rəhmətlik
də bir insan idi, amma o prizmanın tamam başqa səthində
yaşayırdı. Onunla 99-cu ildə, "Avtoritet"
adlı bir məşhur qəzetin redaktoru olarkən tanış oldum. Yazıq istəyirdi
ki, həyatı haqqında kitab yazılsın, onun səhvlərindən
kimsə ibrət götürsün. Üç
gün, üç gecə onun evində qaldım, söylədiklərini
birər-birər diktofona aldım. O vaxt Fatmanın
yaşı 60-ı keçmişdi, cibgirliyə tövbəli
idi, özünü onun-bunun falına baxmaqla
dolandırırdı. Danışdıq ki,
kitabı bir-iki ilə hazır edəcəm. Amma iş
elə gətirdi ki, mən kitabı nəşrə
hazırlayana kimi Fatma arvad da, tövbəsini pozdu. Daha doğrusu, bizim o vaxtkı qanun adamları ona
evində rahatlıq vermədilər, hər həftə tutub
bölməyə apardılar, falçılığına
görə böyük haqq qoydular belinə, o da məcbur
qalıb, evindən qaçaraq gizləndi və axırda
köhnə peşəsinə qayıtmaqdan başqa çarə
tapmadı. Mən də o kitabın əlyazmasını
atdım bir qırağa. İki il
qabaq isə eşitdim ki, Fatma dünyasını dəyişib,
əlyazmanı götürüb bir də oxudum, gördüm
ki, çap eləməsəm olmaz. Çünki
artıq nə Fatma vardı, nə də onun doğulub
boya-başa çatdığı şəhər. Bu
kitab həm Fatma arvadın özünə, həm də elə
o Bakıya nisgilli epitafiyadır...
- Kitabın təqdimatı ilə
bağlı elan yazanda sosial şəbəkədə etiraz
xarakterli rəylərə də rast gəldim. Hətta
tənqid olundu "oğru" haqqında kitab
yazmağınız. Bu reaksiyaları hesaba
almışdınız, yoxsa sizin üçün sürpriz
oldu?
- Bilirsən,
elə yaşdayam ki, artıq fikirləşib qurtarmış adam olduğumdan, neçə illərdir
sürpriz görməmişəm. Odur ki, belə
rəylərin olacağını da bilirdim. Amma əsas
bəlanı dedim axı - prizmanın bir səthində
daşlaşıb qaldığından, beynin sümükləşdiyindən
başqa müstəviləri görmək istəməmək,
natamam həyat yaşayaraq, axırda peşman olmaq. Və ən qəribəsi də odur ki, bir müstəvidə
yaşayanlar, başqa müstəvilərdəkinin yaşamaq
haqqını belə danır. İndi
Fatmanın kitabı artıq bir fakt kimi var və sevindirici cəhət
odur ki, həmin kitabı oxuyan bircə adamdan belə dediklərinə
bənzəyən bir rəy görməmişəm. Düzdür, haqqında ciddi məqalə yazan
olmayıb, amma fikrinə hörmət etdiyim, o kitabı mənim
yazdığımdan oxuyan adamların xoş rəylərini
eşitmişəm, sosial şəbəkələrdə
yazılanları görmüşəm. Çox istərdim
ki, hamı oxusun Fatmanın kitabını...
- Mənə elə gəlir Azərbaycan
oxucusunun nəbzini tutmusunuz bu kitabla. Hər nə qədər
tənqid səslənsə də bu mövzular oxucu
üçün həmişə maraqlıdır. Yanılıram?
- Hamı
üçün yox. Yalnız həyatın hər
üzünü tanımaq istəyənlər, öz
qılafından çıxmağa qadir olarlar
üçün, başqasının həyatında, təcrübəsində
özünə gərəkli şeylər tapmağa ərinməyənlər
üçün maraqlıdır. Onu da deyim ki, Fatma
arvadın cibgir əri 20 Yanvar hadisələrində
ölüb, zabit oğlu, Qazaxıstandan bura
könüllü, Qarabağda döyüşməyə gəlmiş
Kamil isə Agdamda itkin düşmüşdü...
- Ömrünüzün
Qarabağlı illərini yaşayırsınız artıq. Qarabağla bağlı hərənin bir arzusu, bir əhdi
var idi. Sizin əhdiniz nə idi?
- Hər
gün şükürlər edirəm, İlahi bizə
Qarabağlı günləri göstərdiyi
üçün olmazın dərəcədə bəxtiyaram.
Amma əhdim, təbii ki, var. Mənim bir
qardaşım vardı, Vüqar adında, Qarabağın dəlisi
idi. Rəhmətlik bu günləri görə
bilmədi. Əhd eləmişəm ki, ömür vəfa
eləsə, öz kəndimizdə, Ağdamın
poladlısında onun və bütün şəhidlərimizin,
nakamlarımızın xatirəsinə bir "Vüqar
bağı" salım, qardaşımın ruhunu elə
doğma yurdumuza qovuşdurum. Bir gözləntim də var.
Ağdamda atamın adına bir
küçə vardı və yenə olacaq, bərpadan sonra
o küçənin açılışında şəxsən
iştirak etmək istəyirəm. İnşallah olar yəqin,
otuz ili dözmüşük, iki il də
dözərik.
- 30 il sonra
Ağdama getdiniz. Hər tinində, hər yolayrıcında
xatirələri kök salan bir adamın 30 il
sonra torpağına qovuşmasının ən təsirli ifadəsi
nədir?
- Hələlik,
mənim üçün bir neçə təsirli ifadəsi
var bu hadisənin. Əvvəla, rəhmətlik Aydın
Quliyevin dağılmış evinin düz
qarşısında qurulmuş köşkdə Prezidentimizlə
görüşməyin, Şahbulağın suyundan içməyim,
dostum İlqar Rəsulun "Sara" adlı romanının
orada təqdimatı və Ağdam məscidinin damında
televiziyaya müsahibə verməyim. İndi
bunların arasında seçməyə çətinlik
çəkirəm, çünki hamısı həyatımın
əzəmətli hadisələrindəndir. Amma Əlfi Qasımov küçəsi və
"Vüqar bağı" açılanda, şəksiz,
onlar olacaq.
Söhbətləşdi: Günel
MUSA
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.24-25.