Rəqs edən taxta qayıq
Hekayə
Göy üzünün dənizin səthində təcəssüm edən ecazkar rəqsi – bu yer üzərində görə biləcəyi gözəlliklərdən sadəcə biri idi. Dünya belə gözəlmi imiş?! O, dənizi ilk dəfə belə yaxından görürdü. Sanki səma dənizə nazlanırdı. Uşaq vaxtı ona satılmış və illərlə inandığı bir yalan var idi: böyük şəhərlərin səmasında ulduzlar heç görünməzmiş. Necə saf imiş, uşaqlıqda söylənilən bütün yalanlar kimi bu yalan da iliyinə o qədər dərin işləmişdi ki, heç bir dəfə də başını qaldırıb səmada ulduz axtarmamışdı. Bu böyük meqapolisin səmasında nə çox ulduz sayrışır, hələ ayın gözəlliyinə bir bax, İlahi!
Gecə onu elə sehrləmişdi ki, o özünü bu gecənin ilahəsi kimi hiss edir; sakit, dodağında xəfif təbəssümlə heç tələsmədən addımlayırdı. Dəniz, yer, göy, ay, arxasında buraxdığı ulduz kimi sayrışan böyük şəhər – hər şey onun idi bu gecə. Üzərində əlindəki kökü gəmirən mavi dovşanlar olan boz pijaması, ayağında mavi rəngli yumşaq tüklü çəkələkləri, çiynində böyük, toxunma yun şal dağınıq saçlı bu qızın asta, çəkələklərini sürüyərək addımlaması belə zərifliyinə, gözəlliyinə xələl gətirə bilməmişdi. O, pijamada gecə saat ikidə dəniz kənarında gəzən yeganə qadın kimi tarixə keçə bilərdi, bəlkə də. Azad ruhun azad geyimlə ahəngi də bir başqa aləm imiş: ayaqların ayyaqabıların içində sızlamır, şalvar belini kəsmir, iç geyimin ürəyini sıxmır, ən əsası insanlar səni bayağı və əxlaqsız təəccübləri ilə süzmürlər.
Artıq gecə saat 3-ü göstərirdi, sahildəki saat dirəyindəki elektron lövhədə “03:04” yazısı yanıb sönürdü. O isə evindən kilometrlərlə aralıda şalını sinəsində bərk-bərk sıxaraq, heç tələsəcək yeri yoxmuş kimi irəliləyir, gah yerə, gah göyə, gah dənizə, gah da çox uzaqlarda qalmış evi səmtə baxır və susmaqdan zövq alırdı.
Bir it üzü ona sarı gəlirdi; qız ani duruxsundu, sonra çöməlib iti tumarlamaq istədi. İt isə çatar-çatmaz ona göz vuraraq qaçmağa başladı. Qız heyrətlə itin ardınca boylandı, ayağa qalxıb fikirli halda dodağının altında mızıldandı:
- İtlər göz vura bilirmi?!
O, dəmir məhəccərdən ayaqlarını aşırıb dənizin qumlu- kəsəkli sahilinə endi, çəkələyinin bir tayı məhəccərin o tayına düşdü.
“Qayıdanda götürərəm” o səsli düşünüb ayağındakını da çıxarıb o birinin yanına atdı. Corablarını soyunub ayaq barmaqlarını suya toxundurdu, su çox soyuq idi; o heç vaxt ayaqlarını hiss etməmişdi, soyuq suyun toxunuşu çox qəribə hiss idi – bədənindən bir göynəmə keçdi. Bu heç xoş deyildi. Tez ayağa qalxdı, çünki o bu möhtəşəm, azad gecəni qüsursuz yaşamaq istəyirdi. Corablarını ayağına geyinib, dizlərini qarnına yığıb, şalına bürünüb oturdu.
Sahilə yaxın bir taxta qayıq suyun üzərində yırğalanırdı. Bu gecə ilahi bir sənət əsəri idi, onun heç vaxt görmədiyi bir möcüzə idi bu gecə.
- Salam.
Qız elə diksindi ki, az qaldı ki, üzü üstə dənizə yıxılsın. Amma özünü ələ alıb ayağa qalxdı, tez əks tərəfə doğru qaçmağa başladı.
- Bu tüklü çəkələklər sənindir?
Qız geri boylandı, çəkələkləri əlinə keçirib gülə-gülə ona baxan oğlan heç yerindən tərpənmədən soruşdu:
- Qorxma əşşi, mən bu qayığın kapitanıyam. O bərkdən güldü.
- Rəssamam, ziyansız bir məxluqam, gecələr bura enib rəsm çəkirəm.
Qız ona “sən” deyə müraciət edən bu oğlanın səmimiyyətindən ürəklənib ayaq saxlayıb, ona sarı bir-iki addım atdı.
- Gözəldir, hə?
- Nə?
- Ha-ha-ha, yaşamaq.
- Yəqin, gözəldir.
- Niyə yəqin? Sən yaşamırsan? Qız cavab verməyib susdu.
- Asəf. Bax o binada yaşayıram, 3-cü mərtəbə, işığı yanan pəncərə... O əli ilə dənizi şəhərdən ayıran küçənin kənarındakı beşmərtəbəli binanı göstərdi.
- Gecələr burada sülənməyimə baxma, işimi bitirib evə qayıdanda ev qaranlıq olarsa, vahimələnirəm, ona görə işığı yanılı qoyub çıxıram evdən. O yenə qəhqəhə çəkdi. Ayın işığında üzünün düzgün cizgiləri daha da aydınlanırdı. Görünür, gülüşünün gözəl olduğunu ona çox deyiblər ki, o da bundan qəlb ovsunlamaq üçün bir silah kimi istifadə edirdi.
- Qayıq sənindir?
- Yox, bir balıqçının, işimə görə ondan xahiş etmişəm ki, bir müddət qayığı buradan aparmasın. Əslində, o mənə pul ödəməlidir ki, gecələr onun qayığının həm keşiyini, həm də rəsmini çəkirəm. Bu dəfə qız onun zarafatına gülsə də, o çox ciddi şəkildə davam etdi:
- Amma, mən ona 50 manat söz vermişəm, xəbəri yoxdur ki, cibimdə heç 50 bitim də yoxdur. İşimi bitirən kimi gərək yoxa çıxam.
- Salam, o bir daha salamlaşıb, əlini qıza uzatdı.
Qız
itaətkarcasına əlini uzadıb dedi:
- Leyla.
- Hə,
bilirəm.
- Hardan
bilirsən? Qız duruxsundu.
- Sevda
olsaydı, çox təəccüblənərdim. Yazıçıların, rəssamların,
varlı oğlanların qarşısına çıxan
qızların adları Leyla olur. Hə bir
də, yuxulardakı qızların. Gecə
sahildə seyrə çıxıb sonra kasıb bir rəssama
rəst gələn qızın adı məhz Leyla olmalı
idi. Siz Leylalardan başqa qızlara aman
yoxdur.-Bu şirin komplimetdən məmnun qalan Leyla parlaq
gözləri ilə oğlana baxıb gülümsədi.
Bir müddət bir-birinə baxıb söhbətə
necə davam edəcəklərini bilmədilər. Ani bir əl hərəkəti
ilə oğlan qumlu sahildə oturmağı təklif etdi.
Hər ikisi quma oturub ayaqlarını
uzatdılar.
- Sən
hər gecə bura gəlirsən?
- Nədir,
hər gecə gəlib məni burada tapmaq istəyirsən?
Zarafatından qızın utandığını
görüb əlavə etdi:
- Evdən
qaçmısan?
- Yox!
- Rəsmim
bitənə kimi gələcəyəm, sonra hara gedəcəyim
çəkəcəyim yeni əsərə
bağlıdır.
- Mən
də...
Əksər
qadınlar kimi, o da təsirləndiyi kişiyə maraqlı ola bilmək üçün nəsə yalan
demək istədi, amma cümlənin ardını gətirə
bilmədi.
- Mən
səni burada heç görməmişəm.
- Hər
dəfə müxtəlif səmtlərə gedirəm,bu gün isə bu qayıq çəkdi məni.
O, həyatında
ilk dəfə dəniz sahilinə endiyini deməyə
utandı.
-
Qayıq yox, qayığın rəsmini yaradan rəssamın
cazibəsi. O, yenə qəhqəhə çəkib
güldü.
Qız heyranlıqla onu profildən görünən
gözəl simasına, qar kimi ağaran dişlərinə,
üzünü azacıq örtmüş saqqalına
tamaşa edirdi. O, dodağının altında
pıçıldadı:
- İlahi, sən bu yad insanı necə belə doğma
yarada bildin?
- Nəsə
dedin, Leyla?
Bu adı ancaq belə gözəl, nəzakətlə səsləndirmək
olardı. Qız nəzərlərini oğlana zillədiyinin fərqinə
varıb tez qayığa tərəf baxmağa başladı.
Elə gözəl bir sükut
çökmüşdü ki, bu sükutu yalnız dənizin
pıçıltısı və Leylanın qəlbinin
döyüntüsünü pozurdu. Əlləri ilə
arxaya yastlanıb, bir ayağı uzadılmış, bir
ayağı dizdən bükülü halda oturub dənizin lap
dərinliklərinə gözlərini zilləmiş Asəf
anidən özünü düzəltdi, əllərini bir
birinə vurarq qumunu tökdü və qızın əlindən
tutdu. Qızın bədənindən elə
bil cərəyan keçdi, amma o əlini heç çəkmək
istəmədi. Başını
oğlanın çiyninə qoydu, elə yaxın idi ki, nəfəsi
onun boynuna toxunurdu. Qız gözlərini
yumub dünyanın ən gözəl qaranlığına
qapandı.
***
- Leyla,
üşüyürsən? Asəf
başını çevirib qızın qaranlıqda parlayan
gözlərinə baxdı. Leyla
çiynindəki şalın yarısını da
oğlanın çiyninə atdı, onlar bir şalın
altında dünyanın ən doğma iki yad insanı kimi
bir-birinə qısıldılar.
- Leyla, gəl
sən qayığa qalx mən əsərimi sənlə
tamamlayım. Sənə görə evdə
narahat olmazlarsa, mənə bir saat bəsdir.
Qız heç bir söz demədən qıvraq bir hərəkətlə
qayığa qalxıb onun kənarında oturdu. Çiynindən
yuxarı, düz biçimdə kəsilmiş qıvrım
saçlarını külək üz-gözünə
dağıtdıqca, o da uşaq kimi onları üzündən
kənarlaşdırırdı. Kədərli,
amma gülərkən parlayan gözləri ilə oğlana
gülümsəyirdi.
- Pijamam
bu romantikanı tamamlayır. Qız
oğlanı yamsılayırmış kimi bərkdən qəhqəhə
çəkdi.
- Mənə
də rəssam deyərlər, mən səni pijamada
görüb mələk qiyafəsində yarada bilərəm....
***
Dənizin kənarı illə illərlə bir-birini
tanıyan sevgililər kimi əl-ələ tutub
addımlayırdılar. Qız sinəsinə
sıxdığı tablonu gah qaldırıb baxır, gah da
yenidən bağrına basırdı.
- Asəf,
sən bu tablonu niyə çəkirdin?
- Sərgidə
iştirak edəcəkdim.
- Edəcəkdim
niyə?
-
Çünki, sərgi iki gün sonradır, bu isə
yaxşı əsər yaratmaq üçün çox
qısa zamandır.
- Onda sən
bu tablonu mütləq özünlə aparmalısan. Qayıq kənarında ayı seyr edən Leyla
simalı dəzi ilahəsi səni mütləq o sərginin
qalibi edəcək. Mənə isə
heç nə verməyəcək. O gülümsədi.
- Nədir,
yoxsa işimi bəyənmirsən? Oğlan zarafatla dedi və
qızın həyacanlanıb nəsə üzrxahlıq etmək
istədiyini görüb sakitcə əlavə etdi:
- Bu şəkil
sənə daha çox şey verəcək, inan mənə,
Leyla. Qızın heyranlıqla ona baxdığını
görüb onun üzünü əlləri arasına
alıb ehmalca gözlərindən öpüb
pıçıldadı:
- İnan
mənə!
O,
qızı ürəyinə basdı. O an sanki bu nəhəng
dünya Leyla, Asəf, dərin bir ümman, onları
heyranlıqla seyr edən sayrışan göy qübbəsi,
gecənin sirlərinə qərq olmuş ucsuz-bucaqsız bir
meqapolis və bütün bunlara laylay çalan xəfif mehdən
ibarət idi.
***
Günəşin ilk şəfəqləri dənizin
üzərində bərq vurmağa başlamışdı. Gecə dənizdə
ayla rəqa edən taxta qayıq indi Günəşə naz
satırdı.
- Bu mənim
nömrəmdi, mənə zəng elə.
- Gözlə...
- Zəng
edirəm, bax.
- Yox, bu mənim
zəngim deyil.
- Axı
zəng səsi gəlir.
- Sənin
telefonundur.
- Yox.
- Axı
heç susmur.
- Cavab
vermək istəmirəm, səndən ayrılmaq istəmirəm.
- Cavab
ver, Leyla, bu elə mənəm.
- Səndən
qopmaq istəmirəm.
- Leyla!!!
Telefonu zəngi durmadan çalır, saat 8-i göstərirdi. Pəncərədən
düşən günəş işığı
qızın yatağına düşürdü.
- Leyla,
telefonun səsin kəs! Yan otaqdan anasının yuxulu səsi
gəldi:
- Bu
pişik də başımıza bəla olub. O,
qızının eşitməsindən ehtiyat edərək
astaca əlavə etdi...
Leyla nə baş verdiyini anlaya bilmədən əlini
atıb telefonun ekranına baxdı. “Pişiyin yeməyi”
ekranda –saatın zənginin altına bu sözlər
yazılmışdı. O əsəbi halda telefonda zəngin
səsini kəsib ətrafa baxdı. Bədəninə
ağır bir ruh düşkünlüyü
çökdü. Pişiyi
yatağının kənarında oturub diqqətlə
sahibinin üzünə baxır, ona yemək verəcəyini
ümidlə gözləyirdi. Leyla otağına nəzər
saldı: əlil arabasını yanına çəkə
bilmək üçün əlini uzatdı. Düz
çarpayının yanından asılmış “Dəniz
İlahəsi” tablosuna gözü sataşdı. 4 il əvvəl atası bu tablonu şəhərin
sərgi salonlarının birindən alıb gətirmişdi.
Bəlkə, elə ilk və son dəfə o
gün baxmışdı bu tabloya. Tablonun lap
kücündə xırda hərflərlə nəsə
yazılmışdı. Leyla gözlərini
qıyıb nə qədər baxsa da, yazını görə
bilmədi. Hələ də onu seyr edən pişiyinin pəncələri
arasından telefonunu götürüb kamera ilə rəsmin
altındakı yazını yaxınlaşdırdı: “A.A”
Qızın boğazı qurudu. “A.A – yəni Asəf?”
o pıçıldadı. Ürəyi
yerindən çıxırmış kimi vurmağa
başladı. Nə
yaşadığını analaya bilmirdi. Yorğanı
üzərindən atıb illərin verdiyi
alışqanlıqla qıvraq bir hərəkətlə əlil
arabasına oturdu. Qucağına atlayan
pişiyini bağrına basıb yem götürmək
üçün yataq otağının
açıldığı eyvana çıxdı. Pişiyinin yeməyini qabına töküb, onu nəvazişlə
tumarlayıb qucağından buraxdı. Başını
qaldırıb ümidsizlik içində şəhərə
nəzər saldı. İlk dəfə
eyvanından dənizin göründüyünün fərqinə
vardı. Otağında və
otağından dünyaya açılan məzərənin
özündə bir dünya var imiş, o isə bütün
bunlardan illərdir xəbərsiz idi. Bax,
lap uzaqda dənizin sahilində görünən o qaraltı da
elə o taxta qayıqdır, Asəf də yanında oturub onu
gözləyir yəqin. Bəlkə də,
Asəf onu elə bu halı ilə də sevəcəkdi –
yuxusunda sevdiyi kimi. Pijamadakı qızdan dəniz
ilahəsi yaradan rəssam, bəlkə onun ayaqlarına da bir
ruh verə bilərdi.
Xeyli vaxt internetdə Asəf adında rəssamları
axtardı.
Nömrələr, simalar, ünvanlar, məlumatlar... Bu dünyada nə çox Asəf var imiş. Amma, öz Asəfini tapa bilmirdi. Yalnız
gülüşü yaddaşında qalmışdı,
simasını xatırlaya bilmirdi.
Bəzən insanın özünü məhkum etdiyi
gerçəklər xəyal gücünü belə məhv
etməyə qadir olur. Yaratdığı “səbəblər”
hislərini, arzularını, xəyallarını,
düşünə bilmə bacarığını da məhv
edir və bir də gözünü açıb görür
ki insan, onun həyatı hər hansı bir dəmir
parçasının, bir əlil arabasının məhkumuna
çevrilib. Sən onu yox, o səni idarə
edir. Leyla da illər idi ki, Leyla olmaqdan
çıxıb Leylalı bir əlil arabasına
çevrilmişdi. Ta ki yuxusuna Asaf gələnə kimi.
Anası otağa girərkən, bəlkə illərdən
sonra ilk dəfə, onun üzündə gülüş
gördü.
O, pişiyi ilə söhbətləşərək
özünə xas olmayan bir tərzdə qəhqəhə
çəkib gülürdü, sanki kimisə
yamsılayırdı. Qızının bu
halının o qədər xəyal etmişdi ki,
qonşuların eşidib ayıb edəcəkləri kimi məşhur
cümlələrini bir kənara qoyub onu bağrına
basdı.
- Ana, məni
bu gün sahilə apararsan? O anasının qulağına
pıçıldadı.
Qadın hönkürüb ağladı. O illər idi ki,
qızına dəniz kənarına enib hava almaq
üçün yalvarırdı. Bu gün isə
bunu Leyla özü istəmişdi.
40 dəqiqənin tamamına qız artıq tam hazır
vəziyyətdə əlil arabasında oturub sahilə enmək
üçün anasını gözləyirdi. Əynində dəniz ilahəsini
xatırladan dizlərini örtən mavi, zərif libası, səliqə
ilə daranmış saçları və şiddətlə
vuran qəlbi...
- Asəf,
oğlum sən 2 saat sonra gələrsən. Mən
qızı sahilə aparıram.
- Sabah da
gələ bilərəm.
- Yox,
oğlum, su axır. Qonşu üstümə gələr.
İki saata evdə olarıq, - Sonra səsini
yavaşıdıb: qız ilk dəfədir məndən
çölə çıxmağı xahiş edib, bala, nə
yerdəyəm, nə göydə.
- Mütləq
gedin, mən gələrəm sonra. Oğlan asta
və anlayışlı səs tonu ilə cavab verib,
özü ilə gətirdiyi alətləri qoymaq
üçün mətbəxə keçdi.
- Ana kimi
ilə danışırsan, atam ki işə gedib.
- Üst
qonşu, təzə köçüb. Təzə
deyəndə ki, 2 ay olar. Alt qonşuya su
sızır, gəlib ona baxacaq. Nəysə,
uzun danışdım. Qadın elə həyəcanlı
idi ki, hərəkətlərindəki rabitəni
itirmişdi...
***
Oğlan qapıdan çıxarkən qeyri-ixtiyari səs
gələn otağa boylandı, həzin səsin sahibəsi
ona çox sirli gəldi. Qız dəmir arabada
oturub anasının dəniz sahilində nə
üçün lazım olacağını heç cür
izah edə bilmədiyi çantasını götürməsi
üçün gözləyirdi. Oğlan
onun yalnız profildən görünən simasına
heyranlıqla nəzər yetirib həyəcandan
özünü itirib sağollaşmadan qapını
çırpıb çıxdı. Bağlanan dəmir
qapının səsinə Leyla geri boylandı, artıq otaqda
heç kim yox idi.
Sahil boyunca anasının sevgi dolu, həyəcanlı nitqini Leyla heç eşitmirdi, onun baxışları yuxusundan bir işarə gəzirdi. Kiçik bir nişanə – dənizlə rəqs edən taxta bir qayıq kimi...
Günel.C.Hacıyeva
Ədəbiyyat qəzeti.- 2022.- 15
yanvar.- S.28-29.