Kölgəm keçir
Mələk günəşli gündə
Dayanıb arxa baxır.
Suyu çoxalıb xeyli,
Arx indi iti axır...
Qız bir azca düşünüb,
Başlayır hay-haraya:
"Mən bu tayda qalmışam,
Kölgəm keçir o taya!..".
Təkə
- Nə düşmüsən qabağa,
Söz eşitmirsən, təkə?..
De hara aparırsan
Sürünü
çəkə-çəkə?..
- Məni
nahaq danlama,
Ay çoban,
buna görə.
Sürünü
çəkirəm mən
Çoxlu
ot olan yerə!..
Qara küçüyümüz
Küçüyümüz var bizim,
Qaradı, qapqaradı.
Elə buna görə də
Kömür qoyulub adı...
Haçankı kömürlükdə,
Gedib oynayır Kömür;
Uzaqdan ha baxsaq da
Kömürlükdə görükmür...
Anası yanındadır
Mələk səslənir: "mə... mə!..",
Susur, mələmir quzu.
Quzunun bu susmağı,
Bərk hirsləndirir qızı:
Deyir:
- Baba, bu quzu
Sözə əməl eləmir.
Nə qədər səslənirəm,
Mələmir ki mələmir!
Baba gülümsəyərək,
Cavab verir:
- Qadası,
Quzu nəyə mələsin,
Yanındadır anası!
Koramal
- Dayan
görüm,
Ay koramal.
Ətrafına
Bir nəzər
sal.
İlan
kimi
Görünürsən.
Çöldə-düzdə
Sürünürsən.
Kim toxunsa
İlan
çalar.
De, sənin
də
Zəhərin
var?
- Yox, yox,
belə
Demə,
Kərəm.
Mən elə
yük
Gəzdirmərəm!..
İt və pişik
Pişik
- ağac başında,
İt -
ağac dibindədir.
Qorxudan
tir-tir əsir,
Pişik
yaman gündədir.
Yerə
düşməz ağacdan,
O,
qorxa-qorxa qalar.
İtin
çıxıb getməyi
Pişiyi
yerə salar...
Əhsən
Cəfərin
işi-gücü,
Əldə
daş oynatmaqdı.
Hara gəlirsə
gəlsin,
Tuşqullayıb
atmaqdı...
Bağda
bir daş atdı o,
İlk dəfə
"əhsən" dedik.
Çoxlu
qoz düşdü yerə,
Sındırıb
bir-bir yedik...
Göyərçinin
qıçı
Cəfər
daşla sındırıb,
Göyərçinin
qıçını.
O çəkmir
-
Biz
çəkirik,
İndi
ağrı-acını...
Zəvzi
Hinduşkaya
oxşayır,
Amma ondan
kiçikdir.
Nədənsə,
susmaq bilmir,
Özü
də çox zircikdir.
Zəvzinin
yumurtası
Dadlıdır,
çox qəşəngdir.
Toyuq
yumurtasından,
Kiçikdir,
amma bərkdir.
Səsini
kəsmir elə,
Zəvziyə
bax, zəvziyə.
Gəzir
belədən-belə,
O zəvziyə-zəvziyə...
Bulaq
Bu
dağların qoynunda,
Çoxlu
cığır dolaşır.
Biri yamaca
qalxır,
Biri gədikdən
aşır.
Biri enir dərəyə,
Biri
dırmaşır yala.
Biri
üz tutur sağa,
Biri
üz tutur sola...
Bu
cığırlar axırda
Gəlib
bir yerə çıxır.
Bulaq
Bu
cığırları
Çəkib
başına yığır.
Çərpələng
Atam şəhərdən
mənə,
Almışdı
bir çərpələng.
Onu
uçurmaq üçün,
İpindən
çəkdim bərk-bərk...
Çərpələng
qanad açdı,
Göy
üzündə uçmağa...
Bircə
anın içində,
Keçdi
məndən qabağa...
Onu
görəndə Cəfər,
Dəcəlliyi
başladı...
Elə
bildi ki, quşdur,
Daş götürüb
daşladı...
Külək
Vıyıltı
sala-sala,
Külək
düzələr yola.
Uşaqtək
baxmaz sözə,
Heç
vaxt görünməz gözə.
Gah taya
uçurar o,
Gah papaq
qaçırar o...
Ötər
bağçadan-bağdan,
Meyvə
tökər budaqdan...
Körpü
axtarmaz çayda,
Keçib
olar o tayda...
Aşar təpəni,
düzü,
Bir yerə
düşməz izi...
Dələnin yolu
Dələ
cəld bu ağacdan
Adlayır
o ağaca.
Budaqları
dolanır,
Həvəslə
qaça-qaça.
Gözlərini
süzdürür,
Yoxlayır
sağı-solu.
Ağacların
başından
Keçir
dələnin yolu.
İşığın dili
Çıxıb
təkcə gəzməyi,
Bacarıram
şəhərdə.
Maşınlardan
qorxmuram,
Heç
vədə küçələrdə...
Qırmızı
işıq deyir:
Keçiddə
ayaq saxla!
Sarı
deyir:
Hazırlaş!
Yaşıl
deyir:
Di adla!
Çox
yaxşı öyrənmişəm,
Keçməyi
hər keçiddən.
İndi
başa düşürəm
İşığın
dilini mən.
Torağay
Buynuzcuğu
təkdir onun,
Buynuzcuğu
tükdür onun.
Sərçəyə
var çox oxşarı,
Yuvasından
düşməz ayrı...
Köç
eləməz o, payızda,
Ona birdir
qış da, yaz da.
Nəğməsini
dinləyin siz,
Kim oxuyur
bilərsiniz.
Kövşənlikdə
gəzər şən-şən,
Dənliyinə
doldurar dən...
Biçindən
olar payı,
Tanıyın
siz torağayı.
Tazı
Ay
uşaqlqar, tanıyın,
Tazı-ovçu
itidir.
O həm
gözdən,
Həm də
ki,
Ayaqdan
çox itidir...
Qaralasa hər
nəyi,
Özünü
cəld yetirir.
Yemir
tutduğu ovu,
Sahibinə
gətirir...
Ələsgər ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 22
yanvar.- S.23.