Nizami ilə səyahətim
İkinci məqalə
İohann
Volfqanq Höte "Şərq və Qərb Divanı"nda ən
parlaq bölümü olan "Eşqin kitabı"nda (Buch
der Liebe): "Ey Nizami, doğru yolu sən tapdın!" deyərkən
ən dərin eşqlərin Şərq şairlərinin
şeirlərində olduğunu etiraf etmişdir:
Ey Nizami, ən
sonunda
Doğru
yolu göstərdin sən!
Aşiqlərin
vüsalı
Çözülməz
düyünləri çözər.
Bəlkə,
buna görə alman filosofu və şairi Fridrix Slegel: "Biz
ən yüksək romantizmi Şərqdə
axtarmalıyıq" - demişdir. Şərq 1095-ci ildə
başlayan ilk xaçlı səfərlərindən etibarən
bu yana Qərbin hədəfində olmuşdur. İlk dönəmlər
bu maraq dini məqsəd və Şərqin göz
qamaşdıran zənginliyi ilə bağlı olsa da,
sonrakı dönəmlərdə mədəni axına
doğru yol almışdır.
Yaradıcılığı
ilə türk və islam dünyasına dərin təsir edən
Nizaminin əsərləri xarici dillərə tərcümə
edilmiş, Dante, Şekspir, Höte, Şiller kimi Avropanın
böyük şairlərini də təsiri altına
almışdır.
Azərbaycanda
elmi olaraq Nizaminin dünya ədəbiyyatındakı təsirini
daha 1940-cı illərdə ilk dilə gətirənlərdən
biri professor Əkbər Ağayevdir. O, "Nizami və
dünya ədəbiyyatı" adlı əsərində
Nizaminin əsərləri ilə Dantenin, Şekspirin, Höte
və Şillerin əsərlərini
qarşılaşdırır. Nizaminin əsərlərindəki
motivlərin, təsvirlərin, söyləniş tərzinin
adıkeçən şairlərin şeirlərində
çox açıq olaraq görüldüyünü qeyd edən
professor Ağayev Nizaminin bu aspektləriylə bəşəri
bir şair olduğunu vurğulamaqdadır.
Nizami
haqqında ilk bilgiləri verən fransız şərqşünası
Bartelem d'Herbelot de Molainville olmuşdur. Onun "Bəşəri
lüğət: Şərq kitablığında Şərq
xalqları haqqında hər şey" adlı əsərində
qələmə aldığı Nizaminin tərcümeyi-halı
onun ölümündən sonra 1967-ci ildə Antuan Hallan tərəfindən
Parisdə çap etdirilmişdir. İngilis hakimi Uilyam Cons isə
Nizaminin "Sirlər xəzinəsi"ni 1876-cı ildə nəşr
etdirmişdir.
Nizaminin əsərlərinin
almanca tərcümələri isə Yozef fon Hammer tərəfindən
1809-cu ildə Leypsiqdə çap edilmişdir. İkinci nəşri
isə 1871-ci ildə Münhendə German Ethe tərəfindən
həyata keçirilmişdi.
Almanca nəşrlərdən
sonra Nizaminin hekayələri və şeirləri alman ədəbiyyatçılarının
dilinə keçmiş, qələmə aldıqları əsərlərdə
Nizaminin təsiri özünü göstərmişdir.
Alman
şairi Hötenin yazdığı "Şərq və Qərb
divanı"nda Nizaminin və Hafizin təsirini açıq
görə bilərik. Özü də müxtəlif vəsilələrlə
bunu dilə gətirmişdir. "Hatəm"
başlıqlı şeirlərdə Züleyxaya səslənərkən
Şərqin böyük şairlərini də dilə gətirir
və burada Nizaminin adını da xatırladır. İohann
Volfqanq Höte Nizaminin "Leyli və Məcnun" əsərindən
təsirlənərək özünü də Məcnun
olaraq gördüyünü və bunun üçün tənqid
edilsə də bu fikrindən vaz keçməmişdi.
Məcnun
dersəm özümə,
Bu
çox gözəl olardı.
Amma
özümü Məcnun olaraq
adlandırdığımda da
Məni qəti
qınamayın!
1819-cu ildə
nəşr olunan "Şərq və Qərb divanı"
şairin ölümündən beş il öncə 1827-ci
ildə daha da genişləndirilərək təkrar çap
edilmişdir. O, gerçək şairləri də, rəngarəng
şeir bağçasını da Şərqdə
görürdü. Ona görə də kitabında:
"Şeiri və şairi anlamaq istəyən şeir
diyarına getməlidir" deyirdi.
Kim
şeiri anlamaq istəyirsə,
Şeir
ölkəsinə getməlidir.
Və kim
şairi anlamaq istəyirsə,
Şairlərin
ölkəsinə getməlidir.
Höte
üçün gerçək şairlər Nizami, Hafiz kimi
şairlər idi. Hafizin həyəcanlı və sehrli eşq
qəzəlləri, Nizaminin insanı diyardan diyara gəzdirən
və eşqin mənbələrini göstərən hekayələri
Hötenin ağlını başından alırdı.
Nizaminin əsərlərində tez-tez dilə gətirilən
Şərq fəlsəfəsi "öz içinə
dönmək, özünü tanımaq" Hötenin
şeirində insanı və iki dünyanı da tanımaq
olaraq dilə gətirilirdi. "Kim özünü və
başqasını tanısa, o, dünyanı tanıyacaq və
Şərq ilə Qərbin ayrılmaz bir bütün
olduğunu görəcəkdir".
Kim
özünü və başqasını tanımaq istəsə
O, burada
da tanınacaqdır.
Şərq
və Qərb əsla bir-birindən ayrılmazlar.
Şərqin
fəlsəfəsindən, düşüncə tərzindən
və sosial həyatından bəhs edən Höte, Şiller, Ryükkert,
Hammer, Fridrix Bodenştedt kimi yazıçı və şairlər
bu çabalarıyla alman dilində Şərq mənşəli
kəlmələrin, deyimlərin, atalar sözlərinin də
yer almasına rəhbərlik eməklə alman dilinin də
dünya dilinə çevrilməsində töhfələri
olacaqdı.
Nizaminin əsərləri
1809-cu ildəki ilk tərcümədən sonra dəfələrlə
alman dilinə yenidən tərcümə edilib çap
olunmuşdu. Şərqşünas Stefan Veidnara görə,
Nizaminin əsərlərindən təxminən 2 min səhifə
alman dilinə tərcümə edilmişdir.
1991 və
1997-ci illərdə professor Kristofh Bürgel tərəfindən
olunan tərcümələri dəyərləndirən Stefan
Veidnar Nizaminin əsərlərinin kompozisiyasına
baxdığında orta çağda yazılan digər əsərlərdən
daha üstün olduğunu, müasir zamanda belə dəyərini
itirmədiyini qeyd edərək, onun "Yeddi gözəl"
əsəri ilə Şillerin "Turandot - Çin şahzadəsi"
əsərini müqayisə edir. Ona görə Şillerin əsərindəki
şahzadənin evlilik tələbləri sırasında ən
qanlı arzulara baş vurularkən, Nizamidə israrla şiddət
əks olunmayan elementlər önə
çıxarılmışdır.
Stefan Veidnar
Nizaminin əsərlərində mühit və zamanın
çox gözəl təsvir edildiyi hərəm, ov səhnələri,
savaşın adətən bir roman havasında olduğu kimi,
hekayələrdə baş rollarda qadınların
çoxluğuna diqqəti çəkərək patriarx bir cəmiyyətdə
bunu müasir bir yanaşma kimi müəyyən edir.
Alman ədəbiyyatında
Nizami adlı almanca və türkcə çap olunan
kitabımda İozef Hammer Purqştalın "Xosrov və
Şirin" tərcüməsini, Dr. Vilhelm Baherin "İskəndərnamə"
haqqında, Frans fon Erdmanın "Yeddi gözəl"
haqqındakı tədqiqat işlərini, Yakop Georqun
"İskəndərin Vikinq səfəri" adlı tezisi,
professor Yohann Kristof Bürgelin "Turandot - Çin şahzadəsi"
haqda yazdıqlarını, Vilhelm Baumun "Şirin əfsanəsi"
üzərindəki iddialarını, ayrıca Karl Herman Ethe,
Paul Horn, Helmut Ritterin Nizami haqqındakı tədqiqat işlərini
incələdim və o əsərlərdən nümunə
kimi bəzi parçalara kitabda yer verdim.
"2021-ci
il Nizami İli"ndə əslində almanca olaraq
üç kitab hazırlamışdım. Birinci kitab
keçən həftə "Ədəbiyyat qəzeti"ndə
yazdığım məqalədə qeyd etdiyim "Nizami və
alman dilindəki aforizmlər", ikinci kitab "Alman ədəbiyyatında
Nizami", üçüncüsü isə məqalələrdən
ibarət və Nizaminin bir fars şairi
olmadığını isbat edən bir kitab idi. Kitabdakı məqalələr
azərbaycanlı alimlərə aiddi və almancaya tərcümə
edilib. Amma təəssüf ki, bəzi imkansızlıqlar
üzündən üçüncü kitabı 2021-ci ildə
nəşr etdirmək imkanı olmadı. Yenə də iki
kitabla da olsa, Nizamiyə olan mənəvi borcumu yerinə
yetirdiyimə əminəm. Onun millətindən bir fərd
olaraq yüz illər sonra Nizaminin səsini yenidən başqa
diyarlarda da eşitdirməyə cəhd göstərdim.
Ümid edirəm ki, ruhu şaddır!
Orxan ARAS
Ədəbiyyat qəzeti.- 2022.- 22
yanvar.- S.17.