Sosrealizm: Azərbaycan modeli
- Süleyman Rəhimov
Sosrealizm XX əsrin ədəbi cərəyanları içərisində
məkan məhdudiyyəti və
siyasi-avtoritar mənşəyi ilə seçilən cərəyan kimi ədəbiyyatşünaslığa daxil olmuşdur.
Məkan məhdudiyyəti
bu cərəyanın
sırf keçmiş
SSRİ və sosializm
ideyasının dəstəkləndiyi
ölkələrdə rəvac
tapmasından qaynaqlanırdı. Siyasi-avtoritar mənşəyi isə cərəyanın müəyyən,
qapalı bir siyasi rejimin ideologiyasının əsas
atributlarından birinə
çevrilməsinə və
həmin rejimlə assosiasiya olunmasına gətirib çıxarmışdır.
Tarixin göstərdiyi kimi məkan məhdudiyyəti
və siyasi - avoritar mənşə bu cərəyann zaman baxımından da məhdud çərçivədə inkişafına
və qəfil bitməsinə səbəb
oldu. Cərəyanların
mahiyyəti və genezisi ilə bağlı apardığımız
bugünəqədərki araşdırmalarımıza
əsasən cərəyanın
dalğavarı proses olduğunu deyə bilərik. Fikrimizcə, ədəbi cərəyanın
inkişaf spektrini simvolik olaraq süjetin elementləri ilə ifadə etmək mümkündür.
Hər bir cərəyan ədəbi qanunlara uyğun şəkildə
ilkin, kulminasiya və sönmə fazalarından keçir.
Bəli, cərəyanın
sönmə fazası
uzunmüddətli ola, müəyyən
elementləri növbəti
cərəyanla qarışaraq
müəyyən bir müddət varlığını
qoruyub saxlaya bilər. Lakin istənilən halda
bu sönmə mütləqdir və ən əsası ədəbi qanunların təbiətinə uyğun
şəkildə baş
verir. Lakin sosrealizm cərəyanı
ədəbi deyil, siyasi mənbədən qaynaqlandığı, plan əsasında,
proyekt şəklində
yaradıldığı üçün
rejimin bitməsi cərəyanın da sönmə fazasını
tam keçmədən qəfil
ədəbi gündəmdən
silinməsi ilə nəticələndi.
Sosialist realizmi ideoloji sifarişə əsaslanan
ədəbiyyat olduğundan
"ədəbiyyatın partiyalılığı"
dövrün tələbi
və əksər hallarda əsərin işıq üzü görə bilməsinin yeganə yolu idi. Sosrealizm ədəbiyyatı əslində olanı deyil, olması gərəkəni əks etdirirdi. Bu səbəbdən
sosrealizm sosial realizmdən daha çox, sosial utopiyaya yaxın idi. Lakin ideologiya bu ədəbi cərəyanın
romantik sosial utopiya şəklində deyil, sxematik sosial utopiya formasında olmasını
tələb edirdi.
İdeologiyanın tələb etdiyi
sxematikliyin, quruluğun,
şüar xəttinin
bədii həllini ədəbiyyatımızda ən
gözəl şəkildə
Sara Oğuz təqdim etmişdir. Sara Oğuzun müstəqillik
illərində qələmə
aldığı "Beton
evdən yazılar"
povestinin qəhrəmanı
sosrealizmin təmsilçilərinin
ironik şəkildə
təsvir edilmiş prototipidir. Əsərin
qəhrəmanı bütün
əsərlərini sözün
əsl mənasında
çərçivələr cədvəlinə əsasən
qurur: əvvəlcə
çərçivə çəkilir,
daha sonra onun əsasında cansız, ruhdan məhrum "sənət
əsəri" yaradılır.
"Böyük və
məşhur heykəltəraş"
təsadüfən çərçivələr
cədvəlinə diqqətsiz
yanaşanda, "cızığından
çıxanda" konfuz
yaşanır, onun yaratdıqlarını sistem
qəbul etmir: "Min
həngamə ilə poladəridən gəlib çıxdı at sarayının
qabağına. Burda məlum
oldu ki, at sarayının darvazası
"Poladəridən"ə dardı. Ümumiyyətlə, ölkədə bu monumentin sığacağı
qapı yoxdur. Bədbəxtliyin yekəliyinə bax.
Sən demə, çərçivələr
cədvəlini quranda
ölçülərini dəyişib
böyütmüşəm. Odur ki, başıma bu müsibət gəlib. Ay mənim zay başım! Gör nəyin ölçüsünə
biganə qalmışam?
Çərçivələr cədvəlinə, güzəranımızın təməl
daşına yaradıcı
yanaşmaq fikrinə düşmüşəm. Ay mənim zay başım!". Təsadüfi deyil ki, obrazın örnək aldığı
"çərçivələr cədvəli"ni ona məhz hərbi
hissədə qulluq edərkən komandiri olmuş zabit öyrətmişdi. Əsərində
kütləvi mədəniyyət
anlayışını obrazın
vasitəsilə guya lakonik əslində isə ironik şəkildə "kütmədəniyyət"
adlandıran Sara Oğuz
bu elementlə sosrealizmin əsas keyfiyyətlərini vurğulamağa
nail olmuşdur. Dəqiqlik, əmrə
tabelik, lakoniklik, sərtlik, çərçivə
daxilində fəaliyyət
göstərmək kimi
keyfiyyətlər rejimin
ədəbiyyata tətbiq
etmək istədiyi və ondan gözlədiyi
özəlliklər idi.
Azərbaycan ədəbiyyatının və
ədəbiyyatşünaslığının
70 ilə yaxın,
SSRİ ilə bağlı
olan dönəmi sosrealizm cərəyanının
hakim olduğu ədəbi
arealın bir hissəsidir. Dövr "sovet ədəbiyyatı
dövrü" adlandırılsa
da, həmin zaman çərçivəsində
fəaliyyət göstərən
ədiblərin hamısı
sırf sosrealizm ədəbi cərəyanını
təmsil etmirdilər.
Bəli,
dövrün və rejimin tələbinə uyğun olaraq bədii mətnlərdə
sovet ideologiyasına uyğun elementlərin əksi mütləq idi. Lakin sırf sosrealizm
ədəbi cərəyanının
təmsilçiləri özəl
bir pleyada təşkil edirdilər.
Həmin
pleyadanın və dövrün parlaq ədəbi imzalarından
biri Süleyman Rəhimovdur. Onun
"Şamo", "Saçlı"
romanları, "Məhtəban",
"Mehman", "Kəsilməyən
kişnərti" povestləri,
müxtəlif səpkili
hekayələri Azərbaycan
sosrealizminin tanınan
nümunələridir. Elçinin "Sosrealizm bizə nə verdi" monoqrafiyasında qeyd etdiyi kimi "....biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının
inkişafına vurduğu
zərərdən qətiyyən
sərf-nəzər etməməli,
həmin ədəbi zərərin nəticəsində
itirdiklərimizi müəyyənləşdirməli
və bu boşluqları doldurmağa
çalışmalıyıq. Eyni zamanda, sosrealizm dövründə Azərbaycan
ədəbiyyatının inkişafı
bu ədəbiyyatın
tarixində çox mühüm və prinsipial mərhələ
təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını
verməli, əldə
edilmiş bədii-estetik
dəyərləri qiymətləndirməyi
bacarmalıyıq".
XX əsr Azərbaycan
ədəbiyyatının əsas
simalarından olan Süleyman Rəhimovun yaradıcılığı nəinki
qeyd edilən dövrün, ümumən
Azərbaycan ədəbiyyatı
tarixinin ədəbi tendesiyalarının öyrənilməsi
baxımından mühüm
əhəmiyyət kəsb
edir. Bu kontekstdən baxdıqda
Süleyman Rəhimovun
yaradıcılığını və Azərbaycan ədəbiyyatında yerini
aşağıdakı qısa
tezislərlə vurğulaya
bilərik:
1. Süleyman Rəhimov
yaradıcılığı sosialist realizminin - sosrealizmin ədəbi kanonlarının bədii
təzahürünün bariz,
diqqətəlayiq nümunələridir. Onun yaradıcılığı
sosrealizmin bir ədəbi cərəyan
kimi tədqiqi üçün yetərli,
spesifik bədii mənbədir.
2. Süleyman Rəhimov
"Şamo" əsəri
ilə Azərbaycan ədəbiyyatında roman-epopeya
janrının seçilən
nümunəsini meydana
qoymuşdur.
3. Süleyman Rəhimovun
"Şamo", "Saçlı",
"Mehman" əsərləri
dövrün, sosrealizmin
tələblərini ümumi,
sxematik şəkildə
təsvir etməklə
mədudlaşmır. Əsərlərin adından da göründüyü kimi,
yazıçının əsas
diqqət yönəltdiyi,
vurğulamaq istədiyi
məqam tarixin keçməkeşlərindən keçən insan-dır.
4. Süleyman Rəhimovun
mövzu dairəsi yalnız sosrealizmin tərənnümü ilə
bağlı deyil. Onun folkor süjetləri və motivləri əsasında qələmə
aldığı "Güzgügöl
əfsanəsi", "Arpaçay
əfsanəsi", "Gülən
balıq", "Ovqan
və ilan", "Kəsilməyən kişnərti"
əsərləri yazıçının
yaradıcılığında mühüm mövqeyə
malikdir. Bu əsərlərdə
yazıçının yazı
manerası, bədii dili, ümumən yaradıcılığı fərqli
aspektdən açılaraq
sosrealizm çərçivələrini
aşır.
5. Süleyman Rəhimovun
əsərlərində milli-etnoqrafik
məqamların təzahürü
onun yaradıcılığını
sırf sosrealizmin tərənnümü kimi
qəbul etməyə
imkan vermir. Yazıçı istifadə etdiyi ifadələr, ibarələr,
deyimlər, təsvir etdiyi etnoqrafik lövhələrlə milli-etnik
məqamları vurğulamağa,
əsərin canlı
həyat lövhəsi
kimi qavranılmasına
nail olur.
Beləliklə, Süleyman Rəhimovun əsərləri proyekt xarakterli, siyasi ideologiyaya əsaslanan bir cərəyanı təmsil etsə də, ədəbiyyat tariximizin bəlli dövrünün və sosrealizmin Azərbaycan modelinin öyrənilməsi
üçün əhəmiyyətlidir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.12.