Yüz
yaşlı döyüş qadını
Fatma xanım
Səttarova xalamın
qudasıdır. Bu qadın
Böyük Vətən
müharibəsinin yaşayan
qəhrəmanlarından biridir,
canlı əfsanədir.
Mən onu lap uşaq yaşlarımdan tanıyıram.
İlk dəfə Ələviyyə
xalamgilin evində gördüyüm bu zadəgan görünüşlü
xanımın davranış
tərzi, danışığı
marağıma səbəb
olmuşdu.
O mənim gördüyüm
qadınlardan tamamilə
seçilirdi. Adətən, kənd yerlərində şəhər qadını
diqqəti tez cəlb edir, ətrafdakı insanlarda özünə qarşı
maraq hissi oyadır. Anam mənə anlatdı
ki, Fatma xanım bizim qohumumuzdur, xalam qızı Sülhiyyənin
qayınanasıdır.
Mən uzaq keçmişdə qalmış
müharibə xatirələrini
onun öz dilindən eşitmişəm. Beş ayın
gəlini ikən cəbhəyə zabit kimi yollanıb, aclıq da görüb,
saysız-hesabsız insan
faciələrinin də
şahidi olub, mərmilərin bombardmanı
altında yaralıları
ölümün cəngindən
xilas edib. Cavan bir gəlin evində ərinin qulluğunda durmalı ikən, ocağını
sevgiylə isitməli
ikən, dünyaya sevgidən doğulan övladlar gətirməli
ikən tapılmayan dərman əvəzinə
yaralılara bir parça qara çörək verirdi ki, onlar acından
ölməsinlər. Aldıqları yaralardan daha dəhşətlisi aclıq
idi. Gözəgörünməyən
bu düşmən cəbhədə daha çox can alırdı. Nəinki mərmilər, güllələr...
Fatma xanım
bu ürəkgöynədən
müharibə anlarını
danışarkən xəyalən
yenidən odun-alovun içinə qayıdırdı,
gözləri kölgələnirdi,
bəbəklərinə qara
buludlar yığılırdı. O acı
günləri təkrarən
xatırlamaq onun üçün çətin
idi. Amma danışmalıydı... Axı o, müharibənin
şahidlərindən idi.
Onun dediklərindən
etibarlı mənbə
ola bilməzdi.
Fatma xanım elə dəhşətli hadisələr
danışırdı ki,
adamın damarda qanı donurdu. Çox-çox illər sonra
Nobel mükafatı almış
Belarus yazıçısı Svetlana Aleksiyeviçin "Müharibənin
qadın olmayan üzü" sənədli
romanını oxuyarkən
Fatma xanımın danışdıqlarını xatırladım.
Sonralar həmin əsər haqqında "Ədəbiyyat
qəzeti"ndə "Ürəyi
zəif olanlar oxumasın" adlı bir yazı da
yazdım. Aşağıdakı
sətirlər həmin
yazıdandır:
"Bu əsər təxəyyül
məhsulu deyil, yazıçı heç
nəyi uydurmur. Şahidlər
danışır, qadınlar...
Müharibə başlayanda
sevib-sevilmək çağlarını
yaşayan, ürəyi
həyat eşqiylə
çırpınan və
bir günün içində odun-alovun içinə düşmüş,
başına mərmilər
yağan qızlar... Könüllü olaraq ön cəbhəyə atılan, kişilərlə
çiyin-çiyinə döyüşən
qızlar, gördüyü
dəhşətlərdən bir gecədə saçı ağaran qızlar... Həlak olmuş ərinin, qardaşının, sevgilisinin
intiqamını almaq istəyən qadınlar, silaha yerikləyən qadınlar...".
Tarix canlı
şahidlərin diliylə
danışır. Bu tarixi tarixçilər yox, şahidlər yazır. Fatma xanım da tarix yazan qəhrəmanlardandır.
Müharibənin qadın
olmayan üzünü
görmüş böyük
qadın!
Fatma xanımın
bu yaşda iti yaddaşı hər kəsi heyrətləndirir. Yüz yaşında belə 75 il bundan
öncə baş vermiş hadisələri ayrıntılarıyla xatırlayır
və yerli-yataqlı danışır. Bircə dəfə
də səhvə yol vermir. Bu kədərli, eyni
zamanda şərəfli
xatirələr onun yüz illik ömrünün mahiyyətini,
cövhərini özündə
əks etdirir. Hər qadına belə tale qismət olmur. Yüz yaşın zirvəsini fəth etmək hər qadının bəxtinə yazılmır.
Zaman da onun yaşına,
bir əsri adlayaraq ikinci yüzilliyə qədəm
qoymasına ehtiramını
ifadə edir. Zaman ona yenə bu
fürsəti verir; yaddaşına, səhhətinə,
iti və sağlam mühakimələrinə
toxunmur. Çünki bu qəbil insanlar
zamanın özünə
də gərəkdir.
Tanrının verdiyi həyatı
xalqa, vətənə
bağışlayan insanların
ömrünün uzunluğu
Əlahəzrət Zamanın
dəyərini daha da artırır.
Mən Fatma xanımı sonralar da ailə məclislərində
görürdüm, fürsət
düşəndə söhbətlərini
dinləyirdim. Markesin dünyaca məşhur
"Yüz ilin tənhalığı" romanını
oxuyanda da Fatma xanım gözlərim önünə
gəlmişdi. Bu əsərdə ən çox nəsil mifi diqqətimi çəkmişdi və
həmin əsərin
dayaq nöqtəsi olan Buendia nəslinin
tənhalığının əksinə olaraq, Səttarovlar nəslinin yüksəlişi və bu yüksəlişə aparan çətin, iztirablı yollar haqqında düşünmüşdüm.
Həmin
nəslin tarixçəsi
mistik narratoloji süjetlərlə zəngindir.
Mən Azərbaycan kinosunun və teatrının xanım-xatın
aktrisası Nəcibə
Məlikovanın atası,
şair Haşım bəy Saqibin həyatından bəhs edən "Fəna fasiləsi" romanını
qələmə alarkən
bu nəslin tarixçəsini əsaslı
şəkildə araşdırdım
və gördüm ki, Heybətbəyovlar və Səttarovlar nəslinin ömür yolları Azərbaycanın
Cümhuriyyət tarixiylə
kəsişir və bu insanlar Cümhuriyyətimizin
yaşaması üçün
canlarını, varidatlarını
fəda ediblər. Anladım ki, hələ də tarixin tozu altında nə qədər həqiqətlər mürgüləyir.
Fatma xanımın həyat hekayəti ədəbiyyatımızı
silkələyəcək romanlar
üçün zəngin
material verir. O, Azərbaycan
İstiqlal tarixinin ən canlı, ən diri obrazlarındandır.
Onun döyüş
yolu Stalinqraddan başlayıb, Rumıniya,
Macarıstan, Fransaya qədər uzanıb gedir. Macarıstanda ayağından və
qolundan yaralanır.
O qəlpələri yetmiş
yeddi ildir ki, bədəninin bir parçası kimi özündə daşıyır. Paris hospitallarında şəfqət
bacısı kimi saysız-hesabsız əsgərin
həyatını ölümün
cəngindən xilas edib. Ölüm saçan torpaqlarda
o, insanlara həyat bəxş edirdi. Zərif, çəlimsiz bir qızcığaz...
...Sonrakı illərdə Ələviyyə xalamın
Fatma xanıma həmişə hörmət
və sayğıyla yanaşdığını, haqqında
rəğbət və
ehtiram hissiylə danışdığını gördüm. Qudalar arasındakı əmniyyət
şəraiti xalam dünyasını dəyişən
günə qədər
davam etdi. Bunun özü də son dərəcə müstəsna
hadisələrdəndir. Fatma xanımın xarakterindəki
sadəlik və qürur, ləyaqət və fədakarlıq kimi xüsusiyyətlər
qarşılıqlı hörmət
və sayqıya zərrə qədər xələl gəlməsinə
imkan vermədi. Ələviyyə xanım da kiminlə qohum olduğunun fərqində
idi, Fatma xanım da. Onlar bir-birlərinə dərindən
bələd idilər.
Fatma xanımın
gəlini Sülhiyyə
xanım da adlı-sanlı bir nəslin nümayəndəsi
idi. Ata tərəfdən XX əsrin əvvəllərində
xeyriyyəçi kimi
tanınmış Hacıağa
bəy Heybətbəyovun
və klassik şairimiz Haşım bəy Saqibin qardaşı Ağakərim
bəyin nəvəsi
idi, ana tərəfdən Sərdari
- milli Səttarxanın
silahdaşı olmuş
Mircavad Ağanın nəvəsi idi. Ötən əsrin əvvəllərində
maarifçilik yönündə
böyük xidmətləri
olmuş, pedaqoji fəaliyyəti ilə yaddaşlarda iz qoymuş, bu gün də minnətdar duyğularla xatırlanan Murtuza Əsədullayevin bacısı
qızı idi. Nə acılar ki, ötən il qəfil
ölüm onu bizdən ayırdı... Fatma xanımın oğlu Pərviz müəllim də son dərəcə
alicənab, baməzə,
zarafatcıl bir insan idi. Lap bu yaxınlarda
o da öz yarına qovuşdu.
Bu itkilərə tab gətirmək
əlbəttə, yüz
yaşlı bir ürək üçün
olduqca çətindir.
Köksünə iki dəfə
oğul dağı çəkilmiş bu qadın uzaq gənclik illərində İkinci Dünya müharibəsinin dəhşətlərini
görmüşdü, qan-qada,
ölümlər görmüşdü.
Hələ gənc ikən
tale onun qəlbini ocaqda dəmir kimi döyəcləyib möhkəmlətdi. Hər qadın
o yükü qaldırmaq
iqtidarında deyildi.
Fatma xanım seçilmiş insanlardan idi.
Həyatın bütün sınaqlarına
mətanətlə sinə
gərən bu qadın bir əsrin dizini yerə vurdu! Qismətində Vətən
müharibəsinə və
bu müharibənin Qələbəylə bitməsinə
şahidlik etmək də varmış! İkimininci yüzilin üzü sabahlara doğru inamla, qururla addımlayan Azərbaycanında
onun da danılmaz
payı var.
İstiqlalımızın parlamasında, yaşamasında
ən cüzi xidmətləri olan insanlar hər cür hörmət və ehtirama layiqdirlər. Onların hər biri Azərbaycan adlı müqəddəs Kitabın
bir fəslidir, bir bölməsidir.
Yüz il yaşamaq
həm də Tanrının bir lütfüdür. Tanrının seçdiyi insanlar öz yaşamlarıyla mənsub olduqları xalqa hər zaman başucalığı
gətiriblər. Bu qəbil insanlar məmləkətin hər
tərəfindən görünən
uca dağ silsiləsinə bənzəyir.
Nə xoşbəxt insanlarıq
ki, biz də bu insanların mənəvi dünyasından,
yaşam fəlsəfəsindən
az da
olsa, öz payımızı ala bilmişik.
Onlarla ünsiyyətimiz olub, keçmişə onların
gözüylə baxmışıq.
Həyatında üç müharibə
görmüş Fatma
xanım da o müstəsna insanlardandır.
Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamıyla
"İstiqlal" ordeniylə
təltif olunan Fatma xanımı ürəkdən təbrik
edirəm! Ömrünü
Xalqa və onun İstiqlalına həsr etmiş bu əfsanəvi insana yalnız və yalnız cansağlığı arzulayıram!
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.12.