“Nüvədi qədim torpağımızdır”

 

(Qəzetin arxivindən)

 

Mehri rayon Nüvədi kəndinin ilk partiya təşkilatının sədri Həsən Musayevin 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinə müsahibəsi

 

Həsən Musayev: “Biləndə ki, öz vətənindəsən, biləndə ki, kökünlə, tarixinlə bağlı olan bir torpaqdasan, buranın daşı da, qayası da, kolu da, kəsəyi də səninkidir, niyə narahat olmalıyıq ki...”

 

"Ədəbiyyat və incəsənət" qəzetinin 1990-cı il saylarından birində "Nüvədi qədim torpağımızdır" başlıqlı bir müsahibə var. Mehri rayon Nüvədi kəndinin ilk partiya təşkilatının sədri Həsən Musayev Nüvədinin ağır günlərində qəzetin suallarını cavablandırır, həmin günlərdə baş verən prosessləri şərh edir.

33 il sonra "Ədəbiyyat qəzeti"ndə yenidən təqdim etdiyimiz bu müsahibədə Mehri rayonunun 5 Azərbaycan kəndindən biri ən böyüyü olan Nüvədidə düz 33 il bundan əvvəl yaşanan olaylara o zaman bölgədə məsul vəzifədə çalışan Həsən Musayevin münasibəti sərgilənib. Məkrli erməni ideoloqlarının 1990-cı illərdə soydaşlarımıza qarşı yürütdüyü siyasətin üzünü, qara niyətini olduğu kimi ifadə edən bu müsahibədə Azərbaycan ziyalısının obyektiv, zamanı qabaqlayan mövqeyi yer alıb.

Həsən Musayev 1933-cü ildə anadan olub, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini və Bakı Ali Partiya Məktəbini bitirib. 1970-1983-cü illərdə  Mehri rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.  1999-cu ildə Bakıda dünyasını dəyişib.

Həsən müəllim "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlunun atasıdır.

Həsən Musayevin yüksək vətəndaşlıq duyğuları, eyni zamanda ağrısı ilə səsləndirdiyi fikirlərin ötən əsrin 90-cı illərində nə qədər aktual olduğu göz önündədi. Söhbət o fikirarzulardan gedir ki, indi ölkə başçımızın qətiyyəti sayəsində bir-bir həyata keçdi, reallaşdı. "Tarix unudulmur, tarix unutmur" həqiqəti ilə fəaliyyat göstərən "Ədəbiyyat qəzeti" bütün dövrlərdə bu cür aktual mövzulara xüsusi diqqət göstərib. Ötən illərin səhifələrindəndir bu yazı...

 

- Həsən müəllim, sakini olduğunuz Nüvədi kəndi barədə, onun hazırkı həyat şəraiti haqqında nə deyə bilərsiniz?

- Son hadisələrə qədər min iki yüz nəfərə yaxın əhalisi olan Nüvədi Ermənistanın Mehri rayonunda yerləşən beş Azərbaycan kəndindən biri və ən böyüyü idi. Əldərə, Maralzəmi, Lehvaz, Vartanizor və Nüvədi kəndlərində üç minə qədər azərbaycanlı yaşayırdı. Lakin adlarını çəkdiyim kəndlərin əhalisi qovulduqdan sonra rayondakı on erməni kəndinin əhatə etdiyi Nüvədi şübhəsiz ki, olmazın müsibətlərlə üz-üzə gəldi, qonşularımızın kütləvi köçü ermənilərin əl-qolunu bir qədər də açdı.

Lakin bütün bunlara baxmayaraq, nə dörd tərəfdən göstərilən təzyiqlər, nə hədə-qorxular, nə də basqınlar qarşısında nüvədililər qorxub çəkinmədilər. Gördüyünüz kimi hələ ki, duruş gətiririk.

- Yerli azərbaycanlıların dədə-baba məşğuliyyəti barədə məlumat verməniz və onların qovulmasıyla əlaqədar rayonda yaranmış vəziyyəti şərh etməniz aydınlıq olardı.

- Yerli azərbaycanlıların məşğuliyyəti əsasən maldarlıq və bağçılıq olduğu üçün onların qovulmasıyla əlaqədar, ümumiyyətlə yerli kənd təsərrüfatına da ağır zərbə dəymişdir. Gəlin fakta nəzər yetirək; təxminən üç il bundan qabaq rayonda on səkkiz min xırdabaş heyvandan bu il iki mini qala, ya qalmaya. Dörd min iribuynuzlu qaramaldan üç yüzə qədəri qalıb. Hələ mən süd zavodunun bağlanmasını, ət planının ləğv edilməsini demirəm. Üzümçülüyə gəldikdə isə, yenə də azərbaycanlıların işgüzarlığı göz qabağındadır. Məsələn, ötən il basqınlara, müqavimətlərə baxmayaraq, rayon üzrə toplanan üz yüz əlli ton üzümün yüz iyirmi dörd tonunu Nüvədi kolxozu təhvil vermişdi. Maşınlarımız girov götürüləndən sonra daha məhsulları Mehriyə deyil, Zəngilan rayonuna təhvil veririk.

- Necə olmuşdu bu girovgötürmə hadisəsi?

- Kolxoz sədri Mail Əmənov bir qrup kolxozçu ilə nar yeşikləri gətirmək üçün Mehriyə gedirlər. Ermənilər isə maşınları onların əlindən alıb, özlərini də döyüb-söyüb qovurlar. İki ədəd "QAZ-53" markalı yüz maşınını isə indiyə qədər geri ala bilməmişik.

Hələ bu harasıdır? Az keçmədi ki, elektrik işığından məhrum olduq. İşığımızın kəsilməsi nəticəsində qaranlıqda qalmağımız bir yana, motorlar işləmədiyindən Arazdan təsərrüfatları sulamaq üçün su da götürə bilmədik. Nəticədə üzüm və meyvə bağlarımızın altmış faizi quruyub yandı. Ümumiyyətlə, bu günə kimi erməni quldurlarının buya digər fitnəkarlıqları nəticəsində kolxozumuza iki yüz yetmiş min manat zərər dəymişdir.

- Bəs məhsullarınızı Zəngilan rayonuna təhvil verməyinizə ermənilər necə baxırlar?

- Bu, Azərbaycan SSR-in dövlət rəhbərləri ilə razılaşdırılıb. Axı neyləməliydik, onlar bizim məhsullarımızı qəbul etmirlər, deyirlər ki, necə olursa-olsun, kəndi boşaltmalısınız. Əks təqdirdə vəziyyətiniz ağır olacaq. Belə xəbərdarlıqların isə sayı-hesabı yoxdur. Həmin məktublarda gah iyirmi dörd saat vaxt qoyulur, bildirilir ki, əgər Nüvədini boşaltmasaq, bizə aman verilməyəcək, böyükdən-kiçiyə hamımızı qıracaqlar, gah da gecələrin birində tuturlar atəşə. Əlbəttə, biz sakinlər sözü bir yerə qoymuşuq ki, kəndi bir nəfər də olsun tərk etməyəcək. Son nəfərimiz qalana kimi müqavimət göstərəcəyik.

Digər tərəfdən də onlar bizi iqtisadi mühasirəyə almaqla bezdirmək istəyirlər. Təsəvvürünüzə gətirin, uzun müddət əməkhaqqı verilmədi. Kəndə ərzaq buraxılmadı. Bir ildən artıq kolxozçuların əməkhaqqısı mənimsənildi. Mehri rayon dövlət bankında beş yüz əlli min manat olmağına baxmayaraq, onu kolxoza qaytarmaq istəmirlər.

Kənd sakinlərinin bir arzusunu Azərbaycanın rəsmi dairələrinə çatdırmaq istərdim. Necə olur ki, iyirminci illərdə Zəngəzur boyda torpaqları heç bir əsas olmadan bağışlayırlar ermənilərə və bizdə bir nəfər tapılmır ki, bu gün həmin torpaqları geri istəsin. Hələ üstəlik "Böyük Ermənistan" uydurması kimi yalançı bir iddiayla torpaqlarımızı işğal etmək istəyən erməni rəsmi dairələri bu gün Dağlıq Qarabağı Azərbaycandan qopartmaq, Şaumyankənd rayonunu, Xanlar rayonunun Çaykənd kəndini heç bir əsasları olmadan Ermənistana qatmaq istəyirlər. Ancaq biz tarixən Azərbaycanın ərazisi olan Zəngəzur torpaqlarının, Göyçə mahalının, Baçarkeçərin və s. bir qarışını geri istəməyi heç ağlımıza da gətirmirik. Məncə hərəkətə gəlməyin vaxtı çatıb. Hazırda Nüvədi kəndi Ermənistanda yeganə yaşayış məntəqəsidir ki, orada azərbaycanlılar yaşayır. Onların Ermənistanla bütün iqtisadi-siyasi əlaqələri də kəsilib. Ola bilməzmi ki, Azərbaycan SSR Ali Soveti tələb edib tarixən Azərbaycan ərazisi olan Nüvədi kəndini də öz ərazisi elan edəydi. Biz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə bu barədə müraciət etsək də, müsbət cavab ala bilməmişik.

- Ötən vaxt ərzində Mehri rayonunun hökumət rəhbərləriylə görüşünüz olubmu?

- İki il yarımda bircə dəfə görüşmüşük. O da belə oldu; eşitdik ki, ermənilər rayon mərkəzinə Nüvədi ərazisindən yol çəkməyə başlayıblar. Buna etirazımızı bildirmək üçün sərhəd məntəqəsinə gəldik və oradan zəng vurub Mehri Rayon Partiya Komitəsinin birinci katibi Pobert MehrabyanRayon İcraiyyə Komitəsinin sədri Qriqor Artunyanla qarşılıqlı razılığa gəldikdən sonra elə sərhəd məntəqəsində də görüşdük. Burada biz onlardan tələb etdik ki, tezliklə Nüvədi torpaqlarında yol çəkilişini dayandırsınlar. Onlar tikintini dayandırmağa söz versələr də, vədlərinə xilaf çıxdılar və həyasızlıqla kolxozun ərazisindən yol çəkdilər. Qeyd etməliyəm ki, kəndimizə edilən basqınların hamısı demək olar ki, həmin yolla edilib.

- Məlum olduğu kimi, hal-hazırda Ermənistanın güclü milli ordusu var. Sizcə,  belə bir ordunun yaradılması nə qədər qanunauyğundur?

- Mətbuatdan bizoxuyuruq. Hətta ordunun sayı da göstərilir yüz yetmiş min. Bu orduüçündür, kimin üçündür, sürətlə silahlanma kimə gərəkdir? Əlbəttə, bunlar hamısı məlum məsələdir. Ermənilərin bircə məqsədi var; nə yolla olursa-olsun, Dağlaq Qarabağı ələ keçirmək, onun ardınca isə yeni ərazi iddialarına əl atmaq. Məncə, ya erməni milli ordusu tərksilah edilib buraxılmalıdır, ya da Azərbaycanda belə bir orduya qarşı duracaq qüvvələr təşkil edilməlidir. Başqa yol yoxdur. Biz bu təcrübənin acı nəticələrini artıq üç ilə yaxındır ki, əməlli-başlı dadmışıq və bir şeyə əmin olmalıyıq ki, vaxtı keçirmək, günü-günə satmaq bizi həmişə pis vəziyyətdə qoyub. Belə işdə qəti addımlar atmaq lazımdır.

- Ermənilərlə üz-üzə qalmaq, daha doğrusu, ön cəbhədə dayanmaq sizi narahat etmirmi?

- Biləndə ki, öz vətənindəsən, biləndə ki, kökünlə, tarixinlə bağlı olan bir torpaqdasan, buranın daşı da, qayası da, kolu da, kəsəyi də səninkidir, niyə narahat olmalıyıq ki...

Lakin şəxsən məni narahat edən Ermənistanda boşalmış yüzlərlə Azərbaycan kəndləridir. Doğrudanmı, onları birgeri qaytara bilməyəcəyik?

 

Söhbəti apardı: Eldar İbrahim

 

Ədəbiyyat qəzeti.- 2023.- 8 aprel.- S.15.