Pərixan

 

Romandan parça

 

Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli (Qaraçuxa) "Pərixan" tarix romanını bitirib və hazırda nəşrə hazırlayır. Səfəvi xanədanının ən mürəkkəb və intriqalı dövrünü əhatə edən roman dramatik süjeti, gözlənilməz keçidləri və fərqli təhkiyə ilə oxucuların görüşünə gəlir. Tanıtım məqsədilə romandan bir parçanı oxucularımıza təqdim edirik.

 

...Şah Birinci Təhmasibin sevimli qızı Pərixan xanım hər an həbs olunacağını və qaranlıq bir məkanda qətlə yetiriləcəyini gözəl bilirdi. Ona görə də Xəlil xan Əfşarın Venesiyadan gətirdiyi, qırağı naxışlı güzgünü əlinə alıb, qara tellərini darayır, öz əndamına tamaşa edir, həzz alırdı, sanki ölümdən və həyatdan acıq çıxırdı...

Evin pəncərələri qara məxmər pərdəylə örtülmüşdü, içəri qaranlıq idi və bu qaranlığı divardan asılmış bir cüt lampa işıqlandırırdı. Və bu işığın fonunda Şah qızı daha cazibədar, daha sirli görünürdü. İndilərdə neft qıt idi. Çünki Allahlar Şəhərindəki  mədəndə yanğınlar başlamışdı. O sarıdan da tacir karvanı ləngiyirdi. Amma Pərixan xanımın lampası yanırdı. Deməli, işini bərk tutan idi, ehtiyatlıydı...

Xəlil xan içəri girəndə Şah qızını bu halətdə gördü: sakit və hüzurlu.

O, Pərixan xanımın gözəl vücuduna, qu quşuna bənzər, sığallı, hamar boğazına baxdı və köks ötürdü.

Pərixan xanım atlas köynəkdəydi. İçəri yarıqaranlıq olsa da, onun bütün bədəni, xırda cizgilərinə qədər aydınca görünürdü, parıldayır, göz qamaşdırırdı.

"Əvvəllər, görəsən, niyə ağlına gəlməyib ki, belə yarıqaranlıq şəraitdə sevişsinlər!" deyə Xəlil xan ürəyində düşündü, hələ bəlkə hayqırdı da.

Xəlil xanın əzalarının hamısı yerindən oynayırdı. "Bu nə halət, bu nə qamət!?" deyə içində inildədi. Bu sevimli və sevgili xanıma necə qıysın!? Bəlkə də ömründə ilk dəfə doğulduğu günə lənət oxudu. Heç vaxt belə vəziyyətə düşməmişdi. Düşmənlə üz-üzə qalanda, ölümlə qarşılaşanda da qorxmamışdı.

İndiyə qədər bir yerdə, bir yataqda çox olmuşdular. Bir dişləyib, iki öpüşmüşdülər...

Amma bu, başqa halət idi. Çünki sevdiyi xanımı öz əliylə o dünyaya göndərməliydi. Şərt beləydi: ya Pərixanın qara başı, ya da onun özünün...

Xəlil xan nə edəcəyini bilmirdi. Bu gözəl sevgilisinə əl qaldırmağa ürək eləmirdi, amma can da şirin şeydi axı. Olmasın Pərixan xanım, olsun Güllücahan. Onun da gözəllikdə tayı-bərabəri yox idi. Bəs sevgi, bəs verdiyi vədlər? Kişiyə yaraşan iş deyildi.

Pərixan xanım onun bu tərəddüdlərini yaxşı başa düşürdü. Ona görə də asta səslə, az qala pıçıltıyla dedi:

- Ürəyin sıxılırsa, pərdələri açım.

- Yox, - Xəlil xan dəli kimi qışqırdı. Sanki rəssamın naturadan çəkdiyi gözəlin yerini dəyişməsinə acıqlanırdı. - Yox, yox, dəymə! Belə yaxşıdır, - dedi və bir daha Şah qızını ehtiraslı baxışları ilə süzdü, udqundu və özünü itirmədən, həm də bu gözəlliyə təslim olmamaq üçün xanıma əmr elədi, ancaq sözlərinə bir şirinlik də qatdı:

- Geyinin, nəvvab xanım, sizi cənnət qapısındakı mələklər gözləyir.

"Nəvvab e!" - Pərixan xanım ürəyində fikirləşdi, hətta qımışdı da.

Başqa adam olsaydı, Xəlil xan bu xoş sözlərdən vaz keçərdi. Çünki dişi canavara bənzəyən Xeyrənnisə bəyimin - Məhdi Ülyanın qətlinə fərman verdiyi ev dustağıyla bu cür davranmaq olmazdı. Amma "sevgilim də" demədi. Ona görə də Pərixan xanım bir anlığa sarsıldı və sarsıldığını göstərməmək üçün gülümsündü...

Xanım da ki, nə xanım. İki göz istəyirdi ki, xətti-xalına, gül camalına tamaşa eləsin. Sanki nağıllardan düşüb gəlmişdi. Ağzı o qədər balacaydı ki, iki badam yerləşməzdi, beli elə incəydi ki, bir badam yesəydi, boylu görünərdi, saçları o qədər uzun idi ki, çiməndə on iki kəniz onları yuyardı. Bədəni o qədər şəffaf və sığallıydı ki, adamın əli sevinərdi, gözləri elə iriydi ki, ona baxıb daranmaq olardı. Mən, sanki indi, bu saat kənardan durub ona baxıram. Hələ bəlkə bunu sizin xətrinizə edirəm. Əlimdə də kamera var və gördüklərim kameranın yaddaşına yazılır. Bu mənzərəni təsəvvürünüzdə canlandıra bilirsinizmi?

Əlimdə əlac olsaydı, yəni bacarsaydım, hələ sizə bir gözəlləmə də oxuyardım, sonunu isə "Ruhani" üstündə bir kədərli havaya çevirərdim...

İnanıram ki, başqa vaxt olsaydı, Xəlil xan da bunu can-başla edərdi. Amma can şirin şeydi...

Pərixan xanım zərif boynunu qu quşu kimi irəli uzatdı. Onun boynu indi qıldan da zərif idi. Ağappaq sinəsi atlas köynəyinin altından qabarır, çəhrayı giləli məmələri köynəyi deşib çölə çıxmaq istəyirdi. Bax, indi mən deməyim, siz deyin... Xəlil xan başı daşlı burda neyləməliydi? Bu gözəllikdə qadını necə öldürəydi və göz qamaşdıran, dünyanı işıqlandıran bu yaqutdan necə əl çəkəydi? Tarix onu lənətləməzdimi? Şəxsən mən lənətləyərdim... Ona görə hələ bir az da yaşamasını istəyirəm və hadisələrin istiqamətini istənilən tərəfə yönəltməyə hazıram. Qoy, bu gözəllər gözəlinə qıymadığıma görə məni qınasınlar. Özü də o, elə-belə qadın deyildi. Şahın sevimli qızıydı. Ərdəbil Şeyxindən dərs almış, öncəgörməni, əfsunu, hətta cadunu da bilən naibüssələtənə idi. Yəni səltənətin naibi, vəkili. Bəlkə elə qələmimi o tərəf-bu tərəfə fırladan, hadisələri başqa səmtə yönəldən onun yüz illərdən bəri bizə tərəf gələn baxışlarıydı. Əgər fizikaya, nücum elminə inansaq, ulduzlar bizə keçmişin gözüylə baxa bilirlər və həmin gözlərdə əcdadlarımızın da işığı var. Çünki bizdən qabaq əbədiyaşar ulduzları görüblər, hələ sevişiblər də, yəni aralıdan-aralıya bir-birilərinə göz vurublar. Sizi bilmirəm, ancaq mən ulduzlara göz vurmağı indi də sevirəm. Elə bilirəm ki, onlar dünyanın ən yaraşıqlı xanımlarıdır. Ağ elədim, deyəsən. Qoy, bildiyim işlərdən, nəsnələrdən danışım. Mollalardan ayıbdır...

Xəlil xan o zaman bunu bilmirdi, ancaq fəhmlə duyurdu...

Əlbəttə, can şirin şeydi... Bu məsələdə mübahisənin yeri deyil...

Xəlil xanı gözləyən qorçular bayırdaydılar, içəri girməyə cürət eləmirdilər, hətta bu, ürəklərindən keçsə də, Xəlil xanın əmrindən çıxa bilməzdilər. Onlar gözəlliyi dillər əzbəri olan Pərixan xanıma son dəfə baxmaq istəyirdilər. Çünki bir azdan qırmızı paltarlı cəlladlar onun başına qırmızı torba geyindirib aparacaq, ya da qonşu otaqda, qaranlıqda qətlə yetirəcəkdilər. Qaranlıqda qətlə yetirəcəkdilər ki, nə öldürüləni görsünlər, nə də özlərini göstərsinlər... Özü də boğub öldürəcəkdilər. Şahzadə adi rəiyyət, cani deyildi ki, başını üzələr, qanını axıdalar, onu yalnız boğa bilərdilər. Özü də qaranlıqda və hökmən gözləri bağlı halda.

Pərixan xanım cəllad da görmüşdü, onun qurbanını da. Bir çoxunu özü cəllad əlinə vermişdi. Bununla belə, Xəlil xanın əmrini qulaqardına vurdu, kinayəli şəkildə gülümsədi.

Əslində, Şah qızı ölümdən qorxmurdu. Taleyinə nə yazılıbsa, odur. Biz bilməsək də, Ərdəbil şeyxindən dərs almış Pərixan xanım bunu bilirdi. Özü də ölümdən yox, qaranlıqdan qorxurdu. Zatən qaranlıq ölüm kimidir. Vay bə... Bəs mən necə olacam? Öləndə vəsiyyət edəcəm ki, yandırıb külümü dağlara səpsinlər. Çünki mənim gülümdən gözəl çiçəklər çıxacaq. İstəmirəm ki, onları qoparsınlar, eləcə qoxulasalar bəsdi. Hə, düzdü, bu, mənim müsahibələrimdən bir fraqmentdir.

Şahzadəni qoyaq, qayıdaq şahzadə xanımın yanına. Onun gözəlliyi mənim bu cızma-qaramdan ötədir...

Çöldəki bağçada bir bülbül ötdü, sonra səsi kəsildi. Pərixan xanımın ürəyindən keçdi ki, təki o da bir quş olaydı, buralardan uçub azad bir yerə gedəydi... Babası (atası) Təhmasib onu əzizləyəndə "ay mənim sərçə balam" deyirdi.

Bu sözləri yadına salıb, ürəyində fikirləşə-fikirləşə sevgilisinə baxdı.

Onlar əmizadəydilər. Xəlil xan Pərixan xanımın əmisi nəvəsiydi, həm də onun lələsi, yəni hamisi hesab olunurdu. Aralarındakı yaş fərqi də elə böyük deyildi. Xəlil xan ondan üç sənə tez doğulmuşdu.

Gözəllər gözəli saçlarını arxadan yığdı, üzünə müti görkəm verib soruşdu:

- Bəlkə sənə bir fincan çay verim, başımın tacı? Tacirlər Çindən yenicə gətiriblər.

Şah qızı "gətirsinlər" demədi. Bu demək idi ki, xana özü qulluq eləmək istəyir.

Xəlil xan susdu və bir azdan yarıtəşviş, yarıricayla dilləndi:

- Geyinsən yaxşıdır, qorçular çöldə gözləyirlər.

Naibüssəltənə Xəlil xana ürkək baxışlarla baxdı və anidən onun qarşısında diz üstə çökdü:

- Sən buna necə qıya bilərsən? Axı mən səni qəlbim qədər sevirəm. Ölənə qədər sənə sadiq qalacağıma söz verirəm. Əziz babamın ruhu haqqı!

Xəlil xan susdu. Əsəbi şəkildə var-gəl elədi.

Pərixan isə nəvazişli sözlərinə davam edirdi:

- Mən bir bədbəxt şah övladıyam. Mənim gülüzlü babam həmişə sənə və doğmalarına, əzizlərinə yar olub, xan! Onun sevimli balasına qıyacağını, nəfəsini kəsəcəyini, ömrünü yarımçıq saxlayacağını zənn etmirəm. Əgər belə olacaqsa, onda sənə bir sirr açmalıyam...

Pərixan bu sözləri deyib ayağa qalxdı, Xəlil xana sınayıcı nəzərlərlə baxdı, hələ ala gözlərini süzdürdü də.

Xəlil xanın üzü üzlər görmüşdü, əmisi nəvəsini də yaxşı tanıyırdı, dərisi mərmər kimi ağappaq olsa da, necə deyərlər, dabbaqda gönünə bələd idi. Ona görə də Pərixan xanımın bu sözlərindən canına üşütmə düşdü, qorxan kimi oldu. Arada sirr vardısa və onu əmizadəsinə demək fikrinə düşmüşdüsə, deməli, ya onu sınayırdı, ya da hansısa oyuna salmaq istəyirdi. Oyunbaz Pərixan xanım sirrini, bəlkə də o dünyaya aparmaq istəmirdi. Şeytandan hər nə desən gözləmək olardı. Xanın dizləri boşaldı, bədənindən gizilti keçdi. O boyda azman kişi, az qala, yumağa döndü. Bununla belə özünü ələ ala bildi, qara bığlarını sığllayıb:

- Nə sirr? - deyə ötkəmliklə soruşdu, amma səsinin titrəməsi də gözdən yayınmadı.

Şah qızı çoxmənalı şəkildə susdu, başını aşağı salıb dayandı. Xəlil xanın qorxusundan ürəyi ağzına gəldi, az qaldı əmisi nəvəsinin qarşısında diz çöküb yalvarsın ki, o sirr nədirsə, ona deməsin. Amma Pərixan xanım onu işvə ilə süzüb asta və ehtiraslı səslə pıçıldadı:

- Sirri sənə desəydim, sirr olmazdı ki. Mən deyəcəyim sirdən də ötədi...

Xəlil xan indi daha çox qorxdu, amma sevdiyi xanıma diqqətlə baxanda tamam ayrı bir şey hiss elədi.

Pərixan xanımın qara zülfləri ağappaq, yumru çiyinlərinə tökülmüşdü və qara ilan olub Xəlil xanın boğazına dolanırdı... Xan boğulurdu... Bu gözəlliyin qarşısında tab gətirmək hər kişinin işi deyildi...

...Bu söhbət xeyli sonra olmuşdu. Ona qədər isə...

 

***

 

- Deyirsən, yəni?..

Xəlil xan Əfşarın sözü ağzında yarımçıq qaldı. Pərixan xanım onun sözünü kəsdi:

- Mən indicə onun yanından gəldim. Şah babam ölümünə inanmır. Elə hesab edir ki, bu hal da keçib gedəcək, yenidən günəşli günlərə qayıdacaq. Tez-tez sayıqlayır. Hərarəti çox yüksəkdir, nə qədər dava-dərman eləsələr də, qızdırması düşmür. İki il öncə də bu vəziyyətə düşmüşdü, amma axirət qapısından geri qayıtmışdı. İndi də ona ümid edir.

Xəlil xan onu diqqətlə dinləyir və kəlmə başı "elədir, nəvvab xanım, elədir", - deyirdi.

Pərixan isə söhbətinə davam edirdi:

- Ötən dəfə bilirsən bizə nə demişdi? Uzun sürən yuxudan ayıldı və dedi: "Mən ölməyəcəm. Babamı gördüm. Cənnət bağında alma ağacının dibini belləyirdi. Məni yanına çağırdı. Getdim. Amma üzünü görmədim. Mənə lütfkarlığını bildirdi. Söylədi ki, xanədanı qoruduğuna görə üzün olsun. Mənim də, babalarımızın da ruhu şaddır. Bu almadan birini ye və cənnətin ən yüksək məqamına yetiş. Özün də nə diləmək istərsən, dilə". Mən də cavabında dedim: "Məqamı uca babam, izn ver, geri qayıdım. Hələ görülməmiş yarımçıq işlərim var". O da mələklərə əli ilə işarə elədi ki, məni aparıb geriyə yola salsınlar. Onlar da məni axirətin iri darvazasından çıxardılar. Bax, mən qayıtdım. İndi burdayam, yenidən tac başımda, taxt altımdadır!"

Amma bu dəfə başqa cürdü. Babamın baş aşpazı Bavarçioğlu onun sevdiyi döyğanı (dovğanı) bişirib gətirmişdi. Nə illah elədimsə, babam bir qaşıq da içmədi.

Mən ona:

- Baba, Şeyx Nizaminin xoşladığı döyğanı gətirmişəm, bircə qaşıq içsənə, - deyə qulağına pıçıldadım, amma o, heç gözlərini də açmadı. Mənə elə gəlirdi ki, o, çox sevdiyi Nizaminin adını eşitcək ayağa duracaq. Amma belə olmadı.

Xəlil xan Əfşar təəssüflə başını buladı.

Pərixan xanım davam elədi:

- Babam ölümünə inanmasa da, təbiblər başqa fikirdədir. Həkimlər babamdan qan almaq istədilər, amma heç nə çıxmadı. Qanı donub, sanki. Özüm də neçə gündür dalbadal pis vaqeə görürəm. Babamın getdiyi yol qapqaranlıqdır, sonu da görünmür.

Həkimbaşı Əli bəy də sonuncu dəfə qibleyi-aləmin nəbzini bir neçə dəfə yoxladı. Qulağını sinəsinin üstünə qoyub bir xeyli dinlədi, sonra başını qaldırıb bizə baxdı. Onun gözlərində heç bir ifadə yox idi. Başa düşdüm ki, bu dəfə Əzrayıl saraydan əliboş getməyəcək. Ulu babamız da bu işdə yardım edə bilməyəcək...

Onlar söhbət edə-edə gəlib Səadətabad bağının sonuna çatdılar, ətrafda gəzişənlər onları görməsin deyə yenidən geri qayıtdılar.

Pərixan isə dil boğaza qoymur, hüdüləyib tökürdü:

- Bilirsən məni narahat edən nədir? Babam özünə gələndən sonra əli ilə işarə elədi ki, hamımız çıxaq, bircə kiçik qardaşımız Heydər Mirzədən başqa. Təsəvvür edirsən? - Xəlil xan başı ilə təsdiqlədi. - Mən ondan ehtiyat edirəm ki, babamız öz tacını sevimli oğlunun başına qoyar, çünki uşaqlıqdan onu öz yanında gəzdirir. İnzibati işlərin də hamısını ona tapşırıb. Dəftərxana, möhür, sənədlər onun əlindədir, xəzinəyə də əli çatır. Ancaq bir şeydən rahatam ki, şah babamız huşa gedib, dili söz tutmur, çətin ki, belə bir iş tutsun. Amma...

- Nə amma? - deyə Xəlil xan suallı baxışlarla Pərixan xanımı süzdü.

- Vəsiyyətnamə ola bilər, onu isə heç kim görməyib. - Bir az susduqdan sonra əlavə elədi: - Mən ona acıqlanıram ki, sevimli qızı və naibüssəltənə mən ola-ola, həm də böyük oğlanlar dura-dura taxt-tacı niyə kiçik oğluna versin? Ona görə ki, şahımızın hər sözünə əməl edir, cavab qaytarmır? Bu cür adamlardan həm qorxuram, həm də zəhləm gedir. Onlar hər addımda sənə xəyanət edə bilər. Mənim öz sözü olmayan, dadsız, qoxusuz adamlardan zəhləm gedir.

- Mənim də, - deyə Xəlil xan Şah qızının monoloquna müdaxilə elədi.

Bir az susandan sonra Pərixan xanım qızılgül koluna tərəf əyildi, qızılgülü iylədi və dedi:

- Görürsən nə gözəl qoxusu var? Ona görə də adı qızıl güldür, özü də qıpqırmızıdır, qan kimi. Bu işlərin sonu qandır. Tələsmək də, gecikmək də ölümə barəbərdir... Özü də mən Heydərin hakimiyyətə gəlib, şahlıq tacını başına qoymağının əleyhinə deyiləm, amma damarlarından gürcü qanı axır. Səfəvi xanədanını və möhürünü ona etibar eləmək olmaz. Düzdü, Məhəmməd Mirzədənsə, onun hakimiyyətə gəlməsi daha yaxşıdır. Çünki Məhəmmədin qancıq arvadı, Xeyrənnisə də az aşın duzu deyil, fars südü əmib və qardaşımı o idarə edir, deməli, hakimiyyəti də o idarə etmək istəyəcək. Məhəmmədin quyruq bulayanı, vəziri Mirzə Salman da bu işdə yaman çalışır. Heyf ki, bizim bəzi əmirlərimiz, elə ustaclı, şamlılardan ibarət əsilzadələrin bəziləri də onun tərəfindədir.

Susqun halda parkı bir az gəzişdikdən sonra Xəlil xan soruşdu:

- Nə eləmək fikriniz var? Deyin bilək. Ayağınız dəyən yerə başımı qoymağa hazıram.

Bu sözlər naibüssəltənənin xoşuna gəldi, gülümsündü və bunları söylədi:

- Bizim adamlarımız indi Hüseynqulu xanın evinə yığışıblar. Heydərin də adamları saraya yaxındılar... Bir şey pisdi ki, Heydərin özü də saraydadır... Nəsə bir iş görmək lazımdı...

- Hm... - deyə Xəlil xan mızıldandı.

Xəfif yel əsdi və Pərixan xanımın sarı, ipək örpəyini yellətdi. Örpəyin bir ucu xanın üzünə dəydi. O, bu təmasdan xoşallandı və əlini uzadıb naibüssəltənənin örpəyini düzəltmək istədi.

Şah qızı onun bu niyyətini duydu və başını yana döndərib mərmərdən yonulmuş şir heykəlinə tərəf getdi və onun yanındakı daş kətildə oturdu, gözlərini də yumdu.

Şah qızının qulağına hardansa, lap uzaqlardan qıy vuran qartalların, şahinlərin səsi gəldi. Başını yuxarı qaldırıb baxdı. Şəhəri dövrələyən dağların başında qartallar dövrə vururdu. Pərixan xanım fikirləşdi ki, həmin qartallar yerdəki ovlarını güdürlər və münasib məqamda hücum eləməyə hazırlaşırlar. İndi sarayda da vəziyyət beləydi. Hakimiyyət uğrunda mübarizə aparanlar həmin qartallara, taxt-tac isə ova bənzəyirdi. Amma elə eləmək lazım idi ki, bu döyüşdən məğlub çıxıb, daha güclülərə yem olmayasan.

Xəlil xan kənarda dayanıb Şah qızına baxır və bu gözəllikdən həzz alırdı. Bir azdan sevgilisinə yaxınlaşdı və may yeli kimi xəfifcə soruşdu:

- Nə çox fikirləşdin, olmaya nəsə gördün?

Pərixan xanım şəhadət barmağını dodağına yaxınlaşdırıb "sus" işarəsi verdi. Ayağa qalxıb yerliyi göy olan ətəyini düzəltdi, butalı qaftanının kəmərini bərkitdi, küləyin ora-bura yellədiyi örpəyini bağladı...

Xəlil xan əmrə tabe oldu və susdu. Lələ Xəlil xan olsa da, hökm sahibi Şah qızıydı. Çünki təkcə şahzadə yox, həm də səltənətin vəkiliydi...

 

***

 

Şah Birinci Təhmasibin sevimli qızı Pərixan xanımla Xəlil xan Səadətabad bağında gəzişə-gəzişə bu cür söhbət edirdilər. Şah qızının dərvişləri Qəzvin bazarlarını, dükan və məscidlərini, dar küçələrini gəzib şəhər əhlinin fikirlərinə qulaq kəsilirdilər. Çünki iki il öncə Şah I Təhmasibin ölüm xəbəri Qəzvinə yayılanda əhali zilləllahın ya ölüsünü, ya da dirisini görmək üçün saraya tələsmişdi, amma o zaman qorçular adamların qarşısını zorla ala bilmişdilər.

İndi Şah Birinci Təhmasib yenidən gor qapısının ağzındaydı. Bunu saraya yaxın xanlar və əmirlər bilirdi və öz evlərində oturub dərdləşirdilər. Onlar Şah Təhmasibdən sonra hakimiyyətə kimin gətiriləcəyini düşünürdülər.

 

***

 

Pərixan xanım əlindəki qızılgülü sonuncu dəfə iyləyib, qurşağındakı kəmərə taxdı və söhbətinə davam elədi:

- Biz şahzadə İsmayıl Mirzəni hakimiyyətə gətirməliyik. Heydərdənsə o münasibdir: həm yaşca böyükdür, həm də keçmişdəki xidmətlərini danmaq olmaz. Hələ xeyli əvvəl, babam yatağa düşməzdən əvvəl öz fikrimi ona demişdim, yalvarıb dil də tökmüşdüm. O isə susmuşdu. İndi də dedim, ürəyini yumşaltmaq üçün bədahətən şeir də söylədim:

 

Gətir iyirmi il cəfanı çəkən fərzəndi-vəliəhdi

Pozulmaz heç zaman onun sənə sədaqət əhdi.

 

- Bəs, baban nə dedi? - deyə Xəlil xan soruşdu.

- Babam danışa bilir ki!? Eləcə gözləri yaşardı, yumulu gözlərindən yaş süzüldü, - kövrək səslə dedi.

- Ancaq sən bilirsən ki, qurbanı olduğum zilləllah fərzəndinin tiryəkə qurşandığından, içki düşkünü olduğundan xəbərdardır. Ona görə də xanədanı ona etibar eləmək istəmir, - Xəlil xan belə dedi.

Söhbət 20 ilə yaxın Qəhqəhə (Ələmut) qalasında saxlanılan və "Dəli İsmayıl" ləqəbi ilə tanınan İsmayıl Mirzədən gedirdi. O, doğrudan da dəli idi. Düşmən üstünə yürüyəndə davul-kəranayla gedirdi, sanki döyüşə yox, toy-bayrama tələsir...

- Bizə də elə bu lazım deyilmi? - deyə Pərixan xanım sərt baxışlarıyla onu süzdü.

- Anlayıram, - deyə Xəlil xan yenə də dodağının altında mızıldandı.

Onlar bir müddət danışmadılar. Hərə öz aləminə qapılmışdı. Xəlil xan fikirləşirdi ki, naibüssəltənənin istədiyi adam hakimiyyətə gəlməsə, onun və tayfasının işləri fəna olacaq. Çünki əfşarlar sarayda böyük hörmət-izzət sahibiydilər və ən vacib vəzifələr də onlara həvalə olunmuşdu, o cümlədən mühafizə xidmətinin və qorçuların da başçısı əfşar idi.

Pərixan xanım da saraydakı çəkişmələr və kimin hakimiyyətə gəlməsi barədə düşünürdü. Bu işdə nə tələsmək, nə də gecikmək olmazdı. Tələssən də başın gedərdi, geciksən də.

Əslində, Pərixan xanım ilk baxışdan zərif bir varlıq olsa da, hissli, duyğuluydu, "Həqiqi" təxəllüsüylə şeir də yazırdı, amma hakimiyyət məsələsində barışmaz idi. Bir neçə xarici dil bilir. Xarici qonaqlarla danışıqları o aparır, öz gözəlliyi və baxışları, həm də biliyi ilə onları əfsunlayır, Səfəvi sarayı üçün sərfəli müqavilələr bağlamağa nail olurdu. O, daha çox bibisi Məhinbanu sultandan dərs almış, onun tərbiyəsi altında böyümüşdü. Atası onu çox istəyir, daim öz yanında oturdur və dövlət işlərinin idarəsində ona əmin idi. Ona görə də ona nakam ölən sevimli bacısının adını vermişdi, amma orasını da yaxşı bilirdi ki, vəlihəhdlər zənənin hakimiyyətə gəlməsiylə barışmayacaqlar. Ona görə də ölüm ayağında olarkən Pərixanı yox, on səkkiz yaşlı Heydəri yanında saxlamışdı.

Heydər Mirzə çox yaraşıqlıydı. Astaboy, ağbəniz və yumrusifət idi. Qadın paltarı geysəydi, tanımaq olmazdı. Atası, Pərixan kimi ona da dövlət və divan işlərini etibar edirdi...

Pərixan xanım əmisi oğlu Bədiüzzamana deyikliydi. Hələ uşaqlıqda onları beşikkəsdi eləmişdilər. Amma nə qız oğlana, nə də oğlan qıza yaraşırdı.

Bədiüzzaman aşıq-aşıq oynuyur, kef məclislərinə gedir və əmisi qızına etina eləmirdi. Bir müddət əvvəl Pərixan atasına demişdi ki, Bədiüzzamanla nişanını pozmaq istəyir, amma şah buna icazə verməmişdi: "Yalnız mən öləndən sonra" demişdi...

Xəlil xan Əfşar başqa məsələ. Onunla Pərixan xanımın torpağını, sanki bir yerdən götürmüşdülər. Üzdə yumşaq, daxildə qəzəbliydilər.

Venesiyada ticarət səfiri olan Xəlil xan Pərixan xanıma dəfələrlə bahalı, gözqamaşdıran hədiyyələr gətirmişdi. Son dəfə o, Şahın sifarişiylə saraya çərçivəsi butalarla bəzədilmiş bədənnüma güzgü gətirmiş, ondan xırdasını isə Pərixan xanıma hədiyyə eləmişdi. Çoxları elə düşünürdü ki, Pərixan xanımla Xəlil xanı birləşdirən könül dostluğudur, çünki hər ikisi nəzmə bağlıydı və məclislərdə şeirlər söyləyərdilər. Əslində isə iş çox dərinə getmişdi, onlar həm də aşiq-məşuq idilər və aradabir hərəmxanada, Pərixan xanımın hücrəsində, ya da atasının bağışladığı evdə görüşürdülər. Xəlil xanın evində görüşmək olmazdı. Naibüssəltənə və şahzadə lələsinin evinə yox, lələsi onun evinə gələ bilərdi. Adət və qayda beləydi.

Pərixan xanım gözəllər gözəliydi. Mərmər kimi bədəni, geniş sinəsi və mütənasib qaməti vardı. Onun baxışları saray xanlarının qanını qaynadır, hisslərini coşdururdu.

Saray adamları Pərixan xanımdan çəkinirdilər. Çünki onun hökmünə və ağlına bələd idilər. Bəziləri onu Şeytan sayırdı. Ona görə ki, ən ağlasığmaz qərarları atası onun məsləhətilə verirdi. Pərixan xanım hər şeydən xəbərdar idi. Hətta belə olmasaydı da, adamlar belə düşünürdülər...

 

Elçin Hüseynbəyli

 

Ədəbiyyat qəzeti.- 2023.- 15 aprel.- S.10-11.