Taleyimin adamı  

 

 

 

İntiqam Qasımzadə haqqında yazmaq istəyirəm, alınmır. Bəzən adam ürəyinin dərinliyindəki hissləri sözə çevirməyə qorxur. Qorxur ki, hissin məhrəmliyi pozular, saflığı gedər, səmimiyyətinə kölgə düşər. İçimdə pıçıldadığımı eşidirəm, amma yazıya çevrilmir. Bilmirəm hardan başlayım. Axı, heç ağlıma da gəlməzdi ki, ömrümün qırxıncı dolaylarında "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadəylə yol yoldaşı olacam. Aylardan, illərdən birlikdə keçib gedəcəyik. Yaddaşımın bir küncündə səhifə-səhifə xatirələri yazılacaq. Mənə sirr verəcək, fikir bölüşəcək. Yol gedəndə mənə "sən mənim dostumsan" deyəcək. Xaqani küçəsi şahidimdir!

Adətən, işdən çıxıb şairin küçəsiylə birlikdə gedirik, bəzi məqamda, söhbətin şirin yerində İntiqam müəllim qoluma girir, onda hiss eləyirəm ki, özünə çəkir məni, məni özüylə aparır. Yaddaş səfərinə çıxırıq. Deyir: "İsmayıl Şıxlı deyirdi ki, İntiliş, sən mənim dostumsan". İndi tarixin, zamanın qum saatı çevrilib, mən İntiqam müəllimin İsmayıl Şıxlıyla yanaşı addımladığı yaşdayam. Qolumdan tutur...

Qolumdan tutub "Azərbaycan" jurnalına gətirib. Üzümə enli, işıqlı bir yolun qapısını açıb. Mənə şans verib. Həm onu daha yaxından tanımaq şansı. Bu günə qədər xeyli insanla rastlaşsam da, çox adam gördüyümü deyə bilmərəm, olsun dünya doludu. Amma bir İntiqam müəllimin timsalında əsil adamın necə olduğunu dəqiq bilirəm. Bəlkə kənardan sərt görünür, amma yaxşı yumor hissi var. Zarafatının üslubu da özünəməxsusdur. Kiminsə qəlbinə dəyməz, könül almaqda ustadır. Elə buna görədir ki, İntiqam müəllim sevgi yoxsulu deyil. Heç vaxt hörmətə, diqqətə tamarzı qalmayıb. Qazanıb. Ümumiyyətlə, İntiqam müəllim qazanmağı bacarır. Ən böyük qazancı kişilikdi. Hələ bir dəfə eşitməmişəm ki, İntiqam müəllim görüb gəldiyi adamların qarasına danışsın. Kiminsə alnının ləkəsini böyütsün, sözünə cin donu geyindirsin. Gözdən salmağa, könüldən çıxarmağa çalışsın. Danışdığı mövzunu da kişi kimi seçir. Ona görə İntiqam müəllimlə danışmaq çox asandı. İstənilən mövzuda söhbətə açıqdır. Qəribədir ki, hər mövzuda da xatirəsi var.

Yaddaş fondu zəngindir. Xatirələrini obrazlı danışır. Danışanda adamı zaman maşınında keçmişə aparır, hadisənin şahidinə çevirir. Hələ ki söhbət düşə babası Kəbleyi Məmməddən. Ona Kəblə Məmməd deyir. Rəhmətlik kişi redaksiyamızın daimi sakinidir. İntiqam müəllimin dodaqlarıyla danışır: "Yatdun, batdun!"

Bəzən mənə elə gəlir ki, İntiqam müəllim böyümək istəmir. Yarımçıq qalmış atalı günlərini, doymadığı analı illərini yaşamaq istəyir. Deyirsən, bu yaşda bir adam, yəqin, uşaqlığını unudar; ata yaşını çoxdan keçib, çatıb baba yaşına, amma əksinə, İntiqam müəllimin bütün sözünün, söhbətinin, çəkdiyi misalların bir ucu atası Böyükağaya, o biri ucu anası Sona xanıma bağlanır. Hələ xəyali olaraq özünü onların yanında uşaq kimi görür. Bir dəfə bərk soyuqlamışdı, belinə anasının yun şalını bürüdü, dedi: "mən şala bürünəndə tez sağalıram, elə bilirəm, anam yanımdadı". O köhnə şal İntiqam müəllim üçün bəlkə , dünyada ən dəyərli məlhəmdi, ən isti qucaqdı, ən qiymətli əşyadı. Ruhi dünyadakı anasına maddi dünyadakı bədənini bağlayan kəndirdi, körpüdü, yoldu. Şalın mifik gücü onun canına qüvvət verirdi. Bunun ən yaxşı təsirini özü bilir. Mən, sadəcə, bu qocaman oğlanı kənardan izləyirəm

Hələ İntiqam müəllimin yemək tərifi bir başqa dəstgahdır. Elə ki, günün günortası olur, aclıq siqnalları beynimizi dağıdır, İntiqam müəllimin yadına Sona xanımın bişirdiyi xörəklər düşür. Elə tərif eləyir, xörəyin tamını damağında hiss eləyirsən, ətri gəlir burnuna. Yəni nədən söhbət açırsa, boğazdan yuxarı yox, ürəkdən danışır İntiqam müəllim. Buna görə onu dinləmək rahatdı.

Ən sevdiyi mövzulardan biri kinodur, deyərdim. Həmişə deyir ki, kino xəstəlikdi, bir dəfə yoluxdusa, adam sağalmır. Məncə, kinostudiyada işlədiyi dövr ömrünün ən parlaq çağlarıdı. Bir çox filmlərin redaktoru, ssenari müəllifi olduğu illər onun üçün unudulmazdı. Bir ensiklopediyalıq kino xatirələri var. Ölkənin ən tanınmış rejissorlarıyla, aktyorlarıyla, incəsənət xadimləriylə işləyib, rastlaşıb, dostlaşıb... Danışa, oturub yazasan.

Yazasan İntiqam müəllimin xarakterini, obrazını. Bir sanballı əsərin qəhrəmanıdır. Ömrünü elə əsər kimi yaşayır. Mənə elə gəlir həyatda rastlaşdığı adamların heç biri təsadüfi deyil, hamısının ona bir təsiri, bir bağlılığı var. Elə bil günün hadisələrini yaşamır, içindən keçir. Gileyləndiyi olub, amma keçdiyi çətin günlərdən şikayət elədiyini eşitməmişəm. Yəqin bu onun xarakterindəki ağayanalıqdan gəlir. Ya da həyatı dərk üslubundan. Tanıdığım bu neçə ildə bir dəfə olsun, onun aciz şəklini görmədim.

Həyatımın qəribə bir naxışı da İntiqam müəllimlə Şuşa səfərimdi. İllər sonra ilk dəfə Şuşaya getdim. Gör, hardan-hara gətirib bağlandı yollarımız. Ağlıma gələrdimi bir gün gələcək, Cıdır düzündə İntiqam müəllimlə eyni xoşbəxtliyi yaşayacam?! Qolunu boynuma salıb məni sinəsinə sıxacaq. Birlikdə şəkilə, xatirəyə çevriləcək anımız. Bəlkə ölkəmizin hansısa işğal görməmiş rayonuna getsəydik, mənim üçün bu qədər təsirli olmazdı. Amma elə bil Ağdamdan buna görə köçkün olmuşdum ki, vaxtsa, varlığından xəbərim olmayan ölkənin ən hörmətli ziyalılarından biri İntiqam Qasımzadəylə qarşılaşım, yollarımız birləşsin, birlikdə Şuşa torpağına ayaq basaq. Mənim üçün Ağdama, Şuşaya ilk dəfə kiminlə getməyim çox önəmlidir. İnanıram ki bunun bir mistikası var.

Çox şeyi yaza bilməsəm , indi oturub öz-özümə İntiqam müəllim haqqında düşünürəm. Onun həyatımdakı yerini, taleyimdəki təsirini, yolumdakı yoldaşlığını, ürəyimdə yerini görmək, yaddaşımda xatirələrini sərgiləmək mənə fəxarət hissi yaşadır. Məncə, hər insanın həyatında İntiqam Qasımzadə kimi bir şəxsiyyət olmalıdır. Mən tapmışam. Belə bir şəxsiyyət adama həyatı, insanları sevməyə stimul verir. Həqiqətən, şadam ki, bu gün səksən yaşlı İntiqam Qasımzadəylə çiyin-çiyinəyəm. İş yoldaşıyam. O, heç vaxt özünü hökmlü, təkəbbürlü Baş redaktor obrazına salmayıb. İşdən ayrılıb evə yollanmışam, yolumun yarısında zəng eləyib halımı soruşub, evə çatıb-çatmadığımla maraqlanıb. Bu onun qədər diqqətli, qayğıkeş bir adam olduğunun sübutudur. Belə bir adamın varlığına necə şükür eləməyəsən?

Yaxşı ki, İntiqam müəllim həyatla mübarizədə 8:0 irəlidədi. Bu onun mükafatıdır deyərdim; insan olmağı bacardığı üçün taleyin mükafatı. Arzu eləyirəm, sağlam canla həyat mübarizəsində 10:0 irəlidə olsun. Ona bu 100 yaş ömrün mükafatı, taleyin ordeni kimi yaraşacaq.

Təəssüflər olsun ki, ürəyimdən keçənlərin hamısını üzünə deyə bilmirəm, geniş, təntənəli təbrik məktubu yazmaq da mənə çətindir. Amma mənim üçün İntiqam Qasımzadə kimdir, özüm yaxşı bilirəm.

 

Vüsal Nuru

Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.21.