Ölünün qəzəbi

hekayə

 

 

"Bakının bağ evləri cəmiyyətin barometri sayıla bilər" deyənləri qınaya bilmərəm. Marketlərdə ki, qiymətlər od tutub yanmağa başlayır, o dəqiqə bağ sahibləri düşür qarınağrısına:

- Dünən gecə, soyuducumu aparıblar.

- Mənim kondisionerim gedib.

- Sizə baxanda mən şükürlüyəm ki?!

- mənada?

- Bir belim, bir dırmığım ehsanlıq olub...

Bunun dalıyca da bağ sahibləri əl atır müdafiə tədbirlərinə. Biri - polisə, "boş yerə vaxt itirməyə dəyməz" düşüncəsiylə yaşayan başqa biri isə dəmirçiyə üz tutur... Bağ evlərinin qapı-pəncərələrini döndərirlər quş qəfəsinə. Daha imkanlılar isə yapışır kameralardan. Bu kameraların da çox vaxtı əli ətəyindən uzun qalır - at başına pencəyini... küçədəki elektrik sayğacını söndür... görüm, kamera hansı gözlə görəcək səni?!

Mən montyor gətirib, işıq sayğacının üstünə, nəzarətçinin sərfiyyatı görməsi üçün düzbucaq yarığı olan dəmir qutu quraşdırdım.

- Müəllim, bu açıq qalsa, toz-torpaq, qar-yağış vurub dolduracaq qutunun içini.

- Neyləyək, deyirsən?

- Şüşə lazımdı bura.

Həyəti dörd dolandıq...

- Küçədə olmaz?

Montyor darvazadan çıxıb, dənizə tərəf 15-20 metr getməmiş Müşfiqin yer damına tərəf buruldu.

Müşfiq içki düşkünüydü. Deyərlər, içkinin yoldaşı yeməkdi. İçib yedinsə, içkinin atasını yandırdın, yemədinsə, vay sənin halına.

Müşfiq gedərdi marketə, özü danışırmış, gördüm, deyir, çörək bu yanda, arağ da o yanda. İkisi mənə "gəl-gəl" deyir. İkisini bir yerdə almağa üzüm qara. Əl atdım ceyran südünə...

Bacardığım qədər, taleyin şapalağı dəymiş bu insana kömək eləməyə çalışırdım. Hərdən acıqlanırdım ki, bu niyə bağ adamlarının işinə yaramır. Heç olmasa beş-üç manat qazanar. Odur ki, bəzən bağa gələndə maşını evin arxa yanında gizləyirdim ki, Müşfiq darvazadan baxanda görməsin.

Amma...

Bir baxırdım, darvaza döyülür.

- Müəllim!

Özümü vururdum eşitməzliyə.

Darvaza bir az da bərkdən döyülürdü.

- Ay müəllim...

Üç-dörd çağırışdan sonra dillənirdim:

- Kimsən?!

- Ha, indi məni tanıma!

- Müşfi-i-iq?!

- Müşfiq kimdi?!

- Bəs?!

- Yaşmanın fəxri vətəndaşı.

- Bağda deyiləm.

- Bu kimin səsidi onda, yaman tanış gəlir mənə?!

- Səs mənimdi.

- Qapını niyə açmırsınız?!

- Özüm bağda yoxam...

- Bıyyy...

- Səsimi qoyub getmişəm...

- Ay Allah, sənə qurban olum, möcüzəyə bax!

Gülmək məni tuturdu. Həyətə düşüb, darvazanı açırdım.

- bildin gəldiyimi, ay Müşfiq?

- Otuz il Rusiyada külüng döymüşəm. ABŞ-ın, İngilisin basıb-bağlamağına baxmayın, dədəmin canı, Rusun kəşfiyyatı dünyada birinci yerdə gedir!

- Sənə ?!

- Necə yəni "sənə "?! Dərs almışam onlardan!

- Xəfiyyələrin hanı?!

- Ay müəllim, atalar deyib, yaxşı şagird ustaddan da qabağa getməlidi. Rusdan bir öyrənmişəmsə, beşini üstünə qoymuşam. Bu itlər, elə bilirsiniz, darvazanızın qabağında nahaqdan oturub gözləyir?!

- desən olar, Müşfiq! Xeyirdimi?!

- Baxır kimə?!

- Necə yəni?!

- Sizi deyə bilmərəm, mənə xeyirdi.

- Xeyrini de.

Sağ əlinin barmaqlarını açıb, birini qatlayıb, dördünü tuturdu qabağımda. Qəsdən tərəddüd edirdim:

- Lal dili danışma mənimlə.

- Ürəyimdə dollar tutmuşdum, gənə Vətən sağ olsun!

5 manat çıxarıb qoyurdum ovcuna, bərk sevinirdi:

- Allah sizi mənim başımın üstündən əskik eləməsin, müəllim!

Təbii ki, bu duanın qabağında duruş gətirə bilmirdim - dodağım qaçırdı.

- Deyirlər, yaltaqlıq pis şeydi. Görürsən, ciddi adamların da ürəyinə sarı yağ kimi yayılır.

 

 

***

 

Yaşmadan təzə qayıdıb, evdə oturmuşdum ki, Rövşən - Müşfiqin badə yoldaşı zəng elədi:

- Salam, müəllim...

- Salam.

- Müşfiq ölür.

Düzü, Müşfiqin ölə biləcəyi ağlıma da gəlməzdi:

- danışırsan?!

- Hacı Zeynalabdin qəsəbəsindən təcili yardım da gətirdim, baxıb, iynə vurub, çıxıb getdi. Burdakı bağ sahiblərindən kimə deyirəm, bəs Müşfiq ölür, deyirlər, cəhənnəmə ölsün! İnsanların ürəyi daşa dönüb, müəllim. Kömək edin, təcili yardım gəlib bunu xəstəxanaya aparsın. Bəlkə, ölmədi.

Tez təcili yardımı yığdım. Növbətçi dedi, getmişdik, üzü o yanadı.

- olar, bir gedin, götürüb aparın xəstəxanaya. Gəlib, xəcalətinizdən çıxaram.

- Baş həkimlə danışın.

Baş həkim növbətçinin sözünü təkrar elədi.

- Ay həkim, çıxmayan cana ümid çoxdu, deyərlər, Allah xatirinə, bir gedin. Gəlib, xəcalətinizdən...

- xəcalət, borcumuzdu.

40 dəqiqədən sonra həkim zəng elədi:

- Tibb bacısını da aparmışdım, baxdım, nəbzini yoxladım, iynə vurduq, qımıldanmadı. Üzü o yanadı.

- Həkim, xəstəxanaya aparsaydınız olmazdı?!

- Müəllim, ölünün xəstəxanada işi?!

- Həəə...

- 1-2 saatlıq ömrü qalıb.

- Təşəkkür edirəm, gəlib xəcalətinizdən...

Bu dəfə ağzımdan vurdu:

- xəcalət, borcumuzdu...

 

 

***

 

Montyor tələsik Müşfiqin yer damının arxasına keçdi:

İri bir daş götürüb pəncərə şüşəsinə çırpdı. - Ay dədə-ə-ə... gülləbatmazdı ki, bu!

- Usta, bəlkə, sındırmayasan?!

- Onsuz da yarısı sınıqdı, görmürsünüz qəzet yapışdırıblar?!

- bilim, vallah, ürəyimə pis gəlir.

- Demirsiniz ölüb?! Dirilib gəlib gecə burda qalmayacaq ki, mığmığalar tökülüb dara çəksin onu!

- bilim...

- Kim bu dünyadan aparıb?! - Montyor bu dəfə daşı boyu bərabəri qaldırıb, atdı. Pəncərə şüşəsi çıqqadan qırılıb düşdü yerə.

- Ə-ə-la! - Montyor şüşəni sayğacın yarığına yerləşdirib, dərindən nəfəs aldı. - Ə-ə-la!

Amma sayğacın qapısını bağlamaq istəyəndə, illah elədi, qapı çərçivəyə girmədi. Axırda qapını tam açıb, zərblə çırpdı. Bayaq şüşə yerindən çıxıb montyorun sağ əlinin qalın ətinə sancıldı.

- Oxxx... - Ufuldadı.

Baxdım ki, qan su yerinə axır. Kağız qalmadı, spirt qalmadı, qanı kəsə bilmədik. Köynəyi, şalvarı qızıl qan içindəydi. Axırda cibimdən dəsmalımı çıxardıb yara yerinin üstünə sarıdım. Qan yavaşıdı. Tez maşına minib, bağdan çıxdıq.

- Dedim da sənə, ürəyimə pis gəlir.

- Zalım oğlunun gözü bu dünyada qalıbmış!

- Evə çatan kimi həkimə gedərsən.

- Həkim indi məni gözləyir quzu balası kimi.

- Həkimə tez xəbər verdin?!

- Yoldaşımı deyirəm, tibb bacısıdı.

Ceyranbatan qəsəbəsinə çatıb, yolu buruldum sağa, düz qapılarına qədər apardım. 30 manatlıq görmüşdü, qanpulunu da qoydum üstünə - bir şax əlliliyi uzatdım ona. Əlim havada qaldı. Gözucu ona baxdım:

- Bəlkə?!

- Allah bərəkət versin!

- Əlim uzalı qalıb axı?

- Götürmərəm, müəllim!

- Niyə?!

- Halallıq yaxşı şeydi!

- Halal xoşunuz olsun!

- Bu, başqa məsələ...

Bakıya çatanda zəng elədim, gördüm əhvalı yaxşıdı.

- Necə oldu, ay usta?

- Necə olacaq, arvad əvvəl məni bir-iki ağız yuyub-sərdi, sonra da yaramı yuyub-yodlayıb, bintlə bağladı. İndi yaxşıyam. Hətta çimmişəm .

- Şükür Allaha!

- Şükür içində olasınız, müəllim! Narahat olduğunuza görə minnətdaram!

- Dəyməz.

 

***

 

Axşam təzəcə düşmüşdü ki, bir gördüm Müşfiq dayanıb qarşımda.

- Müşfiii-iiq, gümrah görünürsən, maşallah?!

- Daha ceyran südünü atmışam. Heç çörəyə ehtiyacım qalmayıb.

- yaxşı?!

- Müəllim, sizin usta mənim pəncərəmi niyə sındırdı?

- Sözümə baxmadı.

- İtlərim qapımın ağzında deyildi?!

- O günü fəhlə elə deyirdi ki, bu itlərdə sədaqətə bax, hələ Müşfiqin yaşadığı damın ətrafından uzağa getmirlər!

- Müəllim, tərifləmə onları mənə. Gözlərindən gəlsin verdiklərim. Zəmanə adamları kimi əsl yaltaqdılar.

- yaltaq?!

- Onlara ət alıb gətirirdin, səni görən kimi məni qoyub qaçırdılar qabağına!

- İtdi da...

- Gərək ustanın şalvarını çıxaraydı onlar. Görünür, sizə qurban eləyiblər. Amma yaxşı cəzasına çatdı.

- mənada?

- Bəs əli niyə kəsildi?!

- Onu sən elədin bəyəm?!

- Elə bilirsən, öldüm, qurtardı getdi?! O dam uçulub yerlə bir olmayınca mənim ruhum ordan heç yana getməyəcək!

- Həəə...

- Pulum olmayanda pul vermisiniz, arağım olmayanda arağ almısınız, sizə qurban elədim onu! Yoxsa əli biləyindən üzülüb düşəcəkdi.

"Bismillah!" deyə, gözümü açdım. Elə gecəykən Hacı Hacıoğlana zəng elədim.

- Bu vaxtı xeyirdimi, əmioğlu?!

- Quran oxuya bilərsən?!

- Peşəm deyil?!

- Allah səndən razı olsun!

- Kimdi Quranlıq?

- Görmüşdün, ey, Yaşmada bağ evimin qonşuluğunda yaşayırdı.

- Müşfi-iq?!

- Kartını dəyişməmisən ki?

- Əvvəlkidi.

- At onu mənə.

 

06.04.-13.07.2023

 

Qəşəm İsabəyli

Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.23.