Röne Şar - məkanın sehri, yaxud Qurbaninin bənövşələri
Niyə
bədii əsərlərdə,
deyək ki, poeziyada vəsfdən, nəsihət
və tərifdən çox kədər
daha çox diqqət çəkir, daha çox sevilir, ürəyə yaxın gəlir (buraxılır)? Digər mətnlər olsun ki, məclislərdə "bəh-bəhlər"ə
qoşulub uçub gedir. Belə bir inam var ki, tənhalığın içində
oluşan bədii mətn yaradıcılığında
tək bir nəfəs kifayət deyildir. Tənhalıq ortamı nə qədər sıx və kəsici, yaxud ümidsiz olarsa, həmin o sarmaşıq və gizli nəfəsin təsiri daha çox hiss edilər. Bu məqamda tanrının astaca, barmaqları ucunda yanından keçdiyini hiss etməzsən.
Yanından keçərkən,
səninlə bərabərləşəndə
anidən hər şeyi unudarsan, özünü böyük
bir enerji burulğanının içində
hiss edərsən. Bunu
fransız müqavimət
hərəkatının iştirakçısı
Röne Şarın mətnlərində daha incə şəkildə duyuruq və bilirik ki, o mətnlər anlamaq mənasında çox çətindirlər.
Çünki çox
aydın, həm də son dərəcə
orijinal fikir və duyğuların kosmosdakı qara dəliyin içindən çıxmasına həmin
gizlin nəfəs eyni zamanda həm
yardımçı, həm
də mane olub; ancaq bəzən
bu şeirləri oxuduqda elə bir məqam, aydınlıq ortamı yetişə bilər ki, bədii mətnin duyğu ölçüsünü
boyaboy görə bilərsən. Və bir ayrıntı: təkcə Röne Şarın deyil, dünyanın ən böyük şairlərinin
bu tipli təsbitləriylə rastlaşdığın
an mütləq klassik
poeziya, klassik musiqi, klassik kino yada düşür: eyni əzəmət, vazkeçilməz
təxəyyül gücü,
dünyaya sığmayan
mənalar aləmi, gül bağçası,
qızılgül, Qurbaninin
bənövşəsi...
Dünyaya sığmayan məna
heç sözə də sığmır. Klassik poeziyanı oxuyanda həmin mətndə bizə, sadəcə, mükəmməl
işarələr verilir,
bu işarələr insanı (oxucunu) ömrü boyu müşayiət edir, izləyir, gül kimi açır, daim dəyişir, amma əvvəl-axır klassik şairin yaratdığı işarələr
sisteminin içinə
dolur. Hər bir bənd bir
duyğu modelidirsə,
dinamika, təxəyyülün
macərası oxucuda davam edir, bitmir,
sonsuzluğa uzanan sonsuzluq effektini yaradır.
...Arzunun magik və
dağıdıcı gücündən
yararlanaraq,
İlim-ilim itib batmış
insanları,
Onların hamısını qənisiz
bir varlıq biçimində geri qaytarmaq üçün
gerçəkliyin qapısından çölə
atmalısan.
Yaxud:
Şair
fərq qoymadan məğlubiyyəti qələbəyə,
qələbəni məğlubiyyətə çevirir.
O, yalnız göylərin /cənnətin şeir kitabına pərəstiş
edən imperatordur...
Məsələ heç də Röne Şarın fransızcası deyildir,
problem, şeirin dilinin
fransız dilini üstələməsindədir. Röne Şarın mətnlərinin birindən
belə bir mənzərə keçir:
deyir, "dostum, sən düşmən əlindəykən, biz uzaqdakı
pusqudan səni görürdük, bilirdik
ki, güllələyəcəklər, o dəm nəsə eləsəydik, qaça bilərdin, amma... Daha sonra: Röne
Şar ilk gənclik illərində Bretan və Elüarın da qatıldığı sürrealizm
cərgəsindəydi və
bir gün o, dostlarına "nə qədər bu cür yazmaq olar, burdan çıxıb
getmək lazım..."
- deyib gedir və özünə sürrealizmdən azad bir yol çəkir.
Yəni, heç bir izm şairi,
yazıçını sonadək
formalaşdırmır, ifadə
etmir, əsl modernist, əsl sürrealist o cəbhədən biryolluq
qopandır, o estetikadan
canında qəlpə
kimi qalmış hansısa parçası səni özünü ötüb keçməyə
vadar edəcək.
XX əsrdə ədəbiyyat
adamları məktublaşmağı
sevirdilər, onunla Kamünün məktubları
yaxınlarda kitab şəklində
çap edilib. Buradakı "hadisələr"i
səhnələşdirsələr, keçən əsrin ən yüksək ədəbiyyat anlayışının
təcəssümünü görərik. İkinci dil təbii dili üstələyəndə
ortaya qeyri-adi metaforalar çıxır,
məsələn, Sərdar
Əsəddə olduğu
kimi. Sərdar Əsədin vaxtilə
"Qobustan" jurnalında
dərc edilmiş son şeirlərinə baxın,
dil, belə demək olarsa, metaforaların içinə
batıb, şeiri oxuduqca o dərinlikdən gələn boğuq səs eşidilir, bu, həm də
illər boyu içində, özüylə
danışan adamın
səsinin getdikcə batması və birdən fontan kimi göyə bülənd olması, şəlalə kimi dağlardan atlanmasıdır.
Bədii
mətndə kosmosda gedən proseslər əksini tapır və bu elə
bir prosesdir ki, zamanın oxunu müəyyənləşdirir: həyat, ölüm və eşq...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2023.- 19 avqust.- S.18.