Yolçu

 

Xəyal yolçuluğu ruh əzabıdı,

Uzatma qovğanı, davanı, yolçu...

Gözüm yollarımın ilk vağzalıdı,

Üfüqə yazılıb ünvanı, yolçu...

 

Bir xiffət yol kimi gözə sığanda, -

Gözümdən çıxıram yola çıxanda,

İki əl olaram sənin yaxanda...

Başlaram səninlə qovğanı, yolçu...

 

Olubsa bu yolu gedən, izi yox,

Bircə ocaq tüstüsü, bir od közü yox.

Eh, bu yolçuluğun söhbət-sözü yox,

Hanı bəs bu yolun sarvanı, yolçu?

 

Kim görər yapışsa bu yerlər göyə?

İgid odur yol gedəndə iz qoya...

Hələ çoxmu qalıb sonu görməyə?!

De kimə tutmusan divanı, yolçu?

 

Cığırlar şiş dağlı, dərin dərəli,

Gedirəm, üfüq gedir irəli...

qədər dolanım dəli-sərsəri,

gəl göstər bir isti yuvanı, yolçu...

 

 

Yarımçıq nağıl

 

Hər ömür bir yuxu, bir nağıl olur.

Hər insan bi nağıl qəhrəmanıdı...

Yarımçıq nağıllar - yarımçıq ömrün,

qırıq talelərin son dastanıdı...

 

Çıx get, istəyirsən, geri baxmadan,

hər şey necə varsa, qoy elə qalsın...

Sən məni düşünmə, mndən uzaqda,

bir səadət varsa, qoy sənin olsun...

 

Taleyin hökmüdür, müxtəlif səmtə -

ayrı tərəflərə yürüyək gərək...

Dil töküb, mən səni salmaram bəndə,

biz ayrı yollarla yeriyək gərək...

 

Birgə olmağımız qismət deyilsə, -

sən orda, mən burda qalaq, olar...

Bu sənə səadət gətirə bilsə, -

mənə yaşamağa bəhanə olar...

 

Arzular - sərsəri, qolsuz-qanadsız,

taleyə təzə nağıl olacaq...

Bu zalım dünyada səni ünvansız

buraxmaq qəlbimə ağır olacaq...

 

 

Səndən yoxdu

 

Bu dünyada qızlar çoxdu...

Təkcə gözəl, səndən yoxdu.

Mənim səntək qibləgahım,

sənin məntək bəndən yoxdu...

 

Mən sənin daş ürəyinə

necə yol tapım, bilmirəm...

Fərhad kimi dağmı yarım,

qayamı çapım, bilmirəm...

 

İstəyin can almaqdısa,

mən bir cansız daş olaram...

Fikrin Leyli olmaqdısa,

Məcnuna sirdaş olaram...

 

Qəlbimdə çatrdığın odun,

dönmüşəm pərvanəsinə...

Oda düşüb qoşulummu

yananların cərgəsinə?

 

Bir az dəyiş... gülüm sənsiz

xoşbəxt bir növrağım yoxdu...

Sənin məndən, mənim səndən

isti bir ocağım yoxdu...

 

 

Qaldı

 

Getdin çoban köçündə,

gözüm yolunda qaldı.

Hirsim ovcum içində,

xəncərim qında qaldı.

 

Ölmək gəlmir eynimə.

Əl qatma köynəyimə.

Yaxamdan qopan düymə

sənin yaxanda qaldı.

 

Dərd - çəkmə ayağımda,

büdrədi ayağış da...

xətam ağırlığımda, -

yerin oxunda qaldı.

 

Ömrün xəzan fəslinin,

qurulmayan qəsrimin,

həsrətimin rəsminin

rəngi yoxunda qaldı.

 

 

Dərd çəkdirmək

yamanmış

 

 

Ahın dağlara dəydi, yar,

Od oldu, yandırdı məni...

Zaman qəddini əydi, yar,

ümid ovundurdu məni...

 

Bir yaman gözlə baxışdım,

sevgim nifrətə qarışdı...

Yaxın bildim, dərd danışdım,

faş etdi, sındırdı məni...

 

Bir tərs oyun olsa qayə,

Şübhə edərsən hər şeyə...

Eniş, yoxuş keçsin deyə

Səbrim usandırdı məni...

 

Sona gölü bəyənməmiş,

qartal torpağa enməmiş,

təp-təzə ay görünməmiş

təqvim dayandırdı məni...

 

Həyat nədi, qismət nədi?

İnkar etmək - bəhanədi...

Dərd qanmayan - divanədi,

tənən utandırdı məni...

 

Ümid - tükənmiş zamanmış,

darda dilənən amanmış...

Dərd çəkdirmək yamanmış,

ah-nalən qandırdı məni...

 

Elman İskəndər

 

Ədəbiyyat qəzeti. – 2023. – 2 dekabr, ¹ 46. – S. 28.