Heç zaman sönməyir eşqin yanğısı,

Dolçatək ovcunda su içdiyim qız.

 

İmpressionizm

 

İşıq fırçasıyla çəkir Tanrı

dünyanın bütün rənglərini.

Dünyanın bütün boyaları işıqdan keçir.

Bir dəfə çəkilir təbiətin hər anı.

Səmada buludları,

Küləyin qaldırdığı tozu,

Dənizin ləpələrini,

Çayın axarını -

Həyatın hər anını mümkün deyil təkrar çəkmək,

Hər vuranda ayrı duyğuyla döyünür ürək

Qaytarmaq olmur ömürdən ötən hər bir anı,

Hər an ayrı baxışla seyr edirik dünyanı.

Bir işığın min çaları bir kölgədə gizlənir,

Fələklər ulduz-ulduz, işıq-işıq düzlənir.

Daş da, torpaq da, dağ da, qaya da

yağışda yuyunur,

Günəş işığına bürünüb yaşayır həyatı.

Tanrı işıqla hər gün təzələyir kainatı.

Bir eşqdə vəhdət tapır kainatda hər şey,

Yerin təki, göyün qatı.

İnsanın gözlərilə çəkilir

Allahın bir anlıq təəssüratı.

 

 

Abstraksionizm

 

Allahın yaratdıqlarından uzaq,

Təbiətin ölçülərindən fərqli,

Sözlə çəkilən,

Eşqlə ölçülən

Diqqətdənkənar görüntülər,

Düşüncələri yaran,

Çərçivəsinə sığmayan fikirlər,

Ölçüləri sındırıb keçən xətlər,

Həddini aşan sədlər,

Rənglənmiş, boyalanmış

rənglərə, boyalara sığmayan

Xəyal dünyası.

Yaradıcı insan düşüncəsinin

Qeyri-adi həyat kompozisiyası.

Ölümə üsyan edən olum,

Batıya üsyan edən Doğu,

Tanrının dərkolunmaz sonsuzluğu.

 

 

Söz adam

 

                                         Azər Turana

 

Sədəfin mirvari doğduğu andı,

Bar verən dəryadı, dürdü söz adam.

Dağların dibində yanar vulkandı,

Uca zirvələrdə qardı söz adam.

 

Məkanın zamanı ölçən saatı,

Göylərin əngini, yerlərin qatı,

Xalqın milyon illik mənəviyyatı,

Namusdu, qeyrətdi, ardı söz adam.

 

Tanrının eşqindən od, ocaq çatır.

Zaman bu işıqla, nurla boy atır.

Qəlbində ən zəngin xəzinə yatır,

Dövlətdir, sərvətdir, vardır söz adam.

 

Sevən könüllərdə imana dönən

tarixdir, ruhunda qorunur dünən.

Haqqa, həqiqətə köklənib dinən

Oxuyan kamandı, tardı söz adam.

 

Ürəyi müqəddəs eşq ilə vuran,

Yaşatmaq eşqiylə yaradan, quran.

Qaranlıq qəlblərin bağrını yaran

üzdə işıqdı, nurdu söz adam.

 

Haqqın dərgahında ali məqamdı,

Vəhdət şərabıyla dopdolu camdı.

İlahi nəğmədi, səsdi, muğamdı,

"Rast"dı, "Çahargah"dı, "Şur"du söz adam.

 

Sadiqdir eşq adlı imana, dinə,

Sevgisi nur saçar hər gələn günə.

Dərmandır dünyanın hər bir dərdinə,

Cənnət ağacında bardı söz adam.

 

Əbədi alışıb yanan çıraqdır,

İşıqlı sabahdan gələn soraqdır.

Ürəkdə bəslənən oddur, ocaqdır,

Qəlblərdə qorunan qordu söz adam.

 

Bitib-tükənməyən haqqın səsidi,

Yaşamaq yanğısı, eşq həvəsidi.

Allahın dediyi "Ol" kəlməsidi,

İsrafil çaldığı Surdu söz adam.

 

 

İnsan

 

Qürurundan ad alıbdır,

Sevgisindən dad alıbdır.

Haqq odundan od alıbdır,

Saf işıqdır, nurdur insan.

 

Həm ağıldır, həm ürəkdir,

Böyüklükdə o da təkdir.

Ha qandal vur, dara çəkdir,

Qəlbi azad, hürdür insan.

 

Göydən gələn Tanrı səsi,

Süd qoxusu, od nəfəsi...

Haqqın sehri, möcüzəsi,

Tapmacadır, sirdir insan.

 

Min sirr yazan izi nədir,

Ocağı , közü nədir?

Ən zəngin bir xəzinədir,

İnci, sədəf, dürdür insan.

 

Eşqi ilə alır nəfəs,

Ona nisbət yoxdur əvəz.

Haqdan gələn İlahi səs,

Nəğmə, nəva, şurdur insan.

 

Qürub çağı, dan yeridir,

Ruh yeridir, can yeridir.

Yerin, göyün and yeridir,

Müqəddəsdir, pirdir insan.

 

Odur son da, odur ilk ,

Məcnunluq da, kamillik . 

Böyüklükdə, alilikdə

Birdir Allah, Birdir İnsan.

 

 

Dolçatək ovcunda

           su içdiyim qız

 

Min sirr gizlənmişdi baxışlarında,

Sevgisi, hikməti dərindən-dərin.

İz saldın bəxtimin naxışlarında,

Su kimi duruydu bulaq gözlərin,

Dolçatək ovcunda su içdiyim qız.

 

Ayrılıq ağrısın etməzdim güman,

Eşqdir, məhəbbətdir dünyada varım.

Göylərdə uçurdum o sehrli an,

Həsəd aparırdı subay dostlarım,

Dolçatək ovcunda su içdiyim qız.

 

Dəmir çarıq geyib bu dünyanı gəz,

Göylərdən ucadır sevginin xası.

Dəryalar, ümmanlar söndürə bilməz,

Heç zaman sönməyir eşqin yanğısı,

Dolçatək ovcunda su içdiyim qız.

 

Vüsalla bitməyir hər eşqin sonu,

Dönüb xatirədə yaşayır adın.

Almışdım ovcuma dolu ovcunu,

Demə, bir qurtummuş həyatın dadı,

Dolçatək ovcunda su içdiyim qız.

 

İşvəylə, qəmzəylə ötürdün yaşı,

Bilmədim qəlbində bu inad nədi?!

Atəşim əritdi bulağın daşın,

Sənin daş qəlbini əridəmmədi,

Dolçatək ovcunda su içdiyim qız.

 

 

Dünyanın ətəyi

     daşla doludur

 

                                   "Daşı tök ətəyindən"

                                                              Sərraf Talıb

 

Deyirlər, ən qədim silah daş olub,

İnsanlar ilk dəfə daşla döyüşüb.

Qardaş qardaş ilə silahdaş olub,

Yaşamaq uğrunda başla döyüşüb.

 

Şeytana uyandan insanlar çaşıb,

Tamah ürəkləri döndərib daşa.

Torpağa qan düşüb, torpaq daşlaşıb

durub daş atanda qardaş-qardaşa.

 

O vaxtdan bu dünya günaha batıb,

O vaxtdan dünyanın gözləri yaşdır.

O zaman Allah da daşa əl atıb,

O vaxtdan Allahın silahı daşdır.

 

Yanğısı od olub, şimşək çaxdırır,

Yağdırır yağışın, tökür dolunu.

Allah da göylərdən daşın yağdırır

insanlar azanda haqqın yolunu.

 

Heç kimə qalmayıb dünyanın varı,

Şeytana uyanlar özün yandırır.

Yolun azmışları, günahkarları

Tanrımız daş ilə cəzalandırır.

 

Nadanlıq, vəhşilik həddini aşıb,

Gedir qiyamətə yol, yavaş-yavaş.

Əqidə daşlaşıb, iman daşlaşıb,

Hamı ətəyinə daş yığır, qardaş.

 

Yol haqqa getmirsə, şeytan yoludur,

Zaman hava çalır şər tütəyindən.

Dünyanın ətəyi daşla doludur,

Deyirsən, gəl daşı tök ətəyindən.

 

 

Uçummu, uçmayımmı?

 

Çatıb sözün vədəsi,

Gəl, gözümün didəsi.

Ovcun vəhdət badəsi,

İçimmi, içməyimmi?

 

Çəkdim murad körpüsün,

Keçdim həyat körpüsün.

Eşqin sirat körpüsü,

Keçimmi, keçməyimmi?

 

Səsim - bülbül nəvası,

Oyan, gözəllər xası.

Könlün sevda yuvası,

Köçümmü, köçməyimmi?

 

Dinlə, göylərin ünün,

Gözlərik vüsal günün.

Bəxtinin eşq düyünün

açımmı, açmayımmı?

 

Bu dünyanı edib yad,

Söylər Ağamir Cavad:

Göyündə çalıb qanad,

Uçummu, uçmayımmı?

 

 

Doğuldum

 

Ömrü, günü zaman çəkib aparır,

Yerin, göyün avarında doğuldum.

Dan üzünü yarıb çıxan işıqtək

Üfüqlərin civarında doğuldum.

 

Hökmü vardır hər saatın, hər dəmin,

Dişə vurdum bu dünyanın dərd-qəmin.

Məhəbbətə məbəd olan eşqimin

özülündə, divarında doğuldum.

 

Cənnətdəydi bu sevdanın hər anı,

Könlüm coşub oldu eşqin qurbanı.

Adəm baba buğda səpən tarlanın

əkinində, suvarında doğuldum.

 

Səmasında ünvanıma ad düşən,

Baxışından ürəklərə od düşən,

Ümmanında neçə dünya yerləşən

gözlərinin xumarında doğuldum.

 

Eşq bağının söz mülkündə bar oldum,

Haqq sözütək eldən-elə car oldum.

Dünya kimi elə yoxdan var oldum,

Hər yoxunda, hər varında doğuldum.

 

Ağamir Cavad

 

Ədəbiyyat qəzeti. - 2023. - 16 dekabr, ¹ 48-49. - S. 24.