Ramiz Qusarçaylının yubiley tədbiri keçirilib

 

Azərbaycanın tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Quba bölməsinin sədri Ramiz Qusarçaylının 65 illik yubiley tədbiri keçirilib. AYB-nin Natəvan klubunda təşkil olunmuş tədbirdə şairin qələm dostları, ictimai xadimlər, elm adamları mətbuat işçiləri iştirak ediblər.

Tədbirin moderatoru Əməkədar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli qonaqları salamlayaraq yubilyarın parlaq yaradıcılığı barədə qısa giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, R.Qusarçaylı AYB-ni, ümumilikdə, Azərbaycan ədəbiyyatını şimal bölgəsində layiqli təmsil edir.

AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid keçmişi yada salıb, R.Qusarçaylı ilə tanışlıq illərindən maraqlı xatirələr bölüşüb. Şairin Qarabağın işğal illərində yazdığı vətən motivli şeirlər barədə söhbət açan R.Məcid bildirib ki, onun "Azərbaycan bayrağına" şeirinin son 30 illik ədəbiyyat salnaməmizdə xüsusi yeri, gənc nəslin vətənpərvər ruhda yetişməsinsə əvəzsiz rolu var. Tədbirin qələbəliyini diqqətə çatdıran R.Məcid R.Qusarçaylının bu sevgiyə layiq olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa Vətən mövzusunda yazılan şeirlərdən bəhs edib. Millət vəkili qeyd edib ki, bəzən bu mövzuda yeknəsək, bir-birinə bənzəyən şeirlərə daha çox rast gəlirik, R.Qusarçaylını bizə sevdirən odur ki, o, fərqlidir, özünəməxsusdur. Onun müxtəlif mövzulu, çoxşaxəli yaradıcılığı barədə fikirlərini bölüşən F.Mustafa şairə yaradıcılıq uğurları arzulayıb. F.Mustafa Milli məclisin Mədəniyyət komitəsinin təbrik protokolunu yubliyara təqdim edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova R.Qusarçaylının gənclik şeirlərini xatırlayıb, yaratdığı gözəl poetik nümunələrin ölməzliyini diqqətə çatdırıb.

Yazıçı Əlibala Məhərrəmzadə R.Qusarçaylının yaradıcılığı ilə yanaşı, insani xüsusiyyətləri, ənənələrə, keçmişə sadiqliyini vurğulayıb. O qeyd edib ki, poema yazma ənənəsini yenidən aktuallaşdıran məhz R.Qusarçaylı olub.

Millət vəkili Razi Nurullayev çıxışı boyu şairin dil-üslub xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, R.Qusarçaylı el şairi kimi elin dilinin bütün zənginliklərini mənimsəyərək unudulmaz şeirlər ərsəyə gətirib.

R.Qusarçaylının qələmə aldığı "Vətən" poemasının bədii məziyyətləri barədə ətraflı çıxış edən professor Rüstəm Kamal poemadakı bənzərsiz dil hadisələri, maraqlı şair manevrları haqqında fikirlərini bölüşüb, poemadan bir neçə hissəni səsləndirib.

Tanınmış qiraətçi, Əməkdar artist Ağalar Bayramov R.Qusarçaylının bir neçə şeirini səsləndirib. Tədbir iştirakçıları onun çıxışını alqışlarla qarşılayıblar

Tədbirdə Ramiz Əskər, Şahin Fazil, Vaqif Osmanov, Umud Rəhimov, Ağacəfər Həsənli, Paşa Qəlbinur, İbrahim İlyaslı, Xətai Ələsgərov, Əmir Pəhləvan, Lətifə İsmayılova, İlqar Hüseynov, Tofiq Abdullayev, Adilə Nəzər, İsrafil Qurbanov digər bir sıra tanınmış qələm sahibləri, fikir adamları çıxış edərək təbriklərini bölüşüblər, R.Qusarçaylıya yeni-yeni yubileylər yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən R.Qusarçaylı tədbirin təşkilində əməyi olan tədbirə təşrif buyuran hər kəsə minnətdarlığını bildirib.

 

Ədəbiyyat qəzeti. - 2023 .- 30 dekabr, № 52. - S. 15.