Ay ata

 

Toxunma, qəlbimin yaman günüdür.

Göz yaşım süzülüb, daman günüdür,

Qoymayın, yanıram, aman günümdür,

Səs-soraq salmışam mən bu həyata,

Səni axtarıram ata, ay ata.

 

Yaxınmı, uzaqmı, aram, hardasan?

Soyuldu, göynədi yaram, hardasan?

Sən yoxsan, qurudu param, hardasan?

Dərdini dərdimə mən qata-qata,

Səni axtarıram ata, ay ata.

 

Başımızın taxtı-tacı gəlsənə,

Günlərimiz keçir acı, gəlsənə,

Qan ağlayır qardaş, bacı gəlsənə,

Gəl, səninlə verim qanad-qanada,

Səni axtarıram ata, ay ata.

 

Əl-ayağım getmir işə, yan, deyir,

Dil dodağa, dodaq dişə yan, deyir,

Göz yaşım da düşə-düşə yan, deyir,

Yanıram, amandı, yas tuta-tuta,

Səni axtarıram ata, ay ata.

 

Mən yanıram dağlar qədər, a dağlar,

Ömür-günüm oldu hədər, a dağlar,

Mənə qalan oldu kədər, a dağlar,

Dura bilməyirəm rahat-rahata,

Səni axtarıram ata, ay ata.

 

Əmrah deyir, hanı atam, neyləyim,

Mənə oldu yaman sitam, neyləyim,

Bəlkə məzara üz tutam, neyləyim?

Deyəm, qalx ayağa, sən yata-yata,

Səni axtarıram ata, ay ata.

 

Əmrah Almalı

 

Ədəbiyyat qəzeti. - 2023. - 30 dekabr. № 52. - S. 17.