Dram zehniyyəti
Teatr-dram sənətinin Roma dönəmi
Üçüncü söhbət
Antik Yunan
(Afina şəhər dövləti) özündən
sonrakı dünyanın siyasi, mədəni, ədəbi,
elmi, fəlsəfi yönlərini müəyyən edəcək
qədər bir sivil güc olsa da, barbar güclər
qarşısında zəif düşdü, e.ə. IV əsrdə
Makedoniyanın istilası ilə öz ömrünü
başa vurdu. Afina şəhər dövlətinin
xarabalıqları üzərindən İskəndərin
qurduğu dövlət onun özündən sonra
dağılsa da, əski yunan dövləti bir daha dirçəlmədi.
Çünki dünya siyasi və hərbi
güclər dünyasına dönüşmüşdü,
yunan cəmiyyəti də İskəndərdən sonra meydana
çıxmış yeni siyasi gücün - Romanın
içində əriməyə başladı.
Antik yunan
sivilizasiyası tarixin arxivinə getsə də, onun qoyduğu
elmi, fəlsəfi, mədəni irs tarixin
səhnəsində idi. Çünki güclər
dünyasında belə bu irsin əhəmiyyətini anlayanlar
var idi və onların arasında İskəndər ilklərdən
idi. Onun Qərbdən Şərqə uzanan əli
yalnız istila deyil, həm də mədəniyyət
daşıdı, Antik Yunan sivilizasiyasının Qərbdən
Şərqə doğru coğrafiyasını genişləndirdi
və bəşər tarixində böyük bir mədəni
mərhələ - ellinistik çağ deyə bir dönəm
başlatdı.
İskəndərdən
sonra antik dünyada yeni bir siyasi güc Roma doğdu, o, Antik
Yunan mədəniyyətinin varisliyini öz üzərinə
almaqla gücünə güc qatdı və
doğuluşundan ölümünə - orta
çağın başlanğıcına qədər
dünyanın yalnız siyasi deyil, həm də mədəni
mərkəzi statusunu özündə saxlaya bildi.
Roma tarixdə
daha çox imperiya adı ilə qalsa da, əslində öz
varlığı boyunca üç cür yönətim
formasından keçmişdir: krallıq, respublika, imperiya.
İmperiya dönəminə qədər romalılar yunan mədəniyyəti
ilə tanış olmuş, onu mənimsəmişdilər.
Bu tanışlıqda romalıları
özünə ən çox heyran buraxan təsisatlardan biri
və bəlkə də, birincisi teatr-dram sənəti
olmuşdu. Dramatik teatrın Romaya gəlişi respublika
dönəmində e.ə. 241-ci ildə Karfagen üzərində
qələbədən sonra bayram tədbirlərində
dramatik tamaşaların göstərilməsi ilə baş verdi. Tamaşanın quruluşu
Roma senatının köləsi olan yunan Liviy Andronikə
tapşırıldı və o, öz adını tarixə
teatr-dram sənətini Romaya gətirən şəxs kimi
yazdı. Roma toplumu teatra böyük
heyranlıq duydu və onda özünün teatrını
qurmaq istəyi yarandı. E.ə. 235-ci ildə
romalı yazar Qney Neviy pyes yazmağa başladı və Roma ədəbiyyatında
adını dram tarixinə yaza bilən Plavt, Terenzi, Seneka kimi
dramaturqlar yetişdi.
Romada teatr-dram sənətinə yalnız qələm əhli
deyil, dövlət ərkanı da maraq göstərdi. Bu maraq o qədər
böyüdü ki, Romanın özündə və əyalətlərdə
teatr binalarının inşasına başlandı. Hətta Roma Antik Yunan teatrını daha irəli
götürdü. İlk daş binalı
teatr, dərinə çəkilmiş səhnə, teatr pərdəsi
burda meydana çıxdı. Ümumiyyətlə,
Romada teatr texniki və arxitektur yüksəlişini
yaşadı.
Xüsusilə, e.ə. I əsr - Pompeyin
hakimiyyəti dönəmi Romada teatrın bir inkişaf dönəmidir.
40 min yerlik ilk pərdəli daş teatrın
tikilməsi onun adı ilə bağlıdır. Pompeydən sonra Roma teatrı tarixinə adını
yazdıran ikinci dövlət adamı Oktavian Avqust oldu. Romanı imperiyaya dönüşdürən və
tarixə adını ilk imperator kimi yazdıran Avqust
teatrın əhəmiyyətini yaxşı başa
düşürdü və bu sənəti Romada inkişaf
etdirməyə çalışırdı. O, Pompey tərəfindən
tikilən teatr binasını yenilətdi. Avqust
teatrın inkişafının yalnız binaların yenilənməsindən
yox, həm də dram yaradıcılığından
keçdiyini yaxşı anlayırdı. Tarixçilər
onun özünün də dram yazdığını deyirlər
və Roma imperatorları arasında onun adı tragediya
yazarı kimi çəkilir. "Avqust teatrın ictimai əhəmiyyətini
yaxşı anlayırdı və onun inkişafına öz
töhfəsini verdi. Onun əsas
qayğısı Roma səhnəsində yunan tipli faciənin
canlandırılması ilə bağlı idi. O, faciəni
öz vətəndaşlarının mənəviyyatının
daha uğurlu tərbiyəsi üçün vasitə hesab
edirdi. Onun bu cəhdlərini Roma şairi Horace
"Şeir Elmi" əsərində dəstəklədi.
Avqustun cəhdlərinin görkəmli Roma
şairi tərəfindən dəstəklənməsi və
Avqustun öz səyləri Roma səhnəsində ciddi
janrı canlandıra bilmədi. Onlar Romada teatrın
ictimai əhəmiyyətinin zəifləməsinə mane ola bilmədilər. Oktavianın
diktaturası dövründə faciə tənəzzülə
uğradı". ("Qədim Roma teatr sənətinin
tarixi").
Teatr-dram sənəti Yunanıstanda toplumun
düşüncə yönü, ifadə forması idisə,
Romada o, yunan sənəti qarşısında heyranlıq duyan
romalıların öz mədəniyyətlərinə etdikləri
transformasiya idi. Romada çoxsaylı teatr binaları məhz
bu transformasiyanın nəticəsi kimi meydana
çıxmışdı.
Ancaq teatr-dram sənətinin inkişafı çoxlu və
süslü teatr binalarından deyil, bu binaları quran toplumun
nə dərəcədə dram təfəkküründə
düşünüb, dram dilində danışmasından
keçir. Roma cəmiyyəti respublika quruluşu yaratsa,
demokratiya dönəmindən keçsə də, tarixə
öz adını daha çox imperiya sözü ilə həkk
edib. Dramın bura gəlişi də Roma
demokratiyası, süqutu isə imperiya dönəminə təsadüf
edir. Adını dünya dramaturgiyasına
yazdıran Roma dram yazarlarının
yaradıcılığı da əslində elə Roma
demokratiyası dönəminin hadisələri idi. Ancaq onların yaradıcılığında belə
"Roma dramı yunan dramının yenidən işlənməsindən
başqa bir şey deyil". (G.Emihen). Roma yunan dəyərlərini
yaşatsa da, yunan düşüncəsində yaşaya bilmədi,
tarixinin heç bir dönəmində Antik Yunan qədər
azad, demokratik düşüncəli, tartışma ortamlı
bir cəmiyyət qurmağa müvəffəq olmadı.
Ələştriyə yunan cəmiyyəti qədər
açıq olmayan Roma cəmiyyətində dram
özünün Kral Edip, Antiqona, Medeya kimi tragik qəhrəmanlarını
tapa bilmədi.
Roma dramaturgiyası daha çox tarixə komik qəhrəmanları
ilə köçdü. Təsadüfi
deyil ki, Roma dramaturgiyasının üç böyük
dramaturqundan ikisi Terenzi və Plavt komedioqrafdırlar. Tragik qəhrəman komik qəhrəmandan fərqli
olaraq ideala yönəlik, çevrəsinin fövqünə
qalxan, ideya daşıyıcısı olan tipdir və belə
tiplər böyük ideya toqquşmalarının getdiyi cəmiyyətlərdə
doğulur. O, kütləüstü, çevrəsinə
ideoloji müharibə elan edən, taleyini yaratmaq uğrunda
döyüşə girən tipdir. Komik qəhrəman
isə çevrəsindən biridir, sadə xarakterə,
mübahisəsiz istəklərə malikdir və bu istəklərinə
tragik qəhrəman kimi mürəkkəb situasiyalara
düşmədən, dərin müzakirələrə girmədən
daha asan, tezçatan yollarla gedir. Ona
görə də kütlə üçün tragik qəhrəman
daha anlaşıqlı, daha maraqlıdır. Çünki kütlə tragik qəhrəmanın
açdığı mövzuların dərinliyində,
mübahisələrin mürəkkəbliyində azıb
qalır, komik qəhrəman isə onun düşüncəsini
zora soxmur, hətta bütün mübahisə-müzakirələrdən
onu əyləndirərək keçirir. Roma
tamaşaçısı da əylənməyə
üstünlük verən tamaşaçı idi. Hətta o, tamaşa zamanı yemək yeyəcək,
səs-küy edəcək, davaya qalxacq qədər qaba idi.
"Sözdən çox hərəkətə,
düşüncədən çox həyəcana
düşkün olan izləyici, təbii olaraq, tragediyaya
önəm vermirdi". (Roma Tiyatrosu. Tiyatro Tarihi).
Qladiator döyüşlərinin ən sevilən tamasa
olduğu Roma toplumu üçün insan iztirablarının fəlsəfəsi
deyil, görüntüləri maraqlı idi. Vəhşi
güclər qarşısında məğlub olan insanın
cismani əzablarını əyləncə kimi izləyən
romalı ilə ideallarını əngəlləyən
reallığa qarşı duran insanın mənəvi-ruhi
iztirablarını düşüncələrə dalaraq izləyən
yunanlının psixotipi də çox fərqli olmalı idi.
"Qədim romalıların xarakteri yunanlardan fərqli idi. "Romalılar" adının özü şəhərin
insandan üstünlüyünə dəlalət edirdi. Romalıların dünyagörüşü
yunanların dünyagörüşündən qat-qat prozaik
idi". (Kopılova Y.S.).
Özgür iradənin, azad düşüncənin,
idealların antik yunan cəmiyyəti qədər vüsət
almadığı, prozaik dünyagörüşlü Roma cəmiyyətinin
tragik qəhrəman potensialı zəif idi.
Ona görə də Oktavian Avqustun tragediya
janrını Romada dirçəltmək cəhdləri də
baş tutmadı.
Yunanda
teatr-dram ən ali insanların, Romada isə
kölələrin sənəti hesab olunurdu. Ona görə
yox ki, Roma toplumunu bu sənətlə tanış
edən Liviy Andronik, yaxud məşhur dram yazarı Terenzi
kölə idi. Sadəcə romalıya görə
teatr aşağı statuslu insanların işi idi. Teatr
tarixçisi Emixen yazır: "Romada aktyorluq peşəsinin
biabırçı sayılması da iki sivilizasiyanın mədəniyyətini
fərqləndirən xüsusiyyətlərdən biridir. Yunanıstanda teatra hörmətlə
yanaşılır, tamaşaların günəş
çıxandan gün batmasına qədər davam etməsinə
baxmayaraq, tamaşaları və rol oynayan aktyorları həmişə
çox diqqətlə dinləyir və izləyirdilər.
Dövlət təsisatları xalqın iradəsinin
ifadəsi olduğu üçün heç şübhəsiz
ki, aktyorların rahatlığı üçün
çalışan düşünən qurumların
olması xalqa hörmətin nəticəsi idi. Və zaman keçdikcə bu hörmət daha da artdı
ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən aktyorlar
toxunulmaz oldu və müharibələr zamanı Neoptole tərəfindən
səfir kimi istifadə edildi". (G.Emihen).
"Əgər Yunanıstanda aktyorlar həmişə azad və
hörmətli insanlar idisə, Romada bu, şərəfsiz
sayılırdı və azad doğulmuş bir insanın səhnədə
çıxış etdiyi zaman senzorların töhmət verməsi
üçün kifayət qədər əsas idi". (S.L.Uçenko).
Yunan teatrının mürəkkəb, dərin məzmun-mahiyyəti
Romada sadələşməyə, hətta bəsitləşməyə
doğru getdi və sonucda o, bir əyləncəyə dönüşdü. Roma
dramaturgiyasının əsas janrı olan komediya belə sona qədər
duruş gətirə bilmədi, məsxərə
formasını aldı. Sözdən
çox hərəkətə önəm verən Romada
pantomim teatr inkişaf etməyə, dramatik teatr isə öləziməyə,
karikaturik xarakter almağa başladı.
Roma demokratiyası zamanı yaranan teatr-dram sənəti
imperiya zamnı məhv oldu. "İmperatorluq
Romasında teatr əyləncəli, möhtəşəm bir
xarakter aldı" (V.V.Qolovnya). Baxmayaraq
ki, ölkənin bir nömrəli şəxsi Oktavian Avqust
teatrı xilas etmək istədi, Neron imperator taxtından
düşüb səhnəyə aktyor kimi qalxdı. Onun səhnəyə çıxışı
toplumda teatra deyil, Nerona olan münasibəti dəyişmişdi.
"İmperatorluq dövründə aktyor peşəsi
ixtisaslaşdırıldı, lakin eyni zamanda,
özünün əvvəlki kifayət qədər yüksək
sosial statusunu itirdi: Neronun teatr tamaşalarında
iştirakı müasirlərini şoka saldı". (Aleksandr
Qolovlev).
Onu da qeyd edək ki, yunan siyasi hakimiyyətindən fərqli olaraq, Roma siyasi hakimiyyəti teatr-dram sənətini özü üçün təhlükə bilirdi. "Hakimiyyət səhnənin kütləyə təsirindən qorxurdu, aktyorlara nifrətlə yanaşır, dramatik müəlliflərə dəyər vermirdi". (İ.İ.Tolstikova).
Teatrın səhnəsində
dramatik qəhrəman tarixin səhnəsində isə qəddar
diktator rolunu oynayan Neronun, bir yandan dramatik sənətin
inkişafına önəm verən, o biri yandan isə
demokratiyanı boğan Oktavian Avqustun siyasi maraqları ilə
sənət zövqləri arasındakı uçurumda olan cəmiyyətin
dramatik qəhrəman yetirmək potensialı da tükənməliydi.
Odur ki, imperiya təfəkkürü və diktator
yanaşmalarla idarə olunan Roma cəmiyyətin siyasi həyatından
demokratiya, səhnəsindən isə dramatizm yox olmağa
başladı.
Aynurə İbadullah
Ədəbiyyat qəzeti.- 2023.- 11 fevral.- S.22.