Zirvə

 

Romanından parça

 

Zirvəyə çatandan sonra da qalxmağa davam elə...

 

                        Qədim Tibet mətnindən

          

...Siçan iri zibilqabılarının arxasındakı divarın xırda, halqavari deşiyindən çıxıb ürkək-ürkək ətrafa baxdı, xışıltıdanmı, şaqqıltıdanmı, uzaqdan gələn öləzik addım səsindənmi qorxub hürkdü və tez-tələsik qayıtdı çıxdığı yerə...

...Balaca sapın itiliyindən dərisi soyulan şəhadət barmağını ufuldaya-ufuldaya ağzına soxub çıxartdı, boşqabdakı qızarmış toyuq budunu əvvəlcə  ağlaya-ağlaya könülsüz dişlədi, sonra iştahla yeyib yenə başladı işini görməyə...

...Zirvəyə çatan yuxarı qalxmağa qorxdu, tənhalıqdan bədənini əsməcə bürüdü, tir-tir titrədi, onu göz qırpımında götürüb ehmalca qoydular yerə və zirvədəki sevinə-sevinə şükr elədi ki, buludlara əl çatan yerdən sağ-salamat düşüb, heç burnu da qanamayıb...

...Əmrəmüntəzirlər qanadlarını yelləyərək seçilmiş yeniyetmənin sinəsini yarıb göz qırpımında tapşırılanı elədilər, göndəriləni verdilər, daha doğrusu, ağlasığmaz yerdə gizlətdilər, yarılıb bitişdirilən köksdə iz qalıb-qalmadığı isə doğru-dürüst bilinmədi...

...Göydən daş yağsa da, heç kəs dərs almadı və daş yağdıran daşları göyə qaldırdı ki, bir az da iriləşdirsin...

...Əslində ölən üçün heç bir fərqi yoxmuş; göyün üzündə olsun, ya quyunun dibində...

...Atalar üçdən desə də, ömür saysız-hesabsız axtarışla ötüb keçir...

 

 ***

...Qəfil təpəsinə nataraz bir qapaz dəyəndə diksinib tez gözlərini açdı. Az qaldı çarpayıdan dəysin yerə. Sonra qorxulu bir şey olmadığını anlayıb əvvəlcə key-key tavana, sonra yan-yörəsinə baxsa da, düz-əməlli heç nə sezmədi. Qeyri-ixtiyari sağ əlini kəlləsinə aparıb ağrıyan yeri yüngülcə ovuşdurdu. İlk dəfəydi ki, başına dəyən zərbədən oyanırdı. Qalxıb pəncərənin qalın, tünd pərdəsini araladı, hələ gün çıxmasa da göyün üzü işıqlanmışdı. Pəncərəni açdı, içəri dolan səpsərin hava tüklərini ürpəşdirdi, siqaret yandırdı, tüstünü ləzzətlə ciyərlərinə çəkəndə sanki canına yüngülvari istilik gəldi. Gördüyü yuxunu xatırlamaq istəsə də, yaddaşı onu yarı yolda qoydu. Damağındakına tez-tez qüllab vurub axıracan çəkdi, kötüyü həyətə vızıldatdı. Evdəki görsəydi yenə deyinəcəkdi. Amma daha onun üçün kimin nə deyəcəyinin zərrəcə əhəmiyyəti yox idi. Geyinib otaqdan çıxmaq istəyəndə qapının ağzındaca qaynanası ilə qarşılaşdı. Arvadın əlində şnuru yerlə sürünən uzunsov, qırmızı tozsovuran olmasaydı qırımından elə bilərdin ki, qapı pusmaq istəyirmiş. Qəfil ağlına gəldi ki, bəlkə, heç başına qapazı yuxuda vurmayıblar, elə bu arvad ilişdirib kəlləsinə şilləni? Yenə sağ olsun ki, tozsovuranı çırpmayıb yatdığı yerdəcə onun başına, yoxsa adi bir qapazın qorxusu yoxdu, xəncərinin də qaşı düşməzdi, öyrəncəli idi, onsuz da biri az, biri çox, həmişə başıqapazlı olmuşdu. Ancaq arvad əlinə oxşamırdı başına dəyən, zərbənin gücünə-zadına görə yox, əl özü çox yekə idi. Az qala bütün kəlləsi nəinki açılan əlin, ipiri ovucun ortasında qalmışdı, şapalaq qulaqlarını da cingildətmişdi, o yepyekə əl sahibi istəsəydi yatanın boynunu üzərdi, sonra da üzülüb ovcunun içində qalmış başı elə bərk-bərk sıxardı ki, baş yiyəsinin gözləri düşərdi yerə.

Sövq-təbii gözlərini - qorxudan sığal çəkirmiş kimi  ovuşdurdu ehmalca, yox, yerində idi sığal çəkilən, burası ağlına gəlmədi ki, iraq-iraq, işdi-şayəd gözləri çıxıb yerə düşsəydi sığallamağa, ovuşdurmağa ehtiyac yoxdu, onsuz da heç nə görməyəcəkdi, barmaqları da bomboş deşiyə girəcəkdi - önündəkinin əllərinə dikdi. Yaşlı qadının əlləri də özü kimi xırda-mırda, incə-mincə idi, üzünə baxmasaydın elə bilərdin ki, cavan gəlindi, lap belə yalan olmasın, qız uşağıdı. İntəhası bolluca ənlik-kirşana ehtiyacı var...

Qadın tozsovuranı yerə qoydu:

- Xeyir ola, nə tezdən durmusan?

- Xeyir nə gəzir?.. Qoyursan ki, adam kimi yatıb yuxumuzu alaq?.. Onsuz da sənin andıraqalmış bu tozsovuranının səsindən yenə yata bilməyəcəkdim... Yuxuma haram qatmağa öyrəşmisən...

- Hə... Gərək dözəsən, təmizlik imandandı... - qadın qımışdı. - Bəs mən yazıq, mən başıdaşlı neynəyim?.. - dedikləri ilə çöhrəsi uygun gəlmirdi, söz güləşdirən, ən azı, hirslənib özündən çıxmalı idi. - Mənim qızım torpağın altında çürüyür, bəs sən necə rahat yata bilirsən, yuxu nə təhər gedir gözünə?

- Rahat yata bilmirəm, imkan vermirsən yatmağa...

- Mən?..

- Yox, mən!..

- Neynəyim, yuxum ərşə çəkilib, başımı qatıram ki, dəli olmayım... Təmizliyin nəyi pisdi, indicə dedim, təmizlik də din-imandı...

"Get gir yerinə, örtüyü çək başına, yüzəcən say, öl yat da, başqa neyləyəcəksən? Nə yatana macal verirsən, nə durana... Bu arvadın ya həqiqətən başı xarab olub, ya da məni çərlətmək istəyir":

- Nə din, nə iman, hər gün səhərin gözü açılmamış təmizlik olar, din-iman olar? Adamı yuxudan eləmək kafirliyin yekəsidi...

- İşə gedirsən? - qayınanası onun dediklərini qulaqardına vurub söhbəti dəyişdi.

- Yox, işdən çıxmışam, day işə getməyəcəm...

- Bəs belə erkəndən hara yığışmısan? - əslində arvad güclə onun boynuna qoymaq istəyirdi ki, harasa hazırlaşıb, mütləq evdən çıxmalıdı.

Lakin evdən çıxdı-çıxmadı, elə qaynanasının səsi, həniri, varlığı onu hövsələdən çıxarırdı, salamatı aradan çıxmaq idi, hirslə əl-qolunu ölçüb səsini qaldırdı:

- Cəhənnəmə!.. - yaxşı ki, son məqamda özünü saxlayıb ağlına gələni dilinin ucundan qaytardı. "İstəyirsən əlindəkini qoy yerə, gəl dalımca"... - başa düşmədi ki, tozsovuranın məsələyə nə dəxli var, guya, əlidolu adamı o biri dünyaya buraxmırdılar, ələlxüsus, tozsovuranla axirətə təşrif buyurmaq olmazdı, çünki orda təmizlik işinə tamam başqa cür baxırdılar. Zahirdən yox, daxildən, içdən... Elə yaxşıdı ki, hamı o dünyaya bircə kəfəndə gedir, yoxsa bu arvadın qədimdən-qədim tozsovuranının səsindən ölülər də yuxu üzünə həsrət qalardı.

Qaynana borclu qalmadı, başını bulayaraq yavaşcadan pıqqıldayıb:

- Yaxşı yol... - dedi. - Həmişə gəzməkdə... - onun ardınca baxan arvadın üzündəki təbəssüm silindi, sifəti kölgələndi, gözləri dolsa da, gedənin nəyisə yaddan çıxarıb lapdan geri dönə biləcəyindən ehtiyatlanaraq, ağlamadı.

 

 ***

Güzgülü liftin düyməsini basıb dördüncü mərtəbəyə qalxdı. İşıqlı, geniş dəhlizdə adam azdı, divarın qırağına düzülən yumşaq, dəri skamyalar, kreslolar bomboşdu, təkcə onun döyəcəyi qapının yanındakı skamyada dazbaş, eynəkli bir kişi oturmuşdu. Dəhlizin ortasındasa yəqin ki, əyləşməyə hövsələsi çatmayan qara kələğayılı sısqa bir qarı, bir də qarının əlindən ehmalca tutmuş cavan, irisümük, hündür gəlin dalğın-dalğın, sakitcə var-gəl eləyirdi. Beş addım o yana, beş qədəm bəri... İntəhası, gəlinlə qarının addımları uzlaşmadığından istər-istəməz say-hesabda kəm-kəsir yaranırdı.

Qadınla qarı və skamyadakı kişi arasında uzaqdan-uzağa nəsə bir oxşarlıq hiss elədiyindən özlüyündə fikirləşdi ki, yəqin dəhlizdəkilər qohumdu, ya da ki, dərd-qəm onları bir-birinə bənzədir.

İri, üstü naxışlı, tutqun şüşəli, , taxta qapını itələyəndə skamyada oturan kişi başını qaldırıb dodaqaltı mızıldadı:

- Qapı bağlıdı, doxtur Seymur əməliyyatdadı...

O, kişinin yanında oturub köynəyinin döş cibindən siqaret qutusunu çıxartdı.

- Burda siqaret çəkmək olmaz... - dazbaş yenə başını aşağı salıb köks ötürə-ötürə yavaşca dedi. - Siqaret çəkməkdən ötrü ayrıca otaq var dəhlizin o başında... - otağı göstərmək istəyirmiş kimi gödək barmaqlı toppuş əlini yana uzatdı.

- Bilirəm... - o, itaətlə qutunu təzədən döş cibinə qoydu. - Çəkmiyəcəm... Bekarçılıqdan siqaret qutusunu oynatmaq istəyirdim. Day nağayrım, adamın bağrı çatlayır burda darıxmaqdan...

- Orda mənim arvadımı operasiya eləyir doxtur Seymur... - başı ilə dəhlizin sonundakı bağlı qapıya işarə elədi. - Mən də burda canımı qoymağa yer tapmıram... Ağlım-başım qalmayıb... - burasını üzr istəyirmiş kimi dedi.

- Allah şəfa versin... Darıxma, yaxşı olar...

- Sağ ol... Bütün qohum-əqrəba tökülüb gəlmək istəyirdi, özüm qoymadım ki, heç kəs gəlməsin, can yiyəsi bilər, mən bilərəm, kino-zad göstərmirlər ki, xəstəxanada... Gəlib hay-həşir salmayın... Nə mənası var, bəzənib-düzənib özlərini göstərməyə gələcəkdilər, forslanmağa gələcəkdilər, qeybətləşməyə gələcəklər... Həqiqətən, şair demişkən, elə mən özüm də cavanlıqda yaxşı şeirlər yazırdım, adama canı yanan birdi-ikidi, qalanlar baş girləyənlər, getməyə yer axtaranlardı... Vallah-billah, düz sözümdü... Bu saat istər qohum olsun, istər yad, fərqi yoxdu, heç kəs, heç kəsi... - bir anlığa ara verib uyarlı kəlmələr axtardı. - Vecinə almır... Heyif ölənin canından... - dilinə lapdan gələn son kəlmələrdən diksindi. - Allah uzaq eləsin, ağzıma qara daş... Özü də yekəsindən...

- Elədi, düz eləmisən... - o, nəsə demək xatirinə başını tərpətdi.

- Amma bayaq içəridən xəbər verdilər ki, nahaq tək-tənha gəlmisən, xəstəyə çoxlu qan lazımdı, tak-şto tanış-bilişi harayla, qohum-əqrəbalarını yığ başına, tez gəlib qan versinlər. Qan qrupu xəstəyə uyğun gəlməyə də bilər, sonra özümüz başqa qan bankları ilə dəyiş-düyüş eləyib sahmanlayarıq. Əsas sağlam adamların qanıdı... Mən də dedim ki, bu saat heç kəsə zəng vurub bura çağırmağa halım yoxdu, özünüz bir şey fikirləşib işləri yoluna qoyun, narahat olmayın, sərf olunan qanın pulunu da artıqlaması ilə verəcəm. Ay köpək oğlunun pulu, daşı-divarı deşir, day səsləri çıxmadı, razılaşıb, çıxıb getdilər...

- Onu da düz eləmisən... - o, başını tərpədərək təkrarladı.

- Sən sağlam adama oxşayırsan, maşalla, buralara kimi gətirmisən?.. - dazbaş qanrılıb onu müştəri gözü ilə süzdü, guya, xəstəlik adamın alnına yazılırdı.

- Elə mənim də arvadımı Seymur doxtur operasiya eləyib...

- Haçan?..

- Bir ay olar...

- Deyirlər əlləri qızıldı, Seymur doxturun, heç xaricdə də beləsi yoxdu. Ürək məsələsində yekdi, bir dənədi... - dazbaş qıyğacı ona baxıb ürkək-ürkək, bir qədər də çəkinə-çəkinə xəbər aldı. - Sənin arvadın nə təhərdi indi?..

- Canı qurtardı birdəfəlik...

- Şükür... Neçə yaşı var?

- Qırx...

- Cavandı ki... - özü öz sözünü dəbbələdi. - Ancaq dərdə-azara nə cavan, nə qoca... Daha xəstəliklər də, iraq-iraq, ölüm də cavanlaşıb. Yaşa-zada baxmır... Yəqin indiyə rahat yeriyər, gəzər evin içində sənin arvadın... - dazbaş təsəlli axtarırmış kimi boynunu uzadıb onun ağzına marıtladı. - Ev nədi, lap həyət-bacaya da çıxar... Elədi?.. Dedim də, Seymur doxturun əli ölüyə dəysə dirilər, məzarlığa getsə, yüz ilin ölüləri ayağa durub başlayar qaçmağa...

- Nə yerimək, a kişi, nə gəzmək, nə qaçmaq, dedim ki, canı qurtardı da!.. - səsini azca qaldırdı. - Yaşda məndən böyüksən, amma... amma... - o da münasib kəlmələr aradı. - Söz geç çatır e, sənə...

- Başa düşmürəm səni, canı qurtardı, nə deməkdi?.. - dazbaş əl çəkmədi, key-key gözlərini döyüb seyrək kirpiklərini tez-tez qırpdı, ya doğrudan-doğruya heç nə anlamamışdı, ya da ürəyinə damana inanmağı gəlmirdi. - Yəni, iraq-iraq, demək istəyirsən ki, üzü o yanlıqdı, hələ də öz canı ilə əlləşir? Bir düz-əməlli söylə görüm...

- Yox əşi, nə əlləşmək, day əlləşməkdən keçib e, çıxmadı aperasiyadan, öldü!.. - laqeydliklə əlini yelləyib səsini yavaşıtmaq istəsə də, birdən-birə pıçıltıya keçib zildən-bəmə düşə bilmədi. - Ayılmadı narkozdan...

Dazbaş ona ürək-dirək verməyi unudub səsini xırp kəsdi, kürəyini üstünə mavi rəng çəkilmiş soyuq divara söykədi və yəqin ki, əsəbdən, ya da nə eləyəcəyini bilmədiyindən qarnını xartaxartla qaşıdı, əyninə tarım dayanmış qara köynəyinin düyməsi açıldı,  maykası göründü.

Dazbaşa düzünü - özü də, lapdan, bərkdən - dediyinə görə özünü qınadı, yaxşı ki, gəlinlə qarı uzaqda idi, onu eşitməmişdilər. Pərt olub araya söz qatmaq istəsə də ağlına heç nə gəlmədi, bu arada uzun, nazik burnunun ucu balaca, zərif, solğun xallı, ağ xalatlı tibb bacısının - xallı, gülərüz qadını bura gəlib-gedəndən tanıyırdı - üzbəüz qapıdan çıxmağı göydəndüşmə oldu. Tez qalxıb tibb bacısının qabağına yeridi:

- Doxtur Seymur haçan gələcək?..

- Sənə nə vaxta söz verib? - qadın nəzakətlə xəbər aldı.

- On ikinin yarısına...

Tibb bacısı sağ əli ilə divarın yuxarısına vurulan oval, gümüşü saata işarə eləyib təəccüblə dodaqlarını büzdü:

- Buy... Ay başınıza xeyir, on ikinin yarısı nədi... O vaxta çox qalıb axı... Tələsib vaxtı-vədəni çaş-baş salmısan... - sanki qadın onun qolundakı saatı görmürdü, bəlkə də fəhmən anlayırdı ki, müsahibinin saatının əqrəbləri çoxdan bir nöqtədə donub; xarabdı, vaxt-vədəni göstərməyə yaramır...

- Elədi... Məndə baş qalmayıb... - o, yazıq-yazıq razılaşdı. - Deyəsən, tez gəlmişəm... - özünə haqq qazandıra bilməyib sıxıldı, bilmədi nə desin, sözünə ara verdi. - Onda mən gedim, bir azdan gələrəm... - irəli yeriyib liftin düyməsini basdı, lakin lifti gözləməyə hövsələsi çatmadı, arxadakı daş pilləkənə doğru getdi.

- Səndə günah yoxdu, sən yazıq neynəyəsən?.. - tibb bacısı canıyananlıqla ona haqq qazandırdı. - Yarı əldən gedəndə nə baş qalar, nə də can... - qadın şairanəliklə gözlərini yumub mızıldananda hiss eləmədi ki, müsahibi çıxıb gedib, bir anlığa aram-aram pilləkənləri düşməyə başlayanın ölən arvadına həsəd apardı, qapının yanındakı skamyada oturub key-key gözlərini döyən dazbaşın yanına gəldi, dilini saxlaya bilməyib yanıqlı-yanıqlı dedi. - İndicə burdan gedən bəstəboy kişi vardı ha, arvadının ölüm xəbərini eşidəndə əlini dizinə vurub: "Sənsiz mənim halım necə olacaq?!." deyə-deyə elə zülüm-zülüm ağlayırdı ki, gözümün qabağına gələndə hələ də, bağışlayın məni, bütün bədənim yox e, birbaşa ürəyimin başı gizildəyir... Dəliyə dönmüşdü qarabaxt, güclə sakitləşdirdilər onu... Eh, indiki zəmanədə də Məcnunlar varmış... - içini çəkdi. - Bəxtəvər onun arvadının başına... - dazbaşın gözlərinin bərəlməyini anladığı kimi yozdu. - Noolsun ki, ölüb, hamımız ölüb gedəciyik də... Kim qurdla qiyamətə qalacaq?.. Zato, o qadın karaleva kimi ərköyün, özündənrazı yaşayıb ki, həqiqətən dərdindən ölən var... Adamın ərinin Məcnun olmağı ikiqat xoşbəxtlikdi... Başa düşürsüz, Məcnunla bir evdə yaşamaq necə deməkdi? Yalnız səninlə nəfəs alır yanındakı... - burnu xallı gözlərini yumdu. - Sən öləndə o da ölür... Elə arvadı öləndə dünyasını dəyişib indicə burdan gedən kişi də... Ruhu çıxıb bədənindən... Ancaq hələ basdırmayıblar onu... Bəlkə, özünün də xəbəri yoxdu bundan... Yeyir, içir, gəzir, gülür, danışır, amma yaşamır... Qəfil gözlərinə baxanda başa düşürsən ki, içi boşdu, arvadı onun da ruhunu özü ilə aparıb... Beləsinə canını da qurban eləsən, azdı. Hayıf ki, belə kişilərin qədri bilinmir, qapazaltı olurlar çox zaman... - lapdan dərinə getdiyini anlayıb susdu, kirpiklərini aralayıb yuxarıdan-aşağı dazbaşa baxdı, qeyri-ixtiyari əlini xalatının yaxasına apardı, guya, skamyada əyləşən aşağıdan-yuxarı nə isə sezə bilərdi, dodaqaltı: - Sizlərdən iraq... - pıçıldadı və yadına nə düşdüsə tez-tələsik Seymur doktorun otağının yandakı qapını açıb içəri girdi.

Dazbaşın zəhri tamam yarıldı, ağzını çarəsiz-çarəsiz açıb yumdu, yumub açdı, öz-özünə nəsə demək istəsə də, dinə bilmədi, içindən, boğazından yalnız boğuq bir xırıltı gəldi, iri hülqumu qalxıb-endi...

...Xəstəxanadan çıxıb yolu keçəndə fikirləşdi ki, gərək gözdən-könüldən iraq bir yer tapıb otursun, bala-bala siqaret tüstülədib vaxtını öldürsün, həkimi içəridə gözləməkdənsə bayırda gəzişmək, ya hardasa əyləşmək yaxşı idi. Sağlam adam da xəstəxanaya tez-tez ayaq açanda, axırı yox yerdən, istər-istəməz bir qəmbərqulu çıxır. Qaşınmayan yerdən qan çıxarmaq da yəqin, elə buna deyiblər. Ona görə ağrısan da canını dişinə sıxıb evdə qalmaq məsləhətdi... Çalış yatma, yatağa düşmə, yatdınsa getdin... Baxma ki, yatan ölməz, yetən ölər, deyimində də yekə bir həqiqət var...

Siqaret yandırıb ensiz yolu keçdi, səkinin yan-yörəsinə baxmadan yeriyə-yeriyə bir də ayıldı ki, xəstəxanadan xeyli uzaqlaşıb. Amma təlaşlanmağa dəyməzdi, vaxta çox qalmışdı, həm də həkim zərgər dəqiqliyi tələb eləmirdi, onu görmək üçün də gözü atmırdı Seymurun. Burası da vardı ki, göz "ölçüsü", göz "məsafəsi", gözəyarı gördüyü onu yanıldardı, bəlkə də. Görünən uzaqda ola bilməz. Vədələşdiyi vaxtacan neçə kərə elə dayanmaq istədiyi yerdən xəstəxanaya gedib gələrdi. Aramla, tələsmədən... Ayaq saxlayıb geri dönmək istəyəndə gördü doqquzmərtəbəli binanın tinindəki balaca kafenin qabağında dayanıb. Çinar ağacının kölgəsindəki - kölgə məsələsini hələ açıb ağartmaq, qabartmaq düzgün olmazdı, gün buludların arxasından düz-əməlli boylana bilmirdi - dörd-beş masalı həyətin ətrafını adam boyu yamyaşıl sarmaşıq örtdüyündən içəri yaxşı görsənmirdi, həyətə tamaşa eləməkdən ötrü gərək onun kimi qapı yerindən - həyətin qapısı yox idi - boylanaydın. Olmayan qapının ağzından içəri baxanın diqqətini isə kafenin qabağına, az qala binanın blokunun yanına, yuxarı, divarın üstünə vurulan qırmızı, gözəgəlimli, iri misralar cəlb elədi:

 

Müştəri xoş gəlib, xoş qədəm olsun,

Nisyə araq yoxdu, lap dədəm olsun...

 

Gülümsünüb fikirləşdi ki, görəsən dədəsinə belə müftə içki qıymayan hansı əclafdı, kaş mənim atam yanımda olaydı, gecə-gündüz hamballıq eləyib pul qazanaydım, sonra da ən yaxşı araqları alıb qoyaydım kişinin qabağına ki, iç!.. Hərdənbir elə özüm də bala-bala gillədəydim atamla... Sonra da qucaqlaşıb doyunca ağlayaydıq ata-bala... Yox, dədəm arxamda olsaydı, yəqin ki, mən göz yaşı nə olduğunu bilməzdim, başıma nə gəldisə, elə kimsəsizliyimin ucbatındandı...

Küncdəki masa arxasında təzəcə yerini rahatlamışdı ki, başının üstünü hündür bir kişi kəsdirdi, sanki marığa yatıb onu gözləyirmiş:

- Ala, Ağlaşma, sən buralarda nə gəzirsən?.. - ucaboy qollarını geniş açıb dil boğaza qoymadı. - Həyəti oğrun-oğrun güdəndən göz qoyuram sənə... O saat da tanıdım. Baxma ki, qocalmışıq, əsgərlik illəri çox dalda qalıb... - bir-iki qədəm geriləyib oturanı süzdü. - Amma yox, sən heç dəyişməmisən. Ay xətəkar...

Oturan bir anlığa gözlərini qıyıb karıxmış-karıxmış, donuq-donuq önündəkinə baxdı və qəfil dik qalxdı. Yöndəmsiz durduğundan qalxanda dizi masaya dəydi, masanın üstündəki qəndqabının qapağı stola düşdü, ordan da diyirlənib yumbalandı yerə... Diyirlənə-diyirlənə gedib çinarın gövdəsinə dəyərək dayandı, üzü üstə aşdı. Lakin buna fikir verən olmadı, bu dəqiqə qəfil tufan da qopsaydı onlara zərrəcə əsər eləməyəcəkdi, xəbər tutmayacaqdılar yan-yörədəki qiyamətdən...

...Bərk-bərk qucaqlaşdılar, onun başı bayaqdan qollarını geniş açanın çənəsinə güclə çatırdı, hələ də cavanlıqdakı kimi gücü-qüvvəsi vardı qollarını geniş açanın; "balacanın" belinin sıxıb ayaqlarını yerdən üzmüşdü...

 

***

- Adımı "Ağlaşma Əşrəf" qoymuşduz əsgərlikdə... Uşaqlıqdan, bir tikə vaxtımdan beləydim, gücüm özümə çatırdı, bərkə düşməmiş gözümün yaşı sel kimi axırdı, xısın-xısın, sakitcə ağlayırdım, ağız-burnumun suyu qarışırdı bir-birinə... Yetim, qapazaltı böyüyəndən nə gözləyəsən? Atam-anam qəzaya düşüb ölmüşdü, qalmışdım babamın umuduna. O da qalın, qəhvəyi kağızları tökürdü qabağıma, qoyurdu məni köhnə, rəngi getmiş, alt taxtası çürümüş tikiş maşını ilə üzbəüz. Yaşıdlarım küçədə-həyətdə oynayanda mən, bapbalaca uşaq ağlaya-ağlaya o kağızlardan iri zənbillər tikirdim, babam da həmin zənbilləri aparıb bazarda qəpik-quruşa satırdı, birtəhər dolanırdıq. Həm bayırda qıy-qışqırıqla, hay-harayla oynayan uşaqların səsini eşidib, onlara həsəd apardığımdan ağlayırdım, həm də sol əlimin şəhadət barmağının suluqlanmasından, göynəltisindən... Tez-tez yaralı barmağımı ağzıma soxurdum ki, göynəltisi azalsın. Barmağımdakı yarasa sağalmırdı, çünki hər gün o yaranı didişdirib qaysaq bağlamağa qoymurdum; daha doğrusu, özxoşuma yox, tikiş maşınının altı amanabənd olduğundan şəhadət barmağımı sapın üstünə bir az bərk basırdım ki, tikdiyim torbanın sapı qaçmasın, səliqəli olsun zənbillər... Sap da barmağımda, yaramda yeni-yeni şırımlar açıb qoymurdu sağalmağa... Sonralar, get-gedə tarçalanlar kimi qabar oldu barmağımın ucu, daha heç nə əsər eləmədi barmağma, istəyirsən bıçaqla kəs barmağımın ucundakı döynəyi... Beləcə, pis-yaxşı böyüdüm, getdim əsgərliyə, düz deyiblər e, yetim böyüyəcək, ancaq yamanlıq Əzrayıla qalacaq. Əsgərlikdə, özün məndən yaxşı bilirsən, hamının yanına ata-anası, qohum-əqrəbası gəlirdi, sovqat gətirirdilər, yemək-içmək gətirirdilər, bircə mənim nə dalımca gələn vardı, nə zəng eləyib xəbər alan... Babamdan da umurdum, özlüyümdə deyirdim ki, kaş babam lap əliboş gələydi yanıma, əsgər yoldaşlarım da mənə kiminsə baş çəkdiyini görəydi... Elə belə-belə fikirlərdən göz yaşım sel kimi axardı üstümə kimsə bir balaca çımxıranda... Tez-tez arzulayırdım ki, kaş müharibə başlayaydı, gedib öləydim davada... Tərs kimi bütün arzularım kimi bu da puç oldu, dava başlayanda biz əsgərlikdən çoxdan qayıtmışdıq, yaşımız keçmişdi, ya nəydisə, ikinci savaşda bizlər yada düşmədik. Nə isə... Əsgərlikdən qayıdanda gördüm babam yazıqda zərrəcə günah yoxmuş, babam ölüb, dayım da evimizi satıb köçüb gedib Rusyətə... Beləcə, evsiz-eşiksiz qaldım küçələrdə... Tək-tənha, cibiboş gəldim şəhərə, o iş qalmadı ki, görməyim, o sənət qalmadı dəyişməyim, o daxma, deşik-dalan qalmadı ki, gecələməyim... Allah heç kəsi arxa-dayaqsız, kimsəsiz eləməsin, illər keçdi, saçıma dən düşdü, bir gün görmədim mən yetim...

- Dən düşdü nədi, nömrə gəlmə, ağarıb əməlli-başlı... Ala, yaxşı day, ağlama, yekə kişisən, görüb eləyən olar... - əsgərlik yoldaşı ətrafa boylanıb nəlbəkini stəkanqarışıq onun qabağına sürüşdürdü. - Çayını iç... Gərək sən heç şəhərə gəlməyəydin... Düzdü, baban ölmüşdü, dayın əclaflıq eləmişdi, ancaq yəqin el-obanda başqa qohumların da vardı. Bəd ayaqda həyan olardılar sənə... Arxasız qalmazdın...

 

Mübariz Cəfərli

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 2-3.