29-31 mart: Bakı-Daşkənd-Nəvai görüşləri

 

 

İkisi bir arada

 

29-31 mart, 2023-cü il tarixlərində TÜRKSOY Yazarlar Birliyinin I Toplantısının Daşkənddə keçirilməsi qərarı hələ 4 ay əvvəl, Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səyyidin təklifi ilə Ankarada qəbul edilmişdi. Həmin tarixlərdə Özbəkistanda Beynəlxalq "Mümtaz Şeriyyət" Festivalı keçiriləcəkdi deyə Birliyin sədri öz təklifi ilə bir tərəfdən sırf təşkilati baxımdan düzgün qərar qəbul eləmiş, başqa tərəfdən TÜRKSOY Yazarlar Birliyinin I Toplantısına ev sahibi eləməklə həm də festivalın nüfuzuna nüfuz qatmışdı.

Mənim üçün bu tədbirlərə qatılmağımın ən vacib tərəfi Xalq yazıçısı Anarla növbəti yolçuluq imkanı idi. Yaddaşı, təcrübəsi, dərin yumor hissi ilə kimsəylə müqayisə edə bilmədiyim Anar müəllimlə növbəti birgə səfər hər dəfə yeni nəyisə öyrənmək imkanı deməkdi. Üstəgəl, az da olsa məlumatlı idim ki, həm TÜRKSOY, həm də Özbəkistan Yazıçılar Birliyi Anar müəllimin 85 illik yubileyi ilə bağlı sürprizlər hazırlayıb...bunlara şahidlik eləmək də maraqlı olmalı idi.

 

Daşkənd Hava Limanı, "King Plaza", ilk sürpriz: "İcod dünyası"

İslam Kərimov adına Daşkənd aeroportunda bizi özbək ədəbiyyatçılarının rəhbəri Siracəddin Səyyid özü qarşılayır ki, bu da, əlbəttə, Anar müəllimə olan xüsusi hörmətin və özbək qonaqpərvərliyinin nişanəsidi. Bizim üçün ayrılmış iki maşınla otelə üz tuturuq, adı kimi şahanə, 3 ulduzlu rahat bir oteldi "King Plaza". Mərkəzdə yerləşir, "Yunusabad" metrostansiyasının yaxınlığında, Əhməd Daniş və Moyqorxon küçələrinin kəsişməsində. Yolda fikirləşirəm ki, Orta Asiyanın ən yaşlı və özbəklərin daha çox "cənub aeroportu" adlandırdıqları bu hava limanına sonradan şəxsiyyətinin bütün ziddiyyətli tərəflərinə rəğmən müstəqil Özbəkistanın ilk prezidenti olmuş İslam Kərimovun adının verilməsi yaxşı əlamətdir və indiki Özbəkistan Prezidenti hörmətli Şavkat Mirziyoyevin bu addımı dövlətçi təfəkkürün təzahürü kimi olduqca təqdirəlayiq və barışdırıcı bir jestdir.

Şəhərə yaxındır aeroport, 5 kilometrlik məsafədədir.

TÜRKSOY Baş Katibinin köməkçisi və əslən özbək olan Şahnaz xanım da bizi oteldə gözləyirdi. Axşam yeməyi üçün restorana getsək də gec olduğundan çayla, kofeylə kifayətlənəcəyimizi söylədik.

Hava mart ayı üçün kifayət qədər istidir, pencəkdə belə hiss eləyirsən bunu. Təxminən 40 dəqiqə sonra otelin qaşısında Anar müəllimlə çay içirik. 5-10 dəqiqə sonra Özbəkistanın Azərbaycanda da yetərincə bilinən istedadlı şairi, ədəbiyyatımızın dostu "Kitab dünyası" dərgisinin baş redaktoru Xasiyyət Rüstəm Londondan görüntülü zəng edir votsapla. Anar müəllimlə danışırlar. Anar müəllimi yubiley münasibətilə təbrik edən Xasiyyət xanım Xalq yazıçımızın yubileyi münasibətilə nəşr olunan "İcod dünyası" xüsusi buraxılışı barədə məlumat verir, deyir ki, otel inzibatçılarına bizim üçün nüsxələr qoyulub. Gedib gətirirəm. A4 formatında, təbaşirli kağızda, bütün üz qabığı boyu Anarın portreti olan 20 səhifəlik "xüsusi buraxılış". İki hekayə. "Mən, sən, o və telefon" və "Kızıkarli tadkikot" (bunun adını tərcümə edə bilmirəm, Anar müəllimdən isə soruşmuram): birini səfərimizin sonuncu günü görüşəcəyimiz və xeyli söhbət edəcəyimiz istedadlı özbək şairi və tərcüməçisi, gənc və istiqanlı Rəhmət Babacan ana dilimizdən - bu gənc ədibin Azərbaycanla bağlı tərcümələri və ardıcıl işi olduqca təqdirəlayiqdir , o birini isə Mehman İslamqul rus dilindən tərcümə ediblər. Nəşrdə Anarın geniş bioqrafiyası və həyatının müxtəlif dövrlərinə aid rəngli fotoşəkillər da var.

İlk gün bu gözəl hadisəylə yekunlaşır.

 

"Əfrasiyab"la yolçuluq, Nəvai şəhəri

Səfərimiz Ramazan ayının son günlərinə təsadüf etdiyindən proqram oruc tutanlar, "imsak" və "iftar" nəzərə alınaraq xüsusi həssaslıqla hazırlanıb.

Səhər saat 7-də necə deyərlər yola rəvan oluruq. Bəzən "şimal", bəzən də "mərkəz" adı ilə çağırılan Daşkənd dəmiryol vağzalından sürətli "Əfrasiyab" qatarı ilə Nəvai şəhərinə gedirik. "Əfrasiyab"la hələ 4 il əvvəl səyahət etmişəm. Səmərqəndə, Buxaraya. Çox komfortlu, əvəzolunmazdır. Kondisionerlərin yaylaq sərinində 3 saatın necə keçdiyi və hərəkətin hiss olunmadığı bir səfər. Eyni marşrutla bir neçə gün sonra qayıdanda səhv eləmirəmsə qırğız qonaqlar yolüstü ya Səmərqəndə, ya da Buxaraya baş çəkəcək, bizdən ayrılacaqdılar.

Nəvai şəhərində, dəmiryol vağzalında nümayəndə heyətini Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanov, Nəvai valisi və valiliyin əməkdaşları duz-çörək, milli musiqi və çal-çağırla qarşılayırlar.

Adı kimi rahatlıq gətirən lüks "Dinclik" otelinə yerləşirik.

Türk dünyasının qürur yeri, böyük özbək şairi Əlişir Nəvainin adını daşıyan, Zərəfşan çayının vadisində yerləşən bu şəhər ötən əsrin 60-cı illərində salınıb. O vaxtkı Leninqrad memarlarının layihəsi əsasında. İki yüz mindən çox deyil əhalisi. Mərkəzi küçələri, parkları səliqəli və gözoxşayan bir şəhərdir.

İstidir. Pencəkdə belə istidir.

 

Nəvai valiliyində, mükafatlar...

Oteldə yerləşəndən bir neçə saat sonra nümayəndə heyəti iki yerə ayrılır. Bir hissə poeziya festivalına, bizim də daxil olduğumuz digər hissə Nəvai valiliyinə üz tuturuq: Xalq yazıçısı Anarın yaxınlarda fəxri sədri seçildiyi TÜRKSOY Yazarlar Birliyinin I Toplantısına.

Valiliyin şərqə məxsus incəlik və zövqlə tikilmiş, bəzədilmiş binasının mərasim zalındayıq. Vali Nurmat Tursunov Özbəkistan Yazıçılar Birliyinin sədri Səracəddin Səyyidi, TÜRKSOY-un Baş katibi Sultan Rayevi, bütün iştirakçıları - Anarı, TÜRKSOY Yazıçılar Birliyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Qalıbəyovu, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zeydullanı , Başqırdıstan Yazıçılar Birliyinin rəhbəri Baygiz Muxammadovu, Türkiyə Yazıçılar Birliyinin nümayəndəsini, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunu və digər iştirakçılar salamlayır, şəhər haqqında məlumat verir. TÜRKSOY Yazarlar Birliyi toplantısının və beynəlxalq poeziya festivalının böyük Nəvainin adını daşıyan şəhərdə keçirilməsindən daha təbii nəyin olacağını təsəvvür etmədiyini söyləyir. Razılaşmamaq olmaz.

Sonra Siracəddin Səyyid və Sultan Rayev çıxış edirlər. Bir azdan ev sahibi olduğundan Özbəkistan Yazıçılar Birliyinin sədri bizdən ayrılacaq, beynəlxalq poeziya festivalının açılış mərasiminə və festivalın işinə qatılmalıdır. Biz isə TÜRKSOY Yazarlar Birliyi I Toplantısının gündəliyində duran məsələləri müzakirə etməliyik.

Hələlik isə bəzi özəl məqamlar.

Sultan Rayev təkrar söz alır. Və bütün türk xalqları ədəbiyyat dünyası üçün özəl bir gün olduğunu, bir neçə gün öncə Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 yaşı tamam olduğunu və bu münasibətlə, TÜRKSOY-un qərarı ilə Anarın təşkilatın ən ali mükafatı "Altın Onur Medalı" ilə mükafatlandırıldığını söyləyir.

Medal təqdim edilmək üçün Anar müəllim səhnəyə dəvət edilir və aşağı-yuxarı düz 1 saat səhnəni tərk edə bilmir.

Sultan Rayevin ardınca Nəvai valisi Anara valiliyin xüsusi mükafatı və hədiyyələrini, Siracəddin Səyyid Anara Özbəkistan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini, Qazaxıstan Yazıçılar İttifaqının sədri Uluqbey Esdövlət "Qazaxıstanın fəxri yazıçısı" medalını, Türkiyə Yazıçılar Birliyinin nümayəndəsi birliyin xüsusi diplomunu, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu təşkilatın diplomunu və xüsusi hədiyyəsini, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Nurlan Qalıbəyov isə "Ədəbiyyata xidmətlərinə görə" nişanını təqdim edirlər. Nurlan Qalıbəyov Birlik adından ünvanlanan məktubu da oxuyur. İki cümləsi yadımdadır: " Postsovet məkanında və Türk dünyasında Sizi türkdilli ədəbiyyatın  patriarxı kimi tanıyır, sizin nəsr, dramaturgiya və kino sahəsində yüksək naliyyətlərinizə qibtə hissi ilə yanaşırlar. Sizə ən xoş arzularımızı yetirir, türkdilli yazıçıları daha da yaxınlaşdırmaq uğrunda təşəbbüslərinizin daima uğurlu olmasını arzu edirik..."

Anar müəllim bütün təltifləri bir az mütəəssircəsinə, amma eyni zamanda həmişəki özünəməxsus yumorla qarşılayır: "Bilsəydim, daha əvvəldən gələrdim..." - deyir.

 

 "Fərhad" Mədəniyyət Mərkəzi, "Dostluq" ordeni, konsert

Günorta yeməyindən sonra Özbəkistan Turizm və İdman Nazirliyi Mədəni Miras Agentliyi nəzdində Nəvai valiliyi Dövlət Tarix və Mədəniyyət muzeyinə gedirik. Qədim özbək tarixinin maraqlı səhifələri ilə qısa, amma yaddaqalan tanışlıqdan sonra üz tuturuq Nəvai şəhərinin mərkəzi və möhtəşəm "Fərhad" Mədəniyyət Mərkəzinə. Foyedəki rəflərdə Özbəkistan Prezidenti hörmətli Şavkat Mirziyoyevin sərəncamı ilə nəşr olunan 100 cildlik "Türk ədəbiyyatı inciləri"nin qürurlu sırası diqqətimi çəkir (sonradan şeirlərimin daxil olduğu "Azərbaycan şeiri antologiyası"nı, yəni cildlərdən birini mənə hədiyyə edəcəkdilər). Cildlərdən biri, 68-ci kitab Anarın "Seçilmiş əsərləri"dir. Üstəgəl, Anarın özbək dilində nəşr olunan kitablarından ibarət ayrıca sərgi də açılıb. Jurnalistlər, kameralar pərvanə kimi Anar müəllimin, sərginin başında fırlanırlar.

Tədbirin rəsmi hissəsi başlayır və səhnəyə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanov çıxır. Anar haqqında danışmağa başlayır, Anarın Azərbaycan ədəbiyyatındakı yerindən, ədibin yaradıcılığının ümumtürk ədəbiyyatı kontekstindəki dəyərindən, Özbəkistanda sevildiyindən söz edir: "... Anarın "Türk ədəbiyyatları inciləri" antologiyasındakı xüsusi cilddən başqa Özbəkistanda altı kitabı çıxıb. "Ağ liman" (1978), "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (2004), "Mən, sən, o və telefon" (2016). Bu kitabda "Dantenin yubileyi" povesti, "Dədə Qorqud" kino-povesti, "Yaxşı padşahın nağılı" və başqa hekayələr daxildir. "Göz muncuğu" (2018), "Beş mərtəbəli evin altıncı mərtəbəsi (ikinci nəşri, 2021), "Mütləq görüşərik" (2022). Bu kitablar yazıçının eyni zamanda "Dantenin yubileyi", "Ağ qoç, qara qoç" povestləri, "Molla Nəsrəddin - 66" silsilə hekayələri, "Keçən ilin son gecəsi", "Asılqanda işləyən qadının söhbəti", "Mən, sən, o və telefon", "Gürcü familiyası", "Vahimə", "Qırmızı limuzin", "Zəncir" və başqa satirik hekayələr daxildir. "Zəncir" hekayəsi əsasında özbək bəstəkarı E.Kələntərov musiqili komediya bəstələmiş və əsər Mukimi adına teatrda tamaşaya qoyulmuşdur. "Dantenin yubileyi" əsasında televiziya tamaşası göstərilmiş, "Keçən ilin son gecəsi" hekayəsi radio-pyes kimi səsləndirilmişdir. "Asılqanda işləyən qadının söhbəti" hekayəsi əsasında "Palto" qısametrajlı film çəkilmişdir. "Kitab dünyası", "Özbəkistan ədəbiyyatı və sənəti", "Gülüstan", "Cahan ədəbiyyatı" kimi məşhur özbək dərgi və qəzetləri mütəmadi olaraq Anarın yaradıcılığına geniş yer vermişdir... Anarın türk xalqları ədəbiyyatı qarşısında xidmətləri misilsizdir. Bütün bu xidmətləri nəzərə alaraq Özbəkistan Respublikasının Prezidenti hörmətli Şavkat Mirziyoyevin fərmanı ilə Anar Özbəkistanın ali "Dostluq" ordeni ilə təltif olunur..."

Daha sonra Xayraddin Sultanov Prezidentin fərmanını oxuyur və Xalq yazıçısına ordeni təqdim edir.

 

ÖZBƏKİSTAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Görkəmli yazıçı və ictimai xadim Anar Rəsul oğlu Rzayevin Özbəkistan

Respublikasının "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

Özünün parlaq və bənzərsiz istedadı, dünyaya məşhur bədii əsərləri, çoxtərəfli yaradıcılığı və ictimai fəaliyyəti ilə türk xalqları, o cümlədən Özbəkistan və Azərbaycan arasında qədim dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi, müasir yazarların yetişdirilməsi, gənc nəslin milli və ümumbəşəri dəyərlər, hörmət və ehtiram, sülh və birlik ruhunda tərbiyəsi istiqamətindəki fəaliyyəti və anadan olmasının 85-ci ildönümü münasibətilə TÜRKSOY Yazıçılar Birliyinin fəxri sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, tanınmış yazıçı və ictimai xadim Anar Rəsul oğlu Rzayev Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif edilsin.

 

 Özbəkistan Respublikasının Prezidenti: Şavkat Mirziyoyev

Xalq yazıçısı Anara söz verilir (səsində minnətdarlıq və həyəcanın doğurduğu xəfif titrəyişi hiss edirəm):

"Hörmətli tədbir iştirakçıları!

Möhtərəm Prezident Şavkat Mirziyoyev məni 85 illiyim münasibətilə "Dostluq" ordeniylə təltif etdiyinə, barəmdə xoş sözlər yazdığına görə ona ən səmimi və ən dərin təşəkkürümü bildirirəm. Amma mənim hörmətli Özbəkistan Prezidentinə minnətdarlığımın, başqa önəmli səbəbləri də var. Mən Prezident Mirziyoyevə Özbəkistanın türk dünyasında, TÜRKSOY-da layiq olduğu yeri tutduğuna görə də minnətdaram. Türk dünyasını Özbəkistansız təsəvvür etmək mümkün deyil. Türk ailəsində Özbəkistanın şərəfli yeri var. Minnətdarlığımın ikinci səbəbi, çağdaş Özbəkistanın daima Azərbaycanın yanında olmağındadır. Müasir dünyanın çətin sınaqlarında iki qardaş xalq çiyin-çiynədir. Azərbaycanın hörmətli Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidentinin səmimi qardaşlıq münasibətlərini xalqlarımız arasında qədimlərdən gələn mehribanlığının daimi davamını təmin edir. Şavkat Mirziyoyev cənablarına minnətdarlığımın üçüncü səbəbi, onun ədəbiyyata verdiyi dəyər, yazıçılara qayğıkeş münasibətidir. Hələ bundan əvvəlki səfərimdə həmkar dostlarım məni Yazıçılar Birliyinin yeni binasıyla tanış etdilər, ədiblərin heykəlləri ucaldılmış xiyabanı ziyarət etdim. Ölkənin müxtəlif vilayətlərində yaradıcılıq evlərinin olmasından xəbər tutdum, Prezidentin sərəncamıyla Ədəbiyyat fondunun təsis edildiyini və bu fondun yazıçılara böyük dəstək olduğunu bildim. Məni Özbəkistana qardaşlıq əlaqələri bağlayır, burada yeddi kitabım çıxıb, əsərlərim səhnələşdirilib, televiziya və radio tamaşaları şəklində tamaşaçılara, dinləyicilərə çatdırılıb. Ən son zamanlarda "Asılqanda işləyən qadın" hekayəsi əsasında qısametrajlı film çəkilməsi məni çox sevindirdi. Əziz dostum, bir neçə yazımı özbək dilinə çevirmiş, Məmmədqul Həzrətquluyev məni həm də özbək yazıçısı adlandırmışdır. Mən bu şərəfli ünvanı məmnuniyyətlə qəbul edir və özümü həm Azərbaycan, həm də özbək yazıçısı sayıram.

Bir daha tərcüməçilərimə, oxucularıma minnətdarlığımı bildirirəm..."

Rəsmi hissə bitir və Özbəkistanın tanınmış sənət, mədəniyyət adamlarının, incəsənət xadimlərinin iştirakı ilə, şeirli-musiqili əsrarəngiz konsert proqramı başlayır. Hər anında klassik və XX əsr özbək poeziyasının nümunələri eşidilən olduqca maraqlı, ustalıqla hazırlanmış bir proqram.

 

Nəvai parkı, Göy-göl, ağacəkmə mərasimi, "Nurata", ziyafət

Növbəti günün səhəri Nəvai şəhərinin "göz bəbəyi" olan, dahi özbək şairi Əlişir Nəvainin monumental heykəlini ziyarət edirik. Dövlət rəsmiləri və bütün nümayəndə heyətilə bərabər. Xüsusən məktəblilərin, şagirdlərin üzündə hədsiz sevinc, dərin və səmimi məmnuniyyət hissi vardı. Çəyirdək gözlər gülürdü. Axı hamı onların qürur yeri Nəvai babanı ziyarətə gəlmişdi.

Sonra da "Göy-göl"ün qırağındakı parkda ağacəkmə mərasiminə qatılırıq. Ömrümdə 4 ya 5 dəfə ağac əkmişəm. Babama kömək eləyən vaxtlarda, məktəbdə oxuyanda, 13 il əvvəl atamın həyətində və indi. Atamın həyətində əkdiyim son ağac anamın vəfatından sonrakı ilk ayda qurudu...

Nurata şəhəri, daha əvvəl qəsəbə olan Nəvai vilayət mərkəzindən 50-60 kilometr məsafədədir. Şəhəri və burdakı məscid də daxil dini kompleksi, bu coğrafiyanı Makedoniyalı İsgəndər, Samanilər, Səlcuqlarla bağlayan ehtimal və mənbələr çoxdur. Deyilənə görə Məhəmməd Peyğəmbərin (Allahın salamı olsun!) səhabələrindən olan şeyx Əbul Həsənin (Nur-atanın) məzarı da burdadır. Yorğunluğumuz çıxır burda. Hər yerdə sükut və rahatlıq hökm sürür. Özbəkistanın tarixlə və qüdsiyyətlə süslənmiş daha bir nurlu yeri...

Valinin qonaqların şərəfinə verdiyi ziyafət özbək qonaqpərvərliyinin və mətbəxinin bütün səmimiyyətini, zənginliyini sərgiləyirdi. Üstəgəl, özbək, qazax, qırğız, türk və Azərbaycan mahnı, musiqi, rəqs və kompozisiyalarının müşayiəti ilə. "Sevgili canan" da ifa olundu, çox yaxşı idi. Bir də virtuoz özbək skripka ustasının ifası hamını ayağa qaldırdı. Rəhmətlik Habil Əliyev yadıma düşdü.. Axırda da maestronun skripkanı "xüsusi dilləndirməsi": sanki "sağ olun!", "minnətdaram!", "təşəkkür edirəm!" deyirdi, kim necə eşitdi...

Axşam hamı yorğundu. Bircə Anar müəllim yorulmayıb. "Mədəniyyət və mərifət" kanalına müsahibə verir. Zebo Mirzonun aparıcılığı ilə "Qızıl körpü" verilişinə. Əsərlərinin tərcüməçisi, tanınmış özbək yazıçısı Məmmədqul Həzrətqulovla birgə.

57 dəqiqəlik proqram 10 gün sonra efirə gedəcəkdi.

 

 Sümələk

 

Vaxtı və məkanı qarışdırıram, amma Özbəkistanda olduğumuz bir axşam parkların birinə üz tutduq. Baharın gəlişi münasibətilə "sümələk" halvası (bizim səməni halvası kimi) bişirilir, park adamla doludur. İri tiyanlar qaynayır, iri çömçələr qazanları dolanır. Qayda belədir ki, hər kəs sümələk bişən qazanı bulaya-bulaya arzu tutmalı, sonra da halvadan dadmalıdır. Variant yoxdur: qazanı bulayır, arzu tutur və sümələkdən yeyirəm.

Özbəkistanın Xalq şairi, dostum Osman Əzim və xanımı, ədəbiyyat tənqidçisi, tərcüməçi Rəna Əzimova ilə təkrar görüşürük. Əvvəlki görüşdə söhbət etmək imkanımız olmamışdı deyə kənara çəkilirik Osman bəylə. Təəssüflə öyrənirəm ki, bir neçə ay əvvəl oğullarını itiriblər Rəna xanımla. Belə vəziyyətlərdə söz aciz olur.

Yenə də Daşkənd...və Bakı...

"King Plaza"dayıq yenə. Demək olar bütün qonaqlar vətənlərinə qayıdıblar. Bizdən başqa. 7-8 saat boş vaxtımız var. Otelin qarşısında çay, kofe içir, söhbətləşirik Anar müəllimlə. Babaxan Şərif, Rəhmət Babacan, nəvəsi Ömərlə Məmmədqul Həzrətqulov, Rüstəm Cabbarov kimi müxtəlif nəsilləri təmsil edən tanınmış özbək ədibləri, şair və tərcüməçiləri gəlirlər otelə. Əlbəttə, Anar müəllimlə görüşmək üçün. Klassikadan, Nizamidən, Nəvaidən, Baburdan, Füzulidən, müasir şeirdən, ədəbi cərəyanlardan, Qurandan, kitab satışından danışırıq...o qədər mövzu var ki, söhbət üçün.

Babaxan Şərifin maşını ilə Daşkənddə qısa bir gəzintiyə çıxırıq. Mərkəzi kitab salonlarından birinə baş çəkirik. Geniş küçələri ilə fəxr edən Daşkənd də sən demə son bir neçə ildə Bakı kimi tıxaclardan əziyyət çəkirmiş.

Rəhmət özbək nəşriyyatlarından biri üçün Anar müəllimdən müəlliflik hüququ istəyir. Şərtləri öyrənir. Anar müəllim vərdişkar alicənablıqla yenə də qonorardan vaz keçir.

Son gələn Qeyrət Məcid olur. Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair. Şuşada tanış olmuşduq onunla ötən il. Tədbirlərə qatıla bilmədiyi üçün üzrxahlıq edir. Özbəkistanın başqa bölgəsində səfərdə olan Prezident Şavkat Mirziyoyevi müşayiət edirmiş. Deyir ki, məktəblilərlə görüşdə Prezident Mirziyoyev Anardan bəhs edib, onun əsərlərini şagirdlərə oxumaq üçün tövsiyə edib: "Anarın əsərlərini mütləq oxuyun, böyük yazardır, mən oxumuşam əsərlərini..."

Səfərimizdə (elə səfər qeydləri üçün də) bundan yaxşı sonluq ola bilməzdi. Əlbəttə, yüksək qonaqpərvərlik üçün Özbəkistan Yazıçılar Birliyinə, hörmətli Siracəddin Səyyidə minnətdarlıq hisslərini nəzərə almasaq. Bu hissləri isə ona ünvanlanmış məktubda ifadə eləmişik.

 

Səlim BABULLAOĞLU

Ədəbiyyat qəzeti.- 2023.- 3 iyun. S. 10-11.