Yeni ilin ilk
"Ulduz"u
“Ulduz"
jurnalının yanvar nömrəsi işıq üzü
görüb.
Dərgi
Elxan Yurdoğlunun özüylə söhbəti və
şeirləri ilə açılır. "Nəsr"də
Şəfa Vəlinin "Hər şeyi sevən adam",
Tural Atəşin "Sərhəd uzaqdaydı", Aydın
Tağıyevin "Qisas", "Məhəbbət dərsi",
"Yuxu", "Alabaş" hekayələri, eləcə
də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar"
essesi yer alıb. Filologiya üzrə fəlsəfə doktoru
Aygün Bağırlının "Şairdən adama qul
olmaz axı" yazısı şair Akif Səmədin zəngin
yaradıcılığına işıq tutur. "Şeir
vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın,
İlahə Abbasovanın şeirləri, həmçinin
Xaqani Əmininin qəzəlləri təqdim edilib.
"525-ci
qəzet" və "Ulduz" jurnalının ortaq layihəsi
olan "Ustad dərsləri"nin budəfəki mövzusu
naturalizm cərəyanıdır. Professor Məti
Osmanoğlunun hazırladığı rubrikanın ikinci hissəsində
Emil Zolyanın "Eksperimental roman" yazısı yer
alıb. "Türk eli" rubrikasında Təranə Vahidin
uyğunlaşdırmasında özbək
yazıçısı və dramaturqu Javlon Jovliyevin
"Buxara, Buxara, Buxara..." hekayəsi, "Tərcümə
saatı”nda isə Azad Yaşarın tərcüməsində
Çarlz Dikkensin "İşarətçi" hekayəsi
dərc edilib. "Kitab köşkü"nü müvafiq
olaraq, fəlsəfə doktoru Nizami Novruzovun təqdimatında
Həsən Bayramovun "İrəvan Müəllimlər
Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin
paradiqması", Afiq Fərzəlinin təqdimatında isə
Rəsmiyyə Sabirin "Zindan sevinci" yazıları bəzəyir.
Qeyd edək
ki, oxucular "Qısa fikirlər xəzinəsi"ndə
Uinston Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat
Asya və başqa dühaların ibrətamiz fikirləri ilə
tanış olacaq. "Dərgidə kitab"da Vəfa
Mürsəlqızının hekayələri, "Dərgidə
sərgi"də isə gənc rəssam Nigar
Mustafayevanın rəsmləri təqdim edilib.
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.32.