Qara duman
Fantastika: kakatopik animasiya
Hekayə
Son vaxtlar Taryel tumbuçkanın üstündəki zəngli
saatın səsinə oyanardı. Əlhavasına
saatı tapar, başına qapaz vurub kiridərdi. Sonra əlini saatın üstündən
sürüşdürüb göz karandaşını
götürərdi. Əvvəl sağ
gözünün konturunu çəkərdi; bəbəyini,
didəsini qoyardı, gözü açılardı. Görərdi ki, qadını Aynur
güzgünün qarşısındadı; səliqəylə
gözlərini bəzəyir. Onun bu qədər
gözəl, bu qədər dəqiq göz çəkməyinə,
bəzəməyinə həmişə heyran olardı.
Bir səhər Aynurun gözləri dəniz mavisi olardı,
bir səhər yarpaq yaşılı, bir səhər zeytun
qarası, bir səhər sünbül sarısı... O
gözlərinin içinə təbəssüm çəkməyi
bacarırdı. Taryel bəzən şübhəli
qalırdı ki, Aynur hamı kimi adi biri deyil, onun üzündə
hamıdakı kimi sadəcə ağız, burun yox, həm də
göz yuvasında anadangəlmə göz var. Göz
karandaşıyla, sadəcə, onu daha da qabarıq göstərməyə
çalışır.
Əvvəllər, - yeni evləndikləri vaxtlarda
Taryelin gözünü hər səhər Aynur çəkərdi. Taryel
gözünü açanda başının üstündə
Aynurun üzünü görərdi. Gülərdi Aynur,
əyilib onun dodağından öpərdi. Sonra... Sonra
sarmaş-dolaş...
Bir dəfə
Taryel gecə yarı oyanmışdı, sağ
gözünü necə gəldi çəkib açmışdı,
dönüb Aynura baxmışdı. Əmin
olmuşdu ki, onun da göz yuvası hamıdakı kimi
bütövdür, qeyri-adi heç nə yoxdur.
Sonralar da Aynur erkən durar, əvvəl Taryelin, sonra da
gedib körpənin gözünü açardı. Evdə
hamının gözü Aynurun gözünə bənzəyərdi.
Sonra... Sonra da bu evə zəngli saat gəldi.
Taryel bu dəfə diksinib oyanmışdı, zəngli
saatdan əvvəl. Yatağında oturub iki əlini də
tumbuçkanın üstünə sürtə-sürtə
göz karandaşını əl havasına axtarır, hərdən
də Aynuru çağırırdı:
- Gəlmisən?
Aynur! Qayıtmısan?
Yonulub, üç-dörd santı qalmış qara
göz karandaşı hara diyirlənib
düşmüşdüsə Taryel tapmırdı. Hirsindən əlinə
keçəni götürüb atır, yerdə iməkləyə-iməkləyə
axtarırdı. Daha Aynuru
çağırmadı. Alnı
tumbuçkanın tininə dəyəndə elə bil
yaddaşı geri qayıtdı; axşam qapıdan içəri
səntirləyə-səntirləyə girmişdi. Təxmin elədi ki, axşam hirsindən-hikkəsindən
evin altını üstünə çevirəndə göz
karandaşı da hansısa küncə, nəyinsə
altına diyirlənib. Özü tapa bilməz.
Taryel döşəmədə oturub, belini
çarpayısına söykədi. Qarşısındakı paltar
dolabının iki qapısı da iri lay
güzgü idi, əgər heç olmasa bir gözünü
çəkmiş olsaydı, özünü görərdi. Görərdi ki, əlləriylə
başını tutub belə oturanda necə yazıq,
yalqız görünür.
Adam belə vaxtı hirsindən ağlamaq istəyir. Bəlkə
Taryel də ağlayırdı, göz yaşı içinə
süzülürdü, ona görə belə tez-tez udqunurdu.
Durub divara sürtünə-sürtünə evdən
bloka çıxdı. Qonşunun qapısını
döydü. Qapını yaşlı
qadın açdı. Qadın bir gözünün
konturunu çəkmişdi, bəbəyini, didəsini
qoymuşdu, amma nə qaşı var idi, nə kirpiyi... Əli əsdiyindən bu bir gözü də
almacığının üstünə əyilmişdi.
-
Karandaşımı itirmişəm. Sizin göz
karandaşı...
- Qoca
arvadam. Göz karandaşım özümə
çatmır. Niyə verim?! -
Axıra qədər dinləməmiş cavab verdi.
- Mənim
o da yoxdur. Karandaşın da gözümə
düşməz. Onu istəmirəm.
İndi sənin gözünə ehtiyacım
var. Zəhmət olmasa, gəl, mənim göz
karandaşımı tapaq.
-
Arvadını saxlasaydın kor qalmazdın. - Qadın
qapını onun üzünə çırpdı.
Taryel bir mərtəbə aşağı
düşdü.
Qapını cavan gəlin açdı.
-
Bağışlayın, göz karandaşımı
tapmıram. Həmişəki yerində deyil.
Kömək eləsəniz...
- İşə tələsirəm. - Cavan gəlin çəkdiyi
iri gözlərini süzdürdü.
- Onda
burda Aynur adını tapın, xahiş edirəm. - Taryel cibindən
telefonu çıxarıb gəlinə uzatdı.
Taryel axırıncı pillədə oturub qudok səsini
dinləyirdi.
- Alo...
Alo... Aynur. - Sevincək bağırdı.
-
Demişdim axı, bir də mənə yox, bizdən çox əzizlədiyin
sevgilinə zəng elə.
-
Hallüsinasiyam oldu. O hadisə baş verəcək...
Yanıma gəlin...
Aynur onun sözünü ağzında qoydu. Sonra operator nömrəyə
zəng çatmadığını dedi.
Taryel küçəyə çıxdı. Etiraz
aksiyası başlamışdı; şüarları
bağıran adamlar axın-axın mərkəzi küçəyə
gedirdilər. "Göz verin!" "İmkan verin biz də görək! Göz karandaşının qiymətini endirin!"
"Göz sayını artırın!"
Taryel
hardan ayaq səsi, insan hənirtisi eşidirdisə
qarşısını kəsir, az qala
yalvarırdı ki, birlikdə mənzilə qalxsınlar,
göz karandaşını tapmaqda kömək eləsinlər.
Onun qoluna bir yaşlı kişinin əli girdi.
Pillələri qalxdılar.
- Kor cəmiyyətdə
tək-tənha yaşamaq çətindi, oğul. Yanında mütləq gözünü açan
biri olmalıdır. Əsasən də,
qocalığa doğru yola çıxmısansa. - Boz
kostyumlu, qalstuklu, silindrli, təkgöz kişi
gün eynəyinin üstündən ayağının
altına baxa-baxa amiranə danışırdı. -
Etirazların xeyri yoxdu, amma yenə də lazımdır. Niyə bizim iki gözümüz də olmasın?
Niyə camaat birinə qənayət eləməlidir?
İlin axırına kimi karandaş
çatmır. On ikidən sonra televizora da
baxa bilmirəm. Deyirlər çox yaxşı
verilişlər, xəbərlər olur... Amma biz nəinki
dünyadan, heç özümüzdən xəbər ala
bilmirik...
- Hiss edirəm.
Olacaq. Hallüsinasiyalarıma
inanıram. - Taryel öz hayındaydı. - Sən də
özünə işıq tap.
Mənzilə girdilər. Kişi otağın səliqəsizliyindən
vəziyyəti təxmin elədi. Ətrafa
baxıb başını buladı, nırçıldadı.
- Hə.
- dedi, - Deyəsən, çoxdan gedib! Gedər
də, elə günə gəlmişik bir-birimizlə dil də
tapa bilmirik. Anlamırıq bir-birimizi.
İstəyirsən deyim niyəsini? Cılızlaşırıq. Bir-birimizi
görmürük ki, dəyər verə bilək. Biz
mexanizmin detallarına çevrilmişik...
Taryel kişiyə göz karandaşını həmişə
qoyduğu yeri göstərdi, oturdu çarpayının
ayağında. Xahiş elədi ki, tələssin,
arvadını, uşağını indi tapmalıdı.
Sonra gec olar.
Kişi hər tərəfə göz gəzdirdi. Sonra
dolabın qapısındakı güzgünün
qabağında dayandı, eynəyini alnına qaldırdı,
göz karandaşını pencəyinin döş cibindən
götürüb ikinci gözünü də iri çəkdi,
açdı, sonra başladı axtarmağa. Yastığın, döşəyin altına
baxdı. Dolabı açıb
mücrünü tapdı, içində gözünə
qiymətli dəyən nə vardısa götürüb pencəyinin
cibinə basdı. Taryel hələ də
danışırdı. Elə deyirdi
hamı işığa qaçmalıdır. Kişi istəyirdi
Taryel danışsın, lap uzada-uzada, arxayın söhbət
eləsin.
- Bəs
niyə uşağı da götürüb getdi?
-
Qısqandı. Dedi ki, məndən çox onun olursan. Bizdən çox onun yanında qalırsan. Evə gələndə də dilindən
düşmür. Belə-belə sözlər.
-
Yalandı?
- Yox.
Kişi indi o biri otaqlardakı siyirmələri eşələyirdi. İri əşyaları
astanaya yığmışdı. Əmin
olanda ki, daha bu evdə dişinə dəyəsi, satıb pula
çevirəsi, gücü çatıb aparası bir
şey qalmadı, yığdıqlarını da qoltuğuna
vurub elə getdi ki, Taryelin xəbəri olmadı. Taryel onda duyuq düşdü ki, evdən hənirti
kəsilib. Kişini bir neçə dəfə
çağırdı. Deyəsən,
kişinin əsl niyyəti, məqsədi Taryelin ağlına
indi gəlmişdi. Qapıya
qaçdı, dəhlizdə ayağı ilişib
yıxıldı, yenə cəld durub evdən
çıxdı. Sonra nə fikirləşdisə,
qayıdıb qapını açarla bağladı. Kişini çağıra-çağıra pillələri
düşdü. Küçəyə
çıxanda bağırdı ki, qoymayın oğru
qaçır. Evimi soyub apardı.
Tutun onu! Taryel adamları yara-yara, ona-buna
çiyin vura-vura, büdrəyə-büdrəyə havadan
aldığı iyə doğru gedirdi. Taryelin
qurd kimi iy bilmə qabiliyyəti olsa da, bir neçə metr gedəndən
sonra dayandı. Aldığı
qarmaqarışıq iylərin içində kişinin iyi
itmişdi. Kimin yoluna, qarşısına
çıxırdısa bir tərəfə itələnirdi.
Gəlib çıxdı yolun kənarına.
İndi hansı istiqamətə gedəcəyini
dəqiq bilmirdi, xahiş edirdi ki, kimsə onu mənzilinə
aparsın. Etiraz aksiyası olmasaydı
özü binanı tapardı. Tərslikdən
telefonu da çarpayının üstündə
qalmışdı.
Bir neçə yeniyetmə onun qolundan tutub dayanacağın
arxasına gətirdi. Arxayın elədilər ki, onu dediyi binaya
aparacaqlar. Sonra uşaqların hərəsi
bir tərəfdən dartıb onun əynindəki köynəyi
çıxartdılar. Onsuz da ayaqyalın
idi, evdən qaçanda ayaqqabı geyinmək ağlına gəlməmişdi.
Yerə yıxılanda, uşaqların ikisi
Taryelin üstündə oturdu, şalvarını siyirib əynindən
çıxardılar. Taryel
söyürdü, bağırırdı, deyirdi heç
olmasa evin açarlarını qaytarın. Uşaqlardan biri açarı havada cingildətdi ki,
eşitsin. Qışqırırdı Taryel, deyirdi evdən
gedib nəyi istəyirsiz götürün, bircə göz
karandaşımı tapın, verin. Özünüz
də işığa qaçın. Gedin
işıq tapın.
- Deməyim
budur ki, gərək heç kimi qınamayasan. - Taryelin qolundan
tutan adam dedi. - Hər ay barmaq boyda göz
karandaşının qiyməti qalxır. Bilmirsən sabah necə alacaqsan. Deməyim
budur ki, illik əməkhaqqım bir göz karandaşı eləmir.
Adamların gözünü oğurlamaq nə
deməkdir? Niyə
üçgözlülər, dördgözlülər hər
şeyi görməlidirlər, biz yox? Deməyim
budur ki, qəsdən istəyirlər kor qalaq. Göz karandaşlarının keyfiyyəti də
çox pisdir. Zayını
çıxarıblar. Əvvəllər,
bilirsən bir karandaşla nə qədər istifadə edərdik?
Üstündə göstərilən göz
sayı da saxtadı. 365 günün
üç yüzünü görmür. İyirmi dörd saat bitməmiş gözüm solub
gedir. - Taryel bu dəfə ondan ehtiyat eləmədi, onsuz
da tuman-maykada qalmışdı.
Kişi Taryeli binanın blokuna qədər
ötürdü. Taryel pillələri iki-iki qalxdı.
Qapının dəstəyini
dartışdırdı, açılmadı. Çömbəlib qaldı qapının
qabağında.
Cəftə içəridən siyrilməsiylə
qapının onu itələməsi bir oldu. Taryel diksindi.
Uşaqlar içəridən
çıxdılar. Ütüy olanlar
aradan çıxdılar. Taryel bir
uşağın ayağından yapışa bildi.
Üzünə, başına təpik, yumruq dəysə də
bağrına basdığı ayağı buraxmadı:
- Nəyi
istəyirsiz, aparın! Amma getməyin. Hər şey sizin olsun. Bircə
göz karandaşımı tapın. Yalvarıram... Bir
azdan baş verəcək...
Uşaqların təlaşı dağılıb getdi. Anladılar ki, bu adam təhlükəli deyil. Nahaq
yerə dodağını, burnunu da al-qana
bulamışdılar.
- Mən
karandaşı gördüm... - Uşaq dedi. -
Şəklin qabağındaydı.
- Şəklin? Hansı şəkil? - Taryel
ayağı buraxdı. - Harda?
- Qamotun
üstündə.
Taryel içəri iməkləyə-iməkləyə
girdi, qamotun üstündə çərçivəyə
salınmış ailə şəkli qoyulmuşdu; Taryel
oğlunu qucağında tutmuşdu, sol qolunu
salmışdı Aynurun boynuna.
Taryel əlini qamotun üstündə gəzdirəndə
barmağı karandaşa toxundu.
Bir gözünü açanda işıq beyninə
doldu, o biri gözünü güzgüyə baxmadan tələsik
çəkdi.
İkisi də əyri idi. Gedib
əynini geyindi, uşaqlar şalvarı evin ortasına
atmışdılar.
Taryel telofonu götürüb pillələri düşəndə
Aynura təkrar-təkrar zəng elədi.
Blokdan çıxanda dayandı. Sərin yel əsirdi.
Taryel bu yelin gətirdiyi buz soyuqluğunu hiss elədi. Səmaya
baxdı: bozarmış buludlar Günəşin üstünə
sürünürdü. "Gəlir!" dedi
öz-özünə. Qaçdı.
Qaça-qaça bağırdı:
-
Qaçın! İşıqda gizlənin! Qara duman gəlir!
Qara duman!
Bəziləri sadəcə duruxub Taryelin dalınca
baxır, sonra öz yoluna davam edirdilər. Aydın
qaçdığı yol boyu eyni sözü deyirdi: "Qara
duman gəlir. İşığa qaçın! İşığı tapın".
Qara üzüm giləsi boyda yağış
damlaları yerə çatdı. Taryel onları
başında, boynunda, burnunun üstündə hiss elədi.
İki əlini də durbin kimi gözünə
tutdu ki, yağış yumasın, qara duman çökənə
qədər Aynuru, uşağı tapsın. Yağış damlası kimin başına dəyirdisə
Taryelin sözünə inanırdı. Hərə
vay-şivənlə bir tərəfə qaçırdı, toqquşub
yıxılırdılar...
Sərin yel getdikcə şaxtalı küləyə
çevrilirdi; külək yağış damlalarını
güllə kimi səpələyir. Kimin gözü
axıb tökülürdüsə ortalıqda
bağıra-bağıra qalırdı. Ha istəyirdi
üzünü silib yenə gözünü açsın,
alınmırdı. Göz karandaşı nəm
üzə çəkilmirdi.
Bir qadın təlaşından göz
karandaşını əlindən salmışdı, iməkləyirdi,
gölməçənin içində əlini
şappıldada-şappıldada axtarırdı.
Taryelin bir dəfə geri çevrilib baxmağa fürsəti
oldu, onda da gördü ki, Qara duman dağların
başından yerə əyilir.
Tarladan hamı perikmiş kimi qaçırdı. Maşınlar
kimini vurub yıxır, kimini də atırdı yoldan kənara.
İndi yol hərəkəti qaydaları,
nizamlı gediş tələbləri heç kimin vecinə
deyildi. Hamı pərvanə kimi
işıq axtarırdı.
Geriyə
baxanda görürdün ki, Qara duman kimi bürüyübsə,
həmin adam yerindəcə müqəvvaya
çevrilib; ağzı açıq, əlləri havada, bir
ayağı yerdən üzülmüş, yıxılıb
yerdə qalmış müqəvvalar...
Taryel özünü çatdıranda Aynurun gözləri
yanağına axmışdı. Əllərini
qabağa uzadıb qorxudan bağıra-bağıra
qaçırdı. Taryel Aynuru səsindən,
ətrindən tanıdı. Qaçdı,
yapışdı onun havada həyan axtaran əllərindən.
- Qorxma, gəldim.
Bir gözüm qalıb. Uşağı
götürək. Bilirəm hara getmək
lazımdır, bilirəm!
Aynur etiraz eləmirdi, onun əlindən tutub
qaçırdı.
Qara duman şəhərin bütün Günəş
panellərini udmuşdu. Adamların sığınacağı
işıqlar getdikcə azalırdı. Belə
vaxt adamlar sağ qalmaq üçün bir lampalıq
işığın üstündə bir-birini didirdilər.
Kim işığı üzündə qoruya
bilirdisə Qara duman ona çökə bilmirdi. Bəzi evlərin pəncərəsində alov
görünürdü.
Bir yanda
da gölməclər selə çevrilmişdi, üzü
aşağı axırdı...
- Mayaka
qaçmaq lazımdı. Mayaka!
Taryel oğlanı çiyninə çuval kimi
atmışdı. Aynur Taryelin pencəyindən tutmuşdu. Taryelin
gözünün kənarları yanağına axsa da hələ
bəbəyi, didəsi qalmışdı. Əlini durbinə çevirib gözünü
qoruyurdu.
Mayaka çatmışdılar. Bircə qalırdı
üzü yuxarı qalxmaq. Üzü
yuxarı qalxdıqca yağış damlaları üzünə
çırpılırdı.
Taryelin əli mayakın beton gövdəsinə dəyəndə
daha heç nə görmürdü. Amma illərlə gəlib-getdiyi,
hər daşına tumar çəkib oxşadığı,
boyunu sevdiyi mayakı onun əlləri, ayaqları, əzbər
tanıyırdı. İndi göz
lazım deyildi. İçəri girdilər.
Taryel onları dolama pilləkənlə
yuxarı qaldırdı. Aradabir Aynurun heyi
kəsildi, amma yenə özündə güc tapıb
qalxdı.
Pillələri
qalxa-qalxa Taryel deyirdi:
-
Görürsənmi, mayaka sığındıq. Deyirdin Mayakı məndən çox sevirsən.
Deyirdin bizdən çox Mayakın yanındasan... Bilirdim Qara
duman gələcək... Bilirdim bizi ancaq bu sevgi xilas edəcək.
Taryel yuxarı qapını açanda yağış başlarına
döyəclədi, yenə də qalxdılar. Bir səhv
addımla mayakın başındakı iki addımlıq yerdən
qayalığa düşərdilər. Külək
ata bilərdi onları, amma Taryel ayaqlarını qoyacaqları
yeri lap çoxdan hazırlamışdı.
Oğlanın kürəyini sinəsinə sıxdı. Üçü
də əllərini trosdan tutub mayak
işığının qarşısında dik
dayandılar. Mayakın fırlanan isti
işığı qaranlığı qılınc kimi kəsirdi.
İmkan vermirdi ki, onların qurşaqlarına qədər
qalxmış Qara duman çiyinlərinə, üzlərinə
çatsın...
Taryel gözünü açanda pəncərədən
düşən günəşin şüaları onun bəbəklərini
qıcıqlandırdı. Sonra Günəşlə
onun arasına baş silueti girdi, birçəklərdə
burulmuş nazik tellər günəşin
şüalarında tel-tel göründü. Sonra dodağı öpüldü. Aynurun gözlərini indi gördü; həmən
gülən gözləri. İndi hərəsinin
bir gözü var idi.
- Deyəsən,
yenə qarabasman oldu?
- Hə.
Dəhşətli...
- Nə
gördün?
- Gördüm oyanıram, göz karandaşımı tapmıram. Məni yenə Mayaka qısqanmısan. Oğlanı da götürüb getmisən. Mən də...
- Sən vaxtında gəldin.
Vüsal NURU
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.6-7.