Budda heykəli
Hekayə
On illik
ayrılıqdan sonra vətənə dönərkən ən
böyük istəyi keçmiş iş yerinə -
universitetə gedərək bir zamanlar eyni kafedrada
çalışdığı müəllim
yoldaşları ilə görüşmək, dərdləşmək,
xatirələrin işığında ötən günləri
yad etmək idi.
Ölkəni tərk edəndə hər kəsdən
çox dərs dediyi tələbələrin taleyinə
ağrımışdı; ona ehtiyacı olduqlarını
bilirdi. Ancaq bəlli səbəblərdən getməyə
məcbur idi, daha dözüb gözləyə, həyatını
bundan artıq təhlükəyə ata bilməzdi. Bununla belə, indi də hərdən yollar
ayrıcında vurnuxduğu o dönəmlər bəlkə tərəddüdlərini
yenib vətəni tərk etməməyinin
mümkünlüyünü zehnindən keçirir,
atdığı addımın doğrumu, yanlışmı
olduğunu kəsdirə bilmirdi.
Əslində, qürbət ona ürək
ağrısından savayı bir şey verməmişdi. Bütün dərdlərini,
əzablarını özü ilə aparmış, bir
gün olsun belə qoyub getdiyi doğmalarının,
yaxınlarının surəti gözlərinin önündən
çəkilib getməmişdi. İndi
neçə illik ayrılıqdan sonra vətənə
dönərkən ötüb keçən illərin həzin,
kədərli səhifələrini xəyalından
keçirir, həyəcanı daha da böyüyürdü.
Nə zamandan bəri həsrətlə gözlədiyi
görüşün kafedrada çay süfrəsi
arxasında, səmimi ovqatda keçməsini
düşündüyündən bir gün öncə
xüsusi tort sifariş vermiş, ancaq sürpriz olsun deyə gələcəyini
kimsəyə bildirməmişdi.
Taksidən enəndə əvvəlcə yanlış
ünvana gəldiyini düşündü; hər şey
tanınmaz şəkildə dəyişmiş, universitetin girəcəyində
tağlı qapı, qarşı tərəfdə
şüşəli kitabxana binası ucaldılmış,
metro xəttinin yeni girişi açılmışdı. Ancaq yol kənarında,
tanıyıb-biləndən bəri yanından etinasız
keçmədiyi, həmişə əlləri dizlərinin
üstündə bardaşqurma oturmuş, məğrur
duruşu ilə Budda heykəlini xatırladan kor dilənçi
gözlərinə sataşınca bu illər ərzində
çox şeyin dəyişmədiyini anladı, geri dönərkən
mütləq ona baş çəkəcəyini, yardım edəcəyini
ağlından keçirdi.
Tağlı qapıdan adlayaraq universitetin binasına girərkən
alışmadığı kəsif yemək iyi onu vurunca bir
zamanlar kitab dükanı olan böyük salonun kafeyə
çevrildiyini gördü. Kafenin qarşısından liftə
qədər uzanan hay-küylü izdihamın arasından
keçərək mərmər pillələrlə
üçüncü mərtəbəyə qalxan zaman tanış bir çöhrə ilə
qarşılaşa biləcəyinin yaratdığı həyəcandanmı,
ya hansısa səbəbdən başını
qaldırıb kimsənin üzünə baxmağa ürək
eləmirdi.
Kafedranın qapısını açanda gözünə
ilk dəyən otağın sağ küncündə
bilgisayarın arxasında oturan tanımadığı gənc
qız oldu.
Salam verincə qız təəccüblə onu süzərək:
- Kim
lazımdı sizə? - soruşdu.
- Məni
tanımadınız, deyəsən?
Qız
baxışlarını bilgisayardan ayırmadan:
- Yox,
tanımadım, - dedi.
Pərtlyini
gizləməyə çalışaraq adını söylədi,
sonra da:
- Mən
bu kafedrada düz iyirmi il müəllim
işləmişəm, - dedi, - siz təzə gəlmisiniz,
deyəsən?
Qız başı ilə təsdiq etdi.
- Nə
işləyirsiniz burda?
- Baş
laborantam.
- Bəs
müəllimlər hardadı?
-
Müdir iclasdadı, müəllimlərin bəziləri dərsdə,
bəziləri də repetitorluqla məşğuldular.
- Zəngə
çox qalıb?
Laborant
qız öncə otağın yuxarı başındakı
yatmış divar saatına, sonra isə telefonuna baxaraq:
- Yox, bir
azdan zəng vurulacaq.
Dəvət gözləmədən əlindəki tort
qutusunu masanın üstünə qoyaraq kafedra müdirinin
kreslosu ilə yanaşı nimdaş meşin stulda oturdu.
Bir azdan qapı açıldı, deyinə-deyinə
içəri girən kafedra müdiri yorğun, əsəbi,
ya fikirli olduğundanmı, yaxud hansı səbəbdənsə
ona məhəl qoymadan keçib kreslosunda əyləşdi. Müasir ədəbiyyatdan
mühazirələr oxuyan, bir zamanlar həyat eşqi ilə
coşub-çağlayan, indi isə həvəsi, ehtirası
büsbütün sönmüş kafedra müdiri tələbəlik
illərində müəllimi olmuş, universiteti bitirəndən
sonra onun doktoranturada saxlanılmasına səy göstərmişdi.
- Deyəsən,
məni tanımadınız? - dedi.
Kafedra
müdiri ani baxışla onu süzərək ayağa
qalxıb:
- Sən
Allah bağışla, hamısı qocalıqdandı, - dedi və
əl uzadıb görüşəndən sonra
çantasını eşələyə-eşələyə
laboranta səsləndi: - Qızım, mənə bir stəkan
ilıq su ver, dərmanımın vaxtı keçir.
Laborant həvəssiz yerindən qalxaraq küncdə dəmir
seyfin üstündəki gümüşü rəngli
çaydandan bir stəkan su dolduraraq müdirin qabağına
qoydu.
- Səhərdən
dilimə bir şey dəyməyib. Allah kəssin belə
günü, belə güzəranı...
Zəng vurulunca kafedranın müəllimlərindən
biri, o zamanlar barışmaz müxalif mövqeyi ilə
seçilən xanım professor yorğun, üzgün halda
içəri girdi və onu görüncə sevincini gizləyə
bilmədi.
- Elə
biryolluq gedən oldun...
- Nə
bilim, vallah...
-
Hansı ölkədəsən?
-
Almaniyada.
- Yəqin
dərs deyirsən universitetdə?
- Yox,
özəl bir şirkətdə çalışıram.
Otaq bürkü idi - qapı-pəncərə
açıq olsa da, boğucu havasızlıq sezilirdi. Üzü
qapıya sarı oturduğundan dəhlizdən keçib gedən
insanları soyuq bir etinasızlıqla seyr edirdi.
Tənəffüs olunca kafedraya dönən, əksəriyyəti
qadın olan müəllimlərin bəziləri onu
tanımadı, bəziləri isə tanışlıq verəndən
sonra güclə xatırladı, xatırlayanlar da ağızucu
hal-əhval tutmaqla kifayətləndi.
Hərdən tələbələr içəri girərək
hansısa müəllimə yaxınlaşır,
çeşidli səbəblərdən növbəti dərsə
girə bilməyəcəyini söyləyərək icazə
istəyirdi.
Kafedra müdiri müəllimlərə müraciətlə:
-
Heç kəsə icazə verməyin, - dedi, - bunların
fikri dərs oxumaq deyil.
Tələbələrdən
biri:
- Mənə
icazə verməsəniz də dərsə girməyəcəyəm,
- deyərək əsəbi addımlarla otaqdan
çıxdı.
- Tələbə
küçədə gəzib-dolaşsa, daha çox bilik
qazanar, nəinki bu divarların əsarətində...
- Sən
vaxtında canını qurtardın burdan... Heç olmasa,
özünə, övladlarına gün ağladın, - bunu
kimin söylədiyini bilmədiyindən cavab vermədi.
Müəllimlərin çöhrəsində
aşırı yorğunluq, həvəssizlik duyulurdu, sanki istəmədikləri
bir işlə məşğul imişlər kimi, özləri
də sezmədən eləcə vaxtın
axışını izləyir, hər şeyin tez-tələsik
bitməsini gözləyirdilər. Sözarası keçmiş iş
yoldaşlarının bəzilərinin dünyasını dəyişdiyini
eşidəndə isə çox üzüldü.
Zəng içəri vurulunca müəllimlər
ayağa qalxıb dərsə tələsdiklərini bildirərək
kafedranı tərk etdilər. Laborant qız ona bir
fincan çay süzdü, içərisində
iki-üç sorma konfet olan köhnə qənddanı
çəkib qarşısına qoydu. Bu arada telefon zəng
çaldı, dəstəyi qaldıran qız kafedra
müdirinə dönərək:
- Sizi istəyirlər,
- dedi.
Kafedra
müdiri önündəki paralel dəstəyi
götürüb telefonda sorulan hansısa suala cavab verdi və dərhal ayağa qalxaraq:
- Mən
evə getməliyəm, - dedi, - tamam yadımdan
çıxmışdı, bu axşam qonaq gələcək,
yolüstü bəzi şeylər almalıyam. Sonra
asılqandan əzik boz şapkasını götürüb
başına qoyaraq: - Hələ buralardasan yəqin, vaxtın
olanda gəl bir söhbətləşək, - əlavə
etdi və ağır-ağır otaqdan çıxdı.
İndi kafedrada laborant qızla ikisi qalmışdı. Qız
bilgisayarın arxasında, bayaqkı yerində oturub gözlərini
monitora zilləmişdi, əl hərəkətlərindən
və üzünün sayrışan cizgilərindən
hansısa əyləncəli oyunu izlədiyi sezilirdi.
Otağı başdan-ayağa gözdən keçirdi -
zahirən heç nə dəyişməmişdi. Köhnə
kitab dolabında bir zamanlar universitet tələbələri
üçün yazılmış, müəllifi olduğu dərsliyin
solğun cildi gözlərinə dəydi. Uzun illər işlədiyi, həyatının ən
gərgin, mürəkkəb, həyəcanlı
çağlarının keçdiyi bu otaqda hər şey ona
yad görünürdü. Kafedranı
gözdən keçirdikcə onun olmadığı illər
ərzində burda yaşanılanları xəyalında
canlandırmaq istəyirdi.
Gözlərini yumdu, bir anlığa işdən
çıxmadığını, ölkəni tərk etmədiyini,
növbəti zəngdən sonra o da başqa müəllimlər
kimi mühazirə oxumaq üçün hansısa auditoriyaya
yollanacağını zehnindən keçirdi və ruhunun
çalxandığını duydu. Ancaq bu bircə anlıq
çəkdi, təkrar zamanın axarı sərt
dönüşlə gerçək məcrasına yönəlincə
özünə gəldi... və qəfildən
darıxdığını hiss etdi.
Bu arada laborantın cib telefonu zəng çaldı. Qız telefonu
qulağına tutaraq:
- İndi
gəlirəm, - dedi və tələsik masanın
üstündəki əşyalarını
yığışdırmağa başladı.
Bilgisayarın söndürüldüyünü və
elektrik xəttindən çıxarıldığını
duydu. Laborant
qız:
- Müəllim,
bağışlayın, yoldaşım aşağıda məni
gözləyir, getməliyəm, - yad bir ahənglə bildirdi.
Ayağa
qalxdı, qapıya yaxınlaşanda qız:
- Bir az yaxşı alınmır, ancaq inciməyin,
tortu götürün özünüzlə. Sabah iş
günü deyil, burda qalsa xarab olacaq.
Özünü
itirən kimi oldu, ancaq toparlanaraq:
-
Aparın, sizin qismətinizmiş, - dedi.
- Yox, yox,
biz belə şeylər yemirik, mən də, yoldaşım da
pəhriz saxlayırıq, - deyərək tort qutusunu
masanın üstündən çəkib ona verdi,
otağın qapısını bağlayaraq
sağollaşmadan cəld addımlarla uzaqlaşdı.
Nə edəcəyini bilmədiyindən əlində
tort qutusu böyür-başından ötüb keçənlərin
təəccüblü baxışlarını duymadan bir
sürə dəhlizdə, kafedranın qapısı
önündə dayanıb durdu. Beyni gizildəyir, vətənə
ayaq basandan bəri səngimiş həsrət duyğusu
oyanaraq yenidən onu acımasızcasına içinin qürbətinə
sürükləyirdi.
Qəfildən nə fikirləşdisə, qəti
addımlarla pillələri enərək universitetin
hündür tağlı qapısından keçib əcnəbi
dillərdəki yazıların yadlaşdırdığı
küçəyə çıxdı. Sağa-sola
boylandı, kitab dükanı ilə üzbəüz mətbuat
köşkünün böyründə daş səkinin
üstündə oturmuş Budda heykəlinə bənzəyən
kor dilənçini görüncə ürəyi
üstünə gəldi. Yaxınlaşıb həmişəki
kimi salam verdi, çöhrəsinə
yayılan həlim ifadədən aradan bunca zaman keçməsinə
baxmayaraq unudulmadığını duyunca onu qucaqlayıb
bağrına basdı, sonra keçib yanında oturdu.
- Müəllim,
nə vaxtdı ki, gəlmirdiniz...
- Burda
deyildim...
- Ayaq səsləriniz
kəsiləndən düz on il keçir,
- dedi və dərindən köks ötürərək əlavə
etdi: - Sizdən sonra çox sular axdı, çox yellər əsdi...
Dilənçinin
kövrəldiyini hiss etdiyindən sözünü kəsərək:
- Sənə
kiçik bir hədiyyəm var, - dedi və tort qutusunu ehmalca
onun daş kimi soyuq əllərinə tapşırdı.
Qutunun içərisindəkini barmaqlarının
sığalı ilə öyrənməyə
çalışan dilənçi nə isə demək istədi,
ancaq səsi titrədiyindən deyəcəklərini uddu, kor
gözlərinin çuxurunda iki damla yaş gilələndi.
Metronun
girişinə yaxınlaşanda ixtiyarsız olaraq ayaq
saxladı, geriyə çevrilib uzaq tələbəlik
çağlarının həyəcanlarını
yaşadığı, iyirmi ildən artıq müəllim
kimi ömrünü əritdiyi, bir daha dönməyəcəyi
ünvanı kədərlə süzdü və bu illər ərzində
onu qara kölgə kimi izləyən, özü ilə
qürbətə daşıdığı keçmişindən
bir an erkən ayrılmaq inadı ilə addımlarını
yeyinlətdi.
02-14
fevral 2023,
Qahirə-İskəndəriyyə-Bakı
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.13.