Dram zehniyyəti

 

Dramın ölümü

 

Dördüncü söhbət

 

Bizim eranın başlanğıcında monoteizm Şərqdən Qərbə ayaq açmış, hətta dünyanın mərkəzinə - Romaya qədər gəlib çıxa, beyinlərə yoluxa bilmişdi. Qərb düşüncəsinə tamamilə yad olan bu dini dünyagörüşə qarşı Roma siyasi hakimiyyəti amansız mübarizə aparsa da, sonucda təslimiyyətə məcbur oldu. "İmperator I Konstantinin dövründə, din azadlığı haqqında 313-cü il fərmanı (Milan fərmanı) ilə xristianlıq Roma imperiyasında dövlət dini statusu almağa başladı və nəhayət, 4-cü əsrin sonunda Bizansda bu statusda möhkəmləndi". Milan ediktinin imzalanması ilə dövlət dini statusu qazanan xristianlıq (monoteizm) 476-cı ildə Roma imperiyasının süqutu ilə siyasi gücə dönüşdü və elə o vaxtdan da politeizmin təqibi dövrü başladı.

Politeizmin inkarı monoteizmin yüksəlişi ilə dünya çoxsəslilikdən təksəsliliyə qədəm qoydu. Əslində bu kilsə ağalığı dövrünün hadisəsi olsa da, kökləri daha dərinə gedirdi: ilk monoteist düşüncənin - yəhudiliyin yaranması ilə başlamış, İsanın miladı ilə qəti bir hərəkət xəttinə çıxmış, Romada xristianlığın rəsmən tanınması ilə güclənmiş, kilsənin hakimiyyəti ələ keçirməsi ilə isə sonlanmış bir proses idi. Monoteizm Şərqdə yaransa da, yaşamaq və hakim olmaq haqqını Qərbdə (Romada) qazandı. Çünki burda baş verənlərin dünyaya ötürülmə təcili daha sürətli idi və faktiki olaraq Roma dünyanın gələcəyini diktə edirdi.

Antik Yunan sivilizasiyasının dəyərlərini müəyyən səviyyədə daşıyan Roma gələcək üçün böyük vədlər versə də, teosentrizm qarşısında təslimiyyətlə bəşəri minillik qaranlıq bir sürəcə soxdu. "Orta əsrlər - kilsə doqmasının hökmranlığı, elmin və sənətin parlaq inkişafının yoxluğu, mistisizmin və qaranlığın dönəmidir". (A.F.Losev)

Kilsə öz hakimiyyətinə ən böyük təhlükənin Antik Yunan mədəniyyətindən gələcəyini anlayırdı, ona görə də bu mədəniyyətin məhvi onun ilk gördüyü işlərdən oldu. "Xristianlığın rəsmi dövlət dini kimi tanınmasından sonrakı dönəmin elə başlanğıcındaca köhnə Yunan mədəniyyəti lənətləndi və pislənildi. Məşhur İsgəndəriyyə Kitabxanasının əhəmiyyətli bir hissəsi dağıdıldı". (S.D.Artamonov) Antik yunan mədəniyyətinin yaratdığı həqiqəti arayan İnsan obrazını bu dönəmdə həqiqəti tapan insanın - İsanın obrazı əvəz etdi. İsanın həqiqəti o dərəcədə düşüncələrə hakim oldu ki, Roma imperatoru I Yustinian həqiqətin artıq tapıldığını düşünərək 529-cu ildə Antik Yunan dünyasından miras qalmış, dövrünün elmi araşdırmalar mərkəzi olan Platon akademiyasının bağlanması ilə bağlı göstəriş verdi. Bununla da, Antik Yunan düşüncəsinə gedən yollar qapadıldı və düşüncənin hərəkəti bir istiqamətə yönləndirildi: "Həqiqətin özü Allah , həqiqəti bizə çatdıran İsa və onun müqəddəs kitabı olduğundan həqiqətə sahib olmaq üçün onlara inanmaq və inanarkən onları qavramaq lazımdır". (Gilson, Etienne)

Antik dünyanın "şübhə et ve sorğula" fəlsəfəsini orta əsrlərdə "Anlamaq üçün inanıram" (Aqustinos) fikri əvəz etdi. Şübhə və sorğu mübahisə-müzakirənin, inanc isə tərif və təbliğin mövzusudur. Şübhə və sorğunun təfəkkürün daha dərin qatlarına çəkdiyi antik yunan ədəbiyyatı mövzu-problemi müzakirə müstəvisinə çıxarırdısa, inam və inancın düşüncəyə hakim kəsildiyi orta çağda ədəbiyyat monoton idi. "Orta əsrlər ədəbiyyatında din mühüm yer tuturdu; əsərlərin çoxunda ölüm və həyat, xeyir və şər, cənnət və dünya kimi xristian mövzularından istifadə edilmişdir. Cəngavərlik və məhəbbət orta əsrlər ədəbiyyatının məşhur mövzuları idi". (weblogographic.com)

Bu temalarda təsvir olunan dünya lirik və epik janrların rakursundan baxanda görünən dünya idi. Ölüm və həyat, yaxşı və pis, cənnət və dünya kimi ziddiyyətli mövzuları mübahisələndirməyən, cəngavərlik və sevgi problemlərini müzakirənin yox, macəraların müstəvisinə yatıran ədəbiyyatın qəhrəmanı dramatik deyil, statistik insan olmalı idi ki, bu insan da orta əsrlərin sükunətini pozmağa qadir deyildi. Əslində o, heç buna can da atmırdı. Düzdür, buna can atanların heç olmadığını da demək olmaz, sükunəti pozmağa, vəziyyəti dramatikləşdirməyə cəhd edənlər az da olsa vardı, ancaq onlar dramatik səhnələrə çatınca özlərini inkivizisiya məhkəmələrinin çatdığı tonqallarda görürdülər. Bu tonqalların işığından başqa heç bir ziyanın olmadığı qaranlıq çağda daha da qaranlığa dalanların sayı onu pozmağa cəhd edənlərin sayından dəfələrlə çox idi. "Asketizm orta əsrlərin kəşfi deyildi, lakin orta əsrlərdə və xüsusən də xristian dininin təsiri altında qorxunc formalar almışdı". (S.D. Artamonov) Statistik insanın böyük, asketik əhvali-ruhiyyənin isə artan çoxluqda olduğu orta çağda mövzu-qəhrəmanını itirən dramın özü də minillik bir sürəcdə tarixin səhnəsindən itdi. "Avropa dramaturgiya tarixində poeziya və nəsr tarixi üçün xas olmayan bir xüsusiyyət var - inkişafda yarım min illik fasilə. Roma imperiyasının süqutundan sonra (V əsr) teatr məhv edildi". (V.A.Lukov)

Düzdür, orta əsr teatrı deyə bir teatr vardır, amma bu bildiyimiz Antik Yunan teatrı deyildi, İsanın həyatı və ya digər dini mövzularda göstərilən tamaşaların təşkil olunduğu kilsə teatrı idi. Lukov dramın yenidən doğuşundan danışarkən məhz bu teatra istinad edir: "Dram yenidən 9-cu əsrdə kilsə liturgiyasına əlavələr şəklində doğdu". Göstərilən hər tamaşa dramatik teatr olmadığı kimi, səhnəyə çıxan hər mətn də dram deyil. Bir mətnin dram olması üçün onun yalnız səhnə elementlərində qurulması deyil, dram təfəkküründə düşünməsi, onun baxış acısından həyata baxması gərəkir. Dram dialoq dilində mövzu-problemi tartışırkən, kilsə tamaşaları dini doqmaları tərif-təbliğ edirdi. Doqmatik təfəkkür dram üçün ən yararsız müstəvi, tərif-təbliğ isə ən maraqsız mövzudur. Odur ki, dramın doğuşu Lukovun dediyi kimi IX əsrdə kilsə səhnələrində deyil, demokratik təfəkkürün yenidən səhnəyə çıxdığı Renessans dövründə baş verdi.

 

Aynurə İbadullah

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 mart.- S.15.