Bizim günlərin zarisovkası
(Təbəssümlə
oxuyun)
...Və bir gün
sərhədlər itdi.
Təsəvvür edirsiz, bütün
əks qütblər arasındakı sərhədlər.
Əvvəlcə o sərhədlər arasındakı çox incə, güclə sezilən xətt yox oldu, sonrasa
hər şey bir-birinə qarışdı,
alt-üst oldu, necə deyərlər.
Gün gəldi, yalanla həqiqət arasındakı
sərhəd, hədd
yox oldu. Hər şey də elə burdan başladı, sanki Yer kürəsi öz məhvərindən
çıxdı. Yalan
danışdı adamlar
və heç utanıb-eləmədən həqiqət
kimi qələmə verdilər yalanlarını,
gözlərdən pərdələr
asdılar; nəinki bəsirət gözləri
tutuldu, adi görmə orqanları belə çaşıb qaldı, öz funksiyasını yerinə
yetirsin, ya yox?.. Görənləri gözündən vurdular,
bu nəydi? Qəlbinin gözüylə görənlərsə
gözgörəsi küncə
sıxışdırıldı. Bir vaxtlar Əli bəy Hüseynzadə
"Ucundadır dilimin
həqiqətin böyüyü,
nə qoydular deyəyim, nə kəsdilər dilimi" deyirdi. Eləydi onda...
İndisə deyirsən öz həqiqətini, dilini, əlini kəsmirlər
reallıqda.
Di gəl ki öz həqiqətinə özün belə
şübhəylə baxırsan ağ
yalanların fonunda: o həqiqət indi dəbdə deyil
axı... və Maleviçin "Ağ üzərində
ağ" əsərini anlamağa çalışırsan.
Əsrlər boyu belə olub, deyəcək oxucum bu yerdə, mənsə
ona cavab verəcəm:
- Amma "saf" sözünün "səfeh"
sözünün ekvivalenti olduğu ilk dəfədi
insanlıq tarixində! İlahi, nə çox eşidirik
bizim günlərdə: "Çox safsan e...",
yaxud "Bu qədər saf olma..." Özü də bir az kinayə, bir az acımaq hissi olur bu qənaətdə.
Nə edəsən? Hara
götürüb gedəsən öz həqiqətini, öz
saflığını?!
Bəli,
itdi sərhədlər...
Və sərhədlərin itməsi, yox olması yaxşı
ilə pisin yerini dəyişməsi az
vaxtda mənəvi sferadan birbaşa məişətimizə
tullandı. Şirinlər acıyla, dadlılar
dadsızla, bir növ talxla əvəzləndi, "damaq
dadı" deyilən birləşmə gəldi leksikonumuza.
İndiyədək ağzımızın dadını da
bilmirmişik, demə, nəyin faydalı, nəyin zərərli
olduğunu da bilmirmişik, işə bax... Adamlar kütləvi
şəkildə süni şəkərə "Yox!"
dedi, çörəyə " Yox!"
dedi və bol suyla yudu orqanizmini, yu ki yuyasan. Sən demə, səhv
qidalanıb bizəqədərki nəsillər, səhv
yatıb, səhv durub,.. bəs
necə sağ-salim gəlib bu günlərə
çatıblar? Bizsə bu qədər qaydalar
içində özümüzü belə itirmişik.
Bəs niyə normal yaşayırdı o şəkər
yeyənlər, çörək yeyənlər, yeməyin
üstündən çay içənlər? İndi nə edək bəs, hansı yolla gedək?
Hamlet demiş, bax budur məsələ!..
Bir gün
o itən sərhədlərin içində
insan (üns saxlayan) "online" oldu. Ənənəvi ünsiyyət
yerini virtuallığa verdi (əslində,
təslim etdi). Evə gələn qonaqlar belə
qapıdan girər-girməz vi-fi-ın parolunu soruşdu.
Sosial şəbəkələr gəldi həyatımıza,
gəldi yox e, zorla özünü pərçim etdi. Məmə
yeyəndən pəpə yeyənə hamı bir nəfər kimi
sosiallaşdı. Amma burda da yalan həqiqəti
üstələdi, daha doğrusu, görünməz etdi.
"Ördək sindromu" epidemiya kimi yayıldı və
tezliklə pandemiya halına keçdi. Qoy məlumatı
olmayanlara "ördək sindromu"nun nə demək
olduğunu da deyim. Deməli, həmişə
bu yazıq ördəklərin su üstündə necə
üzdüyünü bəh-bəhlə müşahidə
edirik. Doğrudan, gözəl mənzərədi.
Amma iş ondadı ki, suyun altında ayaqların nə çəkdiyini
görən yoxdu. Su üstündə
görünən gözəlliyi yaratmaqçün, o rəngdən-rəngə
çalan gözəl başı, zərif boyunu hərəkətə
gətirməkçün su altındakı ayaqlar bir
avarçəkmə qayığı qədər hərəkət
edir, yəni ayaqlar avar rolunu oynayır. Bir
yandan da bu daim suda olan, barmaqlarının arası pərli
ayaqlar ördəyin gözəlliyinə xələl gətirəcək
qədər eybəcərdi.
Bəli,
"ördək sindromu"
natamamlıq kompleksindən əziyyət
çəkənlərin (az qala hər kəsin)
bəlasına çevrildi. Texnologiyanın imkanlarından bəs
deyincə istifadə etməyə çalışanlar sosial
mediada həyatdakından çox-çox xoşbəxt
göründülər - suyun altındakı ayaqları evdə
qaldı... Fındıqburun, almayanaq, ördəkdodaq
qızlar, saqqallı oğlanlar podiumdaymış kimi
göründü, yalançı təbəssümlər
müdrik fikirlərlə süsləndi. Demə, hər
kəsin daxilində bir potensial siyasətçi, vətənpərvər,
humanist, filosof, şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas,
dilçi, musiqi nəzəriyyəçisi, folklor bilicisi, din
xadimi, psixoloq, müəllim - bir sözlə, alimi-biəməl
varmış və hamısı da çox xoşbəxtmiş.
Hüquqi, dini, bədii, fəlsəfi görüşlər
"auksiona çıxarıldı" və kim
daha çox "like" yığdısa, daha çox
xoşbəxt oldu. Əlbəttə, xoşbəxt
görünməklə xoşbəxt olmağın fərqini
bilənlər də var və bu da bir həqiqətdir!
Yenə həqiqət. Yox, burda həqiqət
sözünün semantikasına baş vurmayacam, heç həqiqətin
özünü də axtarmaq fikrim yoxdu. Çünki
mənə qədər çox axtarıblar -şəriət,
təriqət, mərifət, həqiqət yollarından
keçiblər. Həqiqət haqdı, haqq da Allah, bu,
sözsüz! Bu, geniş mənada belədir.
Dar mənada isə hərənin öz həqiqəti
var - nə yazmağımızdan, necə
yanaşmağımızdan asılı olmayaraq.
...İş ondadı
ki, bəzən həqiqətlə
illüziya arasında da yox olacağından qorxduğumuz
gözəgörünməz xətt olur.
Nə isə
(ya da xülasə). Mən bizim günlərin
zarisovkasını yazdım... Yazdım ki,
jurnalistikada zarisovka deyilən bir janrın olduğunu yada
salım.
Hicran HÜSEYNOVA
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.19.