"Ramana" - oxucu ilə nərd
oyunu, yaxud zəfər carçısı
Aydın Talıbzadənin iki
romanı haqqında
II yazı
Yazının
birinci hissəsi belə başlamalı idi ki, Azərbaycanda
(çox güman dünyada da) hər hansı sahədə ad
çıxarmağa məəttəlsən, sonra başqa məcralara
yönəlsən də heç kəs qəbul etmək istəməyəcək:
aktyorsansa elə aktyor kimi qalacaqsan, daha deməyəcəklər
neçə ildir rejissorluqla məşğuldur, nə qədər
film çəkib. Şairsənsə nəsrini görməzdən
gələcəklər.
Bəlkə
də Aydın Talıbzadənin romanları ona görə ədəbi
mühitdə kifayət qədər rezonans doğurmayıb
ki, o, hamı tərəfindən daha çox
teatrşünas, kulturoloq kimi qəbul edilib deyə heç kəs
yazıçı Aydın Talıbzadəni görmək istəmir...
Sonra bu fikirdən daşındım. Düşündüm
ki, "Əbuhübb"ün nəşrindən səkkiz
ildən çox vaxt keçib. Yəqin mən
ədəbi mühiti - mətbuatı diqqətlə izləməmişəm
deyə "Əbuhübb" haqqında yazılar nəzərimdən
qaçıb. Lakin ötən il
"Ramana"nın çapından sonra da bənzər
susqunluğu görəndə düşündüm ki, hardasa
fikrimdə haqlıyam. Çünki ötən
bir ildə "Ramana" haqqında bir yazı görmədim,
rastıma çıxmadı.
Halbuki "Ramana" ötən ilin ən yaxşı
romanı kimi ədəbiyyat hadisəsi sayıla bilər.
Nədən bu fikirdəyəm? Bu yazıda izah etməyə
çalışacam.
Hər şeydən əvvəl onu deyim ki,
"Ramana" Vətən müharibəsində niyə qalib
gəlməyimizin Aydın Talıbzadə yozumunda
izahıdır. Zəfərin sirləri bəzi mistik
kodlarla məhz "Ramana"da gizlənib. Ən əvvəl ona görə ki, romanda hadisələr
general Polad Həşimovun öldürülməsindən bir
müddət sonra, COVID-19 pandemiyası dövründə
baş verir. Bu baxımdan "Ramana"nı
həm də Azərbaycanın ilk pandemiya romanı da
adlandırmaq olar.
"Ramana"da
hadisələrin başverməsi zaman baxımından həssas
və uğurlu seçilib, dedik: ölkədə
pandemiyadır, sərhəddə generalımız şəhid
edilib, xalq gərginlik içindədir, sərkərdə
itkisi ilə barışa bilmir və belə məqamda
göydən Azərbaycan ərazisinə bir meyit
düşür...
O meyit kim
idi, adı niyə Söhrab Rüstəmzal idi, necə,
hansı naməlum şəraitdə, Azərbaycanın hava məkanını
analiz edən heç bir cihaz tərəfindən müəyyən
edilmədən Bakı ərazisinə düşüb, bunlar
barədə bir qədər sonra danışarıq. Sadəcə Aydın Talıbzadə bu mistik hadisə
üçün niyə məhz bu dövrü seçib,
maraqlıdır. Axı sonra 27 sentyabr, Vətən
müharibəsi, zəfər gəlir. Orası
da maraqlıdır ki, "Ramana"da Vətən müharibəsinə
birbaşa eyham, ya da işarə yoxdur. Sadəcə
müharibəqabağı Bakını bürüyən
mistik ab-hava var ki, onu da yalnız yuxarılar, xüsusi xidmət
orqanlarının əməkdaşları duyur.
Aydın Talıbzadə Azərbaycanın ən populyar
stolüstü oyunu nərdi götürüb onun vasitəsilə
xalqımızın başına gələn ən əhəmiyyətli
tarixi hadisələrdən birinin - 44 günlük Vətən
müharibəsinin əsas kodlarını açıb, onu
mistikləşdirib, fələyi işimizə qatıb. İlk
baxışda bəlkə bu cür realistik hadisəyə
mistik qiyafə geyindirilməsi anlaşılmazlıq kimi
görünə bilər (hər halda roman üçün fərqli
zaman da biçilə bilərdi, biçilməyib). Çünki oğlanlar getdilər, vuruşdular,
aldılar. Burda mistik nə ola bilər?!
Amma bir qədər dərindən fikirləşəndə
görürük ki, Vətən müharibəsi başlayan ərəfədə
istər dünyanın siyasi səmasında, istərsə də
vətən göylərində havaların bizim
üçün xoş, mülayim keçməsi,
dünyanın pandemiya ilə döyüşdüyü vaxtda
bizim yeni cəbhə açıb vuruşmağımız və
istər numerologiyada, istərsə də folklorumuzda müqəddəs
hesab edilə biləcək bir müddətə (44) müharibəni
bitirməyimiz işin içində mistikanın da
olduğunu, bu işlərə əl-əlbət mücərrəd
varlıqların yön verdiyini düşünməyə rəvac
verir.
Görünür müharibə ərəfəsində
Azərbaycanın məcazi nərdtaxtasında zərlərimiz
qoşa (4*4) düşübmüş ki, bəxtimiz gətirib. Bunu müəllif
də danmır, elə həmin ərəfədə Azərbaycanın
başına həqiqətən göydən bir meyit
düşür. Və xüsusi xidmət
orqanlarının hardan gəldiyini sonacan
araşdırıb-öyrənə bilmədikləri və mətbuata
sızmaması üçün maksimum şəkildə gizli
saxladıqları "göydəndüşmə meyit hadisəsi"
axırda gedib elə bir adama bağlanır ki...
"Ramana" struktur, üslub baxımından da
"Əbuhübb"dən daha mürəkkəbdir. Roman nərd oyunundan bəhs
edir deyə gərək ondan yazanda bir az
oyunbaz olasan, bir az qədeşilik eləyəsən,
yazını zər kimi əlində qarışdırıb
atasan, "hökmi-zər" deyib səni hara aparıb
çıxaracağını müşahidə edəsən.
Ona görə də "Ramana" texniki
baxımdan Z nəslinin dili ilə desək, "hoqqa versə"
də məna, dil, üslub baxımından eyni dərəcədə
oxucunu heyrətləndirməyi bacarır.
Bəli,
"Ramana"nın quruluşu mürəkkəbdir.
Müəllif nərd, telefon və videokamera predmetlərindən
istifadə edərək oxucunu aparıb ötən əsrin əvvəllərinə
çıxarır, sonra aram-aram günümüzə gətirir,
ilk baxışda əhəmiyyətsiz görünən, hətta
öz atası və qaynı tərəfindən də tərk
edilmiş bir "ünsür" gözümüzdə
ucalmağa başlayır.
Romanda sonradan qovuşan bir neçə xətt var. Biri
müəllif təhkiyəsidir, o bizə Bakının məşhur
nərd oynayanı - qumarbazı Ağarzadan danışır. İkinci xətt
şüur axınını xatırladan texnologiyada
yazılmış telefon xəttidir. Burada
Amerikan ordusunun muzdlu döyüşçüsü kimi Şərq
ölkələrindən birində terroristlərlə
savaşan Söhrab Rüstəmzal (ada diqqət!) operator
qismində çıxış edərək telefonuna çəkdiyi
videoları bölüşür. Şüur
axını texnikası ilə yazılmış bu xəttin
üzərində həm də Bakıya göydən
düşmüş naməlum meyitin kimliyi xüsusi xidmət
orqanlarının vasitəsilə araşdırılır.
Üçüncü xətt isə alim
Əlövsət Qüdsi Paşazadənin nərdin tarixi
haqqında Turanə Həyyanın verilişində - sənədli
filmində - danışdıqlarından ibarətdir. Aydın Talıbzadə romanda nərdin tarixindən
elmi səviyyədə bəhs edə-edə ona paralel olaraq
Ağarza ilə Söhrab Rüstəmzal xətlərini də
gətirir, bu üç sapı bir-birinə toxuyur, onları
hörüyə, bir xəttə çevirir.
Aydın
Talıbzadə "Əbuhübb"də olduğu kimi
"Ramana"da da serial estetikasından yararlanıb,
Bakının məşhur qumarbazından, yeri gələndə
kriminal ünsürlərindən birinin sevgi və macəra
dolu həyatından bəhs edərək, hətta ona
Söhrab Rüstəmzal və xüsusi xidmət orqanları
timsalında bir qədər də aksion-detektiv ədviyyatı
səpərək romana gərginlik qatır, oxucunu intizarda
saxlayır ki, ona dörd yüz səhifəlik əsəri
oxutsun.
"Ramana" həm nərdin tarixi haqqında
yarıelmi vəsaitdir, həm də bir ailənin yüz illik
tarixi.
Məşhur Bakı milyonçusu Hacı Səttarın
oğlu Ağarza atasının yolunu getməkdənsə
uşaq vaxtından nərdə-qumara qurşanıb. Baş qəhrəman
hardasa Tağıyevin rus ruleti oyununda ölən oğlunu da
xatırladır. Görünür
obrazın yoğurulub-yaranmasında Tağıyevin oğlu ilə
bağlı məqamlar da öz rolunu oynayıb.
Ağarzanın Azərbaycanda qabağına
çıxan yoxdur, sorağı bütün Qafqaza, İrana
yayılıb.
Lakin ata oğlunun qumar sahəsində uğurunu
qəbul etmədiyi üçün araları soyuqdur. Bir-birlərini görməyə gözləri yoxdur.
İş o yerə çatır ki, Hacı Səttar
oğlunu vərəsəlikdən məhrum edir, onun
İrandan gətirdiyi Mələyi oğurlatdırıb
gürcü qumarbaz Tiftoniyə peşkəş edir. Bundan sonra aralarındakı nifaq dərinləşir
və uşaq vaxtından daha çox anası Umxanım tərəfindən
sevilib-əzizlənən Ağarza "Edip" əfsanəsini
təkrarlayaraq ata qatilinə çevrilir.
Ağarza qumarbaz olsa da, tüfeyli həyat sürsə da
bacarıqlıdır, istedadlıdır, o nərdlə-qumarbazlıqla
yox, başqa sahə ilə məşğul olsaydı da
mütləq uğur qazanardı. Necə ki, həbsdən
qayıdandan sonra dondurma hazırlamaqla məşğul olur və
reseptini bir oğrudan udduğu dondurmaları qısa zamanda
Bakıda məşhurlaşır, beləcə Qumarbaz
Ağarza dönüb olur Plombir Ağarza.
Qumar həvəsi
Ağarzanı aparıb İsfahana çıxarır, orada nərdin
məhv elədiyi başqa bir qumarbazla - Yassarla tanış
edir. Ağarzadan da güclü qumarbaz olan Yassar elə bir fənd
ilə fahişə bacısını Ağarzaya bənd edir
ki, Ağarza özü də hiss etmədən Mələyə
aşiq olur, məhəbbət gözlərini tutur, el tənəsinə
baxmayaraq onunla yaşamağı da boynuna götürür. Amma Ağarza qumarbaz olsa da Yassar, ya da arvadını
qumara qoyan gürcü Tiftoni kimi qeyrətsiz deyil. Bunu Hoppataran Məmədiseynin arvadı Suğrabəyimin
çardaqda iri döşlərini açıb onun
qabağına qoyanda göstərdiyi münasibət də
sübut edir, mauzerini çəkib cövlana gələn
ehtirasına tuşlayır. Mələyin
ölümündən sonra içkiyə qurşananda isə
bacısının təkidi ilə tövbə edir, Qurana əl
basır, bundan sonra bir daha dilinə o "zəhrimar"ı
vurmur, hətta Lotu Kəbir tələ qurub onu ölümlə
hədələyərək araq içməyə məcbur
edəndə də içmir. Bu cür
oğlandır Ağarza, qumarbaz da olsa əqidəsi, prinsipləri
var.
Di gəl ki, məşhur deyimdə olduğu kimi qumarda gətirsə
də həyatda bəxti gətirmir Ağarzanın. Nərdin zərlərini əlində
qarışdırıb ürəyi istəyən xalları
atmağı bacaran, zərin nə verdiyini onu görmədən
də "oxuya" bilən Ağarza həyatda heç vaxt
arzuladığı "zər"i tullaya bilmir, ömür
kitabını oxumağı bacarmır, həmişə
yanılır. Zərlər onun taleyi barədə
heç vədə xoş əlamət göstərmirlər.
Sevdiyi qadın iki dəfə əlindən çıxır,
bir dəfə atası, ikinci dəfə də ölüm onu
Ağarzadan ayırır...
Ağarzanın bədbəxtliyi uşaqlarına da sirayət
edir, Mahmud nəşəyə qurşanır, Həmid
oğurluq üstündə uşaq koloniyasına
düşür, hətta bu bədbəxtlikdən nəvəsi
Söhrab Rüstəmzal da nəsibini alır. Ağarza
atasını öldürdüyü kimi
övladlarının da bəxtsiz olmasına baiskardır.
Onların taleyini, ömrünü əlindən
alır, oğul, nəvə qatilinə çevrilir, Rüstəmzal
oğlu Söhrabı öldürür. Dayısı
Ağarzanın ətrafa bədbəxtlik
saçdığını Əl-İmran da bilir, onun
üçün oğlu Əlövsəti ondan uzaq tutmağa
çalışır. Uşaqlığı
bu qorxu ilə keçən Əlövsət Ağarzadan, nərddən
uzaq düşsə də oyunun tarixinin mahir bilicisinə
çevrilir.
Ağarzanı müəyyən mənada lənətlənmiş
insan da adlandırmaq olar. Deyirlər ananın qarğışı tutmur,
südü qoymaz, atasının qarğışı isə...
Görünür Ağarzanı da atasının qarğışı
tutur ki, ömrü onun həyatı ilə kəsilənlərin
çoxu xoşbəxtlik tapa bilmirlər: anası dəlixanada
can verir, Mələk Tiftoninin gülləsindən
ölür, bacısı onların evinə köçəndən
qısa müddət sonra bu dünya ilə vidalaşır,
oğlanları pis yola düşürlər, nəvəsi rifah
dalıyca ərəb səhralarına qədər gedib
çıxır, bacısı nəvəsi Əlövsət
Qüdsi isə ömür boyu nə evlənir, nə də
övlad sahibi olur.
Bütün bu hadisələrlə paralel isə
Əlövsət Qüdsü çəkiləcək sənədli
filmlə əlaqədar tez-tez Turanə Həyya ilə
görüşür, ona nərdin tarixindən, mənasından,
Azərbaycanla əlaqəsindən danışır. Əlövsət
Qüdsi nərdi Azərbaycanlaşdırır. Bu məqamda isə Ağarzanın nəvəsi
Söhrab səhrada Cəbr əl Məhfuz tayfasına qurban
gedir. Rəvayətə görə Cəbr
əl Məhfuz tayfası yox olandan sonra hər dəfə
küləklərə qoşulub geri qayıdır,
adamları öldürürlər. Söhrab
da səhrada belə bir küləyə tuş gəlir və
o külək onun ölüsünü gətirib düz
Bakıya çıxarır və hava limanının ərazisində
göydən yerə atır.
Xüsusi xidmət orqanlarını da maraqlandıran
budur ki, cibindən bircə çəkdiyi videoların yer
aldığı telefonu çıxan Söhrabın heç
bir sərhəd, gömrük keçmədən hava
limanının ərazisinə düşməsi necə
baş verib?!
Düzü, romanda da bu məsələ gizli
qalır, axıra qədər açılmır. Heç bir izah tapa bilməyən təhlükəsizlik
orqanı isə hadisəni bağlamaq qərarına gəlir.
Nərdin möhrələrində olduğu kimi roman da
iki rəngli, iki tərəflidir. Bir tərəf -
qaralar - xüsusi xidmət orqanlarıdır ki, meyitin göydən
düşməsini gizləyirlər, digər tərəf isə
ağlardır ki, onlar da meyitin kimliyini açmağa
çalışırlar. Bir tərəf
meyitin göydən düşmə səbəbini öyrənir,
digər tərəf (Əlövsət və Turanə)
göyə çıxma səbəbini araşdırır.
Bu oyunu həm də dövlətlə sənətin,
dövlətlə fərdin oyunu adlandırmaq mümkün.
Romanda sona qədər Söhrab Rüstəmzal xətti
açılmır. Onun meyitinin ərəb səhralarından Bakıya necə
gəlib çıxmasını xüsusi xidmət
orqanları çözə bilmirlər və Əlövsət
Qüdsi ilə Turanə Həyyanı dindirmə zamanı da
bir nəticə hasil etməyəndə isə işi
bağlayırlar və sadə Bakı sakinləri xəbər
tutmasalar da xüsusi xidmət orqanlarının əməkdaşları
dəhşətli bir müəmma ilə
qarşı-qarşıya qalırlar.
Söhrabla
Şuşanın görüş səhnəsi mənə əvvəlcə
bir qədər banal görünsə də, azərbaycanlılarla
erməni qadınların xaricdə rastlaşmalarından bəhs
edən anekdot və əhvalatları xatırlatsa da sonradan
Söhrabın Şuşana qarşı böyüklük
göstərməsi, Şuşanı öz iradəsinin
ixtiyarına buraxması onu bir millət nəfəri kimi
böyüdür, qalib edir. Beləcə Azərbaycan
öz comərdliyi ilə Ermənistanı əvvəlcə
"Ramana"da udur ki, sonra döyüş meydanında qalib
gəlsin. Bu baxımdan göylərdən
nagəhani düşən meyit əslində Azərbaycanın
müharibəqabağı bəxtini sınamaq, falına
baxmaq üçün atılmış rəml, zərdir.
Yazının əvvəlində dediyimiz kimi
"Ramana" nərdtaxta oyunu üzərində qurulduğu
üçün yozumların heç birini axıracan tam
açmaq mümkün olmur. Bu roman müəllifin oxucu ilə nərd
oynamağıdır, onu aldatması,
çaşdırması-yanıltması, qalib gəlməyə
çalışması, ona mars vermə cəhdidir. Onun
üçün də yozumlar heç biri sonacan
açılmır, xətlər finişə çatmır:
Söhrabın meyitinin ərəb səhrasından Bakıya
necə gəlməsi qaranlıq qaldığı kimi Turanənin
Əlövsətin məhəbbətinə
qarşılıq verib-verməməsi də
aydınlaşdırılmır.
Aydın
müəllimin romanlarının dili nə qədər qəliz
olsa da, intellektuallıqla yüklənsə də, söhbətlər
adətən bəlli "planka" üzərində getsə
də, bənzətmələr mürəkkəb olsa da yan xətlər
bu ağır oxu prosesini asanlaşdırır. Bayaq
yuxarıda bu məqamları qeyd etmişdik, bunlara birini də
əlavə etmək olar: Əlövsət Qüdsünün
Turanə Həyyaya sevgisi. Turanə bu
yaşlı insanın sevgisini ciddi qəbul etməsə də
qəlbini qırmır, onunla rəftarına davam edir.
"Əbuhübb"də olduğu kimi "Ramana"
da romanın təhkiyəsi hədsiz bədii təsvirlərlə
yüklənib, üstəlik toxunduğu mövzu ilə (nərd,
qumarbazın macəraları, ərəb səhralarında
terrorçularla döyüş) əhatə elədiyi dərin
qatlarla oxumaq üçün səbir və müəyyən
hazırlıq tələb edir.
Bir məqam isə dialoqlarla bağlıdır. "Əbuhübb"də
bariz olmasa da "Ramana"da dialoqlar bir qədər qurudur.
Bu da bəzən obrazları onlara
biçilmiş xarakterdən kənarlaşdırır.
Əsərdə olur ki, obrazın xarakteri
dialoqlarda da açıla bilir. Odur ki,
müəllif dialoqları yazanda ona özündən nəsə
qatmamalı, obrazların danışığını
trafaretləşdirməkdən, onları bəzən təhkiyəçi
kimi danışmağa vadar etməkdən çəkinib təbii
axara buraxmalıdır, yoxsa obrazlar eyniləşir, fərqlilikləri
yox olur. Kənardan baxanda dialoq yazmaq asan
görünür, halbuki dialoq yazmaq bəlkə də əsərin
ən çətin yeridir. Azacıq
büdrədinmi, şifahi nitqin qaydalarından
çıxdınmı sünilik, pafos qurunt suyu kimi üzə
qalxır.
Yekun olaraq Aydın Talıbzadənin bədii
yaradıcılığı haqqında nə söyləmək
olar?
Aydın Talıbzadənin romanlarını dünya ədəbiyyatından, hardasa bizim də müasirimiz olmuş italyan yazıçı Umberto Eko ilə müqayisə etmək mümkün. Bu romanlar intellektual dərinliyi, kulturoloji genişliyi, intertekstual əhatəliliyi və əlbəttə ki, mürəkkəb dil-texnika fəndləri ilə seçilir, fərqlənir. Təkcə dil, struktur, dramaturgiya baxımından səni təəccübləndirmirlər, həm də zəka baxımından müəyyən oyun qurur, tapmaca yaradır, oxucunu labirintə salırlar ki, yekunda oradan çıxmaq oxucunun öz fərasətinə qalır. Romanı oxuyursan, bitir, lakin cavabsız qalan sirli məqamlar "Niyə?", "Niyə?", "Niyə?" sualına dönüb, "adboy" getmiş telefon "qudok"u - fiti kimi dayanmadan beynini döyəcləyir.
Mirmehdi
Ağaoğlu
Ədəbiyyat qəzeti.- 2023.- 4
mart.- S.18-19.