Səadət dalğası
Üzündə təbəssüm,
burnunda
yuyulmuş saçlarının ətri.
Geniş
ekranın hər yerində Lui de Funes...
Güzgülər işıqlı, qapılar yüngül...
Gecələr yuxunda
portağal ətirli
dənizlər görürdün...
Masada anana aldığın peçenye.
Şirniyyat kağızları -
sevişdiyin qadının gecəliyi...
Əlkimya
Sobada yanan alov
dəmir çaydanı qızıla bənzədir.
Qəmgin
insan
indiyə inanıb,
gələcəyə ümid
edir.
Neqativ - Pozitiv
Sən gölməçəyə atılmış
gülün
taleyinə üzüldün,
mənsə gülümsədim
- suya hopmuş
qoxunu düşünərək...
Balıq bilməsə də...
Bir qab su içində
bişmiş balıq
dərisinin üzüntüsüdür,
qüssən.
Xırda-xırda hissələr qopur,
həll olurdu...
Nə vaxtsa böyük dünyan,
sonsuz yaddaşın vardı
amma indi ayaq altındakı
bir pulcuğu qorumağa bənzəyir
içindəki təmiz
nəfəsi
itirməməyə çalışmaq.
Təbəssüm
Xoşbəxt idi
alma dilimləyən bıçaq.
Bu səhər
masadan dünyaya
gülən gözlərlə
baxırdı.
Dördbir tərəfdən ətirlənmiş
gənc kimi...
***
Badam ağacının
qara qabığıyla
doğma idi qaranlıq;
az işıqlı
otaqda
sən ağ gecəliyinlə uzanarkən.
Bir su kranının qoxusunu xatırladım...
İşıq
Şara
üfürdüyün nəfəs
məmnundur
yeni bədənindən.
İşarə
Tanrının bizə baxmasını,
gülməsini xəyal
edirəm -
qaşıq qazanın
içində fırlanır
və sonra çıxır, ağzı
südlə dolu...
Əsmər üçün
Yaşamın hər addımında
sənin dadını
axtarmaq...
Bilirəm, qara daşlardan
heç vaxt
ağ krem axmayacaq...
Amma sənin tamını axtarmaq
həyatdan imtina etmək,
əslində səni
yeni həyat sanmaqdır.
Mən süfrəyə etina etməyib
yeməksiz boşqabı
öpmək kimi,
sənin dadını
axtarmaqla
bütün pis dadlara nifrət etdim.
Sən iri bir göbələyin
kölgəsində
saçına vurduğun
broşla...
Sən
əriyən buzun qulağına
təsəlli pıçıldayan
sözlərinlə,
Sən
istidən bişən
çayır üçün
suyu bəzəyən
əllərinlə...
Sənin
qadınlığın bütün
dünya qarşısında
-
qucaqlamaq,
ağlamamaq,
müqəddəs qalmaq üçünmü?..
***
Çox
danışandan sonra
duyduğun utanc hissi...
Səsin
bir torbaya atılıb
azdırılmış pişik
kimi...
Sevgini xatırlayarkən
Sarı
almanın çilləri
kimi
minnətdar idik Tanrıya,
mövcud olmağımız
yerə səpilməyimiz
üçün...
Əlibala
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.32.