Musa Urudun şeirlərində mütləq həqiqət

 

İlk olaraq "yalan nədir?" - sualına cavab axtaraq. Bu sualın cavabı bizi mütləq həqiqətə gətirib çıxaracaq. Sonra isə poeziyanın mütləq həqiqətə dönüş nöqtəsinə çatacağıq. Məhz o nöqtədən Musa Urudun şeirlərinə baxanda bizə hər şey aydın olacaq. Bunun üçün mən elə indicə belə bir fikir irəli sürürəm ki, yalan yoxdur. Bəli, düzgün oxudunuz, yalan yoxdur, yalan həqiqətin əksidir, həqiqətin olmadığı yerdir, həqiqəti əks etdirməyən bilikdir yalan. Necə ki, qaranlıq deyilən şey yoxdur, biz işığın olmadığı yerə qaranlıq adı vermişik, günəşin olmadığı zamana gecə adı vermişik, sevginin olmadığı nöqtələrə nifrət ləkəsi yapışdırmışıq, həqiqətin olmadığı yerə yalan adı verməyimiz, əslində, bizim günahımız deyil.

Mütləq həqiqətə çatmaq üçün, onu dərk etmək üçün, həm poeziyada mütləq həqiqəti görmək üçün biz öncə nisbi həqiqətin olduğunu bilməliyik. Real aləmdə əsasən iki cür həqiqət var (bunu növbəti cümlələrdə inkar edəcəyik), birincisi, nisbi həqiqət, ikincisi, mütləq həqiqət. Bütün həqiqətlərin başlanğıcı nisbidir. Nisbi həqiqət elmin inkişafı ilə mütləqləşir. Məsələn, öncə deyirdik ki, ən kiçik zərrəcik atomdur, sonra elm inkişaf etdi dedik ki, yox, müsbət yüklü proton, mənfi yüklü elektron yüksüz neytron da var. Öncəki mütləq həqiqətimiz darmadağın oldu. Deməli, həqiqət elə bir cürdür. İki həqiqət yoxdur. Yuxarıda dediyimiz "iki cür həqiqət var" fikrini inkar etmiş olduq. Elmin inkişafı ilə olan bu inkar bizi mütləq həqiqətə gətirib çıxardı. Fikir versək, yazının ilk cümlələrində həqiqətə aparıb çıxaracaq yox, gətirib çıxaracaq yazmışam. Çünki aparmaq uzaqlaşmaqdır, mütləq həqiqət isə bizdən başlayır.

Musa Urudun bayaqdan oxuduğum mütləq həqiqətə çatdığı şeirlər içərisində ilk bənd belədir:

 

Var-dövlət ötəri şeydi,

Şan-şöhrət sənə ögeydi.

Söz haqdır, sözə baş əy ki,

Sözün dünyada qalacaq.

 

Musa Urud bu şeirdə poetik mütləq həqiqətə çatıb, atomun ən kiçik zərrəcik olmadığını görüb, sözün haqq olduğunu, yəni mütləq həqiqət olduğunu bildirərək ona baş əyməyi israrla təklif edib. Həmçinin Musa Urud bu şeirdə həqiqəti bir körpənin "ana" sözündən tanrının "ol" sözünə qədər mütləqləşdirib. Mütləq poetik düşüncəni bir dilənçi qız uşağının başqa bir dilənçi uşağa gülümsəyib sədəqə verməsindən tutmuş, bir əsgərin vətənə dəyməsin deyə sinəsi ilə güllələri havada tutması qədər müqəddəsləşdirib.

Bayaqdan izah etmək istədiyim fikirlərimi Musa Urud digər bir şeirində daha gözəl ifadə edir:

 

Suyun kəsik, dəyirmanın sovulmuş,

Bizdən daha biz olarmı, sağ olmuş?!

Yaddaşının göylərinə dağılmış

Xatirəni gözünə yığ, qayıtma!

 

Ömrü qönçə gül elədim, almadın,

Yol elədim, sən yolçusu olmadın,

Bulaq, - dedim, bir içim su olmadın,

Cığır yuyan sel olub ax, qayıtma!

 

Gözlərimi quru yumdum, yaş açdım,

Fəsil özgə, ağac həmin ağacdı.

fərqi var, çiçək açdı, daş açdı,

Qayıtmır ki, düşən yarpaq, qayıtma!

 

Şeirin ilk bəndində şair sevginin mütləq həqiqət olduğunu dərk edib qayıtmaq istəyən adama "bizdən daha biz olmaz" deyərək sanki ürəyinə daş basır "qayıtma" deyir. Hətta ikinci misrada "sağ olmuş" xitabı ilə şair qarşı tərəfə gülümsəyir. Bu gülümsəmək sən qayıtdığın yolları getmək istəyən adama gülümsəməkdir. Hansı ki, o adam vaxtsa sənə inanmayıb səninlə o yolu getməyib. İkinci bənddə şair fikirlərini biraz da açaraq deyir: mən ömrümü gül elədim, yol elədim, sən yolçusu olmadın. Yəni mənim mütləq həqiqətimə inanmadın. İndi mənə gəldiyin cığırını sel kimi yu qayıtma. Üçüncü bənddə isə şair daha qətiyyətlə, əminliklə "qayıtma" deyir  izah edir ki, mütləq həqiqətdən nisbi həqiqətə yol yoxdur. Necə ki, düşən yarpaq ağaca qayıda bilmir. Belə bir halda fərqi yoxdur ağac çiçək açdı, yoxsa daş. Heç ağacın özü o yarpağı qaytara bilməz.

Musa Urud Musa Yaqubun təbiətə qayıdışı, Ramiz Rövşənin özünü özündə gizlətməsi qədər maraqlı şairdir. Həmçinin M.Urud Zəlimxan Yaqubun vətəndən tanrıya geydiyi yolun yolçusudur.

 

Gəl məni bir quşa döndər, İlahi!

Bir böcəyə döndər, bir qurda döndər.

İlahi, sən məni o yurda döndər.

İlahi, sən məni Uruda döndər!

 

Bu bənddə poetik mütləq həqiqəti ilə ilahi eşqin qapısında dayanan Musa Urud bəlkə özü fərqinə varmır, amma artıq Uruda dönüb, vətənə çevrilib, körpəliyinə, paklığına qayıdıb.

Şairlərin ən çox səmimi olduqları yer şeirləridir. Çünki şeirlər şairlərin özünə qayıdış - mütləq həqiqət nöqtəsidir. Bir şairin qorxu hissi, etiraf cəsarəti üsyan bayrağı mütləqdir. Çünki itirmək qorxusundan sevdiyini bildirmək cəsarətinə qədər bütün hiss düşüncələr şeirlərə mütləqlik qatır. Musa Urudun yaradıcılığında bunlar hamısı var. Demək olar ki, bütün şeirlərində Musa Urudun səsləndiyi yer var. Məsələn, Musa Yaqub təbiətdən təbiətə səslənir, Ramiz Rövşən içindən içinə səslənir, Salam Sarvan sinəsinə çəkilmiş dağdan hər yerə səslənir, Aqşin Yenisey intellektual düşüncədən özünün şeir həsr etdiyi Buludxana səslənir. Musa Urud isə şeirlərində ilahi eşqdən, mütləq həqiqətdən nisbi həqiqətə səslənir.

 

Mənim sevgim köz kimidi,

Saxlaya bilməyəcəksən ovuclarında,

Gizləyə bilməyəcəksən

əlindəki yanıq yerini!

 

Məncə, hər kəsin əlində bir yanıq yeri var. Xatirələr səhvlərlə bərabər gözəlləşdiyi kimi insan da əllərinin yanıq izi ilə mütləq həqiqətə çatır. Həm mütləq həqiqət mütləqdir ki, öncə nisbi olsun, şairin yuxarıdakı şeirdə dediyi kimi, heç kim əllərinin yanıq yerini gizlədə bilməz.

Yazqabağı yazdığım bu yazıda bu bəndin olması mütləqdir:

 

Torpaq ətirlənib sinəsin açır,

Qızılgül xəlvəti qönçəsin açır.

Bir qızın hər gecə yuxusu qaçır,

İlahi, gözəl başlayıb bu yaz.

 

Belə gözəl şeirlərin hamısı gözəl təbii hisslərdən doğur. Hər gecə yuxusu qaçan qızla yaz arasındakı bağı yarada bilməkdir şairlik. O bağı yaşamaq, hiss etməkdir poetik mütləq həqiqətə çatmaq. Musa Urud bütün şeirlərində o yerdə olduğunu göstərir, çünki həmişə o zirvədən səslənir:

 

Ömür quş kölgəsitək

Keçib-getdi üstümdən

Səssiz-səmirsiz.

 

Musa Urudun insan ömrünün quş kölgəsitək ötüb getdiyini deməsi mənə böyük Nəsimini xatırlatdı. Çünki Nəsimi hər şeyin Tanrıya dönəcəyini, dünyanın fani olduğunu deyirdi. Musa Urud isə özünəməxsus tərzdə - hər şeyin öncə nisbi olmasına baxmayaraq, bir gün mütləq həqiqətə çatacağını bildirir. Növbəti şeirdə isə şair təəccüblənir, ilahi eşqin, mütləq həqiqətin olduğu bir dünyada nisbi təfəkkürdə yaşayan insanların hara getdiyini maraq edir:

 

Gözləri əllərində,

Ayrılıb ellərindən,

Atkeçməz yollarından

Bu dəstə hara gedir?

 

İti zəncirdə qalmış,

Kütü təndirdə qalmış,

Başı kəndirdə qalmış

Bu dəstə hara gedir?

 

Sonda isə şair Musa Urud özü ilə razılaşır, həyat ilə, dünya ilə razılaşır, başı kəndirdə qalmış insanların mütləq ola-ola nisbiliyin dalına düşməsinə görə narahat olmur. Çünki bilir ki, hər kəsin əllərində yanıq izi olmalıdır.

 

Musa Urud, qəm eləmə,

Səbr elə, başın sağ olsun.

Bir dost da daş atdı sənə,

Dost atan daşın sağ olsun.

 

Bir şairin öz dünyasında özü ilə razılaşması, dost daşına da "sağ ol" deməsi mütləq həqiqətin qapısından içəri daxil olub ilahi eşqə qovuşduğu yerdir. Bu mənada Musa Urud öz şeirləri və şeirlərindəki həqiqətlər ilə tarixin yaddaşında əbədi qalacaqdır. Özü dediyi kimi, söz haqdır, sözə baş əy ki, sözün dünyada qalacaq.

 

Elşad BARAT

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.27.