"Utanmasam hönkür-hönkür
ağlayaram"
Aktyor Sənan Əlləzlə
müsahibə
- İlk sualım sizə belədir, sizi necə
salamlayım?
-
İndiki halda xoş gəlmisən, Şeyx...
- Xoş gəlmisiniz, Şeyx...
- Xoş
gördük (gülür).
- Hüseyn Cavid deyirdi ki,
"Mənim tanrım gözəllikdir, sevgidir", bəs
sizin üçün sevgi və tanrı konsepsiyası necədir?
- Mən Cavid əfəndini oxuyandan, onun ruhuna bələd
olandan onun sehrinə düşmüşəm. Cavidin
külliyatını oxumuşam. Hər dəfə
də, oxuyanda bu cümlə məni təsirləndirir və
bu cümlənin gerçəkliyindən əmin oluram. Hüseyn Cavid bunu o vaxt deyib ki, dini ədəbiyyat
xalq arasında güclü idi. Cavid əfəndi
də dini təhsil almışdı. Allahı
ən gözəl vəsf edən də, məncə, elə
o olub. Məncə də, tanrı gözəllikdir,
sevgidir, eyni zamanda, eşqdir.
- Sovetlər dönəmində islam dininə rəğbət göstərilmirdi.
Sizcə, Cavidin o vaxt belə deməyi asan
deyildimi, birdə, nə üçün məhz Allah yox,
Tanrı?
- Cavid
böyük mütəfəkkir olub, dərin şəxsiyyət
daşıyıb. Onun əsərlərində
gizli və aşkar simvolikalar var. Cavidi simvolikasız oxumaq
mümkün deyil. Şeyx Sənanı
1914-cü ildə qələmə alıb. Həmin dövrlərdə Azərbaycan Çar
Rusiyasının tərkibində idi. Cavid
də Çar Rusiyasının tərkibində olan bir məmləkətin
şairi idi.
Nə üçün Allah deməyib? Çünki
Cavid həm də böyük türkçü idi. Tanrı sözü Tenqridən gəlib. Tenqri türklərdə yaradıcı idi. O,
simvolika ilə danışırdı. Məncə,
buna görə tanrı deyib. Türkçülüyə
işarədir. Yəni mən türkəm,
türk şairiyəm.
- Sənandan "Şeyx Sənan"a
necə ucaldınız? Yoxsa siz elə Şeyx Sənansınız?
- Bilmirəm
buna ucalmaqmı, uçmaqmı, yerində qalmaqmı deyək.
Mən 1987-ci ildə Tiflisdə
doğulmuşam. Cavid əfəndi də
"Şeyx Sənan"ı yazmağa qərar verəndə
Tiflisə gəlib. Naxçıvanda
başlayıb, Tiflisdə bitirib. Orada David
kilsəsinin olduğu dağ var. Gürcülər ora Müqəddəs
David Dağı deyirlər. Orada yaşayan
türklər isə Şeyx Sənan dağı. Şeyx Sənanın dəfn olunduğu dağ.
Deyilənə görə, bu əsəri
yazmamışdan əvvəl Cavid dəfələrə bu
dağı ziyarət edib. Şeyx Sənanın
ruhunu mənimsəyib. Mən elə yerdə
doğulmuşam ki, həmin o dağ görünən yerdə...
Böyüklərim mənim adımı məhz
o dağa baxaraq qoyublar.
35 il sonra
Xəyyam Abdullazadə və Elçin Elxanlı məni
"Şeyx Sənan" bədii filmində Şeyxi
canlandırmaq üçün dəvət edəndə, bunun
bir işarə olduğunu düşündüm. Biz Xəyyam və Elçinlə böyük
pazılı birləşdirməyə başladıq. Aktyor Sənan Əlləzdən "Şeyx Sənan"
yaratmağa başladıq.
- "Şeyx Sənan"
sizin yaradıcılığınızın hansı mərhələsidir?
- "Şeyx Sənan"da belə bir hissə var. Sənan
Tamaraya deyir ki, səni hər dəfə görəndə
ürəyim elə döyünür ki, ürək
döyüntülərim qulağımı batırır. Bunu oxuyanda Xəyyama dedim
ki, belə sevgimi olar? Çünki o hissəni
ssenariyə yazmışdı. Dedi ki, Şeyx elə bu
cür sevər. Doğrudan da, mən həmin hissəni
canlandıranda, o hadisə baş verdi. Həm məndə, həm də Esmeraldada. Səhnə bitdi biz rejissorların yanına
qayıdanda, onlar bizə eşitdikləri səsdən
danışdılar.
Xəyyam və Elçinlə işləmək
çox maraqlı idi. Onlar aktyora təzyiq etmir, öz
ideyaları ilə aktyorun fikrini birləşdirirlər.
Bu gün düşünürəm ki, həqiqətən
də, həyatımın pik mərhələsi Şeyx Sənandır. Çünki
məni onunla bir bağ birləşdirir. Şeyx
Sənandan danışanda, utanmasam hönkür-hönkür
ağlayaram. Bəlkə də, bunu heç kim başa düşməz, amma bunu ağlayan
və ağladan bilər.
- Bu filmi kino tariximiz üçün
xüsusi edən nədir?
- Bu film
tolerantlığa həsr olunmuş ilk filmdir, kino tarixində
ilk real xaç suyu "Şeyx Sənan"dadır. Müqəddəs İordan çayından gətirilən
su, xaç. Real keşişin udi dilində
gerçəkləşdirilən ayini ilə xaç suyuna
girdim. Xaç suyuna girmədən öncə,
o xaçı taxmadan islamı simvolizə edən ay-para
taxırdım. Maraqlı hadisə baş verdi
orda. Elə ki, xaç suyuna çəkilmə
anı yaxınlaşdı, ay-para itdi. Hansı
ki film boyu boynumda idi. Bakıdan alıb gətirdilər.
Yenidən meşədəykən ay-para itdi... Prodüserimiz
Elməddin tapdı, saxlayıram indi də. Film çəkilərkən
bir çox belə qəribə hadisə baş verdi. Sonra xaçı taxdım.
- Bəs xaç hardadır?
-
Düşünürəm ki, çəkiliş rekvizitlərinin
toplandığı sexdədir.
- Canlandırdığınız
obrazlardan sonra özünüz ola
bilirsiniz?
- Mən
aktyorluq təhsili almamışam. Bu isə bir
çoxunu qıcıqlandırıb. Qəbul
etməmək kimi öhdəlik mənimsəyiblər, bu onlarda
hardan yaranıb bilmirəm. Mən daha nə
etməliyəm ki, məni qəbul etsinlər? Mənim rola hazırlıq metodum onlardan fərqlənir.
Ruhsal olaraq da özümü rola hazırlayıram, yəni,
Şeyx Sənan kimi hiss edirəm, araşdırıram,
oxuyuram, lap dərinlərədək. Burada tədris
olunan metodlardan fərqli çalışıram. Bütün hər şeyi araşdırıram.
Obraza girməyim öz xüsusi texnikamla
reallaşır, bundan çıxmaq da mənim
üçün çətin olur. Qalıntılar
qalır hər obrazdan məndə.
- Bəs bu qalıntılar
böyük bir partlayış yaradıb gerçək Sənanı
yox edə bilərmi?
- Bunu
yaşamış bir aktyor nümunəsi var dünyada. Mənim
bir devizim var: "mənim oynaya bilməyəcəyim rol yoxdu,
rejissorların məni çəkə bilməyəcəkləri
rol var". Deniel Day-Luis, onunla texnikamız hardasa
oxşayır. O, bir müddət sonra bu partlayışı
yaşadı. Dedi ki, bəsdir, sanki ayıldı, mənim
işim bu qədərdir söyləyərək, çəkildi
bu sektordan. İndi gedib özü
üçün taxta yonur. Düşünürəm
ki, aktyor belə olmalıdır. Bir
müddət sonra çıxıb getmək, bəlkə də,
elə ən yaxşısıdır. Bəlkə də,
məndə də elə bitər, bu gedişlə...
- Azərbaycanda gender bərabərliyi
ilə bağlı statusunuzu gördüm. Sizcə,
bu məsələ gündəmə çevrilməlidirmi?
- Bəli,
Azərbaycanda gender bərabərliyi bu gün gündəmə
gəlməlidir. Nəyə görə şiddət
mövzusunda alt bənd var. Qadına şiddət! Demək ki, ən çox qadına şiddət var.
Kişilərə aid belə bənd yoxdur. Qadının xəyanəti faciə, döyülmə
ilə bitir. Kişinin xəyanəti nə
üçün normal qarşılanır? Azyaşlı nikahın qurbanı nə
üçün qızlarımızdır? Nə üçün üç rəfiqələr
yoldan keçən hansısa kişiyə təcavüz etmir?
Bunu kişilər xanımlara qarşı edirlər... Haqqı-hüququ tapdalanan hər zaman xanımlar
olur?
- Düşünürsünüzmü
cəmiyyətimizin kişilərə yüklədiyi məsuliyyətlər
onları qorumalı olduqları varlıqlara, xanımlara,
analara qarşı aqressiv edir?
- Bəli.
Tərbiyədən çox şey
asılıdır. Tərbiyə dediyimiz
metodlarımız basqı üzərində qurulub? Nə üçün qız
övladımızı çağırıb demirik ki, bir
xalaları söy görüm, yaxud soruşmuruq ki, məktəbdə
kimi istəyirsən? Oğlan
uşağını isə bu vəziyyətə gətiririk.
Qıza isə "bu olmaz, o, olmaz" deyə-deyə,
olmazlarda böyüdürük... Mən gecə
1-də evə gəlsəm, deyərlər kişidir, edər,
qadın bunu etsə, hamı dəhşətə gələr.
Yəni kişidə hər şeyi normal
düşünüb, qəbul edirik. Mental
dəyərlərimiz və tərbiyə məsələmizdə
boşluqlar var. Uşaqlara eşq, sevgini, sevməyi öyrətmirik.
- Kulisin "ən yaxşı
aktyorumuz kimdir?" sorğusunda özünüzü ən
yaxşı aktyor saydığınızı dediniz. Bu cavabınızı nə ilə, necə əsaslandıra
bilərsiniz?
- Aktyorluq
elədir ki, ya doğulmusan, ya da yox. Hər
şey edə bilərsən, səliqəli rol oynaya bilərsən,
üzərində çox çalışarsan hətta, daha
çox, hamı sənə heyran olar. Ancaq
Allah sən doğulanda ruhuna bunu üfürməyibsə,
boş şeydir. Sən maksimum texnikan ilə
yadda qalarsan. Texnikalı olmaq, yaxşı
aktyor olmaq deyil. Siz mənə sualı
göndərəndə də, mən də içimdəkini
bildiyim üçün elə cavab verdim. Mən
aktyor olmaq üçün doğulmuşam. O ki qaldı
digər aktyorlar, əlbəttə, Azərbaycanda yaxşı
aktyorlar var, əksəriyyəti dostlarımdır. Amma mən kiminsə adını desəydim, o birlərin
xətrinə dəyərdi. Mən də
özümü deyib hamının xətrinə dəyməyi
seçdim.
Bir dəfə rejissorumuz Xəyyamla Elçinin
studiyasında söhbətdə bunu
danışmışdıq. Deyirdilər ki, bir nəfər
aktyor var, onu dəvət etsəydik texniki məqamda əla
oynayardı, yaxşı, səliqəli, ancaq sənin kimi o
ruhu daşıya bilməzdi, Şeyx Sənan olmazdı.
- Sənət adamı ilə evlənmək
çətin məsələdir deyirlər.
Oynadığınız obrazı evə
daşıyırsınızmı, bu problem yaratmır ki?
- Məncə,
aktyoru ən gözəl anlayan jurnalistlərdir. Məni çox gözəl anlayır,
danışıram xanımımla. Öyrəşib.
Dəstək olur, yanımda olur. Açır qapını, görür ki, rola
hazırlaşıram, obrazı canlandırıram.
Başqa bir sahənin xanımı ilə ailə qursaydım,
bəlkə də, çoxdan dəlixanaya zəng vurmuşdu
(gülür)...
Söhbətləşdi: NARGİS
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.20.