Kəndin qərib
adamı
Hekayə
...alma
çiçəklərinin fəsliydi,
axşamdı,
leysandan sonra göy üzü
mas-maviydi -
mənə öləcəyimi dedilər.
Hədiyyə
Şəfaqət
Nə oldusa, bircə gecənin içində oldu. Səhər
obaşdan kəndin hər döngəsində toz-toza qarışdı,
səs-səsə. Dəhrə ilə gələn kim, yaba ilə gələn kim, eləcə əliyalın
gəlib "Onu öz əllərimlə didib öldürəcəyəm"
deyən kim... Elə bil bütün kənd
camaatı gecə ikən sözü bir yerə qoyub qərar
vermişdi. Günahkarın yalnız və yalnız o adam olduğunu qətiləşdirmişdi...
***
Qərib gözlərini həkimin ayaqlarına zilləyib
barmaqlarının ucuyla yanındakı oturacağın
parça üzlüyünü didişdirir, hərdənbir
həkimin gözlərinə baxır, dərhal da
qaçırırdı. Bəlkə də
bütün bu danışıqların yekunu kimi "Öləcəksən!"
həqiqətini təzədən həkimin gözlərində
görməkdən qorxurdu.
- Xəstəliyiniz
çox irəliləyib. Həm də çox! - həkim Mustafa Namazov danışa-danışa
resepti yazır, arabir eynəyin altından Qəribi
süzürdü, - amma bu dərmanları mütəmadi qəbul
eləməyiniz yaxşıdır. Ən
azından, ağrılarınız azalar. Çox
olur ağrı?
Qərib hələ də gözlərini həkimin
ayaqlarından çəkməmişdi.
- Sizi
başa düşürəm, amma keçən dəfə də
dediyim kimi, mütləq şüa qəbul eləməlisiniz.
İranda. Bura tanış
bir həkimin ünvanını da yazıram, adımı versəniz,
hörmət də edər. Ərdəbildədir.
Bundan əlavə, tez bir zamanda siqareti də tərgitməlisiniz.
İndi sizin üçün hər bir siqaret...
- həkim sözlərini tamamlamamış Qəribi
öskürək tutdu. Tez
şalvarının ciblərini eşələyib
qırışmış dəsmalı tapar-tapmaz
ağzına tutdu. Həkim Namazov kreslodan
qalxıb Qəribə yaxınlaşana qədər Qərib
dizləri üstə çöküb ikiqat vəziyyətdə
boğuq səslər çıxarmağa başladı.
Namazov "Bax buna görə deyirəm də"
- deyərək qollarından yapışıb onu
qaldırdı. Stula otuzdurub köynəyinin
yaxasını açdı. Ardınca
özü də yanında oturdu.
-
Kimin-kimsən yoxdurmu, ay ağsaqqal?
Qırışmış
dəsmalla alnının tərini silən Qərib güclə
eşidiləcək səslə cavab verdi:
-
Üç oğlum var, - dərin və
xırıltılı nəfəsin arasından ox kimi
süzülən fikir, az qala,
otağın pəncərələrini titrətdi, - işləmirlər!
- Qəribin boğuq səsində məyusluqdan daha çox qətilik
hiss olunurdu. Bu, bir növ, bugünkü
çıxılmaz vəziyyətdə özünün daha
çox payının olmasının təsdiqi idi.
"Vaxtında oxudaydın, indi sənə dayaq
olardılar!"
-
Heç biri? Niyə? - Namazov tələsik
verdiyi suallardan peşman oldu. Hətta
yaratdığı bu gərəksiz müstəntiq
obrazından utandı da.
-
Ortancılla balaca oğlum qəbir daşı düzəldirlər,
- əliylə havada qəbir daşını göstərməyə
çalışdı, - fəhləlikdir. Qəpik-quruş...
Siqaretlərinə zornan çatır, -
öskürək hələ də Qəribin yaxasını
buraxmamışdı. Hər öskürək
sonrası qollarını sinəsinin üstündə
çarpazlayıb dizlərinə sarı bükülür,
pörtmüş sifətini həkimdən gizlətməyə
çalışırdı.
- Bəs
böyük? - Namazov əliylə onun kürəyinə
toxundu. Tər-su içində idi.
- Türmədə
olub iki il. İpə-ilmağa
gəlmir indi, - dəsmalı ovcunun içərisində
büküb təzədən alnının tərini sildi.
Sonra onu Namazovdan gizlədirmiş şəklində
tez-bazar cibinə basdı.
Mustafa Namazov alnını ovuşdura-ovuşdura nəsə
fikirləşirdi. Əslində, deyəcək çox
söz vardı, amma bilirdi ki, indiki vəziyyətdə bu
sözlər heç nəyi dəyişən deyil. Boğazını arıtlayıb nəsə demək
istəyirdi ki, Qərib qəfləti hərəkətlə
ayağa qalxdı, resepti götürüb qapıya sarı
getdi və ardından "Sağ olun, həkim" - deyib
otaqdan çıxdı.
Uzun müddət çörək zavodunda işləyən
Qərib on ilə yaxındır ki, işsizdir.
Arvadı öləndən sonra bir müddət
əli heç nəyə yapışmadı, həyatdan
küsdü. Və nəticədə,
işindən də oldu. Ondan sonra isə
bir-iki yerdə fəhlə işləsə də, canı
imkan vermədi.
Üç oğul böyütmüşdü Qərib. Amma onların da taleyi
özününkündən o yana deyildi. Böyük oğlu Malik dostu ilə mağaza yaranda
tutuldu. Dostunu pul hesabına qurtarsalar da, Qərib
oğlu üçün heç nə edə bilmədi.
Türmədən çıxandan sonra isə
oğlu ilə arası heç düzəlmədi. Hər şeyin günahını Qəribdə
görən Malik hər fürsətdə bunu onun üzünə
vururdu. Hətta son zamanlar evə belə gəlmirdi.
Qınamaq da olmurdu, əslində. Onun da həyatı
puç olmuşdu...
Ortancıl oğlu Tural bacarıqlıdır,
yaxşı əl qabiliyyəti var. Ona görə də elə doqquzuncu sinifdən
çıxıb qonşu Fərman kişinin rayon mərkəzindəki
qəbir daşı sexində işləməyə
başladı. Bir az keçdi, balaca
oğlan da məktəbi atıb ona qoşuldu. Qəribinsə
"məktəbi atma" deməyə cəsarəti
çatmadı. Bilirdi ki, uşağın
əyin-başı yoxdur.
Əl-ələ verən qardaşlar öz kəndlərinin
qəbir daşı işlərini boyunlarına
götürmüşdü. Nə qədər qəribə səslənsə də,
kənddəki hər ölüm xəbəri onları
sevindirir, siqaretpulu mesajını verirdi. Qəribin
xəstəliyə tutulmasından sonra isə sevincə bir də
dərd qılafında dərmanpulu şərik oldu. Dərmanların da ki qiyməti dil-dodaq
yandırırdı.
Həyət qapısı aralı idi. "Yəqin,
uşaqlar tez gəlib" fikirləşən Qərib həyətə
girən kimi Turalı çağırmağa başladı.
Amma gələn Malik imiş. Böyük oğlu. Pilləkəndə
rastlaşdılar.
-
Hardaydın, a bala?! - Qərib ayaqqabılarını
çıxara-çıxara soruşdu. Malik
dillənmədi, - bu gün öydə olarsan, yəqin, hə?
- Qərib yenə soruşdu.
- Bilmirəm
hələ. Tural dedi ki, səni İrana yazıblar. Mənə niyə deməmisən? - Malikin səsində
qəribə giley hiss olunurdu. Yəni
böyük oğlan mənəm, birinci mənim xəbərim
olmalıdır.
- Əşş, nə mənası var ki? Bir para
pulları tökürsüz çölə, - Qərib
masanın üstündəki dərman paketlərini
görüncə səsini daha da qaldırdı, - ay bala, sən
bu pulları hardan alırsan? Mənə dərman-zad gərək
deyil, hamısı da od bahasına, onsuz
atmıram heç birini...
Qərib bir də onda ayıldı ki, Malik həyət
qapısından çıxır.
Paketləri və təzəcə yazılmış
resepti üst-üstə qoyub pəncərənin kənarına
vurulmuş mıxa keçirdi. Termosdan özünə
çay süzüb oturdu. Çay təzə
idi. Malik dəmləmişdi. Güleyşəni xatırladı. Düz üç dəfə qapısına
elçi göndərmişdi. Hər dəfəsində
də kəndin sayılıb-seçilən
ağsaqqal-ağbirçəklərini. Amma
kənd-kəsəkdə "Tərs Salman" kimi tanınan
Salman kişini heç kəs heç cür razı sala bilməmişdi.
"Mənim yetim-yesirə verəcək
qızım yoxdur" demişdi Salman. Onda
Qərib dədədən də yetim idi, nənədən də.
Yaşı da otuzu haqlamışdı. Güleyşə isə şehi üstündə tər
bənövşə, cəmi 18 yaşı vardı. Məktəbi təzəcə bitirib instituta qəbul
olmuşdu, mühəndis olacaqdı. Amma Qərib
qızın qılığına necə girmişdisə, gecənin
bir aləmi hər şeyi atıb onunla qaçmağa
razı olmuşdu. Səhər tezdəndən
kəndə zur düdüyü vuruldu ki, o boyda Salman
kişinin qızını yetimçənin biri
qaçırıb. Salman dözmədi.
Dözə də bilməzdi. Eşidər-eşitməz kişini infarkt vurdu və
ölənə qədər qızını bağışlamadı,
xeyir-dua vermədi. "Namərd balam"
deyə-deyə canını tapşırdı.
Axşama yaxın Turalgil gəldi. Həmişəki
kimi uşaqların üz-gözü toz-torpaq içində
idi.
- Dədə,
Həşim kişi var e, onun
Maskıvadakı oğlunu öldürüblər, sabah gətirəcəklər,
- Tural qapıdan içəri girər-girməz dədəsini
muştuluqladı.
- Nəyə
sevinirsən, a bala! - Qərib başını yelləyə-yelləyə
soruşdu.
- Bu həftə
dördüncü işimiz olacaq, keçən həftə də
yaxşıydı, İranın pulunu düzəldərik,
ondan sonra da bunu qoyarıq məllim yanına. Bəlkə adam ola, - Tural balaca qardaşının
yambızına bir təpik də ilişdirdi. Gülüşdülər.
Qəribi elə bil ilan sancdı.
- A bala, mənə
İran-zad lazım deyil! Odey, Malik də bir qom
dərman gətirib, Allah bilir, - səsinin tonunu azaltdı,
güclə eşidiləcək formada davam elədi, - Allah
bilir, yenə kimin dükanına giriblər... - öskürək
fikrini tamamlamağa imkan vermədi. Bir də onda
ayıldı ki, Turalgil hovuzun yanında əççəmətən
soyunub bir-birlərinin əlinə-ovcuna su tökürlər.
Pilləkənə söykənib Həşimi fikirləşməyə
başladı.
Həşimlə əvvəllər bir yerdə
işləmişdi. Rusiyadakı oğlunun
adını xatırlamağa çalışdı. Bir xeyli düşündükdən sonra dodaqaltı
"Cəlil" deyib başını buladı.
"Yazıq Həşim..."
Nədənsə
bir anlıq Cəlilin ölümündə özünü
günahkar hiss elədi. Ümumiyyətlə,
ona elə gəldi ki, hamının ölümünə
baiskar odur. Keçən dəfə Fehruz,
ondan sonra Səlimə arvad, Mərdan, indi də Cəlil.
Hamısı da sappasağlam adamlar. Xəstəliyi
yaranandan bu yana ilk dəfə idi ki, belə
qəribə hiss keçirirdi. Utandığından az qalırdı ki, yerə girsin.
Turalgilin isə kefi yerində idi. Az qala, kənddəki
hər ölüm xəbərindən sonra belə sevincli
görünürdülər. Üst-başlarını
qaydasına qoyandan sonra Qəribə nəsə deyib onlar da
harasa getdilər. Qəribsə hələ
də Həşimin fikrindən ayılmamışdı.
"Yazıq Cəlil..."
***
Bütün kənd camaatı Cəlilin dəfnində
idi. Qərib nə illah elədisə, Həşimi tapa
bilmədi, axır yan eləyib adamların birindən
soruşdu.
- Dözmədi,
ay Qərib, xəstə adamdı o da. Gecəynən infarkt
vurdu, həkimlər gəlib apardı...
Qərib nə reaksiya verəcəyini bilmirdi. Kənddə ən çox
hörmət bəslədiyi adam idi Həşim.
Zavoddan çıxandan sonra Həşim ona
görə düz üç dəfə raykomun qəbuluna
getmişdi, ağız açmışdı. İndi
bu ağır gündə ona dəstək ola
bilmədiyi üçün və üstəlik, içindəki
günahkarlıq hissi onu dəhşətə gətirirdi.
Qəbiristanlıqdan çıxanda yenə öskürəyi
tutdu. Kənara çəkilib ögüməyə
başladı. İlk dəfə idi ki, əlinin
içində qan görürdü. Qonşulardan
biri yanaşıb kömək elədi, ayağa qalxdı.
- Bu
yazıq da zülm çəkir neçə vaxtdır, - kim idisə Qərib haqqında deyinirdi, - Allah
özü kömək olsun.
- Vallah, əzab
çəkə-çəkə bir-bir hamını yola
salır, canı bərkdir, maşallah! - yanındakı
dilləndi. Qərib ha istədi ki,
danışanların kimliyini təyin eləsin, gözü
seçmədi.
Yas çadırı da dolu idi. Həşim kişi
hamının xeyir-şərinə yarayan adam olmuşdu. Kənddə
kim kimlə evlənərdisə, birinci
ondan xeyir-dua alar, elçilik mərasimlərində də
başda oturardı. Amma Qəribin elçilik məsələsi
başqa idi. Qərib nə illah elədisə,
Həşimi razı sala bilmədi. "Salman
tərsin biridir. İndiyə kimi mənim
sözümün qabağına söz deyən olmayıb, rədd
elə" deyib biryolluq bu söhbəti
bağlamışdı. Qərib
Güleyşəni qaçıranda isə ürəyi
dözməmişdi, onlara ilk qucaq açan Həşim
olmuşdu. Üç gün evində yer
vermişdi, amma biləndə ki, Salmanın oğlanları
qapı-qapı gəzir, onda elə gecə ikən ikisini də
qonşu kəndə yola salmışdı.
Yasda çox otura bilmədi. Üstəlik, ona elə
gəlirdi ki, adamlar ona əməlli-başlı nifrətlə
baxır. Verdiyi salamı üçü
alanda beşi susurdu sanki. Çaydan bir-iki
qurtum alıb fatihəsiz-zadsız çadırdan
çıxdı - heç olmamış kimi.
Birtəhər evə çatıb çardağın
altındakı çarpayısına uzandı və düz
axşama kimi qəbiristanlıqda eşitdiyi dialoqu fikirləşdi. Və ən əsası isə
onu deyən adamın nə dərəcədə haqlı
olub-olmadığını...
***
- Dədə,
Məzahiri tanıyırdın? - Tural həyətə girər-girməz
soruşdu.
- Məzahir
kimdi, a bala?! - Qərib yerində qurcuxdu.
- Malikin
sinif yoldaşı, tutulan yox, o biri...
- Hə...
hə... - Qərib xatırlamağa
çalışdı, - onu da tutublar?
- Yox! -
Tural irişdi, - bıçaqlayıblar... -
ayaqqabısının tozunu çırpa-çırpa əlavə
elədi, - əmisinə zəng edib deyiblər,
imkanlıdır axı o, - bir az ara verdi, -
amma deyirlər, çoxlu qan itirib. Yəqin...
- Kəs
səsini! - Qərib var gücünü toplayıb
qışqırdı, - a bala, sən nə yaşadın ki,
ölüm sənə bu qədər dadlı
görünür? Cavan oğlanı
bıçaqlayıblar, sən də daş hayındasan?!
Tüpürüm sənin daşına da, sementinə də!
Rədd ol gözümün qabağından! - Qəribi
öskürək tutdu, boğuq səs
çıxara-çıxara dizlərinə sarı
büküldü.
- Rədd
ol dedim sənə!..
Tural
baş barmağı ilə şəhadət
barmağını düyünləyib havada üç rəqəmini
göstərdi:
-
Üç, dədə, üç qəbir də düzəltsək,
İrana gedirik.
Birtəhər sürünə-sürünə
özünü hamama salan Qərib üz-gözünə su
vurdu. Ovcunda gördüyü qan daha ona adi gəlirdi, təəccüblənmirdi.
Bir az toparlanıb güzgüdə
özünə bir xeyli baxdı. Və birdən
başqa kiminsə əksini görürmüş kimi diksindi.
Tələsik arxaya çəkilib yenidən
diqqətini güzgüdəki əksinə cəmlədi.
Gözlərini ovuşdurub dodaqaltı "O
idi" deyib duruxdu. "Məzahir idi... Qəbiristanlıqdakı
adam Məzahir idi..."
***
Cəmisi iki gün sonra Məzahir də öldü, Həşim
də. Qərib isə bu ölüm xəbərlərini eləcə
dinməz-söyləməz başını yelləməklə
qarşıladı.
Nihat Pir
Ədəbiyyat qəzeti.- 2023.- 18 mart.- S.10-11.