Mənim vecsiz dünyanın
bir kəsiylə işim yox,
Mən haqqa tapınmışam - mənim
Allah varımdı.
Mən yazanlar şeir yox, Tanrının möcüzəsi -
Ağaca,
daşa, suya, oda məktublarımdı!
***
Qələm, dəftər - dörd
divar,
Sevinc, qəm, giley güzar...
Şeir qoşmağa nə var?! -
Şair
olmaq zülümdü!
Tanışlıq
Kimə nə, kiməm, nəçiyəm? -
Hər gələn
baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır
- adamam.
Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.
Sinəm
- qalxan, dilim - süngü,
Qəddim - ağac, əllərim - gül.
Mən dumandan, çəndən
yüngül,
Mən dağdan
ağır adamam.
Doğranıram budaq-budaq,
Tökülürəm yarpaq-yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü
yağır adamam.
Haqqın görkü - ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam-buyam,
Adamam, axır,
adamam.
Kimdi məni səsləyən
Tanrım,
görən mən kiməm,
Nəçiyəm bu dünyada? -
Bir payı quru torpaq,
Üç payı su dünyada!
Adım
peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan
fəryadam.
Qənşərində durduğum,
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma binəmmi?
Əvvəl-axır deyilən
Bir ölçü-biçi
varmı?
Varsa bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?
Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah!
-
Kimdi məni
səsləyən?!
Sənin qovuşmalı
iki yerin var
Nə tez inadına daş dəydi belə,
Nə tez inamına dəyib qayıtdın?
Yenəmi ağlını ürəyin
kəsdi?
Yenəmi baxtını söyüb
qayıtdın?
Qoşulub getdinmi durna dəsinə,
Bir kimsə
yolundan saxlamadı ki?
Buludlar üz qoydu Yer
kürəsinə,
Göy üzü
yerindən laxlamadı
ki?
Hər şeyə ad varsa, ad qoyan da var,
-
Bəlkə dağlar dərə, dərələr dağdır?
Bəlkə bu ağlardı
elə qaralar,
Bəlkə bu qaralar elə
dümağdır?
Gülürsən, gülməli burda nə var ki? -
Ancaq ağlamalı
bir şey də yoxdur.
Görürəm, gözünü göynədir
rəngi, -
Bir az bu söhbətin işığı
çoxdur.
Hə, bir də azadlıq
deyirdin axı,
Elə bir söz-söhbət gəzir
arada.
Sənin
azadlığın içindən
axır,
İçindən axacaq bundan sonra
da.
Əlində olsaydı öz
ixtiyarın;
Çoxdan ilim-ilim itməliydin ki.
Axı bu ürəklə canım-ciyarım,
Sən hansı
mənzilə yetməliydin
ki?
Bu mizan-tərəzi düzələr
çətin,
Yəni
bu görklər də ağ
yalandımı?
Ənəlhaqq! - çığıran
bir məmləkətin,
Yenə səltənəti yağmalandımı?!
Nə bir kömək dilə, nə təsəlli um,
Ondan adamlarda
yığın-yığındı.
Sənin
qovuşmalı iki Yerin var, -
O sənin Tanrın və Tənhalığındı.
Məni bu qələmdən
qoru, İlahi
Küfr
mənlik deyil... Əstəğfürullah! -
Sənə can atıram, sənə,
ilahi!
Şeytan
bardaş qurub kürəyimizdə,
Aman vermir gələk dinə, ilahi!
Burdan daşlayırsan, o yandan çıxır,
Ordan təpinirsən,
burda hazırdı.
Dünən gözlərimlə gördüm,
masamda
Əyləşib yerimə şeir yazırdı.
İşə yüyürürsən - iş yerindədi,
Dükana girirsən - vitrindən baxır.
Meyxanadan
qovub rədd eləyirsən,
Məscidin önündə qarşına
çıxır.
Gah əziz dost kimi girir qollara,
Gah qarşı
səngərdə top dalındadı.
Gah dilənçi misal çıxır yollara,
Gah milyonçu
misal qul halındadı.
Bir əli göydələn saraylar tikir,
Bir əli ehmalca qazır altını.
Söyürəm, əlimdən özgə
nə gəlir,
Hərçi-pətərinin yeddi qatını.
Elə qucaqlayıb yer kürəsini,
Bir küncü-bucağı
çıxmır yadından.
Şərqdə müharibə alovlandırır,
Qərbdə dil-dil ötür "barış" adından.
Yerdə
sahibidi küll-ixtiyarın,
Bildiyi məkrdi,
duyduğu kindi.
Şahlar
ən sevimli oyuncaqları,
Rəiyyət ovcunda plastilindi.
Yoxmu bu gedişin dönüşü, yoxmu,
Yoxmu bu gərdişin sonu, ilahi?!
Bu şeirdə şeytan barmağı varsa,
Məni
bu qələmdən qoru, İlahi!
İndi
Çəkdim qəmini də,
nəşəsini də,
Tükətdim, dünyada bekaram indi.
Nə qəlbim ağrıyır,
nə könlüm gülür,
Heç nəynən uyuşmur heç haram indi.
Röyada
pir babam sözünü dedi,
Söz demədi, sözün özünü dedi.
"Yığma göy üzündən gözünü"-
dedi,
Yerə şah, göylərə nökərəm indi.
Dərviş olamadım, dərvişmisalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub
qalam, -
Adım İbrahimə şikaram indi.
Gəl, könlünə bir
söz deyim
Mənim
yüküm ağırdı,
dost,
Mənnən yola varamazsan.
Mənim
göyüm sağırdı,
dost,
Sən altında
duramazsan.
Mən gah yoxam, gah
da varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən - soramazsan.
Nədi
əyrində düz
- deyim,
Nədi birində yüz - deyim.
Gəl,
könlünə bir söz deyim:
Bir də məni aramazsan!
İbrahim İlyaslı
Ədəbiyyat qəzeti.- 2023.-
18 mart.- S.8.