"Haqq səni sərraf yaradıb"

 

Aşıq Ələsgər şeirində ariflik

 

Gənc yaşlarından İrəvan, Göyçə, Naxçıvan, Qarabağ, Qazax, Gəncə, Kəlbəcər və digər bölgələrdə aşıq-saz məclislərində öz fitrətində həm saz, həm də söz sənətində istedadını inkişaf etdirməyə şərait tapan, özündən əvvəlki sənətkarların ocaqlarına qədər uzanan ənənə çərçivəsində bədii şəxsiyyəti formalaşan Aşıq Ələsgər metafizik aləmi dərindən təfəkkür etmiş və təsəvvüfi-mistik ilhamını xalis xalq dili ilə çatdırmışdır.

Aşıq Ələsgərin bir aşıq kimi vəzifəsi təkcə əyləndirmək, güldürmək deyildi, onun bu və bu qəbildən olan digər şeirləri xalq ədəbiyyatı materialı olmaqla, həm də adət-ənənə daşıyan, ictimai motivasiya, faydalılıq, tarazlıq, ictimai tənqid və nəzarət mexanizmi kimi funksiyaları da yerinə yetirirdi.

Bizim mədəniyyətimizdə özünü tanımaq ən böyük fəzilət, ən böyük bilikdir. Özünü tanıyanlar isə sözü müəmmalı - üstüörtülü deyənlərdir. Yəni, şair deyirdi ki, mənim üstüörtülü dediyim sözlər öyüd-nəsihətdir və arif olan bu kəlmələrin arasından "ləlü gövhər"i - dəyərli sözü, hikməti seçib götürəndir. Şeirin başqa bir bəndində:

 

 Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdi.

 

- misraları ilə cəhaləti məzəmmət edir, cahillərin anlayış və idrakdan uzaq olduğu bildirir.

 

Ustad aşığın "Bizdən salam olsun arif olana" (bağlama) şeirinə nəzər salaq. Şeirin ilk misrasından şairin kimlərə müraciət etdiyi artıq bəlli olur və arifsənsə, onda buyur, suallara cavab verin, - deyir. Yeri gəlmişkən, şairin suallarını da qısa şəkildə cavablandıraq.

 

 Bizdən salam olsun arif olana,

Haqq nə gündə xəlq eylədi dünyanı?

Yer ilə göy nə saatda bəhs etdi?

Yer nə üstə bəndə saldı asmanı?

 

 Asman nə istədi bari-xudadan?

Xuda nə əmr etdi ərşi-əladan?

Kim idi gəldi, kimi apardı haradan?

Nə surətdə gördü Məscid-Əqsanı?

 

Qeyd edək ki, dünyanın yaranması haqqında olan bir çox nəzəriyyələrin olmasına baxmayaraq, "Qurani-Kərim" yenə də elmin sirlərindən sayılır.

Aşıq Ələsgər bu barədə sual etməklə, əslində "Qurani-Kərim"in bəzi ayələrinin təfsirini soruşur ki, buradan ustadın özünün də bu sualların cavabını - yəni ayələrin təfsirini bildiyini öyrənirik. Şeirin birinci bəndində tarixin ən qədim dövrlərinə, dünyanın ilk yaradılış vaxtlarına diqqət çəkir. Sualın cavabını ayələrdə tapırıq: "Məgər kafir olanlar göylə yer bitişik ikən bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən, sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir)." (Ənbiya surəsi, 30-cu ayə)

"Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır." (Əl-Bəqərə surəsi, ayə 190) 

İkinci bənddə müsəlmanlar üçün müqəddəs sayılan, Qüdsdə yerləşən, Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunan, Məscidül-Əqsa (Beytul-Müqəddəs) haqqında danışılır ki, "Qurani-Kərim"ə görə, Məhəmməd Peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparılmışdı. Daha doğrusu, burada Məhəmməd Peyğəmbərin meracına işarə vurulur. Hədislərə və rəvayətlərə görə, peyğəmbərin yeddi göy qatı keçməklə Allahın hüzuruna yüksəlişi məhz Əl-Əqsa məscidindən başlamışdı və qayıdışında buna şəkk edən Məkkə əhlinə peyğəmbər Qüds şəhəri qarışıq bu məscidi də olduğu kimi təsvir etmişdi. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Bu məscidin adı İsra surəsinin birinci ayəsində də çəkilir.

 

 Nə ab ilə orda aldı dəstəmaz?

Neçə rəkət əda eylədi namaz?

Neçə kimsənəyə oldu pişnamaz?

Onlar baqidimi, olubmu fani?

 

 Tez verəsən bu sözlərin isbatın:

Nədəndi binası Abi-Həyatın?

Hardadı məqamı Mələk əl-mövtun?

Nə tövr ilə alır insandan canı?

 

 Bu təzə kalamdı, olsun yəqini,

Kəbə - qibləm, dinim - Məhəmməd dini.

Atam - Əliməhəmməd, Göyçə sakini,

Adım Ələsgərdi, yaxşı bil, tanı!

 

 Üçüncü bənddə sanki misraların yeri qarışır, mövzunun ardıcıllığı pozulsa da, bir məqama işarə ilə davam edir. Bu barədə professor Haydar Baş yazır: "Allah Rəsulu möminlərin ilk qibləgahı olan Məscidi-Əqsaya təşrif buyurur (Merac zamanı. A.N.) və bu əziz məkanda Allahın Xəlili Hz.İbrahim, İsa Ruhullah, Musa Kəlimullah və insanlığın atası Adəm Səfiyullah kimi bir çox peyğəmbərlərlə görüşür. Mübarək elçi, burada bir bayram şənliyi içərisində peyğəmbər və mələklərə imamlıq edərək iki rükət namaz qıldırır. Bu gün təhrif etdikləri dinlərinin yanlış fikirlərindən xilas ola bilməyən yəhudi dünyasının həqiqi siması, ancaq Hz.Peyğəmbərin arxasında sıraya duran Hz.Musanın (əs) Merac əsnasında vurğuladığı mənanın dərk olunmasında gizlənir. Çünki Hz.Musa bir İslam peyğəmbəridir. Dolayısıyla, aləmlərlə rəhmət olan Hz.Məhəmmədin arxasında sıraya durmaqla yəhudilərə də gözəl bir nümunə olmuşdur".

Dördüncü bənddə ustad "Abi-Həyat" dedikdə, dirilik suyu sayılan, Məkkə şəhərində Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulağa "Zəm-zəm"in yaranmasını soruşur. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən onun anası Həcərin qarşısında açılmışdır.

 

"Hardadı məqamı Mələk əl-mövtun" sualı ilə ölüm mələyi sayılan Əzrayılı anladır. Yeri gəlmişkən qeyd edək ki, mənbədə söz yanlış yazılıb. Sözün düzgün yazılışı  "Mələkül-mövt"dür.

Sualın cavabını ustadın digər bir şeirindən nümunə gətirməklə vermək olar.

 

 Bilirsən, dünyada, zalım,

            Mələk əl-mövt alır canı,

Yuyar qəssal, qoyar qəbrə,

            gələr Nəkreyn sual istər.

 

Sonuncu bənddə isə Aşıq Ələsgər öz milli kimliyini, genetik kimliyini, inancını, doğulduğu yeri və adını şeirin möhürbəndi olaraq işləmişdir.

Təhlilə cəlb edilən şeirlərdə, ümumilikdə, şair bu qənaətdədir ki, cahildən niyyəti pis olmasa belə, xeyir əvəzinə zərər gələr. "Cahillə yol çaşılar, ariflə dağ aşılar" zərb-məsəlində olduğu kimi, ağıllı, bilikli insanlarla söhbət etmək elmi, imanı, gözəl əxlaqı, ədəb-ərkanı artırır, qarşılaşdığı maneələri asanlıqla dəf etməyə kömək edir. Ustada görə, qəlbində Allah sevgisi olan imanlı insan dünya şövqündən qurtulmalı, elmi, dini bilgilər almalı, etiqadlı olmalıdır.

Dini-mistik mövzulara tez-tez toxunan şair bu şeirlərdəki sifət və davranışlarla öz şəxsiyyət zənginliyini təqdim etmişdir. Növbəti şeirə (bağlama-qıfılbənd) baxaq. Diqqət edərsək, bu şeir də sanki əvvəlki iki şeirin davamıdır. Yenə də digər şeirlərində olduğu kimi ustadın niyyəti dünyanın, yerin-göyün yaranmasını, "Qurani-Kərim"in ayələrinin nazil olmasını bildiyini, sonra isə "Yazıq Ələsgər"in bu bilgilərə necə sahib olmasını və hansı hikmətlə şair olmasını vurğulamaqdır.

 

 Yerin, göyün, ərşin, kürsün, insanın

Künhü, bünövrəsi ay nədən oldu?

Yeri göydən, göyü yerdən kim seçdi?

Hikmətin dəryası ay nədən oldu?

 

 Yeddi qat göy nə növ ilə quruldu?

Neçə qəndil, neçə sütun vuruldu?

Sən kimsən, mən kiməm kimdən soruldu?

Ustadlar ustası ay nədən oldu?

 

 Şeirin birinci bəndi tamamilə "Qurani-Kərim"in "Əl-Əraf" və "Əl-Ənam" surələrinə əsaslanaraq yazılıb.

 

"İkinci bənddə mələk Cəbrayılın Allahın "Sən kimsən, mən kiməm?" sualına "Sən sənsən, mən mənəm" cavab verməsi və bu cavaba görə qanadlarının yanması, üçüncü dəfə "Sən Yaradansan, mən yaranan" deməsilə bağışlanılması əhvalatıdır ki, bu, ritual rəvayət olaraq meydana gəlmişdir. Qurani-Kərimdə bu məzmunda açıqlama yoxdur..." 

Məhz bu rəvayətin şeirə gətirilməsinin bir səbəbi də həmin rəvayətin Hz.Əli ilə əlaqələndirilməsidir. Bu məqamda Hz.Əli Aşıq Ələsgərin bütövlükdə yaradıcılığının ana xəttidir, desək, yerinə düşər.

XIX əsrdə aşıq musiqisinin və xalq dilinin layiqli təmsilçisi Aşıq Ələsgər aldığı dərsləri və fəhminin gücü ilə öyrəndiklərini süzgəcdən keçirərək xalqın dini, mənəvi-əxlaqi yöndən maariflənməsi üçün istifadə edir:

 

 Nədən loh yarandı, nədəndi qələm?

Neçə hüruf o məclisdə oldu cəm?

Aləmi-ərvahda qurulan ələm

Ayəsi, şüqqəsi ay nədən oldu?

 

 Mansırın toxmağı, İsrafil suru,

Kəbənin Zəm-zəmi, Musanın Turu,

Nitqimin guyası, didəmin nuru,

Sərimin sevdası ay nədən oldu?

 

 Yazıq Ələsgərəm, intizarım var,

Alimsənsə, məni eylə xəbərdar:

Elmi hardan tapdı cümlə aşıqlar?

Şeri-müəmması ay nədən oldu?

 

Şeirin üçüncü bəndindəki "loh" lövhə, (burada Lövhi-məhfuz) anlamında, qələm isə məcazi mənada işlənib, yəni İslam inancına görə, bu dünyanın əvvəlindən sonunadək baş verəcək hadisələr, əməllər, savablar, günahlar və o biri dünyada mükafat və cəzaların öncədən yazılması üçün, "Aləmi-ərvahda" - ruhlar aləmində qurulan "ələm"də (iqtidar), "Qurani-Kərim"in "Ayəsi, şüqqəsi" (ayəsi, hissəsi) olan iki hərfdən "kn" - (kun. Ərəb əlifbasında sait səslər "hərəkə" adlanan xüsusi işarələrlə ifadə olunur) elementləri idi ki, "Ol" hökmünü ifadə edirdi.

 

Aşıq Ələsgər yaradıcılığının tədqiqatçılarından biri şair Niftalı Göyçəlinin "Ay nədən oldu?" bağlamasına yazdığı cavab şeirində isə bir bəndə fərqli izahla cavab verilmişdir.

 

 Cənnət qapısına nur oldu qələm,

"Bismillah" yazıldı - doqquz hüruf cəm.

Ruhlar aləmində quruldu ələm, "ələm" - elm

Yüz on dörd surəsi qaydası oldu.

 

Dördüncü bənddə ustad "Mansırın toxmağı" dedikdə Həllac Məncurun sənətinə işarə edir (yun çırpan ağac - toxmaq. Bununla bağlı çox sayda rəvayətlər var), "İsrafil suru" dedikdə məhşər gününü nəzərdə tuturdu. Bunların ardınca "Kəbənin Zəm-zəmi, Musanın Turu"nu xatırlamaqla həm bu mövzuya dair biliklərini göstərir, həm də "Nitqimin guyası, didəmin nuru, Sərimin sevdası" deyib "əzizlədiyi" sənətinin bilgi qaynağını göstərirdi.

 

Sonuncu bənddəki "Alimsənsə, məni eylə xəbərdar: Elmi hardan tapdı cümlə aşıqlar?" misralarla ustad bilgini hər şeydən üstün tutur, burada bilgi həm də ariflik mənasında işlənir. Məşhur qoşmasında "İşarət eylədim dərdimi bildi" dediyi kimi, şairlik həm də ariflikdir, deyir. Bəli, ağıl hər insanda var, zəka isə ağıldan istifadə etmə bacarığıdır. Arif olan almadığı bilgilərin də sahibi ola bilər ki, bu ancaq İlahi eşqlə bağlıdır və məhz bu adamlar xalqın nəzərində etibar və hörmət qazanırlar.

 

Aşıq Ələsgər bənzətmələri, təşbehləri ilə bəzən Koroğlu kimi sərtdir, bəzən Qaracaoğlan kimi yumşaqdır. Amma hər ikisində İlahi eşqlə və insan sevgisi ilə əhatələnmiş, tənqidini də, sınağını da ağıllı şəkildə etmişdir.

 

Aşıq Ələsgər dava-dalaş adamı olmasa da, zəmanəsinin siyasi problemlərini sətiraltı sözlərlə gələcək oxucusuna ötürmüşdür.

 

 Eşqin girdabında düşmüşəm ləngə,

Torbakeşlər tənə qılır peşəngə.

Gürbə şirə dönüb, muşlar pələngə,

Bəqə qızıb kərgədana dönübdü.

 

Bu şeirdə ustad rusların Qafqazı istilası zamanı xalqa edilən zülmü göstərir. Elə ilk misradan dost qəhri çəkdiyini, firqətindən, həsrətindən baharının qışa döndüyünü dilə gətirir. "Torbakeşlər tənə qılır peşəngə" deməklə satqınlıq edənləri, gürbələrin (pişik) şirə, "muşlar"ın (siçan) pələngə döndüyü zalımların əyyamını təsvir edir. "Arif, bu sözləri fikr eylə dərin" deməklə açıq danışa bilmədiyi üçün eyhamlarını tut, arif ol, - deyir gələcək oxucusuna.

Cəmiyyətin hər təbəqəsindən insanların Aşıq Ələsgəri sevməsi də onun məzlum xalqın ortaq ağrılarını hər kəsin anlayacağı dildə gizli bir şəkildə təqdim etməsindədir. Aşıq Ələsgər yeri gəldiyində coşan seli xatırladır, amma ətrafını dağıtmır."Sözlə mətləb yazmaq deyil muradım, Arifə eyhamla yazıram hürfat." deyən şair, arif olanların onun sözündən deyil, hətta ayrı-ayrı hərflərə yazdıqlarından da anlayacağına əmindir.

 

 

Adilə NƏZƏROVA

Ədəbiyyat qəzeti.- 2023.- 27 may.- S.28.