Əmzikli sərhədpozan

 

Hekayə

 

44 günlük Vətən Müharibəsində (27.09-10.11.2020) tarixi qələbənin əldə olunmasına və məxsusi olaraq şanlı Azərbaycan sərhədçilərinə

 

Nahardan sonra hərbi hissənin meydançasında gəzintiyə çıxmışdım. Birdən gizir Fərmanzadə yaxınlaşdı. Hərbi təzim etdi, salamlaşdıq.

- Xeyirdimi, İlqar? - Gəlişinin məqsədini soruşdum.

- Məni də çağırıblar, - dedi və başı ilə çiynindəki səhra çantasına işarə elədi, yəni hazırlıqlı gəlmişəm, əmrə müntəzirəm.

- Get, növbətçidə qeydiyyatdan keç, gözlə.

- Baş üstə! - deyib getdi, yorğunluğu hiss olunurdu, bəlkə də, zastavadan yaxınlıqdakı kəndə qədər piyada gəlmişdi.

Gizir Fərmanzadəni bir neçə il olardı şəxsən tanıyırdım. Yardımlının dağlıq bölgəsində yerləşən sərhəd zastavalarının birində təsərrüfat işlərinə baxırdı. Əməliyyat zamanı tanış olmuşduq. Vəzifəsi təsərrüfat işlərini sahmanlamaq olsa da əsl əməliyyatçı idi, başı yaxşı işləyirdi, ali təhsilli zabitlərdən geri qalmırdı.

Sərhəd Dəstəsinin qərargahında qızğın hazırlıq gedirdi. İydəlidən Dəvəliyə bütün zastava rəisləri toplanmışdı.

Toplantıya çağrılan zabit və gizirlər qərargahın ərazisindəydi. Kimisi həyətdə siqaret çəkərək həmkarı ilə söhbətləşir, kimisi dəftərxanada hansısa sənədi dəqiqləşdirir, kimisi də iclas salonunda sakitcə oturub televizora baxırdı. Elə bu vaxt hamının səbirsizliklə gözlədiyi xəbər ucadan səsləndirildi:

- Diqqət! Diqqət! Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Ağbənd qəsəbəsini erməni işğalından azad etmişdir. Zabitlər bu xəbərdən həyəcanlandılar, dərhal sevinclərini büruzə verdilər.

- Urraaa...

- Yaşasın Müzəffər Ali Baş Komandan!

- Yaşasın rəşadətli Azərbaycan Ordusu!

- Yaşasın xüsusitəyinatlılar!

- Var olsun Sərhəd Qoşunları!

Yığıncaq çox çəkmədi. General rəşadətli ordumuzun keçirdiyi döyüşlərdən danışdı, hansı ki, bunlardan bəzilərini rəsmi mənbələrdən eşitmişdik.

Bununla da təyinatlar başladı. İşğaldan azad edilmiş bütün ərazilərə yeni təyinatlar oldu.

Hər dəfə adımın çəkilməsini gözləyirdimsə də, başqa adlar səslənirdi. Nəhayət, sonuncu iki zastavaya da təyinat oldu. Ən sonuncu zastava rəisi yerində öz adımı eşidəndə həyəcanım bir andaca keçib getdi, rahatlandım.

- Cənab Bərxudarlı! - General mənə müraciət edəndə artıq ayaq üstdəydim, farağat vəziyyətində nə deyəcəyini gözləyirdim. - Sizə mayor rütbəsi verilməsi haqqında təqdimat və əmr komandanın masası üzərindədir. Ali Akademiya təhsili almaq üçün Belorusiya Sərhədçi Akademiyasına göndəriləcəyiniz də cənab komandanın diqqətindədir. Lakin indi hamımız ən vacib olanı yerinə yetirməliyik. Komandan şəxsən sonuncu sərhəd zastavasının rəhbərliyini sizə etibar edir. Etimadı doğrultmalısınız.

- Azərbaycan Respublikasına xidmət edirəm!

Toplantı sona yetdi. Hər kəs aldığı tapşırığı yerinə yetirmək üçün qərargahın müvafiq kabinetlərinə üz tutdu. Mən də çıxmaq istəyirdim ki, hələ tribunadan aralanıb getməyən general yanına çağırdı. Ona yaxınlaşıb məruzə etmək istəyirdim, əli ilə işarə verib saxladı, ardınca getməyi tapşırdı. Biz birlikdə Dəstə komandirinin otağına gəldik. Komandirin geniş, işıqlı kabinetində divara böyük xəritə vurulmuşdu. Qərargahda xidmət keçməyimə baxmayaraq bunu birinci dəfəydi görürdüm.

- Bərxudarlı, - deyə general dərhal xəritəyə yaxınlaşıb tapşırığa keçdi. - Yaxın gəl, xəritə ilə tanış ol.

Gizir Fərmanzadə mənim sərəncamıma ayrılmışdı, zastavanın təsərrüfat işlərini sahmanlayacaqdı. Şəxsən tanıyırdım, işinə bələddim deyə sevindim. Zəhmli, ciddi, ən əsası da sədaqətli sərhədçi idi.

Kursantlar da öz tağım komandirləri ilə bizi vertolyotun salonunda gözləyirdi. Generalın dediyinə görə, kursant tağımının komandiri baş leytenant Cabbarlı əvvəlcə dağlıq bölgədə yerləşən zastavaların birində xidmət keçib, sərhədçi təcrübəsi vardı. Hərtərəfli sağlamdır, idmançıdır. Hərbiçilər arasında necə deyirlər: "Onunla kəşfiyyata getmək olar!"

Biz və qonşu zastavanın rəisi oturan kimi vertolyot havaya qalxdı. Araz boyu irəliləməyə başladı. Təxminən qırx dəqiqədən sonra Bartaz dayanacağındaydıq. Bortdan yerə endik, əşyalarımızı boşaltdıq. Vertolyot dərhal uçub geriyə qayıtdı, generalı Bakıya aparmalıydı.

Bizi Milli ordunun zabiti qarşıladı. Vəziyyət barədə qısa məlumat verdi:

- Zastavalara gecə ilə getməyinizin heç bir mənası yoxdur, - dedi. - Gavurlar gedəndə mundarlaya bilərdilər, gedərsiniz ziyançılıq olar. Səhər tezdən minaaxtaranlar öz işlərini görər, sonra gedib yerləşərsiniz.

Deməli, Bartaz zastavası qəsəbənin lap yaxınlığında yerləşir. Bizə gecəni qalmaq üçün təklif olunan yarımuçuq evlər, zirzəmilər təhlükəsiz idi, çünki bizdən əvvəl orda xüsusitəyinatlılar Milli ordunun əsgərləri bir neçə gün qalıb döyüşə hazırlaşmışdı. Biz zastavalarımıza getmək istədiyimizi deyəndə Milli ordunun zabiti yenə etirazını bildirdi.

- Hər şey ola bilər, - dedi. - Düzdür, ermənilər son ana kimi zastavadaydılar. Lakin onların çıxan anda haralarasa mina qoyub-qoymadığını heç kim görməyib, bilmir sizə qarantiya verə bilməz.

Həmkarım razılaşsa da, mən razılaşmadım.

Bizə bələdçi ayrıldı. Əşyalarımızla birlikdə iki "URAL" markalı maşına doluşaraq yolumuza davam etdik. Səhərisi gün zastavaya KQM (Komanda-Qərargah Maşını) rabitə maşınını göndərəcəklərini bildirdi. Dəstə qərargahı, komendantlıq qonşu zastavalarla rabitə əlaqəsi yaradılana kimi KQM-dən istifadə edəcəkdik.

Yolumuz nəsə çox uzun çəkdi.

Ağbənd zastavası deyilən yerə yaxınlaşdığımızı bildirib bələdçimiz maşını saxlatdı.

- Bax, o bina zastavadır, - deyərək əli ilə göstərdi, Ayın işığında binanı aydın görmək olurdu.

Maşından endik əşyalarımızı boşaltdıq. Gizir Fərmanzadə ehtiyatlı sərhədçi idi, böyük bir çadır götürmüşdü. Kursantların ilk işi yolun kənarında çadır qurmaq oldu. Çadır qurulandan sonra bələdçi bizə uğurlar arzulayaraq "URAL"-a oturub getdi.

Çadırın hər iki tərəfində, hardasa səksən-yüz addımlıq məsafədə döyüş mühafizəsi təyin etdik.

Bizə iki minaaxtaran qoşmuşdular. Sübh tezdən onları yuxudan oyatdıq. Zastava ərazisini yoxlamaq tapşırığını alıb yerinə yetirməyə yollandılar. Gizir Fərmanzadə onlarla getdi.

Zastavanın müdafiə zolağı Araz çayı boyunca uzanırdı. Bir-birindən iki kilometr məsafədə üç sərhədçi qülləsi yerləşirdi. Həmin qüllələrdə xidməti təşkil etdik.

Təxminən on-on iki gün olardı ki, əraziyə köçüb xidməti yoluna qoymuşduq. Bir gün axşamüstü Dəstənin qərargah rəisi zəng vurub məni KQM-na çağırtdı. Hal-əhval tutandan sonra dedi:

- Mərkəzdən məlumat göndəriblər. Lap yuxarının tapşırığıdır.

- Buyurun, eşidirəm. - Özümü cəmləşdirdim.

- O taylı mənbəmizdən siqnal var. Onu şəxsən nəzarətdə saxlamalısan ki, dürüst yerinə yetirilsin.

- siqnaldı elə?

- Bu gecə siz tərəfdə sərhəd pozulacaq, yəni o taydan gələn olacaq.

- Heç olmasa, sərhədin pozulacağı yeri deyibmi? Bizim ərazi böyükdür, hamımız sərhəd boyunca düzülsək belə üçdə birini bağlaya bilmərik.

- Bu səfeh sualdı verirsən? Deyib ki, Ağbəndin qarşısından keçəcək. O yolla həmişə gedib-gəliblər.

- Aydındır. Özümüz bir şey fikirləşərik.

Axşam saatlarında şəxsi heyəti yığdım. Bölgünü keçirib təlimatlandırdım xidmətə yollandıq. Zastavada yalnız daxili naryadı saxladım. Gizir Fərmanzadə şərq bölgəsində patrulluq edən dəstələrə nəzarəti öz üzərinə götürdü, baş leytenant Cabbarlı qərb, mən isə mərkəzdə. Bu gecə dünya dağılsa, Ay paralanıb yerə düşsə, xeyri yoxdu, nəyin bahasına olursa, olsun sərhəd pozucusunu tutmalıydıq.

"Neçə nəfərdilər? gətirirlər? Silahları varmı?" Gic-gic sualları özüm-özümə yağdırdım gülməyim tutdu. "Silahsız sərhəd pozucusu olar?" Sualların heç birinə cavab tapa bilmədim.

Bu neçə gündə bircə çayın qırağına getməmişdik. Eləcə aralıdan durub gah gözlə, gah da durbinlə müşahidə eləmişdik.

Arazın o tayında cəmi bir sərhəd qülləsi vardı, bura gəldiyimiz ilk gündən bunu müəyyənləşdirmişdim. İranlı sərbazlar sərhədi bizim kimi qorumurdular, Azərbaycan sərhədçilərinə çox arxayındılar.

Səbrim daralmaq üzrəydi, səhərin açılmasına iki saat qalardı, ya yox.

Gələnləri yaxşı görürdüm. Biri kişi, o birisi isə qadın idi. Kişi çiyninə yol çantası keçirmişdi, qadın isə uşağı qucağına almışdı. Elə bil çaşıb qalmışdılar. Bu silah qaçaqmalçılarına oxşayırdı, narkotika tacirlərinə...

Nəhayət, kişi yol çantasını çıxardıb qadının kürəyinə keçirtdi. Sağollaşdılar. Hər ikisi əlini göyə qaldırdı, deyəsən, Allaha dua edirdilər.

Kişi yamacda qaldı, qadın isə ehmal addımlarla çayın qırağına düşdü. Əllərini göyə qaldırmağı ilə arxası üstə çaya düşməyi bir oldu. O qədər anidən oldu ki, həyəcanlandım. O, suya batdı tez üzə çıxdı. Güclü axın onu ağuşuna alıb üzüaşağı gətirirdi. Qadın gah suda batır, gah da yenidən üzə çıxırdı. Qarnına bağladığı uşağını bir əli ilə yuxarı qaldırmağa çalışırdı. Hiss elədim ki, uşaq boğulmasın deyə qadın arxası üstə üzürmüş.

- Kömək edin! - Qışqırtısı qulaqlarımda cingildədi.

Kimə qışqırırdı? Kimi köməyə çağırırdı? Səhərin bu alatoranında kimisə görmüşdümü? Bizim burda olduğumuzu bilirdimi? Bilirdisə, niyə xəlvət, kor-koranə özünü suya atırdı?

İndi bunun hayı deyildi. Gözümün qabağında onlar çayın ən gur buruqlarının cəngindəydi. Su qadınla uşağı amansızcasına ağuşuna alıb aparırdı. Sahilə çıxmaq şansları heç qalmamışdı.

- Kömək edin! - Qadın var qüvvəsi ilə qışqırırdı. - Balamı xilas edin!

Qadın bir suda batıb üzə çıxanda uşağını görmədim, ya boğularkən əlindən buraxıb, ya da güclü axın alıb aparmışdı. Heç düşünmədən silahımı yerə qoyub qaya parçasının üstünə çıxdım.

- Komandir, komandir, siz hara?

Əsgər arxamca çağırsa da əhəmiyyət vermədim. Var qüvvəmlə çaya tullandım. Gur axın məni ağuşuna alıb apardı. Özümü cəmləşdirib təkan verdim. Kiçik təkan üzüaşağı üzməyimi sürətləndirdi. Başımı qaldırıb baxdım. Körpə suyun üzündə gedirdi. Məndən çox da aralıda deyildi. Daha bir təkan verib ona tərəf üzdüm. Çatdıqda uşağı görmədim. Suyun altına baş vurub bir üzə çıxdım. Uşaq mənim bir addımlığımda suyun üzündəydi. Əl atıb tutdum. Onu köksümə sıxaraq bir əlimlə sahilə yaxınlaşmağa cəhd göstərdim. Çayın dar yerini artıq arxada qoymuşduq. Arazın axını burda genişlənir, sürəti azalırdı.

- Kömək edin! - Qadın hələ suya batıb-çıxır, çıxdıqca qışqırırdı.

Sahilə az qalmış gizir Fərmanzadənin səsini eşitdim:

- Cənab kapitan!

O mənə müraciət edirdi, deməli məni görürdü. Başımı qaldırıb sahilə tərəf baxdım, cavab verməyə taqətim qalmamışdı, gur burulğan məni əməlli-başlı "əzişdirmişdi". Gizirin səsini eşitməyimlə şappıltı ilə suya tullandığını gördüm, mənə tərəf üzürdü. Çatıb kömək eləməyə çalışdı, əlimdən tutub sahilə tərəf çəkdi.

- Qadına... - bircə bunu deyə bildim. - Qadına, anasına...

Ağzıma dolan lilli suyu tüpürüb sahilə yan aldım. Sahildən az qala "asılı vəziyyətdə qalmış" yulğun kolunun kökündən yapışıb quruya çıxdım. Əlimlə uşağın üzünə yığılmış köpüklü su ilə lilli çör-çöpü təmizlədim. Körpə qorxa-qorxa gözlərini açdı. İlahi, sənin böyüklüyünə şükür, o sağ idi, boğulmamışdı. Ağzındakı əmziyə dolmuş çirkli suyu sümürürdü. Əmziyi dartıb ağzından çıxartdım. O, dərindən nəfəs alıb ağladı.

- Ağlama, gözəl bala. - deyib təskinlik verməyə çalışdım.

Əmziyi silib yenidən ağzına qoydum. Körpə bayaqkı iştahla sümürməyə başladı. Dünyadan xəbərsiz körpənin məsum baxışları mənə dikilmişdi. Xoşbəxtlikdən uşağın yalnız üst paltarı islanmışdı, altdan seylofan ilə bələnmişdi.

- Cənab kapitan! - Gizirin səsiydi.

Uşağı yerə qoyub arxaya çevrildim. O, qadını çəkə-çəkə sahilə yaxınlaşırdı. Cəld suya tullandım. Qadını quruya çıxartmağa ona kömək etdim. Biz sahilə çıxdıq. Qadın boğulmuşdu, huşu özündə deyildi. Onu üzüaşağı uzadıb ayaqlarını yuxarı qaldırdım. Gizir iki-üç dəfə ürəyinin üstündən basan kimi köpüklü su ağzından püskürüb axdı qadın ayıldı.

- Oğlum hanı? - Ayılan kimi birinci bunu soruşdu.

- Burdadı, xilas eləmişik - dedim.

Bunu eşidən kimi yenidən gözünü yumdu.

İndi hiss etdim ki, bütün bədənim titrəyir, cumculuq su içindəyəm. Tir-tir əsməyə başladım.

Əməliyyatın başa çatması barədə patrul qruplarına xəbər verib zastavaya qayıtdıq. Qayıdan kimi Dəstə qərargahına məlumat ötürdüm. Onlar sərhəd pozucularını Bakıya aparmaq üçün maşın göndərdilər. İmkan var ikən qadını yanıma çağırdım.

- Özünüzə gəldinizmi? - deyə soruşdum. - Vətən torpağına ayağınız dəydikdə rahatlıq tapdınızmı?

O, sualıma cavab vermədi. Soyuq, inamsız baxışlarla məni süzürdü. Birdən:

- İndi bizə edəcəklər? - deyə həyəcanla soruşdu. - Məni tutacaqlar? Oğlumu əlimdən alacaqlar?

- İrana necə getməyimizi?

- Elə hamısın. Başınıza gələnləri danışın.

- Kənd qızıyam. Qonşu kənddən olan bir oğlanla ailə qurdum. Oğlan Rusiyada yaşayırdı, alverlə məşğul olurdu. Məndən on beş yaş böyük idi. Toydan sonra məni yaşlı anasının yanında qoyub qayıtdı Rusiyaya. Üç il ailəli olduq, o, orda, mən burda.

- Heç gəlmirdi?

- İldə bir dəfə gəlirdi, on gün qalıb qayıdıb gedirdi.

- Zaqsınız varıydı?

- Yox, zaqs götürməmişdi, eləcə molla kəbiniylə ailə qurmuşduq. Vaxtı olmurdu, gələn kimi qayıdıb gedirdi. Sözümüz çəp gəldi, dedi, çıx get atanın evinə. Boşandıq.

- Atanın evinə qayıtdın?

- Yox. Ora qayıda bilməzdim. Bu, mənim üçün ölümdən betərdi. Gedib atama, qardaşıma gözdağı olmayacaqdım ha... Gəldim şəhərə. Elə avtovağzalda soraqlaşdım. Bir kişiyə kafesində işləməyə adam lazım idi. Məni gətirdi kafeyə, orda qalmağıma yer düzəltdi. Əvvəlcə qabları yuyurdum. Sonra ofisiant keçdim. Bir il kafedə işlədim.

- Heç olmasa işlədiyinin pulunu verirdilərmi?

- Min manat pul yığmışdım. Hara gedirdim ki, xərcləyəm. Orda yeyirdim, orda yatırdım. Kafeyə hərdən bir xanım gəlirdi yemək yeməyə. Yediyinin üstündən həmişə mənə bir-iki manat artıq verirdi. Dostlaşmışdıq, gec-gec gələndə darıxırdım. İmkan olanda söhbətləşirdik. O, alverlə məşğul olurdu, deyirdi hərdən İrana gedib-gəlir. Xahiş elədim, mənə kömək eləsin. Bir gün sevincək gəldi. Dedi, sənə kömək eləyəcəm. Məni kafedə işdən çıxartdı. Əvvəlcə o qalan evə getdik. Sonra mənə bir kirayə ev axtarıb tapdıq. Çox sevinirdim, desəydi, razılaşacaqdım. Dedi, İrana getmək üçün gərək hicaba girəsən. Bilmirdim hicaba necə girmək olur. O, hər şeyi mənə başa saldı. Razılaşdım. Gətirdi Molla Bəkirin yanına.

- O kimdir?

- Məscidin baş mollasıdı, əlaqələri genişdi. Məni bir gecəlik özünə siğə elədi. Sabahısı günü dini paltar alıb geyindirdi, məscidə gətirib hicabımın duasın oxudu, ruzi-bərəkət duası yazıb verdi. Onun Təbrizdə dükançı tanışları var. Bir bir kağız yazdı ki, gedəndə onlara göstərim.

- Kağıza yazmışdı?

- Heç açıb baxmadım. Yəqin ərəb hərfləri ilə yazmışdı. Mən onu oxuya bilmirəm. Beləcə, yolum açıldı. Mənə kömək eləyən xanıma qoşulub getdim İrana. Plasmas qab-qaşıq alıb gətirdim. Dördüncü dəfəydi, gedib-gəlmişdim. Dedilər ki, Molla Bəkir səni axtarır. Getdim yanına. Soruşdu ki, ərə getmək, ailə qurmaq istəyərdin? Dedim yaxşı adam olsa, hansı qadın ərə getmək istəməz. Elə orda məsciddə məni Kərim adlı bir kişi ilə tanış elədi, İran vətəndaşıydı. Molla Bəkir kəbinimizi kəsdi, biz ər-arvad olduq, gəldik mən qaldığım kirayə. Bir müddət yaxşı dolandıq. Kərim işləyib qazanırdı, mən iki-üç aydan bir gedib-gəlirdim.

- Kərim işləyirdi?

- Onun nə işlədiyin soruşmurdum. Özü deyirdi ki, xırda ticarətdi, dükan işidir, Bakıda olan İran dükanlarının əlaqəsin qurur. Harda mal yaxşı satılır, harda zəif... burdan ora, ordan bura... isə... Bir gün gəldi ki, bələdiyyədən iki sot torpaq almışam, gedək sənin adına yazdıraq. Getdik bələdiyyəyə, pasportumu verdim, yazdılar. Sonra Kərim orda bir otaqlı ev tikdi, kirayədən çıxıb öz evimizə köçdük. Həmin gün dünyanın ən xoşbəxtiydim, mənim ailəm, evim vardı. - Evimizə köçəndən iki-üç ay sonra oğlumuz oldu.

- Allah salamat eləsin.

Adını Rza qoydu. Kərim dedi ki, rəhmətlik ağamın (onlar atalarına "ağa" deyirlər) adın qoyuram, ruhu şad olsun.

- Deyəsən, Kərim sizə qarşı yaxşı olub? Heç bir sözündən çıxmamısınız?

- İnsafən, çox yaxşı davranırdı, mehribançılıq göstərirdi. Elə ki, sənədləri hazırladıq, dedi gedək. Yığışıb getdik Təbrizə. Bir ay qaldıq orda. Ona kimi hər şey yaxşıydı. Elə ki, qayıtmaq istədik, pandemiya düşdü, yollar bağlandı. Kərim dedi ki, Əfsanə, heç ürəyini sıxma, ora da öz evindi, bura da. Qalaq, anama gəlinlik elə. Şükür Allaha, yeməyə çörəyimiz, geyməyə paltarımız. Qaldıq. Günlər keçdikcə gördüm Kərimin mənə qarşı davranışı dəyişib. Üstümə qışqırır, acılayır. Elə bildim anasının yanında özünü göstərir. Kişidi , kişilərin hamısı belədi. Bir-iki ay da keçdi, gördüm yox, Kərim həmin Kərim deyil, hərdən mənim yeməyimə, çayıma qatırdısa, gic kimi olurdum, daş kimi yatırdım...

- Yeməyə, çaya gəlin kimi sən baxmırdın?

- İranda bişirmək arvadların işidi, çəkib süfrəyə gətirmək kişilərin. Bir neçə dəfə gördüm ki, nəsə qatır. Dedim, Kərim eləyirsən? Dedi ki, ədvadı, yeməyə dad verir. Sonra da üstümə ad qoydu ki, gicsən, başıxarabsan, səni aparıb qoyacam dəlixanaya. Mən qorxurdum. Bir gün xəlvətə salıb oğlumu da götürüb evdən qaçdım. Soraqlaşa-soraqlaşa getdim Molla Bəkirin adamının yanına. Məni neçə gün evinin zirzəmisində gizlətdi. Xəbərimiz vardı ki, burda dava gedir. Dedi, qorxma, səni aparıb ötürəcəm Azərbaycana. Ordan gətirdi Qaraçılar kəndinə, bir adama təhvil verib qayıdıb getdi. Burda da çox qala bilməzdim, qonşulardan kim xəbər tutsaydı, sərbazlara xəbər verəcəkdi. O adam da gətirib çayın qırağından yola salıb qayıtdı. Dedi, üzünü tut Allaha, get. Gerisini siz bilirsiniz.

Qadın başına gələnləri danışıb qurtardı, imdad dolu gözlərini gözümə zillədi.

- İndi necə olacaq? - Yalvarıcı baxışları gözümə dikilmişdi. - Məni tutacaqlar? Oğlumu alıb yetimxanalara verəcəklər ki, türmədən çıxandan sonra onu tapmayım? Yox! Yox! Mən oğlumu heç kimə verməyəcəyəm! Türmədə yanımda saxlayacayam!

Bilmədim cavab verim. Masanın üstündəki siqaret qutusundan bir gilə çıxardıb yandırdım. Sonra pultu götürüb televizoru işə saldım. Səhər xəbərləri yekunlaşmaq üzrəydi.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin "Vətəndaşlıq haqqında" qanuna etdiyi əlavə dəyişikliklər bu gündən qüvvəyə minir. - Aparıcı bunu dedikdən sonra bəzi izah şərhlər verməyə başladı.

- Anan namaz üstəymiş, Əfsanə!

İkimiz sevincdən yerimizdən dik qalxdıq. Ürəyimdən keçdi ki, onun boynunu qucaqlayıb təbrik edim. Deyəsən, o da istəyirdi ki, boynunu qucaqlayım, başını sinəmə sıxım. Gör, neçə vaxtdı çöllərdəydi, qardaş qayğısından kənardaydı, ata nəvazişinə həsrət qalmışdı. Doğma Vətənə qayıtmağı möcüzə kimi görünürdü, yəqin Əfsanə yuxu gördüyünü zənn edərdi. Birdən gözümə sataşdı ki, üzündə şıram var, təzəydi, kəndə ölü düşəndə üzünə şıram çəkən arvadların əməlinə oxşayırdı.

- O nədir elə? - Sifətindəki şırama işarə elədim.

- Heç - deyib üzünü o yana çevirdi, başa düşdüm ki, çay uşağı əlindən alanda əlini üzünə çəkib. Xatırlatmağı artıq bildim, onsuz da qəhərlənmişdi, bir himə bənddi ağlasın.

- Bəxtin kəsdi ki, dəyişikliklərdə düşdüyün vəziyyət nəzərə alınıb.

Sevincdən əlləri ilə üzünü bağlayıb üzü o tərəfə döndü. Hönkürtüsü otağa başına götürdü. "Qoy doyunca ağlayıb sakitləşsin", öz-özümə bunu deyərək siqaret yandırıb otaqdan çıxdım.

 

Əli bəy AZƏRİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.14-15.