İlham Bədəlbəyli və Nəsib

Nəbioğlu mükafatlandırıldı

 

Oktyabrın 31-də Azərbaycan Yazıçılar Birliyində Rusiyada yaşayan tanınmış qələm adamlarıyla görüş keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayıb. Xalq yazıçısı Yazıçılar Birliyi tərəfindən Rusiyada yaşayan, Azərbaycan ədəbiyyatının, Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafında xidmətləri olan iki tanınmış yazıçının - İlham Bədəlbəyli və Nəsib Nəbioğlunun Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomuna layiq görüldüyünü elan edib.

İlham Bədəlbəyli Yazıçılar Birliyinin rəhbərliyinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Rusiyada yaşayan qələm adamlarının Azərbaycan ədəbiyyatının təbliğində, tanınmasında ciddi və davamlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Nəsib Nəbioğlu çıxışı zamanı onun yaradıcılığına verilən qiymətə görə Yazıçılar Birliyinin sədrinə minnətdarlığını bildirib. Uzun illər yurd-yuva həsrətilə yaşayan şair Kəlbəcər səfərindən, orada rastalaşdığı yenidənqurma işlərindən söz açaraq sevincini tədbir iştirakçılarıyla bölüşüb.

Tədbirdə Əməkdar elm xadimi, professor Tofiq Məlikli, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Birliyin katibi Elçin Hüseynbəyli, Moskva bölməsinin sədri, professor Abuzər Bağırov, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Mir literaturı" qəzetinin baş redaktoru Elmar Şeyxzadə və başqaları çıxış edərək mükafata layiq görülən hər iki qələm adamının yaradıcılıq fəaliyyətindən söz açaraq onları təbrik edib, yeni uğurlar arzulayıblar

 

Ədəbiyyat qəzeti.- 2023.- 4 noyabr, №42-43.- S.7.