Addım-addım halallaşma

 

"Dünyada baxan və görən insan var, görən insan olmaq daha çətindir. Çətini seç - dedilər. Görən insan olmağı seçdim".

Hesab vaxtının halallaşmasını bu sözlərlə başlamışdı mərhum millət vəkili, unudulmaz Qənirə Paşayeva.

Nəfsə uyan və uymayan insan var, nəfslə mücadilənin çətin olduğunu demişdilər. "Nəfslə savaşmağı öyrəndim, özümü aşmağı seçdim" hesabatı vermişdi. Çətini, səmimi olmağı seçmişdi. Hər şeyə şükr etməyi, paylaşmağı, Eşqlə yaşamağı öyrənmişdi.

lmək asandır, amma insan kimi ölmək çətindir, seçim sənindir" - demişdilər.

İnsan kimi yaşamağı və insan kimi ölməyi seçdi.

Öyrəşmişdi çətin olanı seçməyi...

Peyğəmbər əfəndimizin buyurduğu kimi, heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışdı. Bilirdi axı hesab vaxtının son qərarını. Öz əllərilə yazmışdı: "Ömrümüz yaşayaraq gözləməkdən, gözləyərək yaşamaqdan və qəfil bir sondan ibarətdir... Vəssalam!".

Nə xoş ki, unudulmaz Qənirə xanım Haqq dünyasına yürüməzdən öncə bütün sevdiklərilə halallaşmaq imkanını qaçırmadı. Ömrünün son günlərində addım-addım halallaşdı sevdiklərilə. Canı qədər sevdiyi bir məmləkətin dünyaya görk etdiyi Cümhuriyyətin 100 illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" sənədli filmini ərmağan etdi Azərbaycan-Türkiyə qardaşlığına.

Bu günlərdə Nizami Kino Mərkəzində möhtəşəm təqdimat mərasimi keçirildi "Qənirə Paşayeva ilə addım-addım Türkiyə" adlı sənədli filmin. 64 gün ərzində qardaş Türkiyənin 75 vilayətində lentə alınmışdı o Türk sevdalı film.

 Əvvəlcə millət vəkili, akademik, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovu dinlədi Qənirəsevənlər. Dərin təəssüf hissilə danışdı Nizami müəllim. Dost, həmkar, əqidədaş itkisinin ağır olduğunu dedi: "Qənirə xanım səmimiyyəti, ünsiyyətçiliyi və qətiyyəti peşə vasitəsinə çevirmişdi. Qənirə xanımın ünsiyyətçiliyi onu hər kəsə sevdirirdi. O, həmişə deyirdi ki, mən siyasətə qəzetçilikdən gəlmişəm. Bütün işlərində jurnalistikadan gələn bir dirilik, operativlik vardı. O, son dərəcə ləyaqətli, hər kəsin sevdiyi ictimai xadim idi. Bu sevgini vətəninə, xalqına, Türk dünyasına xidmət işi və miqyaslı düşüncəsiylə qazanmışdı. Qənirə xanım insanlara ümid verməyi bacarırdı. Ona inanırdılar. Qənirə xanım özündən sonra böyük tarix qoyub; qürurlu, fərəhli, xoşbəxt, əbədiyyətə hesablanmış bir tarix. Amma onun gözlərinin lap dərinliyində həmişə yalnız könül dostlarının sezə biləcəyi məlum bir kədər, narahat bir düşüncə vardı. Məncə, düşünürdü ki, o, öz yarımçıq işlərini başa çatdıra biləcəkmi? Bu istəyini gerçəkləşdirmək üçün Qənirə xanım fövqəladə fədakarlıqla çalışdı... Son  işi olan bu filmdə böyük bir qürurla türk tarixindən danışıb, türk tarixini göstərib və türk tarixilə qürur duyduğunu dilə gətirib".

Türkiyənin ölkəmizdəki səviri Cahit Bağcı da unudulmaz Qənirə xanımdan eyni fikir ucalığıyla söz açdı: "Qənirə xanım Türk dünyasını çox seivrdi. Onun Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" adlı sənədli filmi Türkiyənin tanıdılmasına bir tövhədir. Qənirə xanım filmdə Türkiyənin tarixini, mədəniyyətini, xalqını, təbiətini öz diliilə anlatmasına böyük dəyər verir, qiymətləndiririk. Qənirə xanım Türk dünyasının cəsur xanımı idi. O, 48 il ömür yaşasa da, üç insan ömrünə bərabər işlər görərək özündən sonra dərin iz qoydu".

Qənirə xanımın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev sözügedən təqdimat mərasimində həm kədər, həm də sevinc hissi keçirdiyini dilə gətirdi: "Sevinclə kədər qoşa doğulub... Qardaş Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Qənirə xanımın dünyasını dəyişməsindən 36 gün keçib. Bu günlər ərzində ona olan ümumxalq məhəbbətini müşahidə etmişik və şahidi olmuşuq.

Ən böyük arzusu Xocalı və Xankəndinin azad olunması idi. Şükr, o günü gördü... Qənirə xanım az yaşasa da, mənalı ömür yaşadı. O, ömrünü xalqına, Türk dünyasının tanıdılmasına sərf etdi. Qənirə xanım xalqımızın sevimlisi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbini keçmişdi. Öz iti, kəskin zəkası, fenomen ağlı və fitri istedadı ilə seçilən bir insan idi. Tükənməz enerji daşıyıcısı idi. Bu enerji xalqına məhəbbətdən irəli gəlirdi. Çoxşaxəli sahələri bir araya gətirə bilirdi. Qənirə xanım ziyalı ailəsində dünyaya göz açmışdı, ziyalı ailəsində böyümüşdü. Qardaşım ona mənim adıma uyğun ad qoymuşdu. Demişdi Qənirəyə sənin adın kimi şərəfli, adlı-sanlı ad qoyuram. O zaman demişdim ki, sağlıq olsun, o, məndən də adlı-sanlı, xalqına şərəf gətirən bir insan olacaq. Aradan keçən illər mənim dediklərimi, qardaşımın arzusunu reallaşdırdı. Qənirə xanım bizim istəyimizi gerçəyə çevirdi. O, təkcə bizim ailənin yox, bütün Türk dünyasının sevimlisi oldu. Böyük şairimiz Səməd Vurğunun misralarıyla desəm, sevərək yaşadı, sevilərək dünyasını dəyişdi, yaddaşlarda şirin xatirə kimi qaldı. Onu xatırlayacaq son insan dünyasını dəyişənə qədər həyatda, ürəklərdə olacağına inanıram".

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSÇ-nin sədri Rövşən Məmmədov layihənin ərsəyə gəlməsindən söz açdı. Təəssüf etdi ki, Qənirə xanım müəyyən səbəblərə görə firlmin təqdimatını görə bilmədi: "Hər şey qaydasındadı, yalnız o əziz bacım, dəyərli dostumuz təəssüf ki, aramızda yoxdur. Nə qədər şərəfli yol keçsə də, müxtəlif istiqamətlərdə uğurlar əldə etsə də, Qənirə xanım təpədən-dırnağa jurnalist idi. O, milli insan, milli təfəkkürlü şəxsiyyət kimi yetişmişdi... Peşəkar fəaliyyətinə jurnalist kimi başladı və peşəkar həyatına jurnalist kimi son qoydu".

"Böyük şəxsiyyətlərin tarixində dünyadan köçmə tarixi olmur" - deyə sözə başlayan millət vəkili Arzu Nağıyev də mərhum deputat həmkarı ilə bağlı xoş xatirələrini dilə gətirdi. Qənirə xanımın parlaq şəxsiyyətindən dərin sayğılarla danışdı.

Filmin rejissoru Elnurə Kazımova Qənirə xanımla birlikdə film üzərində işlədiyi xoş, qürurlu anlardan söz açdı. O unudulmaz günləri, ona göstərilən etimaddan necə qürur hissi keçirdiyi anlardan danışdı.

Qənirə xanımın qardaşı Hüseyn Paşayev tədbirdə iştirak edənlərə, bacısının xatirəsini əziz tutanlara minnətdarlığını bildirdi: "Aradan keçən bu 36 gündə Qənirə xanıma olan xalq sevgisini, dövlətimizin münasibətini, Türk dünyasının sayğısını gördük. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya o çətin günlərdə bizə dəstək olduqlarına görə ailəmiz adından minnətdarlığımı bildirirəm".

Sonra filmin nümayiş başladı. Qənirə xanım uzun bir an tamaşaçılarla nəfəs-nəfəsə, könül-könülə qaldı. Sanki hər qədəmdə əzizləri, könüldaşları, sevdikləri, ülfət bağladığı Türk dünyasıyla halallaşırdı. "Mən sizləri sevdim, sizlərə könül bağladım" şükranlığı edirdi. "Həyat sizin baxışlarınızla anlam qazanır" bəyanında bulunurdu, anladırdı ki, sən bircə baxışınla anlam qazanan həyatda, sadəcə, bir nöqtəni görərsən, onun axışı müddətincə gördüyün bu nöqtənin fərqinə varmazsan, ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın anlam qazanar... Həyatın anlamı sənin baxışlarında gizlənir".

Sonra da Qu quşunun son nəğməsini zümzümə edirdi: ustad Aşıq Veysəlin misralarıyla ayrılırdı könül bağladıqlarından:

 

Çaşar Veysəl işbu hale,

Gah ağlaya, gahi güle,

Yetişmək üçün menzile

Gediyorum dündüz-gece...

 

Bu sözlərlə halallaşır, şirin bir zümzümə ilə ayrılırdı Dünyasından. Bu halallaşmayla çıxırdı uzun, incə yolçuluğuna.

P.S. Mənsə gerçək dünya ilə əbədi dünya arasında mücadilə etdiyi dəqiqələrdə Qənirə xanıma onun heç vaxt oxuya bilməyəcəyi sətirləri ünvanlayırdım: "Əziz Qənirə xanım, Sən mənim bu fani dünyada tanıdığım ən qətiyyətli, iradəli xanıməfəndisən. İnanıram ki, bu dəfə də sınaqdan qətiyyətlə çıxacaqsan. İstəyirsən mahnı oxuyum sənə:

 

Qalx ayağa, qalx ayağa,

Azərbaycan əsgəri!"

 

Nə yazıqlar ki, o inamlı istəyin sonu bu cümlələrlə bitdi: "Əziz bacım. Unudulmaz Qənirə xanım! Sənə olan ərkimdən irəli gələn bütün istəklərimi reallaşdırdın. Təkcə bir arzumdan başqa, son dəfə "Qalx ayağa, Azərbaycan əsgəri" - dedim, qalxmadın, durmadın".

Yarımçıq qalmış son əsərini oxuyuram indi: Redaktə üçün vermişdi. Hər an düşünürəm ki, indicə zəng edəcək, özünəməxsus ərklə "Necədi? Gözləyirəm, tələs" - deyəcək!

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 18 noyabr, №44.- S.18.