Gəncədən gəlirəm...

Yüküm xatirə 

 

17 yaşım var idi ilk dəfə ruhumuzun paytaxtı qədim Gəncə şəhərinə qədəm basanda. Qərib Mehdili, Sabir Əliyevli, Xəlil Yusifli, Altay Məmmədovlu, Mürşüd Məmmədlili, Bahadur Fərmanlı, Nüşabə Əsədli dünyama 17 yaşımda Gəncədə könül bağlamışdım. Hər biri aydın səma, unudulmaz göy üzü kimiydi... Az keçmədi bu könül  dünyamda Xəzangül, Məzahir Hüseynzadə, Sahib İbrahimli, Aləmzar Əlizadə, İnqilab İsaq, Ələsgər Əlioğlu, Aydın Murovdağlı, Nizami Aydın, Saleh Qurbanov, Firəngiz İdrisqızı, Rəna, Tərbiyə doğmalığı yer almağa başladı. 17 yaşıma tale, ömür-gün hədiyyəm oldu bu yeni dünyam.

Amma noyabr ayının 16-da həmin o doğma Gəncə şəhərində məni mənzilə götürəcək mikroavtobusa qədəm basdığım an cavan, 16-17 yaşlarında olan bir xanıməfəndinin yerindən qalxıb "buyurub əyləşin, əmi" - deməsi məni ötən illərin nostalji duyğularından ayırdı. Kadr dəyişdi. Səhnə qapandı.

açıldı 63 yaşımın Gəncə ədəbi mühiti qarşısında verdiyim hesabatla. "Aydın səma kimi" kitabımla qoşa gəlmişdim bu hesabata. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə təqdimatı keçirilirdi qələm dostum Elçin İsgəndərzadənin yaradıcılığını incələyən "Aydın səma kimi" adlı kitabımın.

Tədbiri AYB Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül xanım açdı. Görkəmli yazıçı, ustadım Qərib Mehdinin rəhbərlik etdiyi "İlham" ədəbi məclisində keçən günlərin unudulmaz anlarını dilə gətirdi. Təqdim olunan kitabın məziyyətlərini incələdi. Sırasıyla Məzahir Hüseynzadə, Nüşabə Əsəd Məmmədli, Qərib Mehdi, Saleh Qurbanov, Ümbülbanu, Zəfər Abbasov, Oktay Abdulla, İmam Cəmilli, Fazil Sənan, İqbal İsmayılov, Zülfiyyə Yaqub, Vüsal Hicran, Almaz Yusifqızı, Cavanşir Atəşi, Firəngiz İdrisqızı, Mərquşə İbrahimova və Sərvi xanım yaradıcılığımla bağlı ürək sözlərini dilə gətirdilər. Sanki Qəşəm Nəcəfzadə, Kəramət Şükürov, Valeh Bahaduroğlu, Ramiz Orsəl, Əjdər Ol, Məcnun Oruc, Səkinə Şərqi və Esmira Ağabalayeva ilə bir aradaydıq. Tədbir boyunca 17 yaşımı, o unudulmaz günlərimin aydın səma kimi saf və geniş dünyasını xatırlayırdım. Nəzərlərim tədbirə qatılmış tələbə yoldaşlarım Sərgülün, Simuzərin, Mərquşənin məmnun baxışlarına dikilib qalırdı. Fikrimdə yeni misralar dolaşmaqdaydı:

 

Gəncə çox dəyişib, amma adamlar,

Ağaclar əvvəlki rəngində idi...

 

O dəyişməz dünyama, aydın səmama sonsuz sayğı, minnətdarlıq, əbədi ehtiram və sədaqət hissilə dərin təşəkkürümü bildirdim Xəzangül xanıma, Qərib Mehdiyə, Məhazir Hüseynzadəyə, Aləmzar Əlizadəyə və tədbirə qatılan bütün qələm dostlarıma.

Elə zənn edirdim həmişə məni "tələbə yoldaşım" - deyə əzizləyən Xalq şairi Nəriman Həsənzadə, əzizim Qəzənfər Paşayev yanımdadırlar. Unudulmaz Səməd İsmayılovun ruhunu şad görürdüm.

Yaxın günlərdə qələmə aldığım misraları dərin sayğılarla oxuyurdum qələm dostlarıma:

 

Ayaq ağrıtmadı, dizə vurmadı,

Xəncər qucamadı, nizə vurmadı,

Ağaran saçımı üzə vurmadı

Qadasın aldığım Gəncə yolları...

 

Gəncədəydim, 17 yaşıma dönmüşdüm, yüküm xatirələrdən tutulmuşdu. Yer üzüm, Göy üzüm çəkilən fotolar şahidim idi.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2023.- 25 noyabr, №45.- S.18.