Molla Nəsrəddin səhnədə

 

Mingəçevir Dövlət Dram Teatrında yazıçı Xeyrəddin Qocanın "Zamanın ruzigarı" pyesi əsasında "Molla Nəsrəddin" tamaşası nümayiş etdirilmişdir.

 

Bəri başdan deyək ki, tamaşa ilk səhnələrdən alqışlarla qarşılanmışdır. Belə ki, quruluşçu rejissor Vüsal Mehrəliyev pyes üzərində xüsusi səy bacarıqla işləyərək, teatrsevərlərin rəğbətini qazanmışdır. Quruluşçu rəssam Pakizə Adilbəylinin, musiqi tərtibatçısı Elnur Rəsulovun, rejissor asistentləri İlahə Qasımova Çiçək İsmayılzadənin, rəqslərin quruluşçusu Eyvaz Əliyevin əməyini xüsusi qeyd etmək  lazımdır. Onların hər biri işə, necə deyərlər, can-başla yanaşmışdır.

...Salonun işıqları sönür, səhnə yarıqaranlıqdır. Küləyin vıyıltısı eşidilir. Sanki zamanın ruzigarı əsir. Həzin musiqi səslənir. Mirzə Cəlil evdə yanan sobanın yanında çənəsini əllərinə söykəyib dərin fikrə dalmışdır. Hərdən yanındakı əlyazmalarını götürüb bir-bir sobaya atır. Ömür yoldaşı Həmidə xanım otağa daxil olur.

Həmidə xanım: - Yandırdıqların nədir, Cəlil?

Mirzə Cəlil: - Əlyazmalarımdır, evdə odun qurtarıb, qoy evimiz isinsin.

Həmidə xanım əlini qoynuna qoyub dərin fikirlərə dalır. Mirzə Cəlilə baxıb köks ötürür. Həmidə xanımın düşüncələri tamaşaçılara təsirsiz ötüşmür. O, deyir:

- Mirzənin əlyazmalarını yandırması üsyandır! Haqsızlığa, ədalətsizliyə, nadanlığa, cahilliyə, fanatizmə qarşı bir üsyan! Bu, keşməkeşli ömrün tale dramının acı səhnəsidir! İctimai mühitə etirazdır!

Aktrisa Vüsalə Quliyevanın - Həmidə xanımın zamana etirazını sirayətedici şəkildə çatdırması tamaşaçıların qəlbinə hakim kəsilir.

Sonra fikirli Mirzə Cəlilin əlində bir dəstə qəzet görən Həmidə xanım ondan baş verdiyini soruşur. Mirzə Cəlil əlindəki qəzeti göstərərək dillənir: - Bu da mənim zəhmətlərimin bəhrəsi! Gör, yazırlar? "Milli burjua ədəbiyyat nümunəsi", "Cığırdaş", "Azərbaycan dilini korlayan yazıçı"...

Həmidə xanım: - Bu sözləri sənin haqqında yazıblar, Mirzə? - deyə, soruşur. Mirzə Cəlil: - Hələ gör, "Molla Nəsrəddin" jurnalı barədə yazırlar: "Şəkil bədii, ictimai cəhətdən üzlü-astarlı dəyişdirilsin", guya jurnal həyatla ayaqlaşa bilmir...

Aktyor Aydın Quliyevin Cəlil Məmmədquluzadənin daxili ürək ağrılarını tamaşaçılara çatdırmaq üçün çox zəhmət çəkdiyi, oynadığı obrazı sevərəkdən yaratdığı aydın görünür.

Sonra Mirzə Cəlillə Həmidə xanım başlarına gətirilənləri xatırladıqca tamaşaçılar təəssüf təəccüb içərisində qalırlar.

Ayrı-ayrı vaxtlarda xalqa rəhbərlik edənlər qərar çıxarırlar, sonra da onların "züy tutan"ları ağızlarına gələni mətbuatda yazırlar. Azərbaycan kommunistlərinin plenumunda "Molla Nəsrəddin" jurnalını "din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək" məqsədilə jurnalı məhdudlaşdırmaq fikrinə düşüblər. Müstəqil nəzərə çarpan "Redaktorun orqanı" adlandırdıqları məcmuəni "Allahsızlar ittifaqının orqanına çevirmək haqqında qərar" qəbul ediblər. Ancaq onlar bir şeyi bilmirlər; dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır... Bir özümüzü boş-boşuna quru tərif yabançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evimizi abad edə bilərik. Qeyri bir yol yoxdur".

Mollanın söhbətləri tamaşaçılara çox mətləbləri çatdırır. Bəy qızı olduğu üçün Həmidə xanımı səsvermə hüququndan məhrum etmişlər. Mirzə Cəlilin Həmidə xanımın yaşadığı mənzildə "Molla Nəsrəddin"in çap olunduğu "Qeyrət" mətbəəsində axtarışlar aparılmışdır. Jurnalın nəşri dəfələrlə dayandırılmışdı. Jurnalı məhkəmə məsuliyyətinə cəlb etmişdilər. Tiflis qubernatoru Mirzə Cəlili Metex qalasına salmaqla hədələmişdi. Ruhanilər dönə-dönə "Molla Nəsrəddin"ə qarşı moizə edərək, jurnalı haram, Cəlil Məmmədquluzadəni kafir adlandırmışdılar... Bütün bu fikirlər tamaşada səsləndikcə, salondakıları heyrətdə buraxırdı. Həmidə xanım - aktrisa Vüsalə Quliyeva xalqın dilində gəzən aşağıdakı şeiri oxuyanda sanki tamaşaçıların qəlbindən xəbər verir.

 

Mən aşiq qarğalandı,

Qar yağdı, qar qalandı.

Qarğalar adam olub,

Laçınlar qarğalandı.

 

Mirzə Cəlil zəmanəsindən şikayətlənərək, "haqsızlıq, özbaşınalıq, qəddarlıq, hərc-mərclik baş alıb gedir. Zülmət çox dərindir, qaranlıq, nəhayət, qalındır... Bilmirəm, barış atəşimi, bilmirəm, maarif topumu, bilmirəm, mədəniyyət təkamülümü, ya da dinamit inqilabı, ya bəlkə ikisi lazım ki, bu bolşevik ölkəsi dağıdılsın. Cəhalət, nadanlıq bitib-tükənmək əvəzinə, "hələ dəm alır"" - deyərkən, Həmidə xanım "bu dünya düzələn dünyaya oxşamır, Cəlil!" - deyə, onun fikirlərini təsdiqləyir.

Tamaşanın birinci hissəsində Mirzə Cəlillə Həmidə xanımın keçmişi xatırlamaları, Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalını necə hazırlayıb çap etdirdiyini, jurnalın xalq tərəfindən necə qarşılandığını, insanların jurnalı alaraq tez ciblərinə basıb axşam evlərində xəlvət oxumalarını, jurnalın böyük məqsədini, ideyasını xatırladıqca tamaşaçıların gözləri qarşısında dahi yazıçının nələr çəkdiyi canlanır.

Sonra səhnədə Mirzə Cəlilin qələm dostları, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev görünürlər. Tamaşaçılar böyük maraqla üç böyük qələm adamının söhbətlərini həyəcanla dinləyirlər. Onların yazdıqları bəzi nümunələri yenidən eşidirlər.

Aktyor Paşa Salmanov Mirzə Ələkbər Sabir obrazını, Əbdürrəhim bəy Haqverdiyev obrazını isə Şıxı Yaqubov necə həssaslıqla, inandırıcı oynayırlar! Sanki səhnədə böyük sənətkarların özləridir! Tamaşaçılar üçün bu üç obrazı səhnədə görməyin özü maraqlıdır.

Tamaşada Mirzə Ələkbər Sabirin aşağıdakı şeiri səslənir.

 

 Qarışıqdır millətin istedadı, -

Ələnirsə safı bir yan, tozu bir yanlıq.

...Çalxalandıqca, bulandıqca

            zaman nehrə kimi

Yağı yağ üstə çıxır, ayranı ayranlıq.

 

Tamaşaçılar Kefli İsgəndərin - aktyor Hüseyn Mustafayevin avam, cahil insanlara necə "güldüyünü", onların başına "oyunlar" açdığının şahidinə çevrilirlər. Hüseyn Mustafayev obrazı istənilən səviyyədə canlandırmağa nail olmuşdur desək, səhv etmərik. Bu, tamaşaçıların alqışlarında öz təsdiqini tapmışdır.

Tamaşada Hacı Həsən - aktyor Qabil İbrahimli, Vəli Xan - aktyor Arif Əhmədov, Novruzəli - aktyor Asim Məmmədov da onlara tapşırılan rolların öhdəsindən bacarıqla gəlirlər.

Tamaşanın sonunda mollanəsrəddinçilərin səhnənin yuxarısından asılmış fotoşəkillərinin ayrı-ayrılıqda tamaşaçılara təqdim olunması, onlar haqqında qısa məlumat verilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanır.

 

Aygül

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, ¹41.- S.21.