Müasir Azərbaycan ədəbiyyatı oçerkləri:

Məqsəd Nurun "katastrofikası" 

 

Məqsəd Nur (Məqsəd Nuru oğlu Sarıyev) - prozaik, publisist, televizionçu, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqillik illərinin yetişdirdiyi tanınmış yazıçıdır. Təsis etdiyi "Press-fakt" qəzetinin (1993-2000), habelə "Rezonans" (1998-1999), "Bizim əsr" (2000-2001) qəzetlərinin baş redaktoru vəzifəsində, "Lider", ATV, AzTV televizion kanallarında rəhbər işlərdə çalışmış, çalışdığı hər görəvdə modern ədəbiyyat və sənətin gəlişdirilməsi istiqamətində projelərlə xidmətlər göstərmişdir. Azərbaycan ədəbi internetini gəlişdirənlərdən biridir; Azərbaycanda ilk ədəbi internet portalı YeniSinin (www.yenisi.net; 2002-2005) yaradıcısıdır (tənqidçi Tehran Əlişanoğlu ilə birgə). Hazırda da rəhbərlik etdiyi YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi, keçirdiyi Proza N müsabiqəsi (2003), Ədəbi tənqid Yay Məktəbi (2012) layihələri ilə müasir ədəbiyyatımıza yeni imzalar qazandırmışdır.

Məqsəd Nur (1968) ədəbi həyata "Press-fakt", "Rezonans", "Yeni Azərbaycan" (2003) qəzetlərində dərc etdirdiyi nəsr silsilələri ilə qədəm qoymuş, "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə, internet saytlarında hekayə və povestlərini dərc etdirmiş, yayımlamışdır. Nəsr silsilələri rus dilində Lib.ru, Litsovet.ru kimi məşhur portallarda geniş oxucu marağı qazanmışdır. "Tərs kimi" (Bakı, "Adiloğlu", 2006) və "Oliqarxın alaçığı" (Bakı, "Mücrü", 2023) hekayə və silsilələr kitabları, "Şəhər meri" romanı (Bakı, "Əli və Nino", 2011) çap olunmuşdur. Roman Milli Kitab müsabiqəsinin (MKM) ikincisi olmuş (2011), şöhrətlənərək ölkə xaricində - Gürcüstanda, Türkiyədə, Rusiyada, Ukraynada, İranda nəşr olunmuşdur. Silsilə hekayələr dünyanın bir sıra dillərinə çevrilərək nüfuzlu ədəbiyyat dərgiləri və antologiyalarda yer almışdır.

Məqsəd Nur ruh və düşüncə tərzi etibarilə modern yazıçıdır; əsərləri müstəqillik illərində Azərbaycan modernizmini gəlişdirmiş, dil, üslub, janr, ideya-sənətkarlıq baxımından nəsrimizi zənginləşdirmişdir. Hələ 1990-cı illərdə diqqəti cəlb edən "Yarıqaranlıq", "Küləkli şəhər" silsilələri dövrün təlatümlü, sürətlə dəyişən, milli həyatı və insanı qlobalizə əsrinə kökləyən abhavasını ritmik, təngnəfəs, temporal ahəngdə nəsrə gətirməklə, yeni prozanın da nəfəsini hiss etdirmiş, gəlişini uğurlamışdır. Yaranan bu nəsri ədəbi tənqid "həm həyat, tale, yaşanmışlar, mündəricə, həm də düşüncə, dünyagörüş, ritm, estetika baxımından bizə naməlum iks nəslinin ədəbiyyatı" kimi qeydə almış, qiymətləndirmişdir (Sadiq Vəli, Kandar - "Bizim əsr" qəzeti, 30 yanvar 2002)

"Yarıqaranlıq"da xronotop təzədir, dağılan Zamanı nişan verir; real hadisə planında dünənli-bugünlü nizam, patriarxaliya sanki hələ sabit, etibarlı, vəd-vədəli görünürsə də, burada həm də hər addımda hadisələri döyəcləyən özgə ritmlər, hər yerə təmas, hər nəyə müdaxilə edən, heç kəsə hesabat vermədən hər şeyi dağıdan böyük Zamanın tezlikləri üzə çıxır, sözünü deməyə başlayır. "Küləkli şəhər"də həm də ani görünən Bakının obrazı var; yazıçı qəhrəmanın nəzərlərindən ekzotik naturanı (yarızirzəmi mənzil, Hökumət Evi, bulvar, Qoşa Qala divarları, "Pərvanə" dükanı, Yasamal, hətta 5 nömrəli avtobus, balıqlar ölən dənizli şəhər və s.) sürətlə dəf edib, Bakını dağılan Zamanın sınırlarında, Dünya içrə tapır, Dünyanın "azadlıqsevər" ritmlərini burda görür: "Yaşadığımız şəhərin (Bakını deyir!) Tanrıdan tən bölündüyünü, Dünyanın göbəyində durduğunu deyirdi. Və yarıqaranlıq bir xəttin onun zirzəmisindən keçdiyini iddia etməyindəydi..." (Məqsəd Nur, Tərs kimi. Bakı, "Adiloğlu", 2006, s.14)

Məqsəd Nur "Tərs kimi" kitabında nəsr yaradıcılığını bir neçə silsilədə təqdim edir: "Küləkli şəhər" silsiləsi ("Yarıqaranlıq", "Ürəyindən tikan çıxmayan", "Köhnə qəbristanlıq yerində dəmir yarpaqlar", "Yağış dölü", "Vasili Daniloviçin orkestri"); "Ero-gigiyenik" silsiləsi ("Ero-gigiyenik", "Dənizdən gələn eşq gecələri", "Pul söhbəti", "Asılqan", "Arxaş", "Blüz"); "Katastrofiklər" silsiləsi ("Tərs kimi", "Bioloji", "Kimyəvi", "Sürət", "Katastrofiklər", "Birdən tək qalmaq"); "Rütubət sevgiləri" ("Rütubət sevgiləri", "Qırğız gündəliyi"). Burada ritmik-temporal nəsr nümunələri ilə yanaşı, ənənəvi janr qəlibində olan "Ürəyindən tikan çıxmayan" povesti, "Yağış dölü", "Vasili Daniloviçin orkestri" kimi hekayələr də yer alır. Bu qəbildən süjetlərində yazıçı patriarxal adət və vərdişlərə, dərin psixoloji içəriklərinə oturuşmuş ("Ürəyindən tikan çıxmayan"), dünənlərdə qalmış sentimental yaşam və duyğularından ayrıla bilməyən ("Yağış dölü"), ülvi-mənəvi dünyasına çəkilmiş ("Vasili Daniloviçin orkestri") obrazları, cəmiyyət və insanları amansız zamanın küləkləri ilə üz-üzə gətirir. Ötüb-gedən dünyaların nostalji istisi ilə yanaşı, ölüb-gedən soyuğunu da, "köhnə qəbristanlıqlar yerində" güzəştsiz dövranın şıdırğı rəqslərini də yazıçı həssaslıqla mətnlərinə hopdurur, mətnləşdirir.

"Ero-gigiyenik" sırasından silsilələrdə Məqsəd Nuru cərəyan edən Zamanın, yaşanan proseslərin rəngi-ahəngi, ölçüsü-tutumu, sürəkliyi-dəyərliyi, ötərilik-əbədilik xassələri məşğul edir, düşündürür. Bu mətnlərdə aşıb-daşan azadlıq imperativi ilə paralel ictimai nizamsızlıq, anarxiya vəcdləri, total dəyərsizləşmə neqativlərilə birgə yeni dəyər pozitivləri, dünənin yükü, sabahın görünməz intəhasızlığı... - adi insanların həyatında, gündəlik iş axarında, konkret personajlarda, kəsik epizodlarda, dialoq və monoloqlarda, kontrapunkt motivlərdə, bir-birini qovan kino-mantaj səciyyəli lövhələrdə gerçəkləşir, vizual görkəm alır, canlanır. Aurasından görünür ki, təkcə obrazların, insanların, cəmiyyətin mənəvi dünyası qarışmayıb, bazar, "pul söhbəti", "vitrin"lər, "azadlıq"lar, senz və senzura, "humanitariya", "ensiklopedi", "mağar və mağara"lar, "tramplin"lər, praqmatika, "buluddağıdan" müharibə (dırnaqda və dırnaqız vurğular mətnlərdəndir)... - fərdə, insana başqa şərt-şərait, başqalaşmağı təklif edir. Milli toplum və insan - köhnəsi də, yenisi də eynən "başqalaşmaq" ağrılarını yaşayır: "-Çox qəzəbli yazırsınız./ -Necə ki?/ -Belə olmur/ -Necə?/ -Belə də, belə!/ -Yəni necə?/ -Məsələni ictimailəşdirmisiniz..." ("Blüz")(Məqsəd Nur, Tərs kimi. Bakı "Adiloğlu", 2006, s. 143)

Məqsəd Nurun nəsrində "dağılan zaman"dan basqı görən, zərbə alan, ağrıyan yalnız köhnə dünya adamları deyil, daha da çox təzə dünya sakinləri, "iks nəsli"nin özüdür. Bu nəslin taleyini yazıçı bütünlükdə, xüsusən də "Katastrofiklər" silsiləsində qabardır, görükdürür. Yüksək ideallarla gəlib dünyanı dəyişməyə hazır sandıqları halda, içlərini heç cür realizə edə bilməyən bu "tonqal kişiləri"nə ("Kimyəvi") Zaman, tərslikdən "tərs"-avand gəlir ("Tərs kimi"); ekzistensial planda "bioloji"dən, ictimai-siyasi dövranın süni "kimyəvi" burulğanından "sürət" götürüb ("Sürət") nə qədər qurtulmağa cəhd qılsalar da, nəsibləri sonda özü ilə baş-başa, "tək qalmaq" ("Birdən tək qalmaq") olur. Yazıçı məişət, cəmiyyət, dünya, zaman realiyalarına dəyib, içləri çilik-çilik olmuş bu qəhrəmanlarını bütövlükdə "Katastrofiklər" adlandırır və ədəbi tənqidin fikrincə, Məqsəd Nurun başlıca yazıçı missiyası və uğuru da məhz bu nəslin taleyini qələmə almasıdır: "Siz "katastrofik" olmağın nəmənəliyini bilirsizmi; dünən və bugün, bütöv bir nəslin və ayrıca fərdin, İnsanın həyatında?.. Məqsəd Nurun nəsri bax bu məqamın sirri-məzmunu-mənalarından danışır; bir yazıçının eləyə biləcəyi qədər xidməti də elə budur" (T.Əlişanoğlu, Məqsəd Nurun revanşı // T.Əlişanoğlu, Müstəqillik körpüsünü keçənlər. Bakı, Elm və təhsil, 2015, s.415-424; s. 424). Dekadans ruhu sonrakı yaradıcılığında, mətbuatda dərc edilmiş, daha sonra "Sınaqlar silsiləsi" adı ilə "Oliqarxın alaçığı" kitabına da daxil edilmiş müharibə hekayələrində də ("Gəlmə", "İki", "Telefon oyunu", "Umud", "Əmi", "Test", "Ud") yazıçını və qəhrəmanlarını tərk etmir.

Məqsəd Nura ən çox şöhrət qazandıran "Şəhər meri" romanı (2011) olmuşdur. Roman ədəbi tənqid tərəfindən polemik qarşılanmış (bax: Azadlıq Radiosunun Oxu zalı. - http://www.azadliq.org/content/article/24271159.html; Roman müzakirəsi, 2011: Elnarə Tofiqqızı, İradə Musayeva, Cavanşir Yusifli, Səlim Babullaoğlu), əksər rəyçilərin təqdirini almışdır. Əsərin mətni oxucunu son sovet dönəminə aparsa da, tənqidçilərin fikrincə, romanın ideya-mətləbi ümumən cəmiyyətdə və şüurda "Güc və Yaddaş"ın (Səlim Babullaoğlu), Avtoritarizm və Azadlığın (Tehran Əlişanoğlu) toqquşması, bədii dərki üzərində durur. Məzmun-mündəricə planında şəhər başçısının bir gününü təqdim və təsvir edən roman, qayə etibarilə merin hökmü, diktəsi, himayəsi altında xoş-naxoş, könüllü-könülsüz mənəvi əsarətə düşmüş insanların psixologiyasına, altşüuruna, toplumun anatomiyasına varır. "Şəhər meri" müstəqillik dövrü ədəbiyyatında xüsusən intensiv gəlişən ekzistensial roman janrındadır; yazıçı mətləbi şəhər merinin qayğısı, himayəsi, dəstəyi altında olan qəhrəmanının yaşamları, yaddaşı, xatirələri, altşüuru, psixoanalizi, ekzistensiyası vasitəsilə çözməyə calışır və onu doğumundan mənəvi ölümünəcən iç və dış dünyasında izləyir, təqib qılır. Romanda Məqsəd Nur "katastrofiklər" motivinin daha dərin, ekzistensial köklərinə enir, fəlsəfi dərki və bədii təcəssümünü verir.

Ekzistensial romanlar əksərən ekstremal (son hədd) situasiyaları, ən şiddətlisi olum-ölüm sərhəddi üzərində qurulur; başlıca hədəfi qəhrəmanın, fərdin, insanın iç azadlığının üstünlüyünü təsvir və təsbit etməkdir. "Şəhər meri"ndə yazıçı ustalığı ondadır ki, ekstremal situasiya eyni zamanda həm eninə açılıb, həm də dərinə işləməklə ekzistensial dərki sürətləndirir, bir "ömür" və bir roman həcmində yaşananları ani edə bilir. Sinxron planda: merin maşınından açılan pəncərə qəhrəman üçün meriyanın (həm də avtoritar cəmiyyətin) mahiyyətini iç edirsə; keçirdiyi sarsıntılar diaxron planda özünüseyr-xatırlama-oyanmaya rəvac verir. Romanda təhkiyə nöqtəsi təkcə içdən çölə (təsvirə) yox, həm də çöldən (görünənlərdən) içə - fərdin ekzistensiyasına (yaşama) tuşlanmaqla sosial əhatədə daxili "mən"in, için tədricən "öldüyü" məqamları görükdürür.

Məqsəd Nurun nəsr poetikasında bədii dil stixiyasının yeri müstəsnadır. Səlim Babullaoğlu yazır: "Şəhər meri"ndə Məqsəd dillə münasibətdə çox dürüst davranır" (S.Babullaoğlu. Məqsəd Nurun təyinatında "Şəhər meri". Tənqid.net, № 9, 2012, s.343-347; s. 347). Bu dil "tamamilə orijinal stilistikası" (Cahangir Məmmədli), öz üslubu olan, üslub gətirən dildir. Məxsusən yazıçının dilinin fərqliliyi bədii oçerk ("zarisovka"-çizgilər) janrında qələmə aldığı "Rütubət sevgiləri" (1988-1993) və "Qırğız gündəliyi" (2001) proza silsilələrində qabarıq görünür. "Rütubət sevgiləri" Vətən torpağına bağlılığı, sevgini "Dörd Qayanın arasında yaşayan adamlar"ın timsalında, nostalji duyğular, isti xatirələr, təbii, etnoqrafik, arxaik-mental əhatədə təsvirlərlə çatdırır. İlk baxışda dil bütün tutumu, ritmi-ahəngi-dönəlgələri ilə vərdiş olunmuş şümallıqlardan uzaqlaşdırır; lakin tədricən xalq dilinin çağdaşlığa, xalq həyatının təbiətə, etnoqrafiyanın bugünə necə bilinmədən girdiyi, qarışdığı, həzm olunduğu görünür. Əsər boyu bu dil tarixin, təbiətin, yaşayışın içində, axarına qarışıb əzəl-ibtida rütubət sevgilərini daşıyan insanların mühitini yaradır.

"Qırğız gündəliyi"ndə isə qırğız torpağına dikilən yazıçı nəzərləri müasir dildə qədim türk dilinin ruhunu, ritmik ahəngini, xassə və xislətini kəşf edir və böyük məharətlə bu keyfiyyəti çağdaş Azərbaycan dilinin üslubi imkanlarında gerçəkləşdirir. Hər iki silsilədə Məqsəd Nurun başlıca uğuru: son dərəcə yığcam, xarakter çizgilərlə cızdığı insan obrazlarını Vətən torpağının, Vətən təbiətinin, Vətən sevgisinin davamı, ayrılmaz hissəsi kimi tanıtmasındadır; onlar bu torpaqdan, bu dildən, bu yaşamdan doğulmuşlardır.

Müstəqillik ədəbiyyatını yaradanların ilk sırasında duran Məqsəd Nurun son sıralarda da yeri görünür. Hazırda yaradıcılığının yetkin çağlarını yaşayan yazıçı "Tayfa dərsi" romanını (2022) nəşrə hazırlayır.

 

Tehran ƏLİŞANOĞLU

 

Ədəbiyyat qəzeti.- 2023.- 28 oktyabr, №41.- S.20-21.