Sevgilim Vətən

 

Radiopovest

 

(Üçüncü hissə)

 

İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə

 

(Əvvəli ötən saylarımızda)

 

Üçüncü sarğı

 

Müəllif

 

Ordumuz kəndləri, şəhərləri bir-birinin ardınca azad edir. Ölkədə korona virusun tüğyan etdiyinə baxmayaraq əhali cəbhəyə könüllü yollanan oğullarımızı böyük coşqu ilə yola salır. Oynayan kim, oxuyan kim!

Prezidentin hər çıxışında işlətdiyi sözlər böyük coşquya səbəb olur, uşaqdan-böyüyə hamı o deyimləri təkrarlayır:

"Düşməni iti qovan kimi qovuruq!"

"Onların tanklarını indi biz sürürük!"

"Onların silahları ilə özlərinə atəş açırıq!"

"Cəbrayıl bizimdir!"

"Füzuli bizimdir!"

"Zəngilan bizimdir!"

"Qarabağ Azərbaycandır!"

ən ironik bir deyim:

" oldu, Paşinyan?!"

 

Ordumuz irəlilədikcə xalqımızın, insanımızın da əhvali-ruhiyəsi dəyişir, orduya inamı artır. Az qala bütün xalq əlinə silah alıb cəbhəyə getməyə hazırdır. Bu yaxınlarda qəribə əhvalatın şahidi oldum. Bir gənc doqquzuncu dəfə Səfərbərlik idarəsinə gedib öz doqquzuncu ərizəsini təqdim edənnən sonra, nəhayət ki, onu orduya aparmışdılar. Özü də bunu anası bir fəxrlə danışırdı, elə bil oğluna elçi gedib "hə"sini almışdı... (İnşallah, oğlan sağ-salamat gəlsin, o da olsun. Demək, burada bir haşiyə çıxacam, yeri gəlib. O qanlı-qadalı, amma həm də sevincli günlərdə - bir yandan amansız pandemiya, bir yandan hər gün gələn şəhid xəbərləri, bir yandan da ordumuzun böyük sürətlə torpaqlarımızı azad etməsi - bax, belə acılı-şirinli günlərdə mən də öz hücrəmə çəkilərək o qəhrəman oğullarımız haqqında hekayələr yazıram və parallel olaraq "Cəbrayıl əfsanəsi" romanı üzərində də işləyirəm. Həm də "Sevgilim Vətən" uznun hekayəm... Və həmin "Doqquzuncu cəhd" hekayəsi... Həmin hekayənin Arəstəyə də dəxli var deyə, bir hissəsini burada verəcəyəm...

"- oldu?

- Heç !.. Get, çağıracağıq... Belə şey olar?.. Birdəfəlik ya aparsınlar, ya da...

- Ya da , ay oğul? Belə olmaz axı. Lazım olsan, özləri çağıracaqlar... Demirəm ki, getmə... Gedib adamların zəhləsini... Belə...

- Ata! Mən heç kimin zəhləsini tökmürəm!.. Sadəcə, deyirəm ki, könüllü döyüşə getmək istəyirəm. Niyə axı mənimlə birgə gedən uşaqları çağırdılar, məni yox?! Mən axı tankçıyam, orda daha çox mənə ehtiyac var... Bəlkə müharibəyə də rüşvətlə aparırlar?

- Ay oğul! Bəsdir, səbrini bas. Lazım olsan...

- Lazım olsan, lazım olsan... Eyni sözü orda da deyirlər, sən də deyirsən... A kişi xalxın qızı orda vuruşur e, xəbəriniz vaaaar?! Bax, bu qəzetə bax! Gör nə yazıb... (Oxuyur) "Gənc tibb işçisi Arəstə Baxışova ön cəbhədə düşmənə qarşı döyüşdə yaralanan oğullarımızı döyüş bölgəsindən çıxardaraq qanaxmadan həyatını itirməsinin qarşısını alır..." Mən isə burda avaralanıram!)

Belə günlərin birində internetdə Arəstə haqqında qısa reportaja baxdım. Jurnalist sual verirdi ki, neçə əsgərin həyatını xilas etmisən? O da gülə-gülə cavab verir ki, mənim bunu saymağa, sadəcə vaxtım olmayıb. Amma bir köməkçim var, Mirələmov soyadlı (zarafatla uşaqlar onu soyadıyla çağırırlar), on gündür yanımdadır, deyir ki, Bacı, əlliyəcən yaralıya ilk tibbi yardım göstərmişik, yenidən döyüşə qayıdıblar, otuzunu isə ilk tibbi yardımnan sonra hospitala yola salmışıq. Onu da deyim ki, biz bunları əvvəllər kitabımızda qeyd edərdik, bunu qaydalar da tələb edir, amma sonra döyüşlərin birində bizim tibbi çadırımıza düşmən topunun mərmisi düşdüyünnən həm sənədlərimiz yandı, həm də digər ləvazimatlarımız sıradan çıxdı. Mənim bir cib dəftərçəm var. O da dolub. Təzəsini isə bu meşələrdən, dağlardan çətin ki, tapa biləsən... (Gülüşmə) İndi biz daha yazılı qeydiyyat apara bilmirik. Çünki hər saat yerimizi dəyişir, irəliləyən əsgəri hissənin ardınca dabanqırma gedirik...

 

Mayor

 

Ağırdır. Çox ağırdır. Ən döyüşkən taqımımızın əsgərləri son güllələrinə kimi döyüşüb, komandirləri ilə birlikdə həlak olublar. Dəhşətlisi də odur ki, sonra səngərə dalbadal top, minamyot mərmiləri yağıb və onların mübarək nəşləri tanınmaz hala düşüb. Düz üç gün orada qalannan sonra həmin yüksəkliyi düşmənnən təmizlədik, indi ora gedirik. Bacı da bizimlə gedir. Deyir o uşaqların hamısını yaxşı tanıyırdım. Bəlkə fərqləndirə bildim. Mən də razılaşdım. Onsuz da indi ora qorxusuzdur. Düşməni bu səhər qovub uzaqlaşdırmışıq.

Həmişə yol boyu danışar, söhbət edər, fikrimizi yayındırardıq ki, hər an başımızın üstünnən asılan ölüm təhlükəsini unudaq. Amma indi hamı susub. Bacı da çox qəmlidir. Elə dolub ki, dindirsəm, ağlayacaq. Ona görə siqareti siqaretə calamışıq. Ölmüş övladlarının nəşini axtaran ata kimiyəm. Ürəyim az qalır partlasın.

 

Arəstə

 

Offfff... Belə dərd olar? Üç gündür Xüsusi Təyinatlı qrupumuzdan xəbər yox idi. Bu gün mayor dedi ki... Eh... Boğazım biçilib, danışa da bilmirəm... O yetim də ordaymış... Offfff...

İki yaralını bir-bir arxasına alıb gətirib verdi mənə, döndü ki, gedək. Baxdım çiyninnən qan axır. Qışqırdım, hara, yaralanmısan axı?!. Dedi, bacı, boş şeydir, getməliyəm. Hələ səngərdə neçə yaralımız var. Götürməsəm, əsir düşərlər.

Güclə yarasını sarıdım. Sonra dəftərimə qeyd etmək üçün hansı rayonnan olduğunu, soyadını, atasının adını soruşdum. Boynunu büküb "Bacı, heç biri yoxdur" dedi.

"Necə yəni?"

Gözləri doldu: "Mən internatda böyümüşəm. Heş kimim yoxdur... İnternatda bir qız var, Nəzrin adında. O məni qardaşı bilir... Amma o da heç kimimdir. Sadəcə, qoy elə bilsin ki, qardaşıyam..."

Yarasının üstünnən qan izi görünəndə "dayan, yarana qoy bir də baxım" desəm də, qaçıb getdi...

...Təkcə təzə qoyduğum sarıqdan bildim ki, odur... Doğru-dürüst sarıq qoymağa da imkan vermədi... Ölümünə yüyürdü... Yaxşı ki, getmişəm, yoxsa necə tanıyardılar? Üz, sifət tamam yoxdur... Çiyninə qoyduğum sarıq olmasaydı... (Ağlayır.)

Biz əsgərlərimizin nəşini gətirəndə Z. adlı əsgər hönkürüb ağlayırdı. Mən elə bildim ki, hamı kimi o da əsgərlərimizin faciəli şəhid olmalarına dözə bilmir. Amma axşam bizim çadıra gəldi və dərdini danışdı. Dedi ki, mən də internatda böyümüşəm. Hətta həyat yoldaşım da internatda böyüyüb. Elə orda da tapmışıq bir-birimizi. Bu gün şəhid olan qardaşımızla da burada - döyüş zamanı tanış olmuşdum. Çox ürəkli uşaq idi. Mən Bakıda, o Gəncədə böyüsə də, elə bil uzun illər bir yerdə olmuşduq. Lap qardaş kimi. Bacı, mən qardaşımı itirmişəm...

Sonra telefonunda olan bir şəkili göstərib dedi: "Bu şəkilə baxın. Evin qabağında Maştağa yazılb. Bunu mərhum dostum mənə hədiyyə kimi yazmışdı - Maştağadakı internatda böyüdüyümə görə. Hər kəs doğulduğu rayonun adını yazırdı azad etdikləri yerə, bizim isə nə rayonumuz bəlli idi, nə kəndimiz, nə ailəmiz... Dünyanın harasında olursa olsun, internat uşaqları qardaşdılar... O bu şəkildəki evin qabağına "Maştağa" sözünü yazıb mənə hədiyyə etmək istəmişdi... Mən də növbəti hücum zamanı aldığımız kənddə salamat ev tapmadım, erməni əsgərlərinin daldalandıqları vaqonun qabağına Gəncə sözü yazdım... (Hönkürüb ağlayır.)

Durub Z.- qucaqladım. Sonra həyat yoldaşının nömrəsini alıb öz telefonumla yığdım (Z.-nın telefonu döyüş zamanı sıradan çıxmışdı), danışdılar. Yaxşı ki, yığmışam. Ailəsi Z.-nı şəhid olmuş bilibmiş. Sadəcə ad və soyad düz gəldiyi üçün xəbər verənlər səhv etmişdilər.

(Elə Z.-nın adının açıq yazmamağımızın bir səbəbi də bu əhvalatdır. Z-nın ailəsinin bu əhvalatı yenidən yaşamaması üçün belə etmişəm. - Müəllif.)

 

Riçards Lapaydis

 

Mən litvalı jurnalist kimi Qarabağa getmişdim. Orada Azərbaycan xalqının başına gətirilən müsibətləri öz gözlərimlə görüb yazdım. Sizə bir həqiqəti deyim: Rusiya, buradakı rus əsgərləri, konkret 366-cı motoatıcı alay olmasaydı, azərbaycanlılar erməniləri həşarat kimi əzərdilər. Amma Rusiya qanlı caynağını Qarabağdan çəkmədi, erməniləri açıq-açığına müdafiə etdilər...

mən 1992-ci ilin 20 noyabrında Ağdamın Aranzəmi kəndi uğrunda döyüşlərdə bir həkim xanımın necə qəhrəmanlıq göstərdiyini və bu zaman erməni gülləsinə tuş gəldiyini öz gözlərimlə gördüm. Heyrət məni bürüdü ki, türkün qadını da özü kimi əzmkar, döyüşkəndir. (Axı azərbaycanlılar da türkdürlər. Mən bunu da burada öyrəndim.) Məndə bir inam var: bütün Rusiy, lap bütün dünya ermənilərin arxasında dayansa da, bu xalqı məğlb etmək mümkün olmayacaq. Xahiş edirəm, mənim dediyimi unutmayın: lap yüz il də keçsə, azərbaycanlılar gec-tez erməniləri öz torpaqlarınnan qovacaqlar. Qadınları kişilərinnən qorxmaz olan bu millət gün gələcək o həkim xanımın qanının töküldüyü torpağı azad edəcək... (İnternet xəbəri)

 

Arəstə

 

Uşaqlar mənə bir internet xəbərini göstərdilər. Litvalı jurnalistin Gültəkin haqqında yazdıqları idi. Və bu xəbərin məhz indi saytlarda görünməsi də maraqlıdır. Elə bil Azərbaycan əsgəri kabus kimi erməni ordusunun üzərinə yeriyib onları vahiməyə salmaqdadır. Hətta 90-larda şəhid olanların, eləcə də Gültəkinin ruhu da hər yannan ermənilərin üzərinə gəlməkdədir. İnşallah bu barbar tayfanın kabusu olarıq.

Füzuli şəhəri işğaldan azad edilib! Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Ən yaxşı səsi olan, meyxana deyən, oynaya bilən uşaqları bir yerə yığıb bir ansablfason dəstə düzəltmişik. Qabaqda döyüşlər gedə-gedə biz burada, bir qədər arxada bayram keçiririk. Cənab Ali Baş komandanın çıxışını sevinclə dinlədikdən sonra bir-birimizi qucaqlayıb öpdük, ağlaşdıq. Sonra isə Sirac vedrənin arxasına nağara kimi döyəclədi, hamımız səs-səsə verib "Anadır arzulara hər zaman Qarabağ" mahnısını xorla oxuduq. Bir əsgər çırtıq çaldı, o birilər də dəmin tutdu və meyxana başladı:

 

Əsgərimiz toy tutubdu zaylara,

Bizimkilər qan uddurub haylara,

Tanklarımız baş vurubdu çaylara,

Uzatmışıq dığalarıvı yanbayan,

Vermirdin bəs, oldu ay Paşinyan?

 

Üç əsgərsə bir az aralıda baş-başa verib lətifə danışır. "Bir azərbaycanlı, bir gürcü, bir erməni yol gedirlər. Qabaqlarına çay çıxır. Biri deyir ki, nə təhər eliyək ki, çayı keçəndə ..."

Lətifəni danışan Mirələmovdur. Birdən məni görür və üçü də qaçıb uzaqlaşırlar. İlahi, şükür sənin kərəminə! İnsan necə dəyişərmiş?! Neçə vaxtdır burdayam, ilk dəfədir ki, qulağıma biədəb aneqdot dəyir. Özü də kim, kim Mirələmov... Mən bunu uşaqlara bağışlayıram. Axı bu gün bizə bayram kimidir! Füzuli işğaldan azad edilib!..

Sizə bu Mirələmovdan danışım. Demək, çox vasvası oğlan idi. Əlini nəyə vururdusa, o dəqiqə sabunlamalıydı. Mən elə bildim korona virusa görədir. Sonra məlum oldu ki, yox e, uşaq vasvasıdır. Bulaşıqlı qab görəndə qusmağı gəlirdi. Əsgər yoldaşları da bunu bildikləri üçün başına oyun açırdılar. Gah su qabını oğurlayıb yerinə başqasını qoyur, gah da qabağına çirkli qab qoyur, onunla məzələnirdilər. Həm də bərk qorxaqmış...

Bir dəfə anası zəng edəndə, telefonu mənə uzatdı və xahiş elədi ki, Bacı, anam səninlə danışmaq istəyir, amma əsgər yoldaşlarım bilməsin, nə olar?

Dedim, yaxşı, ver telefonu. Yazıq ana mənə yalvarıb dedi ki, Miri sənnən o qədər danışıb telefonda, elə bilirəm özcə balamsan. Ay qızım, Mirkişi həm sırxavdı, həm də qorxaq. Biz ağır seyidik. Mirələmovlardanıq... Hər tikəni yeməyiz. Bax, istəsəydik, onu saxlatdırardıq, amma atası dedi ki, qoy gedib od-alov görsün ki, canı bərkisin. Yoxsa bu gedişlə onnan adam olmayacay... Xüləsey ki, ay qızım, Mirini sənə, səni də allaha tapşırıram...

Elə o vaxtdan Miri yanımda medikdir. Hər dəfə döyüş zonasına girəndə əlini göyə tutub dua oxuyur. Mənə də öyrədib. Daha doğrusu, o qədər ucadan oxuyub ki, əzbərləmişəm. "La hövla vəla qüvvətən illa billahin əliyyin əzim... Bisimillahi rəhmanül rəhim..."

Az sonra təcili xəbər gəldi ki, Məngələnata yüksəkliyi uğrunda döyüşdə əsgərlərimiz itki verib. Yaralı və şəhidlərimiz var.

Maşınla Füzulinin xarabalıqlarının yaxınlığınnan keçirik. Birdən sürücü maşını saxlayıb hönkürür. Mən təlaşla nə olduğunu soruşanda əlini harasa uzadır... Hannan-hana boğuq səslə dillənir:

- Ora Qarğabazar kəndidir... Mənim anamın kəndi... Daş daş üstə qalmayıb... Vəhşilər divarları da söküb-dağıdıblar. Bax, Bacı, o qayanın üstündə qalıqları olan Şah Abbas məsçididir. Neçə yüz il qabaq tikilib. Onu da viran qoyublar...

Sonra maşınnan düşüb yalnız divarları olan bir həyətə girir. Həyət deyəndə ki, bura həyət deyilməz. Ağacların hamısı dibinnən kəsilib. Tək bir nar kolu qalıb. Oğlan əvvəl daş-divarı əli ilə tumarlayır, əyilib uçuq divardan öpür. Sonra nar kollarının başına pirdə dolanan kimi dolanır. Danışır kollarla. Elə bil bu nar kolları da dil olub dillənir. Vallah mən də eşitdim səslərini.

 

Nar kolları

 

Mən nar olmaqdan çıxdım daha. Nə nar, canım?! Ağac olanda nə olar? Az qalır bağrım çatlasın. Bu adam tikanlı budaqlarımı necə qucaqlayır, pərvərdigara? Onsuz da partlayıb dağılan meyvələrimin qalanı da indi partlayır. Bu adam bizi necə oxşayır, necə əzizləyir?! O gedən vəhşilər buradakı bütün ağacları kəsib sobada yandırdılar. Tək ağac adına qalan mənəm. Mən də ki, kolam. Gövdəm iri olsaydı, yəqin məni də qıracaqdılar.

Bu oğlanın babası, anası, dayıları mən yarpaqlayanda sevinərdilər. Sonra çiçək açanda ura deyib qışqırar, hələ mahnı da oxuyardılar. Otuz ildir eşitmirəm o mahnını. Elə sevinərdim, elə sevinərdim, o mahnı oxunanda nar olmağımnan qürur duyardım. Qoy görüm yadıma sala bilirəm...

 

"Nar ağacı, nar çiçəyi...

Bir ulduzdur hər ləçəyi..."

 

Hə, hə beləydi... Hələ daha gözəl yerləri qalır. Dayan bir... Hə, hə, düşür yadıma...

 

"Burda sevgilimlə neçə il qabaq...

Bir nar çubuğunu basırdım yerə...

Onun qızıl rəngli ləçəklərini...

Ya illər tökübdür, ya da küləklər..."

 

Ağlamaq tutur məni. Nar deyil, bir insan kimi ağlamağım gəldi. Əgər bu əsgərin yoldaşları silah götürüb o vəhşiləri burdan qovmasaydı, yəqin ki, mən də yox olacaqdım... Burda daş, torpaqdan savayı heç nə qalmayacaqdı...

Şükür kərəminə, ilahi! Torpağın əsl sahibləri gəldi. Daha biz də rahat nəfəs ala bilərik...

 

Sürücü

 

Bir xeyli nar yığmışam. Gərək Bacıya da aparım. Hələ vuruşan döyüşçülərə də çatar. Şükür allaha!.. Babam, nənəm bu günü görmədisə, anam, dayılarım görəcək inşallah. Növbə atamın rayonum Qubadlıdır. Sağlıq olsun, bir-iki günə oraları da alacağıq.

Narlarla bir xeyli danışdım da. Nar ağacı bizdə müqəddəsdir. Həm meyvə kimi, həm də çubuq kimi. Narın şivlərini iki halda kəsərlər. Bir doğrayıb yerə basırarlar, çoxaltmaq üçün....

Bir ... Bir də kənddə ölü düşəndə. Hə, hə. Ölü düşəndə bağa girib iki ədəd bir metrəlik şiv kəsər, kəfənin altınnan ölünün qoltuğuna qoyardılar. Cənnətdə bu, ölünün qoltuq ağacı olacaqmış... Dədə-babadan belə eşitmişəm... Allah bütün ölənlərimizə, o cümlədən şəhid qardaşlarımıza rəhmət eləsin...

Mən burda çox vaxt itirdim, deyəsən. Bacı acıqlanacaq. Getdik!

 

Arəstə

 

Yüksəkliyin bir az aşağısında maşını saxlayıb, ayaqla qalxırıq. Boz təpələrlə qalxdıqca düşünürəm ki, bəlkə bu dağlarda vaxtilə şəhid olan insanların ruhu da bu gün bizimlədir. Sanki ayağımı basdığım bu dağ-daş adi dağ-daş deyil, canlıdır. İndicə dil olub dillənəcək. Bax, o kəpirli qayanın arxasında oğlanlar səngərlənərək son gülləsinəcən vuruşublar. Sonra əsir düşməməkçün axırıncı patronu ürəklərinə sıxıblar? Heç nəşini də götürən olmayıb. Heç onun bu qəhrəmanlığını görən, bilən də olmayıb. Naməlum qəhrəman kimi bu dağ-daşda əriyib-cürüyüb, qurd-quşa yem olub...

Bu vaxt ayağımı nəyinsə bir ucuna qoyuram, o biri ucu qalxıb düz sifətimə çırpılır əl kimi. Özümü itirirəm. Arxadan gələn Mirələmov tez özünü yetirir. Çürük odun parçası sifətimi yaralayıb qabağıma düşüb. Qanı kəsmək üçün Miri çantasınnan plaster çıxarıb üzümə yapışdırır və sıldırım yuxarı irəliləyirik. Bu vaxt bir az bizdən qabaqda atışma səsi gəlir. Kimsə əllərini qaldıraraq bizə tərəf qaçır və ayağımızın altına sərilir. Mirələmov avtomatını çəkib vurmaq istəyir. Amma o silahsızdır axı... Mən mane olmağa cəhd edəndə qabaqdan qara geyimdə Xüsusi Təyinatlı çıxır, avtomatını qaldırıb qundağı ilə erməninin boynunnan vurur. Erməni əsgəri huşunu itirir. O silahını çevirib ermənini güllələmək istəyir, mən qabağa keçib, xahiş edirəm və onu dayandırıram.

- Cənab leytenant, bilirəm, düşməndir, öldürməlisən... Amma o silahsızdır... Xahiş edirəm vurmayın... Bir də əllərini qaldırmışdı axı...

Leytenant bağırır:

- Çavuş, bu bir az əvvəl mənim dostumu qmnbara ilə şəhid etdi. Biz də bunların yarısını qırdıq, yarısını əsir aldıq. Necə olubsa, gözümnən yayınıb qaçmaq istəyirdi... Qurban olsun sizə! Yoxsa deşik-deşik eləyəcəkdim!..

Sonra düşmən əsgərini qaldırıb ayıldırlar. O yazıq-yazıq mənə baxır. İşarə edirəm ki, qorxma, daha öldürməyəcəklər...

Az sonra Mirələmovla mən əsgərlərin də köməyi ilə şəhidləri və ağır yaralıları maşınımız olan yerə aparırıq. Yüngül yaralılara ilk tibbi yardım göstərib geri dönürük. Əsirləri isə bayaqkı leytenant qandallayıb başqa maşınla geri göndərəcəyini deyir.

Mən hələ o kəpirli qayanın arxasında səngərlənib son gülləsinəcən vuruşaraq şəhid olan naməlum qəhrəmanı düşünürəm...

 

(Davamı olacaq)

 

Azad QARADƏRƏLİ

 

Ədəbiyyat qəzeti.- 2023.- 2 sentyabr.- S.22-23.