Akademik Teymur Kərimliyə açıq məktub  

 

Elminə, mədəniyyətinə, ziyalılığına böyük dəyər verdiyim Teymur müəllim!

Allah hər bir insanı yaradarkən, yalnız Onun özünə bəlli olan proqramlaşdırılmış genetik kod ilə yaradır Özü məqbul saydığı ənamları həmin insana bəxş edir. Yaradan Sizin üçün genetik kodun ən mükəmməlini, bu mükəmməlliyin təsdiqi olan nurluluğu, analitik dərin təfəkkürü, ali ünsiyyət mədəniyyətini, hüdudsuz səbri, insansevərliyi, sadəliyi bəxş edib.

Alimliyiniz insanlığınız qədər ucadır, mükəmməldir, dərindir, genişdir.

Sizinlə 4 mart 2020-ci ildə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görüşümüz elmi-mənəvi, sosial sahələrə aid söhbətlərimiz Sizə olan böyük ehtiram hörmətimi ölçülər hüdudlarına sığmaz etdi.

Rəhbərlik etdiyiniz institutda yazılmış çap olunmuş kitabları mənə hədiyyə etdiniz. Onların arasında özünüzün yazdığınız "Çağdaşımız Nəsimi" monoqrafiyanız ilk oxumaq istədiyim kitab oldu. Çünki Nəsimini çox araşdırıcılar təhlil etməyə, dərk etməyə, duymağa çalışıb, amma əksər hallarda uğurlu alınmayıb.

2009-cu ildən başlayaraq, dünyanın 55 dahisi, müdriki fatehi haqqında "Dahilərin, müdriklərin fatehlərin həyat dərsləri" üçcildliyini yazıb çapa hazırlayarkən, dahi müdrik Nəsimidən yazmaq istədim. Nəsimi haqqında yazılmış 30-dan çox kitabları, çoxlu sayda məqalələri oxudum. Oxuduqlarımın əksəriyyəti məni heyrətləndirdi. Əksər yazılarda təhrif olunmuş, kiçildilmiş, incidilmiş Nəsimi gördüm. Bu səbəbdən dahi müdrik Nəsimi haqqında yazmamaq qərarına gəldim. Dedim ki, qəlbimdə ucaltdığım Nəsimi zirvəsi bu yazılar fonunda zədələnməsin, aşınmasın, Nəsimiyə layiq olmayan yazılara biri əlavə olunmasın. Burada xüsusi vurğulamaq istəyirəm ki, professor Qəzənfər Paşayevin "Nəsimi irsinin tədqiqi nəşri tarixinə bir nəzər, Nəsimi haqqında araşdırmalar" (Bakı, Qarabağ, 2010) kitabı mən qeyd etdiyim yazılara aid deyil.

Hörmətli Teymur müəllim!

"Çağdaşımız Nəsimi" kitabınızı, demək olar, "birnəfəsə" - cəmi 2 günə oxudum. Çox sevindim. Qəlbimdə öz gücümə uyğun ucaltdığım Nəsimi zirvəsindən daha yüksək, Nəsiminin varlığına, ruhuna, fəlsəfəsinə, humanizminə layiq zirvəni gördüm. Nəsimini dərk etmədən onun təhlili bütün hallarda "kiçiltmələr"lə, uğursuzluqlarla nəticələnir. Siz Nəsimini dərk edərək, duyaraq, sevərək təhlil apardığınızdan əsəriniz çox uğurludur, təqdirəlayiqdir. Kitabınızın adı da mahiyyəti qədər gözəldir məntiqlidir. İki cahana sığmayan Nəsimi zamanlara da sığışmır, o, əbədiyaşardır, odur ki, hər yaşam dövrünün çağdaşıdır.

"Çağdaşımız Nəsimi" kitabının şagirdlər, tələbələr üçün çox gözəl dərs vəsaiti kimi dəyərləndirilməsi geniş oxucu kütləsinə çatdırılması vacibdir. Bu kitab ölkəmizin bütün kitabxanalarında, hər bir məktəbin kitabxanasında olmalıdır. Çünki Siz yazdıqlarınız əsaslıdır, arqumentlidir, böyük idrakınızın süzgəcindən keçdiyindən dəqiqdir, təhrifsizdir, mübaliğəsizdir, kiçiltmələrsizdir. Bugünkü gələcək nəsillər həqiqi Nəsimini tanımalı sevməlidir. "Çağdaşımız Nəsimi" kitabı Nəsimini tanımaq, dərk etmək, sevmək yolunda ən yaxşı bələdçi olacağı qənaətindəyəm.

Hörmətli Teymur müəllim!

"Çağdaşımız Nəsimi" kitabını mənə, şəxsən, hədiyyə etdiyiniz üçün çox sağ olun! Qəlbimdə yeni daha uca Nəsimi Zirvəsi yaratmaqda böyük təsiriniz üçün çox sağ olun!

Sizin çox nurlu simanız var (Allah bəd nəzərdən qorusun), alim təfəkkürünüzün nuru ilə Nəsimi dünyasının mahiyyətinə nur səpdiniz, onu dəqiq görmək, anlamaq, dərk etmək imkanı yaratdınız. Bunun üçün Sizə sonsuz təşəkkürüm var.

Hər zaman Sizə böyük sayqım olub. Amma indi bildim ki, böyük saydığım bu sayqı layiq olduğunuzdan çox kiçik imiş. Şəxsiyyətinizə sayqımın indiki ölçü vahidi belədir: SONSUZLUQ.

Böyük Nəsiminin, dahi Nəsiminin, müdrik Nəsiminin, özünün İNSAN adına qoyduğu ağır şərtlərə uyğun İnsanlıq zirvəsi olan Nəsiminin ruhu Sizi qorusun!

Sizi sevən dostunuz...

 

Vaqif  Abbasov

 

Ədəbiyyat qəzeti.- 2023.- 30 sentyabr.- S.23.