Türkiyəli aktyor:
“Mizah - islah
edilmiş bir hücumdur.
Bunu
zorakılıq olmadan edir”
Türkiyəli aktyor Metin
Akpınarın “ONS” jurnalına müsahibəsi
Türkiyəli məşhur sənətçi
Mətin Akpınar 2 noyabr 1941-ci ildə İstanbulda anadan olub.
İki il
Tarix-Coğrafiya fakültəsində Fəlsəfə, iki il
İstanbul Universitetində Hüquq fakültəsində oxusa
da, heç birindən məzun olmayıb.
1957-ci ildə
"Yaşıl Səhnə"də həvəskar olaraq Fərdi
Merter və Erdinç Üstünlə teatrda
çalışsa da, tamaşa qoyulmadığı
üçün səhnəyə çıxmır. 1962-1965-ci illərdə Milli Türk Tələbələr
Birliyi Teatr şöbəsinin müdiri olub və müxtəlif
tamaşalarda oynayıb.
1967-ci ildə Türkiyənin
ilk kabare teatrı olan Dəvəquşu Kabare Teatrının
qurucuları arasında yer alıb. Bu teatrın ilk tamaşası "Vətən
xilas edən Şaban"da Şaban rolunu oynayıb. 1978-ci ildən etibarən 1992-ci ildə teatr
bağlanana qədər Mətin Akpınar teatrın inzibati
direktoru olub. 1980-ci illərdə Zəki
Alasya ilə birlikdə özlərinə məxsus üslubda
inkişaf etdirdikləri və böyük səhnələrdə
nümayiş etdirdikləri pyeslərdə birlikdə
oynayıblar. "Zəki-Mətin
cütlüyü" olaraq aktyor Zəki Alasya ilə birgə
oynadığı tamaşalar, sosial mövzulu komediya filmləri
ilə məşhurluq qazanıb. 1990-cı
illərin əvvəllərində birlikdə "Zəki-Mətincə"
adlı serialda rol alıb. 1999-cu il
Sinan Çətinin rejissorluğu ilə çəkilən
"Təbliğat" filmində Rəhim rolunu canlandıran
aktyor bundan sonra karyerasına tək davam etmək qərarı
verdiyini açıqlayıb.
Sənətdən əlavə, bir
müddət kommersiya fəaliyyətləri ilə də məşğul
olub. 1992-ci ildə KİPA supermarketlər şəbəkəsinin,
sonra İzmir Şəhər xəstəxanasının qurucu
ortaqlarından biri olub və idarə heyətində yer
alıb. Özünü sosialist
adlandıran Mətin Akpınar 1991-ci və 1995-ci illərdə
DSP-dən deputatlığa namizəd olmaq təklifi alsa da bunu
qəbul etməyib.
2008-ci ildə İsmayıl
Dümbüllü Mükafatlarında "Ömürlük Fəxri
Mükafat"a, 2010-cu ildə Qızıl Portağal Film
Festivalında "Ömürlük Fəxri Mükafat"a və
2011-ci ildə Beynəlxalq İstanbul Film Festivalında "Fəxri
mükafat"a layiq görülüb. Haliç və Okan Universitetlərinin
konservatoriyalarında "Teatrda kabarenin tarixi" mövzusunda
dərslər verib.
2020-ci ildə Mətin
Akpınarın həyatından bəhs edən
"Yaxşı ki, etmişəm" sənədli filmi 39-cu
İstanbul Film Festivalının bağlanışında
nümayiş olunub.
2022-ci ildə şəxsi albomundan
fotoların da yer aldığı "Səhnəyə həsr
olunmuş ömür: Mətin Akpınar" adlı kitab nəşr
olunub.
83 yaşlı aktyor bir də
evli olub. 17 fevral 1961-ci ildə
Göksel Özdoğdu ilə evlənən aktyor bir neçə
il sonra boşanıb.
Aktyorun 2018-ci ildə
"ONS" jurnalına verdiyi müsahibəni təqdim edirik.
- Səhnə tozuyla tanış
olduğunuz vaxtdan bu günə kimi ümumiyyətlə yumor,
yumora münasibət necə dəyişib, sizcə?
- Əslində, çox qısa bir dövrü təsvir
etməyimi istəyirsiniz. Halbuki, mən hələ
sərbəst amin turşuları kimi mövcud olarkən də
bunlar müzakirə edilir, danışılırdı. Hətta Platon və Aristotelə qədər gedib
çıxan bir hadisədən danışırıq.
Bizim içində yaşadığımız yumorla bəşəri,
dünyəvi yumor arasında ciddi fərqlər var. Digər tərəfdən,
yumor nəzəriyyələrinə nəzər saldıqda
onların çox da irəliyə getmədiyini, bizə təsir
edən yumor nəzəriyyələrinin belə dövrümüzdə
artıq bir az "ayıb" olduğunu düşünənlərdənəm.
Düşünürəm, daha doğrusu,
ümid edirəm ki, bunlar yəqin ki,
çağımızda, texnologiya ilə birlikdə
inkişaf edəcək. Yumor orta əsr
zülmünə qarşı üsyan kimi inkişaf edib.
Təəssüf ki, biz bunu yaşamadıq, ona
görə də əskikdir. Şərqdə
vəziyyət daha pisdir. Həcv, satira ilə
məşğul olduqlarına görə asılanlar,
yandırılanlar, dərisi soyulanlar kimi "zərif"
jestlər var. Bunlar dəhşətli şeylərdir.
- Düşünürəm ki,
bunun öhdəsindən gəlməyin fərqli yolları
olmamış olmaz?
- Şərqdə, VIII-XIII əsrlər arasında həm
elmin, həm də ədəbiyyatın çox inkişaf
etdiyi bir mühit var idi. Mühüm elm adamları sayəsində
Şərqin İntibahı yarana biləcəyi halda, bir vərdişimiz
ortaya çıxır. Bizim əhalimizdə
xaricdən də gələn təsirlərlə birlikdə,
"mədəniyyəti yemə" kimi bir
qırmızı qarışqa vərdişi, xarakteri var.
Hitit mədəniyyətini yedik, yoxdur. Səlcuq
sivilizasiyasını yedik, yoxdur. Osmanlını
yedik, yoxdur. Respublika desən, güclə
müqavimət göstərməyə
çalışır.
- Yenə də yumor var olmağa
davam edir...
- Yenə
də o eybəcərliklərə, səhvlərə
qarşı bizim də reaksiyamız olub, amma bizdə o
zülmətdən çıxmaq üçün
aşağıdan, xalqın içindən qalxan,
fışqıran üsyan, belə bir quruluş olmayıb,
yoxdur. Xristian fanatları arasında bir nəzəriyyə
var, çox maraqlıdır. İnsanı
şərab çəlləyinə bənzədirlər.
Fermentasiya sürətli gedir, ya ləng, fərqi
yoxdur, bütün hallarda gedir. Qapaq
möhkəm bağlanarsa, çəllək çatlayar, yəni
insan partlayar. Hərdənbir qapağı
açıb onun qazını almalısan. Sizi sıxan nə
olur-olsun, mühit, iqtisadi vəziyyət, coğrafiya, psixoloji
mühit, idarəetmə və s. hardasa boşaltmalı, nəfəs
almalıyıq. Bax, orada yumor köməyimizə
çatır, oradan çıxıb nəfəs ala bilərik.
- Türkiyədə yumor necə
köməyimizə çatır? Biz nələrə
gülürük?
- Yumor nəzəriyyəsi
baxımından, birinci mərhələdə, hərəkətli
zarafatlara gülürük biz. Təbii ki, onun
da yonulmuşu, ümumi olanı var. Xüsusən, ingilislərin
hərəkətli zarafatları bizdən daha qəşəngdir.
Bizdə bir az şişirdilmiş olur. Məsələn, Peter Sellers ən böyük
komediya ustalarından biridir və xüsusi heç bir şey
etmir. Əlində süd stəkanı ilə
əyilib südü tökür və heç bir reaksiya
vermir, amma biz gülürük. Bu yumorun əsas
istehlakçısı gülüşdür. Biz ancaq
çənlər asfaltın üzərinə töküləndə
gülə bilərik...
İkincisi,
insan ifrazatlarına gülürük; tüpürcək,
göz yaşı, sidik, pox, bəlğəm və s. Ənənəvi
türk teatrında da var, bu gün də var. Yəni, bu cəmiyyət
belədir: "Tfu! Allah sənə lənət
eləsin!" deyib tüpürəndə gülür. Nədənsə, onda nifrət, alçaldılma
hissi keçirir. Burada qeyd edilməli bir nüans da var:
Başınızı vursanız güləcəklər, amma
çox qan axsa kədərlənəcəklər, gülmək
əvəzinə yazıqları gələcək. Buna görə də həddini aşmamaq və ya
iyrənc səviyyəyə keçməmək
lazımdır. Göz yaşları və tüpürcək
yaxşıdır, lakin bəlğəm yox, sid
daha pisdir. Məncə, hər ikisi də primitiv
addımlardır. Bəlkə də, artıq bundan
istifadə edilməməlidir və əgər istifadə
olunacaqsa, ümumi yumor içində çox az
yer tutmalıdır.
Üçüncüsü, qüsurlarla zarafat etməkdir. Çox uzun,
çox qısa, çox kök, çox arıq, kəkələyən,
donqar, görmə, eşitmə qüsurlu və s.
Düşünürəm ki, bu da primitiv yumor səviyyəsidir.
Məncə, bu da azaldılmalıdır. Digəri ənənəvi teatrımızda da olan;
etnik tiplə zarafatdır. Laz, kürd, fars...
onların cəmiyyətlə uyğunsuzluqları ilə
zarafat edirlər. Bunun bir az zəifləmiş
halı bu gün üçün də keçərlidir: Fərdin
psixoloji, sosioloji, iqtisadi cəhətdən cəmiyyətlə
uyğun olmayanına gülərik.
Əslində, bu, bütün yumor nəzəriyyələrini
tamamlayan və əhatə edən yaxşı bir çətirdir. Daha incə,
daha intellektual səviyyədə ölçülü, ahəngdar,
cəmiyyətə açıq yumor, bu gün də keçərli
yumordur.
Sonuncu yumor başlığı da, məncə,
absurddur. İzah eləmək çətindir bunu.
Ustadlardan Kiçik İsmayıl Əfəndi absurdu belə təsvir
edirmiş: "Böyük bir sahə var, hər tərəfindən
keçmək mümkündür, sağından, solundan,
yuxarısından. Ancaq ortada bir divar var. İstər
kərpic, istər hasar, istərsə də beton olsun. Bir divar var. Amma istənilən yerdən də
keçmək mümkündür həmin sahəyə.
Bu divarın da ortasında bir qapı var. Bax, o
qapıdan keçmək absurddur". Bu,
absurd olan bir şeyin daha da şişirdilmiş təfsiri, bəlkə
də vulqar təsviridir. Bu, bizim yumor mərhələlərimizdəndir.
Biz bunlara gülürük, bunlarla əylənirik.
Hələ də belədir və belə də
davam edəcək.
- Təqlid etməyi də əsaslardan
biri saya bilmərik?
- İbtidai cəmiyyətlər, ümumiyyətlə, təqlid
yolu ilə inkişaf edir. Bunun içində
heyvan təqlidi də var, lider təqlidi də var, kasıb,
molla, ağa təqlidi də var. Qədərində olmaq şərtilə,
utandıraraq etdiyimiz tənqiddir. Xalq bunu dərk edib
gülür. Bunun kökü kəndə,
kənd teatr tamaşalarına gedib çıxır.
- Hətta antik dövrə...
- Biz
mifologiyanı sevmirik, onu rədd edirik, amma əslində
yaxşı mənbədir. Məsələn,
Zevs, ölümlü bir xanımla, Fiv şahzadəsi Semela ilə
birlikdə olur, ondan bir uşağı da olur; Şərab
tanrısı Dionis. Yumorun tərifinə görə, əclaf!
Sonra tanrı Zevs xanımı öldürə bilmədi və
onu ölümsüz etdi, amma oğlu qaçdı... Dionisin ziyafətləri, təşkil etdiyi şənliklər
teatrın, yumorun mənşəyi hesab olunur. Yuyunurlar, təmizlənirlər,
gözəl geyimlər geyinirlər, yemək-içmək də
öz yerində...
Bir fakt da var ki, o ziyafətlərdə, ziyafətdə əvvəllər
iştirak edib sonradan bizdən ayrılanların
ruhlarının daxil olması da var. Reproduktiv simvollar
böyük ölüçülərdə tərəddüd
edilmədən təqdim edilir. İncələnəcək
və ya üzüləcək heç nə yoxdur; məsələnin
kökündə bu var, deyə.
- Deyəsən, bu mənada biz o
"ziyafətlər"ə bir az
yadıq?
- Bizim
bayramlarımız, xüsusən də dini
bayramlarımızda belə bir şeylər var əslində;
ev təmizlənir, pəncərələr silinir, ən
gözəl paltarlar geyinilir, hətta çarpayının
yanında ayaqqabı gizlətmək kimi gözəl hekayələr
də var. Dolmaçı xala, börəkçi xala gəlir,
mövsümə uyğun dadlı yeməklər
hazırlanır. Əyləncəmiz də var,
amma ruhların gəlməsi məsələsi yoxdur; biz qəbiristanlığa
ziyarətə gedirik. Ziyarət, bayramlaşma
və xüsüsən də qurbanlıq mərasimindən
sonra ziyafətə bənzər bayram şənliklərimiz
olur.
Həmin şənliklərdə ciddi əyləncələr
var. Bizim böyüdüklərimiz fərqlidir, bizdən əvvəlkilər
çox fərqli. Orada atəş udanlar olduğu kimi, simit,
turşu satanlar da var. Spirt üfürənlər var; görək,
nəfəsin hara qədər gedib çıxır? Teldən sürüşmə var; o vaxtlar su xizəyi
yox idi, hündürlük qurulur, iki dirək arasında məftil
çəkilir, məftilin üstündə çarx
qurulurdu. Pilləkənlərlə yuxarı qalxırsan,
bir adam ayaqlarınızdan tutur, burax deyəndə
buraxır və "piuuuuu" deyə sürüşürsən.
Qarşı tərəfdən kimsə səni
qarşılayır, yıxılmayasan deyə, qucaqlayıb
tutur. Sürüşən qızdırsa
orda təmas da yaranır, əlbəttə ki. Mövsümə görə dəyişir, ipək
don geyinsə başqa, idman kostyumu geyinsə başqa.
Tənzimat, Konstitusiya və Cümhuriyyət
teatrlarından kənar teatr fəaliyyətləri ölkəmizdə
ənənəvi türk teatrı olaraq təyin olunur. Bunun
içində Qaragöz var, orta oyunu, kəndirbaz və s. var.
Bunlar bizim ənənəvi əyləncə mədəniyyətimizin
bir hissəsidir.
- Teatr və komediya tariximizdə
sizin çox xüsusi yeriniz var. Haldun Taner, Zəki Alasya və
Ahmet Gülhandan sonra bu gün kabare teatrının sağ olan
ən önəmli adı sizsiniz.
- Kabare
teatrını içində böyüyərək öyrəndim.
Sənət istehlakçımız da bilmirdi,
içində yoğrularaq öyrəndi. Bizim
komediya yazarlarımız da eyni şəkildə. 1967-ci ildən 1992-ci ilə qədər davam edən
Dəvəquşu Kabare Teatrı heç bir təvazökarlıq
göstərməyəcəyəm, tarixə qızıl səhifələrlə
yazılmalı olan bir hadisədir. Onun
yaradıcısı, bizə ötürəni, icraçısı
və təklifi verən; Haldun Tanerdir.
- Kabare teatrı müxtəlif məktəbləri
də əhatə edir, məncə.
- Kabare
teatrı həm də zarafat teatrıdır, istehza
teatrıdır. Tragikomik hadisələr də
var, onda ironiya teatrıdır. Despotik
hakimiyyətə qarşı çıxdığı
üçün o, üsyan teatrıdır və həmişə
də elə qalacaq. Kabare teatrında nə
zaman, nə məkan, nə də mövzu ilə bağlı
məlum qaydaları yoxdur. Başlıq
vasitəsilə hər şeyi araşdıra bilərsiniz.
Bir-birinə bərkidilmiş vaqonlar şəklindədir.
Çıxarıb və ya nəyisə əlavə
edə bilərsiniz. Vizual materialı daha çoxdur,
musiqisi var, şansonu var, ritm hissi var. Bizim kimi musiqi mədəniyyəti
olmayan bir cəmiyyətdə, operetta (muzikl) mədəniyyətinə
daha yaxın, həm vizuallığı, həm də rəqsi,
çevik quruluşu və azadlığı ilə
böyük kütlə toplayan, sağlam və düzgün
formatdır Kabare teatrı.
- İllərdir ki,
Universitetlərdə kabare teatrı dərsləri verirsiniz.
- Burada,
Universitetlərdə övladlarıma kabare teatrı, kabare
aktyorluğu öyrətməyə çalışıram. Semestrin sonunda tamaşa səhnələşdiririk.
Adətən bizim tamaşalardan biri olur. Tamaşaçıların qarşısına
çıxanda bu həvəskar uşaqlar, peşəkar səviyyədə
reaksiya alırlar. Bu da formatın nə qədər
dəqiq olduğunu göstərir. Bu
gün ölkəmizdə kabare teatrı yoxdur. Bir vaxtlar, bizdən sonra 18 dənə olmuşdu.
Sonra yavaş-yavaş yoxa çıxdılar.
Bu, təkcə kabarenin yoxa çıxması
deyil, mədəni istehlakçının bu cür tədbirlərə
verdiyi pulu qiymətləndirmək üsullarının zamanla
o qədər də müasir olmadığını göstərir.
- Mədəniyyət və incəsənətə
ayırdığımız büdcələr birinci kəsilir.
Çox asanlıqla imtina edə bilirik.
- Xalq
günləri, qadın günləri, tələbə
günləri deyə-deyə, az büdcə
ilə çox xidmət almaq məntiqi inkişaf edir, təəssüf
ki. Televiziya buna qarşı çıxanda və
televiziyanın aktyorlara verdiyi ödənişlər
artdıqca teatr da, kabare teatrı da geri çəkildi. Bitərmi? Bitməz. Teatr ən despotik hakimiyyətlərdə də
çalışıb, yaşamağa nail olub. Teatrın, komediyanın, kabarenin dilində
zorakılığa, qorxuya yer yoxdur. Bunu qəbul
etmir, boyun əymir. Mizah; təmkinli, islah
edilmiş bir hücumdur. Bunu
zorakılıq olmadan edir. Bu, sadəcə
olaraq sizi düzgün düşünməyə,
özünüzü sorğulamağa istiqamətləndirir.
Siz də sual verəcək, vicdanlı insan
olarsınız. Sual verməsən, vicdansız adam olarsan.
Kabare teatrı cəmiyyətin vazkeçilməzidir. Bəlkə bu gün yox,
amma sabah olacaq, bu dövr də keçəcək.
İnsan var olduqca, teatr da var olacaq. Onu qadağan edəcək, yox edəcək bir idarəedici
qüvvə icad olunmayıb. Heç kim
şərab çəlləyi kimi partlamaq istəməz; nəfəs
alacaq bir yer mütləq tapacaq. Bax, o vaxt şərab
içmək də zövq verəcək. Bu dəyişməz qaydadır.
- Televiziyanın ardından, bu gün
artıq teatrın bəlkə də, lap geri çəkilməsinin
əsas səbəblərindən biri onlayn məcralarda
formalaşan yeni mizah anlayışıdır. Sizcə,
teatrın yerini doldura bilərmi?
-
Teatrın ən qısa təsviri belədir: insanı insana
insanla anlatma sənəti. Bu tərif
şüşəyə də yazıla bilər, amma nəsə
çatışmaz. Onun canlı, kollektiv
içində olmağı vacibdir; təri, qanı, qoxusu,
beyni ilə birlikdə. Təbii ki,
televiziyada da, kinoda da, rəqəmsal mediada da bunun müxtəlif
effektləri olacaq, amma düşünürəm ki, bu,
insanları qane etmir.
- Son sual artıq klişeyə
çevrilmiş bir sualdır: Sizin tamaşalar qoyduğunuz
illərdən sonra, siyasi mizahın da teatrla birlikdə gedərək
yoxa çıxması ilə bağlı fikirlərə nə
deyirsiniz?
-
Düşünürəm ki, heç bir siyasi hakimiyyətin
bu cür nəfəs alma tərzini və ənənəvi
olaraq daşıdığı gözəllikləri məhv
etmək gücü yoxdur.
İndi
77 yaşım var (2018), sabah dünyanı
tərk edə bilərəm. Sabit iş qoyduq ortaya, çox
şükür, amma bunun bitməyəcəyinə
inanıram.
İnsan tarix boyu fəlsəfədən, elmdən, ədəbiyyatdan
güc alaraq nəfəs ala biləcəyi bu quruluşu
yaradıb. Bu quruluş indi insan bədəninə hopub.
Heç vaxt da çıxmayacaq!
Hazırladı: Nilufər
Hacılı
Ədəbiyyat qəzeti.- 2023.- 20
yanvar.- S.18-19.