Nənəm, Niyazi, mən göndərilməyən məktub

 

Xatirə-hekayə

 

Nənəmin maestro Niyazinin unudulmaz xatirəsinə

 

"...dirijor Niyazidir".

Diktor bu iki sözü deyən kimi mənim savadsız, televizor adlı bu sehrli qutuya həmişə biganə olan, təbiətən qaradinməz nənəmin eyni açılırdı, əlində yağı da daşsaydı, başını qaldırıb ekrana baxırdı bu anlarda mən açıq-aydın görürdüm ki, arvadın sifəti işıqlanır, gözləri durulur mənim nənəm bircə anın içində dönüb olurdu dünyanın ən mehriban, ən kövrək nənəsi.

Mən hər dəfə eyni sözləri düdüləyib tökürdüm ki, ay nənə, sən o çalınanlardan, o kişinin hərəkətlərindən başa düşürsən ki, çiçəyin belə çırtlayır, dönüb olursan ayrı adam? Olmaya bu arıq, çəlimsiz kişiyə vurulmusan, quşun qonub ona?

Nənəm o dəqiqə hirslənir, yan-yörəsinə baxıb mənə sarı tolazlamaq üçün nəsə axtarırdı həmin o "nəsə"ni tapana qədər mən hırıldaya-hırıldaya qaçırdım.

O vaxt 10 yaşım vardı, çalğıçıların qarşısında dayanıb əl-qol hərəkətləri edən, bəzən sifəti ciddiləşən, qaşları çatılan, bəzən ağzını açıb isə vacib bir şey demək istəsə , sözünü udan, bəzən əl-qol ata-ata az qala, rəqs edən kişinin - familiyasını çoxlarının bilmədiyi Niyazinin bu canfəşanlığının, nənəmin sözü olmasın, özünə rəhm eləməməsinin səbəbini anlamırdım. Amma hərdən mən televizorun ekranına göz qoyurdum görürdüm ki, çalğıçılar bu kişidən əməllicə ehtiyat edir, hətta bəlkə bir balaca qorxurlar. Qorxurlar ki, onun hansısa hərəkətini, işarəsini vaxtında görməsinlər, cavabsız qoysunlar.

Lakin bunların mənimlə nənəm arasında gedən bu oyuna heç bir dəxli yox idi: Niyazi ekranda peyda olan kimi nənəmi haylayırdım:

- Nənə, hardasan, gəl ! Sevgilini göstərirlər, ey!

Yaxud:

- Ay arvad, Niyazi səni çağırır!

, yadımdan çıxmışdı... Çalğıçıların qarşısında həmişə açıq dəftərlər olurdu onlar çalanda həm o dəftərlərə baxır qəfildən tələsik vərəqləri çevirirdilər. Onların bu dəftərlərdə axtardıqlarını mən heç cür başa düşə bilmirdim. Bir gün bu barədə böyük bacımdan soruşdum. İzah elədi ki, həmin dəftərlərə çalınan əsərin not işarələri yazılıb, biz kitab oxuduğumuz kimi, onlar da o işarələri oxuyub sonra çalırlar. Mən dərhal növbəti sualı verdim: "Əgər o işarələrə baxıb çala bilirlərsə, bəs niyə çox vaxt gözlərini adına dirijor deyilən o kişinin əllərinə, üzünə zilləyirlər? Bu kişi ötürür, bu him-cimlə deyir onlara?"

Bacım karıxıb susdu. Görünür, cavabını bilmədiyi bu sualı gözləmirdi. Vəziyyətdən çıxmaq üçün gülə-gülə dedi:

- Bunu nənədən soruşarsan.

Amma soruşmağa ehtiyac qalmadı. Sən demə, nənəm qonşu otaqdan bizim söhbəti eşidirmiş.

- Bura gəl, qadası.

Qonşu otağa keçdim. Nənəm adəti üzrə köhnə sandığının üstündə oturub əlindəki təsbehin xırda muncuqlarını çevirirdi. Yaxınlaşaraq onun qarşısında oturub bardaş qurdum. Nənəm muncuqları bir-bir sağa sürüşdürə-sürüşdürə dodaqlarının altında isə deyirdi. Nəhayət, o, sonuncu muncuğu da sağdakılara qatıb təsbehi növbə ilə üç dəfə öpərək gözlərinin üstünə qoydu, bu işini tamamlayandan sonra üzünü mənə tutdu:

- Balası, ötən il atan məni Bakıya göz həkiminə aparanda bir neçə yolun kəsişdiyi dairəvi bir yerdə əlində zolaqlı ağac tutmuş arıq bir kişi gördüm. O, əllərinin həmin o ağacın köməyi ilə maşınların hərəkətini nizamlayır, onların toqquşmasının, bir-birinə mane olmasının qarşısını alırdı. İndi soruşuram: "Məgər o sürücülər yol qaydalarını bilmirdilər?"

- Bilirdilər, nənə, bilirdilər.

- Ay sağ ol. Amma hər şeyi onların öz ixtiyarına buraxsaydılar, aləm dəyərdi bir-birinə. Bax, o milis işçisi bunun baş verməməsi üçün dayanmışdı orda. Özü canıyanmış o hərəkətləri elə həvəslə edir, o ağacı elə tərzdə fırladırdı ki, yoldan keçənlər bir anlığa ayaq saxlayıb gülə-gülə ona tamaşa edirdilər. Yəni həm yoldan ötənlər razı qalırdı, həm sürücülər...

Nənəmin dediyi kişini hansısa filmdə mən görmüşdüm düzünü deyim ki, onun qəribə hərəkətləri - gah əlindəki ağacı qulağının dibinə qaldırıb ucunu aşağı salırdı, gah havada elədən-belə, sonra da belədən-elə çevirib sinəsinin üstündə saxlayır, gah da üzünün düz ortası bərabərində tutub ucunu yuxarı qaldırırdı - mənə ləzzət eləmişdi. Amma bacıma verdiyim sualın cavabına nənəmin bu əhvalatla başlamasının səbəbini söhbətin davamında bildim.

- Bax, o çalğıçılar da çalacaqlarını əvvəlcədən bilirlər. Amma hamısı birdən, bir yerdə çalmır axı. Biri çalanda o biriləri dayanıb gözləməli, ona yol verməlidir, yaxud ikisi sözünü bitirib susanda, on beşi danışmalıdır. Üstəlik, çalmaq da var, çalmaq da. Gərək musiqinin şah damarını tutub çalasan. Əlində çubuq tutmuş o kişi həmin o milis işçisi kimi səslərin bir-biri ilə toqquşmaması, bir-birini başa düşməsi, bir-birinə hörmətlə yanaşması, onların ruhunu diri saxlamaq üçündür.

Nənəm söhbətinə ara verdi danışmaq növbəsi mənə çatdı:

- Ay nənə, səslər canlı adam-zaddı bəyəm, bir-birləri ilə toqquşsunlar, yaxud dalaşsınlar? Məsələn, mənim səsim bacımın səsi ilə necə dalaşa bilər?

Nənəm gülümsəyib:

- Dalaşar, lap o yana da keçər, - dedi. - Səslər canlıdır, bala, hərəsinin öz xasiyyəti, öz rəngi, istəyi, hikkəsi var.

- Yaxşı, elə bunlara görə o kişiyə hayıl-mayıl olmusan? - deyə yenə nənəmə sataşdım böyür-başına baxdım ki, görüm, dalımca tolazlamağa yaxınlıqda bir şey varmı?!

Amma nənəm bu dəfə coşub kükrəmədi, gözlərini məchul bir nöqtəyə dikib mehriban səslə danışmağa başladı:

- Bilirsən, qadası, burasındadır ki, o kişi təkcə bələdçilik, yolgöstərənlik eləmir. O, elə bil səslərin bütün sirlərini bilir, hətta boy-buxununu, rənglərini görür, çalınan musiqini özünə ram etməyi bacarır. O, əl-qolunu atanda, barmaqlarını oynadanda elə bil həmin barmaqlardan qulağıma tanış səslər süzülür, ruhum dincəlir. Bir görmürsən əlində zurna-balaban tutmuş o kişiləri özünə necə ram edir bu balacaboy kişi? Hamısının gözü onun barmaqlarındadır. Kişi belə olar ey...

Nənəm savadsız, türkəçarə bir arvad idi onun səslər haqqında, çoxdan tanıdığı adamlar haqqında xətircəmliklə danışırmış kimi, üstəlik, ürəkdən danışmağı məni çaşdırdı. Nənəm bunu dərhal hiss eləyib dedi:

- Dur, get, balası. Sən hələ bunları hiss eləmək, dediklərimi anlamaq üçün yetişməmisən.

Aydın məsələdir ki, nənəm düz deyirdi - mən hara, səslərin boy-buxununu, rəngini görmək hara? Ona görə yavaşca durub çıxdım birbaşa mətbəxdə dovğa bulayan anamın yanına gəlib soruşdum:

- Ana, nənəmin cavanlıqda musiqiçilərlə, musiqi ilə isə bir bağlılığı olub?

Anam dovğasını bulaya-bulaya üzümə baxdı:

- olub ki, bala?

- Heç , - dedim. - Sadəcə arvad musiqi haqqında elə qəribə şeylər deyir ki, başa düşmək olmur, amma başa düşməsən , inanmaq istəyirsən.

- Nənən cavanlığında gözəl rəqqasə olub, oğul. Deyilənə görə, bu mahalda onun kimi rəqs edən olmayıb. Toylarda elə süzürmüş ki, göydə uçan quşlar da budaqlara qonub tamaşa edirlərmiş. Hətta camaat arasında söz yayılıbmış ki, sənin gələcək nənən nəinki rəqs havalarına, hətta muğamlara, küləyin səsinə, bilim, yağışın şırıltısına da rəqs edə bilirmiş...

Bu dəfə matım-mutum qurudu - əgər adam küləyin səsinə, yağışın şırıltısına rəqs etməyi bacarıbsa, onun səslərin rəngini, boy-buxunlarını görməyində təəccüblü vardı ki?

Bundan sonra nənəmlə elədiyim şit zarafatlara son qoydum televizorda dirijorluq edən Niyazini görəndə mən gözlərimi ekrana zilləyib nənəmin gördüklərini görməyə çalışdım. Amma görünür, bu sahədə, nənəm demiş, hələ yetişməmiş kal meyvə idim.

Bir gün isə heç vaxt ağlıma gəlməyən bir hadisə baş verdi. Nənəm məni yanına çağırıb soruşdu:

- Bala, bu televiziya deyilən yerin bir böyüyü var da, yəqin. Gəlsənə, ora mənim adımdan bir məktub yazaq. Yəni mən deyim, sən yaz...

Televiziya verilişlərinin sonunda aparıcıların təkrar-təkrar dedikləri sözlərdən ünvanı bilirdim. Odur ki, qaçıb çantamdan dəftər-qələm gətirib oturdum nənəmin qarşısında - yəni ki mən hazır.

Nənəm təsbehini götürüb başladı:

- Hörmətli televiziya böyüyü, sizi narahat edən yaşlı bir qadındır. Bu məktubu da mən deyirəm, nəvəm yazır. Mənim sizdən həm şikayətim, həm bir xahişim var. Şikayətim budur ki, televiziyada Niyazinin çıxışı olanda niyə o kişinin üzünü, əllərini bizlərdən gizlətməyə çalışır, əvəzində ayrı-ayrı ifaçıları, yaxud da hamısını birdən göstərirsinz? Onların üzləri, baxışları bizə heç demir axı. Onlar özlərindən musiqiyə heç bir rəng qatmırlar, dirijor tələb edir, onu yerinə yetirirlər. Niyazi isə sifətinin cizgiləri, barmaqlarının rəqsi, hətta qaşının hərəkəti ilə çalınan əsəri bizim üçün görünən mənzərəyə çevirməyə çalışır, musiqi onun vücudunda nəfəs alır. Heç rəvamıdır ki, tamaşaçılar bunları görməsin?

Mən yaşlı qadın olsam da, musiqidən az-çox başım çıxır. Cavanlığımda rəqqasə olmuşam. Rəqqasə rəqs edəndə oynadığı hava gərək onun hərəkətlərinə, üzünə, baxışlarına, bütün bədəninə hopsun. Bu olmasa, çalınan hava rəqsə çevrilməz, elə hava olaraq qalar.

O ki qaldı xahişimə, televiziya ilə Niyazinin dirijor olduğu konsertlər veriləndə elə edin ki, biz tamaşaçılar ifa boyu, bu, mümkün deyilsə, vaxtın çoxunu o kişinin üzünü, əllərini, hərəkətlərini görək. Divin canı şüşədə olduğu kimi, ifaçıların, çalınan əsərin canı o kişinin əlindədir. Konsert başa çatandan sonra çalğıçıların hər birini kadrda ayrıca göstərin .

Nənəm sözünü bitirdi fikrə getdi. Nəhayət, gözlərini təsbehin muncuqlarından ayırıb soruşdu;

- Yazdın, bala?

- , nənə, yazdım...

- Ver, baxım, - nənəm dedi.

Dəftəri alıb yazdıqlarıma baxdı - savadı olsaydı, yəqin oxuyardı ki, görsün düz yazmışam, ya yox. Sonra yenə gözlərini məchul bir nöqtəyə dikdi, bir müddət susdu, qəfildən gözləmədiyim halda dedi:

- Qoy qalsın məndə...Vaxt gələr, göndərərik.

Amma vaxt vaxtı qabaqladı - bir neçə il sonra nənəm elə həmin sandığın üstündəcə gözlərini yumub quş kimi bu dünyadan uçub getdi...

O, əbədi dünyasına çox sirləri aparsa da, Niyazi sənətinə, musiqiyə sevdasının qığılcımlarını mənim ürəyimə səpməyə macal tapmışdı o qığılcımlar yavaş-yavaş alova, oda çevrildikcə, nənəm demiş, mən yetişib dəymiş meyvəyə dönür, təkcə boyum uzanmır, yaşım artmır, ruhum da böyüyürdü... Ta o vaxta qədər ki, mən Niyazi sənətinin vurğunu oldum, onun haqqında məqalələr, hətta kitab da yazdım...

Amma bir gün böyük bacım köhnə şagird dəftərinin 4 qatlanmış, saralmış vərəqini - Bunu nənənin sandığından tapmışdıq. Həmişə deyirəm, sənə verəcəm, yadımdan çıxır, - deyə mənə uzadanda - nənəmlə bir yerdə yazdığımız həmin o məktub idi - nənəmin o vaxt dediklərini bir yada salıb başa düşdüm ki, bundan sonra lap 10 kitab yazsam da, nənəmdən yaxşı "Niyazişünas" ola bilməyəcəm. Çünki nənəmin o vaxt dedikləri, içi mən qarışıq çoxlarının elə indinin özündə adını dürüst-dəqiq bilmədiyi nəfəs alətlərini "zurna-balaban" adlandıran nənəmin musiqi yaradıcılığında ən elitar peşəyə - dirijorluq peşəsinə verdiyi sadəlövh "fəlsəfi" yozum idi aradan 50 ilə yaxın vaxt keçəndən sonra da mən baxıb gördüm ki, bu yozum sadəlövh olduğu qədər maraqlı, orijinal bir yozum imiş. Nənəm şüuraltı şəkildə, bəsirət gözü ilə dirijorluq sənətini yeni bir səviyyəyə qaldıran Niyazi dühasının aktyorluq, rəngkarlıq, xoreoqrafiya sənətləri ilə bağlı yalnız gözləri ilə yox, həm ürəkləri ilə görməyi bacaranların duya biləcəkləri ilişkiləri incələmişdi, bu sənətin mahiyyətini bəsit şəkildə olsa, sərrast ifadə etmişdi.

Bu yozumun gözəlliyinin başqa bir tərəfi isə dirijorluğu elitarlıq zirvəsindən mənim nənəm kimi başqa nənələrin başa düşəcəkləri bir müstəviyə gətirib, hamıya sevdirməyi bacaran Niyazi sənətinin bənzərsizliyinin, təkrarsızlığının ünvanını göstərməsində idi...

Ruhun şad olsun, əziz nənəm.

Ünvanına göndərilməməsinin səbəbini yalnız mən bildiyim o məktubu arxivimdə qoruyub saxlayıram...

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.44-45.