Feyerbax olmaq
Feyerbax kimdir?
"...Çox
qısa zamanda aydın olur ki, o, yamsılamanın
ustasıdır: duruşunu qəfil dəyişərək
bircə hərəkətlə hansısa müəyyən
bir şəxsiyyəti canlandırmaq bacarığına
malikdir. Lakin aradabir cəsarətli təkəbbürə
keçən diribaşlıq arxasında bilaaram depressiya vəziyyəti
hiss olunur: bu, pəncərəsiz boş otaqda özünü
itirmiş bir kəsdir".
Tankred Dorstun öz pyesinə yazdığı bu ilk remarkalardan
biri əsərin qayəsini, aktyor Feyerbax obrazının səciyyəsini
tam açıb izah edən bir mətndir. Bu və ya digər əsərin
məna yükünə onun müəllifinin tərcümeyi-halı
və əsərin qələmə alındığı
dövr, sözsüz ki, təsir edir. Dorst alman ordusunun əsgəri
olaraq 17 yaşından 22 yaşına qədər Britaniya və
Amerika hərbi əsirliyində olub. 1947-ci ildə əsirlikdən
qurtulanda onun doğulub böyüdüyü Almaniyanın ərazisi
artıq sovet-sosialist quruluşuna aid imiş. "Mən
Feyerbaxam" on beş şəkilli pyesini isə 1986-cı
ildə yazıb - sovet-sosialist quruluşunun laxlamağa
başladığı bir vaxtda. Bu məqamlar pyesin ruhuna və
personajların xarakterinə təbii ki, təsir edib.
Aktyor Feyerbax ömrü boyu emosional, ruhi tarazlığın nə
olduğunu bilməyib. O, aktyorluq sənətini fanatikcəsinə
seçib-sevib. Fanatizm isə istər işgüzar, istər
şəxsi və məişət həyatında ən
ziyanlı vərdişlərdən biridir. Nəyisə, kimisə
sevmək gözəldir və bunsuz mümkün deyil. Amma hər
bir nəsnədə olduğu kimi, burada da ifrata varma, həddini
aşma, başqa sözlə, fanatizm baş verdikdə fəlakət
qaçılmaz olur. Feyerbaxın da əsas problemi fanatizmdir.
Onun fanatizmi o həddə çatıb ki, tərəf-müqabillərilə
mübarizə ona azlıq edir, özünün sənət
seçimi ilə də mübarizəyə başlayır.
Hamısı da ona görə ki, Feyerbax öz peşəsini,
aktyorluq sənətini dinə-imana çevirib, rejissoru isə
Allah sanır. Bu çox sərt bir sınaqdır. Və
Feyerbax bu sınaqda məğlub olur. Halbuki tale ona qalib olmaq
şansı vermişdi - yeddi il ruhi-əsəb dispanserində
müalicə olunandan sonra yolunu böyük səhnədən
salmışdı ki, fəaliyyətini sağlam ruhla davam
etdirsin. Lakin təəssüf ki, növbəti dəfə təsdiq
edilir ki, əsəb hüceyrələri bərpa edilmir...və...Feyerbax
sözün həm müstəqim, həm də məcazi mənalarında
uçuruma yuvarlanır...fanatikcəsinə sevdiyi səhnənin
uçurumuna...
Şövqi Hüseynovun Feyerbaxı
Aktyorun
aktyor rolunda çıxış etməsi, aktyor
obrazını canlandırması, onun həm şəxsiyyətinin,
həm də aktyorluğunun cildinə girməsi, şübhəsiz,
maraqlı br təzahürdür. Şübhəsiz ki, bu həm
də həmin aktyor üçün bir fürsətdir, daha
doğrusu, iki fürsət: istedad və
bacarığını bütünlüklə nümayiş
etdirmək və teatr aləmində nüfuz sahibi olanlara
müsbət və mənfi ruhlu ürək sözlərini
söyləmək. Şövqi Hüseynovun "Mən
Feyerbaxam" tamaşası sadəcə, bədii mətnin səhnəyə
köçürülməsindən çox uzaqdır. Hətta
deyərdim ki, Şövqi Hüseynov quruluş və ifa
prosesində əsərin həmmüəllifiinə
çevrilib. Deyə bilərsiniz ki, hər bir bacarıqlı
rejissor hər bir uğurlu tamaşası ilə həmmüəllifə
çevrilir. Bəli, elədir ki, var. Amma hərdən elə
tamaşalar da qoyulur ki, səhnə əsərini quran (bəhs
etdiyimiz halda həm də canlandıran) səhnə xadimi təkcə
tərzi-hərəkətin deyil, nitqin də ikinci müəllifinə
çevrilir, bu və ya digər bədii mətn ikinci yox,
tamamilə yeni nəfəs qazanır. Şövqi
Hüseynovun "Mən Feyerbaxam" tamaşası ilk
növbədə, yaxud ən azı məhz bu cəhəti ilə
diqqətəlayiqdir - onun yozumunda "Mən Feyerbaxam"
pyesinin sətiraltı və sətirarası mətləbləri
oxunur, o mətləblərə müvafiq quruluş verilir,
fabulaya uyğun faktura qazanır və təqdim edilir.
Şövqi Hüseynov qəhrəmanını sevir, onu
anlayır, onun halına yanır, Feyerbax olmağın
yükünü çiyinlərinə götürüb sonadək
daşıyır.
Tankred Dorstun "Mən Feyerbaxam" pyesinin orijinal mətnində
üç personaj iştirak edir: aktyor Feyerbax, Rejissorun
Assistenti və Qadın. Dövlət Milli Gənc
Tamaşaçılar Teatrının "Mən
Feyerbaxam" səhnə əsərində Assistentlə
hansısa tamaşa üçün axtarılan itin sahibəsi
olan Qadın ixtisar ediliblər, daha doğrusu, Assistent qismən
istisna edilib, çünki Feyerbax-Şövqi Hüseynovun
Assistentlə mükaliməsi saxlanılıb, sadəcə,
tamaşaçı Assistenti nə görür, nə də
eşidir, səhnədəki Feyerbax üzünü zalın ən
ucqar, məchul nöqtəsinə tutaraq Assistentlə
danışır. Feyerbaxın Assistentin qarşısında
canlandırdığı səhnələr, monoloqlar pyesdəkindən
bir qədər fərqlidir və bu yalnız əsərin yeni
səhnə versiyasının xeyrinə işləyir.
Tamaşadakı hadisələr də pyesdə olduğu kimi səhnədə
və böyük teatrın tamaşaçı zalında
baş verir. Gənc Tamaşaçılar Teatrı bu səhnə
əsərini teatrallara elə səhnədəcə təqdim
edir, tamaşaçı oturacaqları səhnədə
düzülür və Feyerbax-Şövqi Hüseynov
özünün mono kamera tamaşasını yaşamağa
başlayır. "Mən Feyerbaxam" pyesi tapmacadır.
Oxucu və tamaşaçı bu tapmacanı adi məntiqlə
tapa bilməz. Buna görə də epiloqa baxmaq hövsələsizliyi
də istisna edilir. Mütaliə və ya tamaşa edən
şəxs səbirlə əhvalatın gedişatını
izləyir. Sonadək. Şövqi Hüseynovun
tamaşasında o, həm mütaliə edəndir, həm
tamaşaçıdır, həm quruluş verib səhnə əsəri,
tamaşa qurandır, həm də qurduğunu bir aktyor olaraq təqdim
edəndir. Mono-tamaşa bu aktyorun özünü ən rahat
hiss edib, istedad və bacarığını ən dolğun
forma və məzmunda ifadə etdiyi bir tərzdir. Və "Mən
Feyerbaxam" mono-tamaşası Şövqi Hüseynovun
yaradıcılığının bu cəhətini ən
parlaq, ən qabarıq şəkildə göstərən
teatr hadisəsi hesab edilə bilər.
Samirə Behbudqızı
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.41.