Yarım əsr sonra vətənə qayıdan məzun
1920-ci ilin yanvar ayında hökumət və parlament üzvlərinin xeyir-duası ilə Bakı vağzalından təntənəli şəkildə yola salınan Azərbaycan Cümhuriyyəti tələbələrinin taleləri tariximizin ən faciəli tərəflərindən biridir. Hökumət təqaüdü hesabına oxuyacaq olan bu gənclər 4-5 il sonra Vətənlərinə qayıdacaq, yeni qurulan dövlətin inkişafı üçün çalışacaqdılar. Onsuz da yüksək keyfiyyətlərə malik olan bu gənclər Avropa mühitinə də bələd olduqdan sonra peşəkar kadrlar kimi ön sıralarda yer tutacaqdılar. Təəssüf ki, nə hökumətin, nə də onların planları baş tutdu. Cümhuriyyət tələbələrinin dönüşü yarımçıq qaldı. Onların bir qismi mühacirətdə yaşadı, bir qismi repressiyaya məruz qaldı, az bir qismi isə bolşeviklərin məngənəsindən xilas ola bildi.
Mühacirətdə qalanlardan biri də Türkiyədə Göygöl soyadı ilə məşhur olan Mirzə Hacızadə idi.
O, 17
sentyabr 1897-ci ildə Gəncədə
doğulub. 1906-cı ildə
Gəncə kişi gimnaziyasına daxil olub, 1915-ci ildə oranı bitirib. Ardınca Lüblin quberniyasında (Xarkovda)
Novo-Aleksandr Kənd Təsərrüfatı
və Meşəçilik
İnstitutuna qəbul
olaraq orada oxuyub. Lakin çar Rusiyasında baş verən inqilablar bir çox azərbaycanlı tələbə
kimi, Hacızadənin
də təhsilini tamamlamasına mane olub. Azərbaycana qayıdan Hacızadə bu dəfə milli hökumətin xaricə tələbə göndərməsi
ilə bağlı elanı oxuyub, 16 avqust 1919-cu ildə maarif nazirinə ərizə ünvanlayıb.
Onun müraciəti müsbət cavablandırılıb,
13 yanvar 1920-ci ildə
Azərbaycan Cümhuriyyəti
hökuməti dövlət
hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi
haqqında vəsiqə
verib. Hacızadə öncə İtaliyada oxuyub, ardınca Berlin Ali Ziraət Məktəbində
təhsilini davam etdirib, 23 iyun 1924-cü ildə diplomunu alıb. 1926-cı ildə
Berlin Yüksək Ziraət
Məktəbində açılmış,
dosent Elizabet Şimanın
başçılıq etdiyi
toxum islahçılığı
müfəttişliyi kursunda
da iştirak edərək
uğurla islah müfəttişi diplomuna
yiyələnib. 1926-cı il iyulun sonlarında Türkiyə ziraət vəkili Səbri Toprak və Halkalı Ali Ziraət Məktəbinin meyvəçilik
professoru Həmdi Dikmənin dəvəti ilə Türkiyədə
çalışmağa razı
olub. Mirzə bəy əvvəlcə Ankaraya, 11 avqust 1926-cı ildə Halkalıya gəlib. Halkalıda Ali Ziraət Məktəbinə
bağlı Toxum İslah Stansiyasını
qurub, 1931-ci ildə həmin stansiyanı Yeşilköyə köçürüb. Türkiyə vətəndaşlığını qəbul edən Mirzə bəy 17 dekabr 1934-cü ildə özünə "Göygöl"
soyadı götürüb.
Yeşilköy Zirai Araşdırma İnstitutunda
35 il müdir işləyən
Mirzə Göygöl
1961-ci ildə təqaüdə
çıxıb. Onun
Türkiyə və Almaniyada türk və alman dillərində
nəşr olunmuş
36 monoqrafiyası (onların
içində "Türkiyə
buğdaları" adlı
çoxcildliyi xüsusi
yer tutur) və sanballı elmi məqalələri vardır. O, 21 aprel 1981-ci ildə İstanbulda vəfat edib, qayınanası Şəfiqə
Qaspıralının yanında
dəfn olunub.
Gecikmiş məzun
Mirzə
Göygöl dirijor Niyazinin dəvəti ilə 18 aprel-13 iyun 1969-cu
ildə həyat yoldaşı Zöhrə
xanımla birlikdə Bakıya gəlib. O, alimlərin qarşısında
mühazirələr oxuyub,
Qubaya, Gəncəyə
gedib. Gəncədə
vaxtilə ata-baba mülkünün olduğu
yerləri, qardaşı
Aslanın məzarını
ziyarət edib.
Professor
Abbas Zamanovla mütəmadi
məktublaşan Göygöl
Bakı səfərində
onunla birlikdə fotoşəkillər də
çəkdirib. A.Zamanovun Göygölə
göndərdiyi ilk məktubun
tarixi 18 iyul 1969-cu ildir. Əski əlifbada olan bu məktubun mətnini sənədin surətindən oxumaq mümkün olmadı.
Buna cavab olaraq 15 avqust 1969-cu ildə göndərdiyi məktubunda
Mirzə bəy yazıb:
"...Biz
də xeyli zamandır sizə yazmağı düşünürdük.
Ancaq rəfiqəm Zöhrə göndərməyi
vəd etdiyi kitabları təmin etməyə vaxt tapa bilmirdi. İndilik yalnız Rza Tofiq və Tofiq
Fikrətin kitablarını
hazırlamışdı ki, onları poçta veririk. Əvvəla, Bakıda bulunduğumuz sırada gərək mənə, gərəksə
də, rəfiqəm Zöhrəyə göstərdiyiniz
ilgi və müsafirpərvərliyə candan
təşəkkür edir,
gərək Sizi, gərəksə də, rəfiqəniz xanım əfəndini İstanbuldakı
evimizdə salamlamaq və qarşılıq vermə imkanı fürsətini əldə
etməyimizi təmənni
edirəm. İstədiyiniz
nəşriyyatı təmin
etmək üçün
gələr-gəlməz təşəbbüsə
keçdim. Əhməd
Cəfəroğlu bəy
istədiyiniz nəşriyyatı
göndərdiyini və
sizdən də cavab aldığını
dünən mənə
xəbər verdi. Hüseyn Mirzəcamalov da bularsa, mənə verəcək, mən də göndərəcəyəm.
Cəfər Seyid Əhməd mərhumun İsmayıl bəy Qaspıralı haqqında
yazdığı əsəri
piyasadan bulmağa imkan yoxdur. Ancaq
Şəfiqə xanımda
vardır. İçində
bir yanlışlıq
olduğunu, onu təshih edər bir yazı əlavə
etdikdən sonra və o vaxta qədər indi göndərdiklərimizin əlinizə
keçdikdən sonra
verə biləcəyini
söyləyir. Bundan başqa, bizdə bir də İsmayıl
bəy Qaspıralının
Hindistanda kəndisinə
hədiyyə edilən
bir Qurani-Kərim də vardır. Bunu da muzeyinizə hədiyyə etmək istəyirik. Ancaq qapağında altın və gümüşdən
süslər də bulunduğundan etimad edilən birisi vasitəsiylə göndərmək
istəyirik...".
Nəsib
bəy Yusifbəyli ilə Şəfiqə xanım Qaspıralının
qızı ilə evlənən Mirzə Göygölün bu ailə ilə bağlı xatirələrin
Azərbaycana göndərilməsindəki
təşəbbüskarlığı olduqca önəmli hadisədir.
23 sentyabr 1969-cu ildə Abbas Zamanov yenə əski əlifbada Mirzə bəyə məktub ünvanlayıb:
"Hörmətli Mirzə
Göygöl bəy əfəndiləri! Qiymətli
məktubunuzu və muzeyimizə göndərdiyiniz
kitabları aldım. Ürəkdən təşəkkür
edirəm. Ümid edirəm ki, bundan sonra da bizləri unutmayıb məktub yazacaq və muzeyimizə yeni-yeni kitablar
göndərəcəksiniz. Vaxtilə Hindistan müsəlmanlarının mərhum
İsmayıl bəyə
bağışladıqları Quranı muzeyimizə hədiyyə verməniz məni son dərəcə
sevindirdi. Bu hədiyyəni
poçta ilə göndərməyiniz, nə
vasitə ilə göndərməyi sonra mən sizə yazaram. Mən inanıram ki, siz və Türkiyədə yaşayan başqa azərilər gələcəkdə
çoxlu nadir kitablar,
əlyazmaları və
digər qiymətli şeyləri göndərməklə
muzeyimizin zənginləşməsinə
kömək edəcəksiniz.
Bakıda "Qobustan"
adlı yeni incəsənət
toplusu nəşrə
başlamışdır. Birinci
sayını sizin üçün göndərdim.
Gələcək saylarını
da göndərəcəyəm. Azərbaycandan sizi hansı kitab maraqlandırırsa,
yazınız, məmnuniyyətlə
göndərərəm..."
İstanbuldan Göygöl ailəsindən
Abbas Zamanova göndərilən
12 dekabr 1969-cu il tarixli
açıqcada Yeni il təbriki
qeyd olunub. Mirzə bəyin göndərdiyi 25 avqust
1970-ci il tarixli açıqcadan
aydın olur ki, Abbas bəy ona Azərbaycanın
təsvirlərindən ibarət
kitab və Molla Pənah Vaqifin 250-ci ildönümü münasibətilə
yazdığı məqaləni
göndərib.
Mirzə
bəy 20 iyul 1970-ci ildə göndərdiyi məktubda isə bir daha Azərbaycana
gəlmək arzusunu ifadə edib: "Qismət olarsa, inşallah, gələn il
təkrar sevgili ana vətənimizi bir daha ziyarətə gələcəyik. Çünki
Zöhrə Azərbaycanın
həsrətiylə alışır.
Biz oradakı əqrəba
və dostlarımızın
buraya gəlmələrini
dörd gözlə gözləyirik. Bir fürsət
olsa, buraya gəlsəniz, çox sevinərəm..."
Göygöl 10 iyul 1971-ci ildə
göndərdiyi digər
bir məktubunda Azərbaycana gəlmək
istəyindən yenidən
bəhs edib: "Məsud bəy vasitəsiylə göndərmək
lütfündə bulunduğunuz
Nizami və Vaqif qravürləri ilə "Azərbaycan tarixi muzeyi" qılavuzu və Həmidə Məmmədquluzadənin
Cəlil Məmmədquluzadəyə
aid xatirələri haqqındakı
əsərləri aldıq.
Çox-çox təşəkkür
edirik. Nə yazıq ki, bu sonuncu əsər rusca yazıldığından
mənim kimi rus dilini bilməyənlər
bu qiymətli əsərdən faydalana bilməyəcəkdir.
1969-cu ilin may və iyun aylarında Azərbaycanda bulunduğumuz
sırada edindiyimiz başda Siz olmaq üzərə yeni
dost və ahbabları
sıx-sıx sevgi ilə anırıq və bir daha
gəlib görüşməyi
candan arzulayırıq.
İndiyədək bu
istəklərimizə qovuşa
bilmədik. Çünki
burada ildə ancaq bir dəfə
dış məmləkətə
gedilə bilinir və biz də bu haqqımızdan Avropaya getmək şəklində faydalandıq
və niyyətimiz qismət olarsa, gələcək 1972-ci ildə
təkrar Azərbaycana
gəlməkdir..."
Məktubunun davamında Mirzə
bəy yenidən Zamanovu İstanbula dəvət edib. Abbas Zamanov fondunda Göygöl ailəsindən
gələn sonuncu məktubun tarixi 14 dekabr 1973-cü ilə aiddir. Ailə professoru Yeni il və Qurban Bayramı münasibətilə təbrik
edib. Fondda Zamanovun əski əlifbada yazdığı
üç səhifəlik
məktubu da yer almaqdadır. Bu məktubda
Azərbaycan ədəbiyyatının
Türkiyə ilə bağlı hissələri,
xüsusilə, Mirzə
Fətəli Axundzadənin
Osmanlıya səfəri
ilə bağlı mövzulardan bəhs edilib. Arxivdə, həmçinin şəxsi
mahiyyətli bir məktub da mövcuddur.
Ədəbiyyat muzeyində çəkilmiş
xatirə fotoşəklin
birində Mirzə Göygöl, Abbas Zamanov və Həmid Araslı təsvir olunub. Digər fotoşəklin arxasında
isə yazılıb:
"İ.Axundov, İstanbuldan gələn
prof. Mirzə Göygöl,
Rasimə xanım Məlikova, A.Zamanov, A.Zeynalov".
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.34-35.