Türkiyə
sevdalısı Əkbər Babayev
Bu məqalə 10 il əvvəl, 2014-cü ildə, böyük türkoloq-alim Əkbər Babayevin 90 illik yubileyi ilə bağlı olaraq yazılmışdı. Bu il isə Nazim Hikmətin oğlum
dediyi ünlü alim, gözəl insan Əkbər Babayevin 100
illiyini qeyd edirik. Yenə bu yazı ilə unudulmaz ustadın
xatirəsini yad, ruhunu şad etmək istədik.
1924-cü
ildə Gəncədə müəllim Ağarza Molla Ələkbər
oğlunun ailəsində anadan olan Əkbər Babayev qısa
ömür sürüb, 55 yaşında vəfat edib.
Ömrü qısa olsa da o, həm ağır, həm də
şərəfli həyat yolu keçib. Balaca Əkbər 5
yaşında məktəbə gedir, 15 yaşında bitirir,
yaşı az olduğu üçün instituta sənəd
verə bilmir, atası onun yaşını sənədlərdə
bir il artırmalı olur və Əkbər 1939-cu ildə Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə girir.
İkinci
Dünya müharibəsi başlayan kimi Əkbər Babayev hərbi-tərcüməçilik
məktəbinə, oranı bitirdikdən sonra da cəbhəyə
göndərilir. 1942-ci ildə yaralanır, sağaldıqdan
sonra Bakıya qayıdır və təhsilini davam etdirir.
1946-cı ildə Moskvaya gedir və Şərqşünaslıq
İnstitutunun aspiranturasına daxil olur. Akademik V.Qordlevskinin rəhbərliyi
altında Nazim Hikmətin həyat və
yaradıcılığına həsr olunmuş dissertasiya
üzərində işləməyə başlayır. Ancaq
1947-ci ildə atasının "pantürkist"
damğasıyla 25 il məhkum olması, "xalq düşməni"nin
oğlu Əkbər Babayevin həyatına və elmi fəaliyyətinə
ciddi şəkildə təsir edir. Nazim Hikmətin 1951-ci ildə
Moskvaya gəlişi onun da həyatını dəyişdirir,
hazır olan dissertasiyasının müdafiəsinə imkan
verirlər, hətta Nazim Hikmətlə əlaqə
yaratmağa izin verilir.
SSRİ
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun aspiranturasına daxil olmaq üçün
1965-ci ilin sonlarında Moskvaya getmişdim.
Mənim
Əkbər Babayevlə tanışlığım da elə
o vaxt olmuşdu. Həmin institutda işləyən professor
Rüstəm Əliyev türk ədəbiyyatı üzərində
çalışmaq istədiyimi öyrənincə, məni
Əkbər müəllimin yanına apardı və
tanış etdi. Onu da qeyd edim ki, o illər Moskvadakı Şərqşünaslıq
İnstitutunda Rüstəm Əliyev, Qəzənfər
Əliyev, Əkbər Babayev, Saleh Əliyev kimi görkəmli
Azərbaycan alimləri işləyirdi.
Mən, əlbəttə,
Əkbər Babayevi əsərlərindən, Nazim Hikmətin
həyat və yaradıcılığına həsr etdiyi
monoqrafiyası və bir çox yazılarından, tərcümələrindən
tanıyırdım, Nazim Hikmətin yaxın dostu və
sirdaşı olduğunu oxumuşdum. Hətta bir dəfə
Nazimin ağzından onun adını eşitmişdim - 1962-ci
ildə Bakıya gəldiyi zaman Nazim vağzalda onu
qarşılayan qələbəliyi görüncə, "Ah
Akper, Baku`ya geleceğimi yine bütün tanıdıklara
bildirmişsin" deməsi, doğrusu, mənə bir az qəribə
gəlmişdi.
1966-cı ilin martında aspiranturaya daxil olduqdan
sonra Əkbər müəllim mənim elmi rəhbərim təyin
edildi və bundan sonra biz tez-tez, ya institutda, ya da onun evində
görüşər, mənim dissertasiyam ilə bağlı
məsələlərdən, ədəbiyyatşünaslıq
və türkologiyanın problemlərindən, günlük həyatımızda
baş verənlərdən
danışardıq.
Əkbər Babayev ilk növbədə, Nazim
Hikmət ədəbi irsinin tanınmış
araşdırıcısı və təbliğatçısı
kimi tanınmaqdadır. Onun hazırladığı və
Bolqarıstanda çap etdirdiyi Nazim Hikmətin 8 cildlik
külliyyatı Nazimşünaslığın baş əsəri
olmuş və olmaqdadır. Nazimin əsərləri hər
yerdə - Türkiyədə, Avropada, Rusiyada Babayev nəşri
kimi bilinən bu fundamental topluya dayanaraq çap və tərcümə
edilməkdədir.
Əkbər Babayev dövrünün sxolastik
elmi səviyyəsini aşan, geniş bilgiyə, eridusiyaya,
orijinal düşüncə tərzinə sahib bir elm
adamı, yazar idi. Əkbər müəllim hər
yönüylə - elitar həyatıyla, dünyaya və hadisələrə
orijinal və bəzən paradoksal baxışıyla,
geniş intellektiylə, dostlara, yaxınlarına olan
münasibətiylə mənim o vaxta qədər
tanıdığım insanlardan çox fərqlənirdi.
Sosialist realizminin hökm sürdüyü, modernist, avanqard sənətin,
ədəbiyyatın yasaq olduğu bir dövrdə "zərərli
burjua mədəniyyəti"ni özünəməxsus bir
şəkildə dəyərləndirməsi, avanqard
"ikinci yeni" türk şeir cərəyanı üzərində
apardığım araşdırmanı dissertasiyama salma
fikrimi dəstəkləməsi, Əkbər müəllimin
dar düşüncə çərçivələrindən
çox uzaq olduğunu göstərirdi.
Əkbər müəllim sözün tam mənasında,
Türkiyə sevdalısı idi. Bu sevgini ona Nazim Hikmət
aşılamışdı. İstər Nazim Hikmətin əsərlərinin
Sovetlər Birliyində tanınmasında, istər Türkiyə
ədəbiyyatı və mədəniyyətinə həsr
etdiyi elmi əsərlərində, türk yazarlarından
gerçəkləşdirdiyi tərcümələrində
onun bu sevgisi açıqca görünürdü. Əkbər
müəllimin evinə gələn özünü Türkiyədə
hiss edirdi. Qonaq otağının qapısını
ünlü müğənni Əməl Sayının hədiyyə
etdiyi imzalı böyük posteri, Nazim Hikmətlə çəkilmiş
fotoşəkli, türk yazıçılarının
saysız kitabları, hədiyyələri, İstanbulun xəritəsi
süsləyirdi. Həyatın haqsızlıqlarından biri də
budur ki, Əkbər müəllim çox sevdiyi Türkiyəni,
bütün küçələrinin adını əzbər
bildiyi İstanbulu görmədən dünyasını dəyişdi.
Bunun da səbəbi bir vicdanlı ziyalı kimi Sovet
qoşunlarının Çexoslovakiyaya girməsini protest edən
məktubu imzalaması və saysız donoslar idi. Hər dəfə
Türkiyəyə getdiyimdə, "İstanbula mənim də
gözümlə bax!" deyərdi. Ünlü türk
yazıçıları, 70-ci illərdə Türkiyə
Yazarlar Sendikasının başqanı olan Əziz Nesin və
Fazil Hüsnü Dağlarca Əkbər Babayevə rəsmi və
özəl dəvətlər göndərsələr də,
onu Türkiyəyə buraxmadılar. Axırıncı gəlişində
SSRİ Yazıçılar Birliyinin katibi Verçenko ilə
mənim də iştirak etdiyim görüşundə
Dağlarca "Xahiş edirəm, Əkbər Babayevin mənim
hesabıma bir həftəliyə Türkiyəyə getməsinə
izn verin. Bu müddət ərzində mən Moskvada girov
qalmağa hazıram", - desə də, heç nə dəyişməmişdi.
Hər dəfə Əkbər müəllim
haqqında düşünəndə, yadıma böyük
alim və insan, mənim də elmi oponentim olmuş Moskva
Universitetinin professoru Əziz Şərifin "Əkbər
başqa bir zamanədə dünyaya gəlməliydi, o bu
dövrün adamı deyil" sözləri yadıma
düşür.
Heç şübhəsiz, ağır bir
zamanda dünyaya gəlsə də, Əkbər Babayev öz həyatıyla,
yaradıcılığıyla, insanpərvərliyilə
yaşadığı dövrə möhürünü
vurmuş nadir insan, böyük alim kimi xatirələrdə
yaşayacaqdır.
Tofiq MƏLİKLİ
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.31.