Həyatın hekayə miqyası
Hüseynbala Mirələmov haqqında
Yaşanıb keçilən böyük, möhtəşəm, dayanıqlı bir epoxanın dəyərləndirilməsində əlbəttə, ayrı-ayrı şəxsiyyətlərin, ədəbiyyat fədailərinin fəaliyyətlərini araşdırmaq; ədəbi taleyinin və ədəbi baxışlarının açığa çıxarılması da vacibdir. Bu məqsədlə də ədəbi-ictimai mühitə çoxdan tanış olan, çağdaş Azərbaycan yazıçıları sırasında aktual mövzuları, sənətkar maraqları ilə seçilən, dövrün ictimai qayğılarını, həllivacib məsələlərini bədii ədəbiyyata gətirən, xüsusilə, tarixi mövzularda qələmə aldığı sənət nümunələri ilə nəzər-diqqəti cəlb edən Hüseynbala Mirələmovun yaradıcılığına bir daha müraciət etməli olduq. Hələ ilk qələm təcrübələrinin ardınca yazıçının maraq dairəsinə bir-bir daxil olan mövzular, bəsləyib yaşatdığı amallar, ideyalar, cəmiyyətin sosial-mənəvi qayğıları onu böyük sənət arenalarına - güclü epik obrazların təbliğinə, böyük miqyaslı təsvirlərə, təhlillərə çəkməkdə idi.
"İlk
hekayəm 1961-ci ilin sonlarında rayon qəzetində
çap olunub... Hələ 4-cü sinifdə
ikən sevə-sevə
oxuduğum "Azərbaycan
pioneri" qəzeti məndə yazmağa maraq oyatdı və mən o qəzetə xırda məqalələr yazmağa
başladım. Az qala,
hər nömrədə
çıxan kiçikhəcmli
məqalələrim əsasən,
məktəb və pioner həyatından, səyahətlərdən bəhs
edirdi. Mən artıq o qəzetin tam ştatdankənar müxbiri
olmuşdum. Yeddinci sinifdə oxuyanda isə, ilk hekayəmi -
"Bir tikə çörək"
adlı hekayəmi yazdım və həmin qəzetə göndərdim. Hekayəni
həm də Lənkəranda çıxan
"Leninçi" qəzetinin
redaksiyasına apardım.
Yeddinci sinif uşağı olduğumu
biləndə baş redaktor məni yanına dəvət edib sorğu-sual etdi. Sonra nəyəsə
imza qoydu. Beləliklə, 1961-ci il noyabrın
7-də "Bir tikə çörək"
adlı hekayəm
"Leninçi" qəzetində
çap olundu. O gündən də mənim ədəbi taleyim həll olundu. Bədii ədəbiyyata "Bir tikə
çörək" adlı
hekayəmlə cığır
açdım.
İndi uzun bir zaman məsafəsi məni o günlərdən ayırır;
nə yaş o yaşdır, nə də zaman, dövran. Ancaq ilk gəncliyimdən içimə düşən
közün göynərtisi
heç ötüb keçmədi. Ara-sıra
qələmə aldığım
hekayələrlə daxilimdə
baş qaldıran tufanları sakitləşdirməyə
cəhd göstərsəm
də, zaman keçdikcə
bu hisslər qarşısıalınmaz bir
həvəs və istəklə üzə çıxır, hətta
vaxtilə mənəviyyatımda
yığılıb qalmış
həyat həqiqətlərini
bədii sözün qılafında üzə
çıxarmağa məni
məcbur edir..."
Bunlar ürəyinin odunu, közünü sözə
vermiş və yaradıcılıq məşğuliyyətini
ömrünün ən
şirin anları bilən yazıçının
səmimi etiraflarıdır.
Elə buna görə
də yazıçının
əksər oxucuları
onun yaradıcılığını
izləyərkən, sənət
və şəxsiyyət
arasındakı əlaqəni,
uyğunluğu, müəllif
taleyi ilə yaratdığı ədəbi-bədii
örnəklərin birliyini tez görürlər.
Həqiqətən, yaradıcı insanın
əsərləri onun
qəlb dünyasının
qapısıdır. Yazıçı
H.Mirələmovun
"Qapısı"ndan keçənlər
- oxucular onun ürəyinin, qəlbinin
necə bir "gövhər kanı" olduğunu bilirlər. O, bütün əsərlərində
insanın mənəvi
aləminin bütövlüyünü
təqdim edir, oxucunun yaddaşında dərin izlər buraxan bədii sözün sehrilə kamil obrazlar yaradır.
Yazıçının erkən yaşlarında yazdığı
kiçik hekayələr
müxtəlif mövzulara
həsr olunsa da, bu hekayələri vahid məzmunda birləşir: bütün
hallarda insanı haqq yoluna qovuşdurmaq! Hər halda bu saf
hisslərdən doğan bədii örnəklər yazıçının
gələcəkdəki sənət
uğurlarının ilkin
işartıları imiş,
bəlkə də. Hər sətirdə, hər fikir ifadə edən düşüncə vəhdətində
ədalət bayrağını
ucada saxlamaq prinsipi özünü tam gücü ilə göstərir.
Elə bilirəm, yazıçının
özünün ömür
yolu, yaşam tərzi bir məktəbdir; axı, həyat onu çox çətin sınaqları ilə qarşılaşdırmışdır. Uşaqlıqdan kasıbçılıqla
üz-üzə dayanması,
ehtiyac içərisində
böyüməsi... Və
bunlar doğruçuluğun,
ülviyyətin timsalı olan yazıçının öz
əliylə yazdığı,
hər biri öz tərcümeyi-halı
olan əsərlərindən
aydın görünür.
Bu təmiz etiraf yazıçının qəlb
tərcümanı olub
həmişə; onun
həyat yolunu bir nağıl, dastan kimi öz oxucusuna
danışır.
Bu ömür yolu "izlər"dən - insanın
həyat mücadiləsində
özündən geridə
qoyduğu izlərindən
danışır. İzlər
müqəddəs də
ola bilər, izlər bədxahlığın daşıyıcısı
kimi də görünə bilər.
O izləri ki, onları
insan məmnunluqla, həvəslə xatırlayır.
O izlər nə həyatdan, nə torpaqdan nə də ... yaddaşdan silinir. Hüseynbala Mirələmovun
əsərləri zaman ötdükcə
böyük sənətin
pozulmayan səhifələri
kimi ədəbi nəsillərin yaddaşında
tarix daşıyan izlər kimi qalacaqdır. Necə ki,
"İzlər" (1967) hekayəsi ilə bir vaxtlar oxucu
qəlbinə hopub qala bilmişdi.
Əsərin qəhrəmanı əlil
Azər avtobusdan düşəndə büdrəyib
yıxılır, onun
kənara düşmüş
qoltuq ağacını
gətirib verirlər.
Azər ayağının
birini İkinci Dünya müharibəsində
itirib. Yeniyetmə yaşında olan müəllif Azərin faciəsində özünün
də acı taleyini oxucusuna çatdırır. Artıq
hadisənin bundan sonrakı davamını indi xatirələri oyanmış yazıçı
özü danışır:
"...Atamı qarşılamağa
getmişdik. Anam, bacım və mən. O gün səma çox tutqun idi; külək
əsirdi. Gözlər
qeyri-ixtiyari bir nöqtədə ilişib
qalmışdı - qatarın
görünəcəyi nöqtədə.
Budur, çox keçmir ki, uzaqda tüstü göründü.
Dəmirdən qayrılmış
yanar bir "ürəy"in havaya püskürülən tüstüsü.
Tüstü get-gedə
yaxınlaşır, o yaxınlaşdıqca
donuq baxışlar cana gəlir... Cəbhəçilər qatardan
düşürlər. Kiminin
gözü sarıqlı,
kiminin qolu, kiminin ayağı şikəst. Anama baxıram. Kədərli gözlərindən yaş
süzülür. Ona sığınıram.
Əsgərlərdən gələn
yanıq barıt qoxusu havaya yayılır,
körpə ciyərimə
çökür. Qatardan
axırıncı iş-güc
adamları düşür.
Atam isə hələ də yoxdur. Elə bu an anamın çığırtısı eşidilir. İrəliyə
- qatara tərəf yüyürür. Ətəyi
əlimdədir. Mən
də onunla qaçıram. Atamı görürəm - atamı...
Enlikürək, ucaboylu
atamı yox, müharibənin bizə qaytardığı atamı...
İki qıçı
dizdən kəsilmiş,
balacalaşmış atamı
-kiçik arabacıq
üzərinə bağlanmış
atamı..." Bu təsirli
parçayla bağlı
"Rəvan üslub,
aydın cizgilərlə,
konkret bədii ştrixlərlə yaradılmış
obrazlar, canlı təbiət təsvirləri
(və onların mənalandırılması), etnoqrafik
həssaslıq, "qaranlıq-işıq"
kolliziyalarının qabarıq
verilməsi, müəllif
məramının açıq
ifadəsi Hüseynbala
Mirələmovun ilk hekayələri
üçün səciyyəvi
idi" deyə Nizami Cəfərovun təəssüratları
ilə qarşılaşırıq.
...Ata ayaqlarını Berlin altında,
bu faşist canavarların yuvasına çathaçatda, davanın
qurtarmasına sayılı
günlər qalanda itirib. Atanın iki məzarı var - biri Berlində, ayaqları orda - minanın partladığı
çalada basdırılıb,
bir məzarı da öz doğma yurdunda... Yazıçının
oxucuya təqdim etdiyi ata bu
savaşda müharibənin
udduğu milyonlardan birinə çevrilib. Biz isə bu obrazın
taleyində öz ağrılarımızı, itirdiklərimizi,
itkin düşənlərimizi,
əsir və girov götürülənlərimizi
düşünməyə bilmirik. Eyni göynərtili hisslərdir
belədə. Əslində
biz də yazıçının
tərənnüm etdiyi
izlərin sahibi kimi yaşamaq təmənnasındayıq; o ləpirlərin
etkisinə, eşqinə
düşürük.
İlk qələm təcrübələrindən
olmasına baxmayaraq sözün məna gücünə bələdlik
və ondan məqsədə müvafiq
şəkildə istifadəyə
meyli duyulur bunlarda; sözün, ifadənin bədii yüksəlişini müəyyənləşdirdikcə
bu özəllik oxucuda heyrət doğurur.
"İzlər" hekayəsinin
bir üstünlüyü
də əsərin lirik-psixoloji ruhda yazılmasıdır. Yazıçı
oxucunu burulğana, bədii təfəkkürünün
qasırğasına, girdabına
salır. Yazıçının
çox erkən, belə gənc ikən malik olduğu dil-nitq üsulları səmərəsiz qalmır;
həzin ifadələr,
insan çöhrəsinə
nur gətirən səmimiyyət qəlbə
köz salsa da, bir nəğmə kimi ürəyə axır. Hekayəni oxuyan hər kəs sahillərə möhürlənən
izlərin ağrısına
qarışmış şən
nəğməsini də
qəlbinə köçürür
sanki. Ağlayır, sızlayır və yaşayır... Sanki yazıçı
demək istəyir ki,
həyat təkcə sevinməkdən, şənlənməkdən
ibarət deyilmiş.
Hekayənin sonu təsirli ilmələrlə hörülüb
başa çatır.
Bir daha izlər haqqında düşünməyə
vadar olursan. Yollar üstündəki sahibsiz bu izlər
səni xəyallar aləminə aparır, aparsa da, yenə özünə dönürsən.
Hekayənin sonunda deyildiyi kimi:
"...Yollarla addımlayıram. Atamın izlərini gizləmiş yollarla. Yollar məni sahilə aparır - qumlu sahilə. Qayalı sahilə... Sahildəyəm. Yaş qum üzərində ayaq izləri uzanıb gedirdi. Fikirlərim sanki ayaq tutub bu
izlərlə addımlayır.
İzlər... İzlər...
Ürəkdə izlər...
saçlarda izlər...
Torpaqda izlər. Sahil gedir, izlər gedir... Sahil gedir, izlər itir. Ürəklərə neçə-neçə
izlər düşüb,
ürəklərdən neçə-neçə
izlər silinib yox olub. Ancaq
elə izlər də olur ki, heç vaxt itmir, atamın saldığı yollar kimi, izlər kimi..."
Yenə
də gənclik illərində yazmış
olduğu psixoloji bir hekayədən "Son
arzu"dan bəhs etmək istəyirəm. Adından da göründüyü
kimi, "Son arzu"
(1968) ölümlə - həyat,
ətalətlə - dirilik
arasındakı son çarpışmanı,
bədiiləşdirilmiş ağrını ifadə edir.
Əlbəttə, bu məqamların
hər birinin təsiri mənəviyyatın
dərinliklərinə qədər
işləməsəydi, bəlkə
də mən anlamazdım. Çox sonralar anladım ki, dinlədiyim hekayə bir sənət incisi imiş. Və insana sənət qədər təsir edən ikinci bir nəsnə
yoxdur. Sənətin ecazkar təsirini elə ilk dəfə O`Henrinin "Son yarpağ"ında
görmüşdüm. İndi o vaxtdan illər keçib. İnsanı dahilik mərtəbəsinə
qaldıran hisslərin,
emosiyaların, duyğuların
bəhrəsi olan
"Son yarpağ"ı böyüdükcə
dəfələrlə oxudum.
Hər dəfə də eyni hisslər,
həyəcan, göz
yaşı, qüssə,
kədər...
Hekayə
mənə tələbəliyimin
kövrək anlarını
bir də yaşatdı. "Ədəbiyyatşünaslığın
əsasları" fənnindən
mühazirə söyləyən
və bizim hamımızın "qəddar
insan" kimi rəyimiz olan (ah tələbə... tələbə)
Kamal Qəhrəmanov kimi
soyuqqanlı, ciddi bir adamın səsi titrəyə-titrəyə
keçdiyi "Son yarpağ"ı
dönə-dönə oxumalı
oldum. Təbii ki, bu fikirlərimlə
"Son arzu" və
"Son yarpaq" hekayələrini,
eləcə də onların müəlliflərini
müzakirə etmək
fikrindən uzağam.
Onsuz da, bu hekayələr mövzu, süjet və ideya baxımından bir-birindən çox fərqlidir. Elə isə nədən
"Son arzu" "Son yarpağ"ı
təkrar oxutdururdu mənə?! Bu fikir ətrafında bir qədər düşünməli
olacaqdım. Gördüm
ki, hər iki hekayə bir-birindən nə dərəcədə
fərqlidirsə, insan
mənəviyyatında bir
o qədər də oxşar duyğular doğurmağa qadirdir. Hekayə olduqca təsirlidir, ən sərt, soyuqqanlı oxucunun belə qəlbindəki buzu əritməyə qadir sətirlərlə başlayır:
"Xəstə özü
saplağından üzülməkdə
olan bir meyvəyə bənzəyirdi.
Sanki həyatı bir xəfif yeldən, bir zəif hənirtidən
asılı imiş. Gözləri narahat, üzüntülü bir intizarla yol çəkirdi.
Sönməkdə olan
qəlbində fəryad,
peşmançılıq dolu
uğursuz bir əks-səda inləyirdi.
Yaralı quştək
çırpınırdı. Bu yaralı quş son gücünü, axır qüvvəsini toplayıb
sanki qanad çalmaq istəyirdi. Uçmağa can atırdı..."
Qəribədir, "Son arzu" hekayəsinin
məğzində məhz
yazıçının ömrü
xeyirxahlığa, alicənablığa,
müdrikliyə söykənərək
yaşamağın hər
şeydən ucada dayandığını, insana
öləndən sonra
da əbədən əskilməyən
bir şərəf gətirdiyini anlatmaq istəyi dayanır. Ümumiyyətlə, ölümünün
yetişdiyini dərk edən insan həyatda hər şeyə biganə qaldığı halda, əsərdə əksinə,
müəllif yaratdığı
xəstə obrazını
bu hisslərdən uzaqlaşdırır. Xəstəni
düşünməyə, onu mənəviyyatı ilə üz-üzə qoymağa, daha çox əməllərinə
görə cavab verməyə məcbur edir. Etiraflar başlayır. Etiraf isə ürəyin səsi deməkdir.
Yazıçının bədii dilə münasibəti onun ədəbi-estetik görüşlərinin mahiyyətindən
irəli gəlir. Əsil yazıçı,
ədib istər mövzu, istərsə də üslub nöqteyi-nəzərindən olsun,
öncə gərək
oxucusunu düşünsün.
Bədii əsərdə
xəlqilik, onun dili, üslubu, obrazlar sistemi milli ruha yaxın prinsipi ən doğru prinsipdir. Bunun təcrübədə bariz
göstəricisi müəllifin
irəli sürdüyü
ideyanın çox asanlıqla geniş oxucu kütləsi tərəfindən qəbul
edilməsidir.
Mənim
daha yazıçının
hələ o qədər
də bişməmiş,
o qədər də peşəkarlıq səviyyəsi
ilə qovuşmamış
bədii örnəklərindən
bu qədər geniş danışmağım
təsadüfi deyil. Nədənsə onun bu qəbildən olan hekayələrində,
miniatür yazılarında
insanın ilk həyəcanları,
sənətə yenicə
qədəm basmış,
yazmaq istəyən gəncin, yeniyetmənin ilkin yaşantıları çox cəlbedicidir.
Oxucunun diqqətini ruhən yuxarıda bəhs olunan fəlsəfi hekayələrin ardınca
"Qayada çiçək"
hekayəsinə (1972) çəkmək
istəyirəm. Hekayədə
əsas obraz olan gənc Məftundan danışmazdan
öncə deməliyəm
ki, yazıçının obrazlara ad seçimi
təsadüfi hadisə
deyildir. İstər mənfi, istərsə də müsbət obrazlara uyğun bildiyi adlarda oxucu müəyyən təzadlar, ziddiyyətlər,
həm də məzmun, məna, mahiyyət və formanı tamamlayan elementlər görməli
olurlar. Yəni bu, ayrıca bir sənət məharəti, keyfiyyətidir.
Məftun Bakı - Quba yolunun üstündəki
Xıdır Zində dağına qalxmaq istəyir. Dağ havaya dik qalxmış
insan əlini - bir əlin barmaqlarını
xatırladır. Söz
yox ki, dağın
"Beşbarmaq" adıyla
adlanması bu oxşarlıqla bağlıdır.
Açığı, təsəvvürümüzdəki
"Diri Baba" xatirəsi
canlanır həmən...
Müəllifin bu hekayədə
irəli sürdüyü
ideya Məftunu təkcə ziyarətgaha qədər aparıb çıxarmaqdan ibarət
deyil, Məftunu həm də zirvəyə - mənəvi
ucalığa qaldırmaqdan
ibarətdir. Və Məftunun düşüncələri
məhz o ucalıqda mənəvi dəyər kəsb edir. O, Beşbarmaq dağına baxdıqca düşünür,
düşünür...
Hətta
bəzən oxucunun içindən bir səs keçir; bəlkə də Məftun müəllifin -
yazıçının özüdür...
Əsərin qəhrəmanı
Məftun əyalət
adamıdır və şəhərdə işləyir.
Düşdüyü bu
şərait ona nə qədər çətin gəlsə
də, şəhər
ab-havasına dözməli
olur. Amma hələ
ki, şəhər mühiti
Məftunu "özününkü"
edə bilməyib.
Buna Məftunun daxilindəki
hisslər - kənd təbiəti qədər
ülvi, saf olan duyğular mane olur. Bu əsərin
ən gözəl, ən yaddaqalan məziyyəti onun bütöv insani mündəricəsindədir; vacib
insani qayğıların
əks olunmasındadır.
Surətin təsvirində,
onunla bağlı bütün köməkçi
vasitələrdə belə,
məlum, tanış
hadisələrə real, cəsarətli
münasibət duyulmaqdadır.
...Bəli, yaradıcılığın
gözəl təsadüfləri
var. Bəzən nə
qədər çalışsan
da, qəlbindən keçən
fikri öz mahiyyətində, çalarında
kağız üzərinə
gətirməkdə zora
düşürsən. Ortaya
çoxlu suallar çıxır. Amma hələlik
bu qədər.
Minaxanım Təkləli
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, ¹49.- S.28-29.