Dilçilik elmimizin ləyaqət nişanı
Professor
Sərdar Zeynalın
"Akademik Tofiq Hacıyevin dilçilik görüşləri" kitabı
haqqında
Azərbaycan dilçilik elmində
adı elm və mədəniyyət tarixinə
düşmüş parlaq
simalar az deyil. Bu adlar sırasında görkəmli
türkoloq-alim, ömrünü
Azərbaycan dilçiliyinin
və ümumən filologiya elmimizin inkişafı yolunda şam kimi əritmiş
akademik Tofiq Hacıyevin xüsusi yeri vardır. Elmi-ədəbi mühitdə
fitri istedadı, dərin elmi düşüncəsi və
dil tarixi və dil nəzəriyyəsinə
aid fundamental araşdırmaları ilə seçilmiş Tofiq müəllim təkcə türkologiya sahəsində deyil, ədəbiyyatşünaslıqda, xüsusən, ədəbiyyat
tarixi və ədəbi tənqid sahəsində də öz tutarlı sözünü demişdir.
Hələ sağlığında
əbədiyyət qazanmış
böyük alim tarixdən
qaynaqlanan sağlam
milli düşüncəsi, milli köklərə bağlılığı
və türk kimliyi məsələsində
dəyişməz mövqeyi
ilə geniş ictimai nüfuz qazanmışdır.
Professor Tofiq Hacıyev təkcə Azərbaycanda
və sovet türkologiyasında deyil,
bütün türk dünyasında görkəmli
tədqiqatçı alim kimi
tanınırdı. Xüsusən,
müstəqillik illərində
onun xarici ölkə alimləri arasında yüksək nüfuzu var idi. Tofiq müəllim türkologiya problemləri
ilə bağlı Avrasiya məkanında keçirilən ən mötəbər elmi məclislərin nüfuzlu
qonağı idi.
İlk növbədə, qardaş
Türkiyə alimləri
Tofiq müəllimin tədqiqatları ilə geniş şəkildə
tanış ola bilir və onun əməyini
yüksək qiymətləndirirdilər.
Hələ 1995-ci ildə
o, Türkiyə Cümhuriyyəti
Atatürk Dil Tarix və Kültür Qurumunun fəxri üzvü seçilmişdi.
1998-ci ildə isə Türkiyə Cümhuriyyətinin
"Ləyaqət nişanı"
ilə təltif olunmuşdu.
Əməkdar elm xadimi, professor Tofiq
Hacıyevin elmi yaradıcılıq diapozonu
çoxşaxəli idi.
O, bütün yaradıcılığı
boyu həm ədəbiyyat, həm də dil tarixi
ilə bağlı olan qaranlıq məsələlərin işıqlandırılmasına
çalışmış, bu sahədə sistemli araşdırmalar aparmış, Ana dilinin bir çox praktik məsələlərinin
həlli üçün
çalışmış, tədrislə məşğul
olmuş, həm də gələcək nəslin geniş elmi dünyagörüşə
yiyələnib şəxsiyyət
kimi yetişməsi üçün orta məktəb dərsliklərinin
kamil nümunələrinin
hazırlanması üçün
öz səylərini
əsirgəməmişdir. Özündən sonra zəngin elmi irs qoyub getmiş
T.Hacıyevin ədəbi dil tarixi, ortaq türk
dili, müasir dil siyasəti və milli platforma, elmi-bədii əsəri qiymətləndirmənin çağdaş
meyarları barədə
konseptual düşüncələri
bu gün də aktualdır. Ona görə də görkəmli alimin faydalı elmi irsinin, o cümlədən,
dilçilik görüşlərinin
ayrıca araşdırılıb
öyrənilməsi çox
vacibdir.
Müəllimə tükənməz
sevgi ilə
İstənilən yaradıcı adamın,
o cümlədən, böyük
alimlərin irsini öyrənmək və bu irsə maraq
yaradıb ona sahib olmaq üçün mütləq bu mənəvi xəzinə
tədqiq və təbliğ olunmalıdır.
Bu baxımdan Tofiq müəllimin istedadlı
yetirmələrindən biri
olan, tanınmış
alim, şair və publisist, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Sərdar Zeynalın oxuculara təqdim etdiyi "Akademik Tofiq Hacıyevin dilçilik görüşləri" (Bakı,
"Elm və təhsil",
2024) kitabı ciddi elmi əhəmiyyət daşıyır. Kitab-topluda
verilmiş müxtəlif
mövzulu məqalələrin
vahid xətt üzrə birləşdirilməsi
görkəmli alimin dilçilik görüşlərinin
sistemli şəkildə
nəzərdən keçirilməsinə
imkan verir.
Kitabın girişində müəllifin
verdiyi bu cümlələr məni
çox tutdu: 70 il yaşadığım ömürdə
nə qazanmışam,
nə əldə etmişəmsə, hamısına
görə üç
nəfərə - atam
Səyyad Səttar oğluna, anam Şəhrəbanu Babaxan qızına və həm namizədliyim, həm də doktorluğumda elmi rəhbərim - məsləhətçim
olmuş akademik Tofiq Hacıyevə borcluyam. Atamdan düzlüyü, elmə
marağı, əyilməzliyi,
gözütoxluğu, insanlara
qayğını, anamdan
sözü üzə
deməyi, heç kəsdən çəkinməməyi,
Tofiq müəllimdən
isə elmin dərinliklərinə varmağı,
əsl tədqiqatçılığı,
fərqli və dolğun fikirlərin olması üçün
müxtəlif mənbələrə
müraciəti, fikir bənzərsizliyini, elmdə
heç kəsə güzəştə getməməyi
öyrənmişəm.
Bəlkə də bu sözlərin təsirindəndir
ki, kitabın hər səhifəsində müəllifin
Tofiq Hacıyevə tükənməz sevgi və ehtiramı duyulur. Kitabı vərəqlədikcə gözümüz
önündə Tofiq
müəllimin klassik
tarixi şəxsiyyətlərə
məxsus olan müdrik və nurlu obrazı canlanır, çünki özü də bədii söz ustası olan professor Sərdar Zeynal görkəmli alimi Azərbaycan tarixinin və türk dünyasının ən
işıqlı simaları
ilə bir sırada görür. Onun fikrincə, mənsub olduğu xalqın övladlarının
hərtərəfli yetişməsi
və inkişafına
öz fəaliyyəti
də daxil olmaqla təşəbbüs
göstərən ziyalılar
- görkəmli şəxsiyyətlər
keçmişdə də
olub, bu gün də vardır. Tofiq Hacıyev məhz belə şəxsiyyətlərdəndir.
Ona görə də bu böyük alimin adı Mirzə Kazım bəy, İsmayıl bəy Qaspıralı, Bəkir Çobanzadə,
Ziya Göyalp və digər görkəmli tarixi şəxsiyyətlərlə bir
sırada çəkilməyə
layiqdir.
Professor T.Hacıyev elmi
yaradıcılığının əsas hissəsini Azərbaycan ədəbi dili tarixi məsələlərinə
həsr etmişdir. O,
"Azərbaycan ədəbi
dili tarixi, tarixi qrammatika, tarixi leksikologiya, üslublar tarixi ... ilə bağlı kitablar, dərsliklər yazmış, Azərbaycan
dilinin tarixi sahəsində çoxsaylı
alim yetişdirmiş, bu
sahədə həm də məktəb yaratmış müəllim"
(Sevil Mehdiyeva) və görkəmli tədqiqatçıdır.
Ədəbi dil tarixçisi
və görkəmli türkoloq
Tofiq Hacıyev hələ 33 yaşında (1969) müdafiə
etdiyi "XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dili" adlı doktorluq dissertasiyası ilə dilçilik elmində yeni
bir istiqamətin əsasını qoymuşdur.
Daha sonra ən mötəbər elmi jurnallarda nəşr olunmuş
"Azərbaycan ədəbi
dili üslublarının
təşəkkülü və inkişafı",
"Ədəbi dil məsələsi", "Azərbaycan
ədəbi dil tarixində Füzuli",
"Azərbaycan ədəbi
dili tarixində "Dədə Qorqud kitabı", "Azərbaycan
milli ədəbi dili məsələsinə bir
baxış" və
"Azərbaycan ədəbi
dilinin dövrləri haqqında" silsilə məqalələri onu elmi ictimaiyyətə ciddi alim kimi tanıtmışdır. "Azərbaycan
ədəbi dil tarixi" (1976), "XX əsrin
əvvəllərində Azərbaycan
ədəbi dili"
(1977), "Azərbaycan ədəbi
dili tarixi" (1987),
"Şeirimiz, nəsrimiz,
ədəbi dilimiz"
(1990), "Azərbaycan ədəbi
dili tarixi" (1991) və "Azərbaycan ədəbi dilinin tarixi" (2012) kimi sanballı kitabların nəşri bu sahədə olan ciddi boşluqları doldura bilmişdi.
Yüksək elmi dəyəri
olan bu əsərləri
təhlil edən kitab
müəllifi, professor T.Hacıyevin
Azərbaycan ədəbi
dili məsələləri
ilə bağlı fikirlərinin maraqlı təsnifatını verir,
bu fikirlərin hər şeydən əvvəl, praktik əhəmiyyət daşımasını
önə çəkir
və akademikin tarixi qrammatika ilə bağlı bu fikrini qabardır
ki, "əslində tarixi
qrammatika tarixin bütün təzahürlərini,
yazılı nə varsa, hamısını bütöv halında alıb tədqiq etməli, ədəbi dil tarixi isə
tarixi təzahürlərdən
ancaq ədəbi normalı sayılanı öyrənməlidir..." Bu məqamda,
müəllif böyük
alimin ədəbi dilin dövrləşdirilməsində
metodiki baxımdan
"normanın dəyişməsi
prinsipi"ni əsas götürməsini xüsusi
vurğulayır. Doğru
olaraq qeyd edir ki, Azərbaycan ədəbi dilinin təşəkkülü, formalaşması
və dövrləşdirilməsi
kimi vacib problemlər Tofiq Hacıyev yaradıcılığının
əsasını təşkil
edir.
Əlbəttə, sovet dövründə
fərqli mənbələrə
əsaslanaraq Türk konseptini araşdıranların,
türkologiya və ədəbi dil tarixi ilə məşğul olanların
başını sığallamırdılar.
Bu məqamı vurğulayan
professor Sərdar Zeynal
göstərir ki, görkəmli
türkoloq Tofiq Hacıyev türkologiyaya dair araşdırmalarının
ilk mərhələsində Ana dilindəki prosesləri qədim dövrün ümumtürkoloji kontekstində
təqdim edirdi. Təbii ki, sovet dövründəki antitürk
ab-havasında, mürəkkəb
ideoloji şəraitdə
bunları etmək asan deyildi. Ona görə də hələ ötən əsrin 70-ci illərindən
Tofiq müəllimin elmi metodoloji mövqeyini "pantürkçü"
adı ilə damğalamağa çalışırdılar.
Amma bütün bunlara
baxmayaraq Tofiq Hacıyev dil tarixi ilə bağlı tədqiqatlarını
xüsusi inam və şövqlə davam etdirirdi. Həmin dövrdə onun dil tarixi
ilə bağlı araşdırmalarında "Kitabi-Dədə
Qorqud" dastanı xüsusi yer tuturdu.
Akademik Tofiq Hacıyevə görə "Kitabi-Dədə
Qorqud dastanı" təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini,
ədəbi və bədii düşüncəsini
əks etdirən bir ədəbi nümunədir ki, xüsusilikdən
uzaqlaşaraq, ümumbəşəri
dəyərlərə malik bir istinad nöqtəsinə
çevrilməkdədir. Təbii
ki, bu möhtəşəm
abidə həm də Oğuz qrupu dillərini səciyyələndirən qədim
yazılı mənbədir.
Bu dastanla bağlı
Tofiq müəllimin iki kitabı çap olunmuşdur. Bunlardan biri 1999-cu ildə "Elm" nəşriyyatı
tərəfindən nəşr
edilən "Dədə
Qorqud": Dilimiz, düşüncəmiz", digəri
isə 2014-cü ildə
"Elm və təhsil"
nəşriyyatında çap
edilmiş "Dədə
Qorqud kitabı": tariximizin ilk yazılı dərsliyi" kitabıdır.
Müəllif yazılarında
həmin kitablar haqqında böyük sevgi ilə danışır. Xüsusən,
birinci kitabdaTofiq müəllimin giriş əvəzinə verilmiş
"Türkün yeddi
möcüzəsindən biri
- "Dədə Qorqud"
məqaləsini ətraflı
təhlil edir.
Onun
"ortaq türk dili" konsepsiyası
Təqdim
olunan kitabdakı yazılarda araşdırılan
daha iki problemin də oxucular üçün maraqlı olacağını
düşünürəm. Bunlardan birincisi akademik T.Hacıyevin
bütün türk dünyası üçün
ünsiyyət vasitəsi
anlamında "ortaq türk dili" konsepsiyası, ikincisi isə, görkəmli alimin tərcümə yaradıcılığıdır. Birinci məsələ görkəmli alimin son dövr yaradıcılığında
xüsusi yer tutur. Onun son dövrdəki məqalələrini
nəzərdən keçirdikcə,
aydın görünür
ki, alimin hər çıxışı, hər
məqaləsi, hər
kitabı, hər tezisi onun doğma
dilinin zənginləşməsi,
inkişafı, bütün
türkdilli xalqların
ortaq ünsiyyət dilinin yaranması ideyasının üzərində
köklənib.
Böyük alimin "türklər
üçün ortaq
ünsiyyət dili"
ideyası onun
2013-cü ildə "Təhsil"
nəşriyyatı tərəfindən
çap edilən
"Türklər üçün
ortaq ünsiyyət dili" kitabında öz əksini tapmışdı. Kitabın
ilk səhifəsində yazılır:
"Türkcə otuza
qədər xalqın
ana dilidir. Bu gün qloballaşma dövründə
siyasi-iqtisadi-mədəni əlaqələri
sıxlaşdırmaq üçün
bu xalqların bir ortaq ünsiyyət
(ilətişim) dilinə
ehtiyacı var. Bu təcrübə
tarixən olub. Zamanında Altaydan Dunaya qədər coğrafiyada yaşayan türklərin yerli təzahürləri ilə
yanaşı, bu gün Orxon kitabələrinin dili kimi götürdüyümüz
vahid ədəbi dili ümumi ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də
olması imkan verir ki, türkcələrdən
birini ortaq ünsiyyət (ilətişim)
dili kimi işlədək". Akademikin
bu tezisindən çıxış edən
professor Sərdar Zeynal
ustadı saydığı
Tofiq müəllimin
"ortaq ünsiyyət
dili" konsepsiyasının
geniş şərhini
verir və bu zaman hazırda türk dünyasında yaranmış geniş əməkdaşlıq amilinə
istinadlar edir. Müəllif göstərir
ki, akademik Tofiq Hacıyev dünyada yaşayan türkdilli xalqların bir bayraq altında - bir dil ətrafında
birləşməsini arzu
edirdi. O, "işdə,
fikirdə, dildə bir" deyən İsmayıl bəy Qaspıralının mənəvi
davamçısı idi.
Bu səbəbdən də
o, min illərin dolaylarından
keçib gələn
"türk birliyi"
ideyasının həyata
keçməsi üçün
Mahmud Kaşğari uzaqgörənliyi,
Mirzə Kazım bəy dünyagörüşü
və İsmayıl bəy Qaspıralı yanğısı ilə mübarizə apardı.
"Türklər üçün
ortaq ünsiyyət dili" əsəri məhz bu mübarizənin
məhsulu idi.
Görkəmli alim türklər üçün
ortaq ünsiyyət dili məsələsini gündəmə gətirəndə
o, bütün türkdilli
xalqların dillərinin
aradan çıxarılıb,
ümumi dil yaratmaq ideyasını irəli sürmür, o, türkdilli xalqların hər birinə hörmətlə yanaşaraq
onların da inkişafına
şərait yaradılmasını
əsas sayır, lakin bununla bərabər
bütün türkdilli
xalqların hamısının
bir ortaq türk dilini əsas götürüb onunla anlaşmasını
mümkün sayır
və bununla bağlı yazır:
"İmperiya yaradılması
boş xəyal olduğu kimi, həmin yolla ümumi dil yaratmaq da bir heçdir. Heç bir türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam etdirməsi
şərti ilə elə bir məxrəcə
gəlmək olar ki, bütün türklər
bir dildə danışsınlar. Tofiq
müəllim ortaq ünsiyyət dili məsələsini ortaya atmaqla təkcə müxtəlif türkdilli
xalqların bir-birini
tam anlama məsələsini
qarşısına qoymurdu.
O həm də göstərirdi ki, bu dil birliyi, vahid
dil duyğusu məhəbbətdir, türk
birliyinə olan sevgidir.
Tofiq Hacıyevin tərcümə
yaradıcılığı haqqında
Professor Tofiq Hacıyevin yaradıcılığının əsas hissəsini elmi-dilçilik, türkologiya
təşkil etsə də, onun yaradıcılığının
zəngin bir qolunu da tərcümə yaradıcılığı təşkil
edir. Bu baxımdan Sərdar Zeynalın
professor Tofiq Hacıyevin
tərcümə yaradıcılığını
araşdırması ciddi
maraq doğuran elmi istiqamətdir. Tərcümə fəaliyyətinə
böyük ədəbiyyatşünas
alim Əli Sultanlının
rəhbərliyi altında
başlayan T.Hacıyev
hələ tələbə
ikən Roma ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri olan Mark Tulli Siseronun əsərlərinin bəzi
bölmələrini çapa
hazırlamışdır, tərcüməsini ona həvalə etmişlər.
1959-cu ildə Azərbaycan
Dövlət Universiteti
nəşriyyatında çapdan
çıxmış 260 səhifədən
ibarət "Roma ədəbiyyatı
müntəxəbatı" antologiyasının geniş
bir bölməsinin tərcüməsi hələ
tələbəlik illərindən
ayrılmamış bu
gənc gələcək
türkoloqa - dilçiyə
tapşırılmışdır.
Böyük fasilədən sonra
T.Hacıyev 1997-ci ildən
tərcümə fəaliyyətini
bərpa edərək,
bir-birinin ardınca türklərin, o cümlədən,
onların dillərinin
tarixindən bəhs edən beş əsəri Murad Adcının
"Qıpçaq çölünün
yovşanı" (1997), B.A.Serebrennikov
və N.Z. Hacıyevanın
birlikdə yazdıqları
"Türk dillərinin
müqayisəli tarixi
qrammatikası" (2002) , Mikayıl
Baştunun "Şan
qızı dastanı"
( 2005), yenə də
Murad Adcının "Türk
və dünya: munis tariximiz" (2006) və Seyid Əhməd
Cəmaləddin Mühənnanın
"Hilyətül-insan və
həlbətül lisan"
(2008) əsərlərini rus
dilindən Azərbaycan
türkcəsinə tərcümə
etmişdir. Professor S.Zeynalın türkdilli
xalqların tarixindən
və taleyindən bəhs edən bu əsərlərin tərcüməsinin məziyyətləri
haqqında söylədiklərinin
mütəxəssislər və
geniş oxucu auditoriyası üçün
maraqlı olacağı
fikrindəyəm.
Müəllifin məqalələr toplusunda
T.Hacıyevin dərsliklərin yazılması
sahəsindəki fəaliyyətini
də işıqlandırması
bir çox aspektdən maraqlıdır.
Geniş auditoriyalarda xalqın gələcəyi
olan tələbələr
qarşısında mühazirələr
oxuyan alim təcrübədən
hiss edirmiş ki, kamil,
məzmunlu, dərin elmi faktlarla zəngin orta məktəb dərslikləri
olmadan, ali məktəblərdə savadlı
kadrların yetişdirilməsi
qeyri-mümkündür. Elə
ona görə də, elmi yaradıcılığının
ilk illərindən orta
məktəblər üçün
yazılan dərsliklərin
dilinin sadə, məzmununun elmi, həcminin yığcam, orada özünə yer tutan fikirlərin
daha konkret olması məsələləri
onun diqqət mərkəzində olmuş
və bu cür məsələlərə,
öz məqalələrində
və əsərlərində
xeyli geniş yer ayırmışdır.
Alimin orta məktəb dərsliklərinin dili ilə bağlı irəli sürdüyü
fikirlər bu gün də öz aktuallığını
itirməmişdir. O, dərsliklərin
dilinin iki cəhətinə diqqət
yetirməyi tövsiyə
edərək yazır:
"...birinci növbədə,
dəqiqliyə, sərrastlığa,
səlisliyə və
aydınlığa... Uşaqlar
üçün ana dili
dərsliklərində bu
cəhətə də
diqqət yetirmək lazımdır: unutmamalıyıq
ki, uşaqlar dərsliyə
ana laylasının birbaşa
müşayiətindən gəlirlər.. Bu dərsliklərdə dilin
emosionallığına təkcə
şeir və hekayələrdə yox, müəllif mətnlərində
də fikir vermək lazımdır".
Professor dərsliklərin hazırlanmasında
dərslik müəlliflərinin
böyük məsuliyyət
daşıdıqlarını diqqətə çatdırır
və göstərir
ki, dərsliklərə daxil
edilən mətnlərin
dili, elmi dəyəri, səviyyəsi
dərsliyi tərtib edənin dilinə, onun fikirlərini ifadə edən cümlələrdəki məzmuna
və ideyaya uyğun olmalıdır.
Təqdim
olunan kitabda professor Tofiq Hacıyevin Ana dili, nitq mədəniyyəti,
ədəbi dil normaları, düzgün tələffüz və dilçiliklə bağlı
digər maraqlı fikirləri də geniş yer almışdır. Məhz
bu fikirləri aydın təfəkkür
süzgəcindən keçirərək
oxuculara çatdırdığı
üçün professor Sərdar
Zeynal çox qiymətli iş görmüşdür. Bu mənada
kitab ustada ehtiram nümunəsi kimi də çox dəyərlidir.
Qulu
MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti.- 2024.- 13 dekabr, №49.- S.18-19.