Xurşidbanu Natəvanın qadın şair qohumları
XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın həm ata, həm ana tərəfindən şair qohumları olmuşdur ki, biz bu yazıda onun şairlik istedadı olan anası, bibiləri və qızı haqqında məlumat verəcəyik.
Bədircahan Bəyim
(?-1861): X.Natəvanın anası
olan bu xanım 1785-ci ildə
Gəncə
şəhərində
anadan olmuşdur.
Əsli XVI əsrdən
Gəncədə hökmranlıq
edən Qızılbaş
tayfalarının bir qolu olan Ziyadoğlular
nəslindəndir. Atası
1804-cü ilin yanvar ayının 4-də general Pavel Sisiyanovun başçılığı
altında Gəncəni
mühasirədə saxlayan
rus işğalçı
qoşunları ilə
döyüşlərdə qəhrəmancasına şəhid
olmuş Gəncə hakimi Cavad xanın
(1748-4 yanvar 1804) böyük
oğlu, qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı
ilə seçilən
Uğurlu bəy, anası Cahan bəyim isə Gəncə xanlarından olan Məhəmməd xanın qızıdır.
Bədircahan xanım Qarabağın sonuncu hakimi Mehdiqulu xanla (1763-15 may 1845) ailə
qurmuşdur. Ailənin
uzun müddət övladı olmamış,
nəhayət 1832-ci ildə
övladları dünyaya
gəlmişdir. Mehdiqulu
xan qızına anasının, Bədircahan
bəyimin bibisi, Cavad xanın qızı Xurşidbanunun
adını vermişdir.
Çox xeyirxah, alicənab və mərdanəlikdə kişilərdən
geri qalmayan Bədircahan xanım Mehdiqulu xanın ölümündən sonra
qızı Xurşidbanu
ilə birgə Qarabağ xanlığının
mülklərinin idarə
olunmasında yaxından
iştirak etmişdir.
Bədircahan bəyim
1861-ci ildə Şuşada
vəfat etmişdir. Tədqiqatçılardan Bəylər
Məmmədov və
İslam Qəriblinin yazdıqlarından
belə məlum olur ki, onun şairliyi
də varmış. Əsərlərini hələlik
əldə etmək mümkün olmasa da, aşağıdakı beytin
ona məxsus olması bildirilir:
Görəsən, dilbərimin bunca
təmənnası nədir,
Küsdürüb aşiqini könlünü
alması nədir?
(Bəylər Məmmədov.
Natəvanın şair
qohumları. Bakı:
"Yazıçı", 1989, s.26;
İslam Qərinli. Xurşidbanu
Natəvan: həyatı
və yaradıcılığı.
Bakı: "Elm və
təhsil", 2022, s. 14)
Ağabəyim ağa Ağabacı
(1782-1832): Qarabağ xanlığının
əsasını qoyan
Pənahəli xan Cavanşirin (1693-1763) oğlu
İbrahimxəlil xanın
(1732-12 iyun 1806) qızı,
Əbülfət xan Tutinin bacısı
(1766-1839), Xurşidbanu Natəvanın
(1832-1 oktyabr 1897) bibisidir.
Məhəmməd ağa
Müctəhidzadə "Riyazül-Aşiqin"
təzkirəsində onun
haqqında yazır:
"Mərhumeyi-müşarəleyha
İbrahim Xəlil xan
Cavanşirin kərimkeyi-iffət
vəsiməsi və Əbülfəth xan Tuti təxəllüsün
həmşireyi-fəximəsidir" (Məhəmməd ağa Müctəhidzadə.Riyazül-Aşiqin. Bakı: "Elm" nəşriyyatı,
2022, s. 14).
1782-ci ildə Şuşa şəhərində anadan
olmuşdur. Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra (1797) qardaşı Əbülfət xanla
(1766-1839) Tehrana, Fətəli
şahın sarayına
göndərilmişdir. M.Müctəhidzadə
yazır: "Bu banuyi-möhtərəmə
və xatuni-müəzzəmə
darülismətə varid
olan kimi cəmi ağlının payəsi artıq olmaqlığa görə
əhli-hərəm üçün
böyük olub və banuyi-hərəmlik
ləqəbilə müləqqəb
oldu" (M.Müctəhidzadə.
Göstərilən əsəri,
s. 20-22).
Mənbələrin yazdığına
görə, şah Ağabəyimin gözəlliyinə,
zəkasına heyran olaraq onu şahbanu
(baş xanım) təyin etmişdir.
Professor Əzizə Cəfərzadənin
tərtib etdiyi "Azərbaycanın aşıq
və şair qadınları", filologiya
elmləri namizədi Bəylər Məmmədovun
"Natəvanın şair
qohumları",
professor İslam Qəribli "Xurşidbanu Natəvan: həyat və yaradıcılığı" kitablarında Ağabəyim
haqqında məlumat və əldə edilə bilən əsərlərindən nümunələr
verilmişdir.
Cənubi
Azərbaycan alimi Məhəmmədəli Tərbiyət
"Danişməndani-Azərbaycan" əsərində onun haqqında yazır: "Ağabəyim "Tuti"
təxəllüsü ilə
məşhur olan Əbülfət xanın
bacısı, İbrahim xan
Cavanşirin qızıdır.
Fətəli şah taxta çıxandan sonra Ağabəyimlə evlənmiş, onu özünə baş hərəm etmişdir. Hicri-qəməri 1226-cı ildə
(M: 1811) İngiltərə kralı və kraliçası tərəfindən
Sir Kor Uzli İrana fövqəladə
səfir təyin edilmiş və o öz arvadı ilə birlikdə bir çox töhfələrlə İrana
gəlmişdir. Sir Kor
Uzli Fətəli şahın qəbuluna gəldikdə səfirlik məktubunu brilyant düyməli bir qutuda şaha və almazla toxunmuş bir kisəni şahın baş hərəmi olan Ağabəyimə təqdim etmişdir. Bu hadisə haqqında tarix kitablarında geniş məlumat vardır.
Ağabəyim hicri-qəməri XIII (M: XIX) əsrin şeir ustadlarından olmuş və hicri-qəməri
1248-ci ildə (M: 1832) Qum şəhərində
vəfat etmişdir. Aşağıdakı iki
beyt onundur:
Vüsalına çatanların başqa
zövqü, səfası
var,
Çünki gözəl yar kuyunun
saf suyu, xoş havası var.
Səfər vaxtı zəng
elədim ürəyimin
dəvəsinə,
Bu, qaydadır hər dəvənin öz zəngi, öz nəvası var".
(Məhəmmədləli Tərbiyət.
Göstərilən əsəri,
s. 20-21 )
Ağabəyim ağa əsərlərini
Azərbaycan və fars dillərində yazmışdır. Azərbaycan
dilində yazdığı:
Əfsus
ki, yarım gecə gəldi, gecə getdi,
Heç
bilmədim ömrüm
necə gəldi, necə getdi,
- beyti:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan Qarabağ.
Aləm
cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ,
- bayatısı, fars dilində yazdığı
fəxriyyəsi və
bir neçə beyti günümüzə
qədər gəlib çatmışdır.
Ağabəyim ağanın farsca
yazdığı bir fəxriyyəsi də elm aləminə məlumdur
ki, bu fəxriyyə çox vaxt onun bacısı Gövhər ağaya aid edilir. X.Natəvan
haqqında tədqiqatların
müəllifi olan Bəylər Məmmədov
altı beytlik bu şeiri Gövhər
ağanın deyil, Ağabəyim ağanın
əsəri hesab etmiş və Azərbaycan dilinə tərcümə edərək
"indiyəcən bu
fəxriyyəni Gövhər
ağaya istinad edirdilər. Əslində
isə bu şeir Ağabəyim ağanındır" qeydi
ilə "Natəvanın
şair qohumları"
kitabına daxil etmişdir. Şeirin ilk və son beytlərini burada qeyd edirik:
Əgər küləyə versəm
zülfi-ənbərəfşanı,
Salar toruna bir-bir səhra ahularını.
Yerişdə kəkliyəm mən,
uçuşda da şahbazam,
Bir qırpımda ovlaram padişahi-ünqanı.
(B.Məmmədov. Natəvanın
şair qohumları. Bakı: "Yazıçı",
1989, s. 17-18)
Gövhər ağa (1796-1888): X.Natəvanın
bibisi olan bu xanım İbrahimxəlil
xanın gürcü knyazlarından Abaşidzenin
qızı Sofiyadan olan qızıdır. Mənbələrin verdikləri
məlumata görə,
1896-cı ildə Şuşada
anadan olmuşdur. Atasının sarayındakı
müəllim və alimlərdən dərs almış, gənclik illərindən şeirə,
musiqiyə maraq göstərmişdir. Şəkidə
ərdə olan xalası Dariyanın təklifi ilə şəkili general-leytenant
Cəfərqulu xanla ailə qurmuş, övladları olmamışdır.
Ərinin ölümündən
sonra "Şuşada
çox az tanınan vəkil Xankişi bəylə ailə qurmağa razılıq vermiş və bu izdivac
qarabağlıların ürəyincə
olmadığından tənqidlə
qarşılanmışdır" (Bəylər Məmmədov.
Göstərilən kitabı,
s. 21). Ona görə də
Gövhər ağa Qarabağ əsilzadələriniun
bir çoxunun tənələrinə tuş
gəlmişdir.
"Azərbaycan aşıq və şair qadınları", "Natəvanın
şair qohumları"
və "Xurşidbanu
Natəvan: həyatı
və yaradıcılığı"
kitablarında haqqında
qısa məlumat və əsərlərindən
nümunələr verilmişdir.
Gövhər ağa qardaşı
qızı X.Natəvan
kimi səxavətli və xeyirxah bir qadın olmuşdur. O, öz şəxsi vəsaiti hesabına 1883-cü ildə
Şuşa meydanındakı
köhnə məscidin
yerində məscid tikdirmişdir ki, bu məscid sonralar "Gövhər ağa" məscidi adı ilə tanınmışdır.
Gövhər ağa 1888-ci ildə
Şuşada vəfat
etmişdir. O, ailə
ənənəsinə görə
Ağdam şəhəri
yaxınlığındakı "İmarət" qəbiristanlığında
dəfn olunmuşdur.
Bir sıra mənbələrdə
qəzəl və fəxriyyələrinin olduğu
qeyd olunsa da, hələ ki onlardan yalnız Azərbaycan dilində yazdığı
bir beyt və fars dilində
yazdığı bir fərd əldə oluna bilmişdir:
Arizin görmək əgər müşkül olur dünyada,
Bir gədayəm ki, onu seyr edərəm röyada.
(Natəvanın şair qohumları. Bakı: "Yazıçı", 1989, s. 22)
Şoma
dər xanemane xod bemanid,
Ke mabexaneman budim o rəftəm.
(Azərbaycanın aşıq
və şair qadınları. Bakı:
"Yazıçı", 1974 s.55)
Tərcüməsi:
Qalın
evinizdə sağü
salamat
Ki, biz evsiz-eşiksizdik də getdik.
M.Tərbiyət "Danişməndani-Azərbaycan"
əsərində Əbülfət
xan Tutidən danışarkən, Gövhər
ağadan bəhs etmiş, haqqında aşağıdakıları qeyd
etmişdir: "Gövhər
xanım Azərbaycanın
ədəbiyyatçı qadınlarındandır.
Aşağıdakı şeir
onundur:
Ənbər saçan saçları
pərişan etsəm
yellərdən,
Ahuları çəkərəm mən saçımla çöllərdən.
Kilsəyə getmək bir gün nəsibim olsa qəfildən,
Rahibə
qızları mən çıxararam dinlərindən.
Baxışımla iki yüz ölü dirilər gözümdən,
İsaya
xəbər verin mənim belə möcüzəmdən".
(M.Tərbiyət. Danişməndani-Azərbaycan.
Bakı: Azərnəşr,
1987, s. 186.)
Xanbikə xanım (1856-1921): Xanbikə
xanım Xurşidbanu Natəvanın qızıdır.
O, 1856-cı ildə Şuşa
şəhərində doğulmuş,
saray mühitində tərbiyə almış,
kiçik yaşlarından
şair-həkim Mirzə
Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başlamışdır.
F.Köçərli onun haqqında belə yazır: "X.Natəvanın
Xasay xandan iki övladı olubdur: biri Mehdiqulu
xan Sani və biri Xanbikə idi ki, Naxçıvan xanlarından İsmayıl
xanın oğlu Aman xana verilmişdi" ( F.Köçərli. Göstərilən
əsəri, s. 153).
Xanbikənin oğlu Əkbər
xan Naxçıvanski
xatirəsində ata və anası haqqında yazır: "Mənim atam Aman xan Naxçıvani Şuşaya gəlib Natəvanın qızı
Xanbikəni alır.
Bu əhvalat üstündə
bu vaxt Qarabağ
bəyləri arasında
ziddiyyət düşür.
Ancaq dayım Aman xanla dost olduğu üçün bu iş bir qədər
yatırılır" (Ə.Naxçıvanskinin
xatirəsi, s.21).
Bu xatirədən məlum olur ki, Əkbər xanın özündən
böyük Bəhram
xan və özündən kiçik
Xaniman adlı qardaşları da olmuşdur.
Yenə həmin xatirədə oxuyuruq:
"Mən böyük
qardaşım Bəhram
xanla bir qədər Şuşada qaldıqdan sonra Natəvan bizi Ermənistana oxumağa göndərdi. Biz orda Lunyatin miravoy sudyanın evində qalırdıq. Nənəm
bir kənddən gələn mədaxili qardaşım ilə mənə, həm də Lunyatinə verirdi. 15-16 yaşlarında
biz məktəbi qurtardıq"
(Yenə orada, s. 22).
Xatirə
müəllifi bu sözləri yazarkən, çox təəssüf
ki, heç bir tarix göstərmir.
Xatirənin başqa bir yerində oxuyuruq: "Nənəm mənə gözəl bir kitab - özünün əlyazmasını
bağışlamışdı. Üstü bəzəkli,
güllü tikməli
idi. Ancaq kitab kiçik qardaşım Xaniman xanın əlinə keçdi. Sonradan kitab kimdə qaldı, məlum olmadı" (Yenə orada, s. 26).
Digər
mənbələrdə verilən
məlumatlardan belə
aydın olur ki, Xanbikə xanım 1872-ci ildə Xok və
Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuşdur. Ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski
1960-cı illərə qədər
yaşamışdır. Polkovnik
Əmanulla xan
(1845-1891) vəfat etdikdən
sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı
tacir, yazıçı
Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov
ilə ailə qurmuşdur.
Ərinin
qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə,
Vladiqafqazda yaşasa
da, tez-tez anası ilə məktublaşır,
bəzən ailəsi
ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, "İmarət"dəki ailə
qəbiristanlığında dəfn olunmuşdur.
Xanbikə xanımın bizə
gəlib çatan əsərləri Azərbaycan
və fars dillərində yazdığı
şeirlər, bir neçə nəzirədən,
anası Xurşidbanunun
və qızı Ənbərbikənin ayrılığına
həsr edilmiş mənzum məktublardan ibarətdir. Onun bir-neçə qəzəli
Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında
çap olunmuşdur.
Bu kitabda göstərilir
ki, Xanbikə xanım
"Məclisi-üns"ün iştirakçılarından biri
idi.
Xanbikə xanımın "Məni"
qəzəli anası
X.Natəvanın doqquz
beytlik "Məni"
rədifli qəzəlinə
nəzirə kimi yazılmışdır. Qəzəlin
bir neçə beytini burada veririk:
Salıbdır möhnəti-hicrin bir
özgə halə məni,
Edibdir dərdü qəmü qüssəyə həvalə
məni.
Sənin
xəyalın ilə mən ki, bağrı qan oldum,
Tərəhhüm eylə, gətir
sən də bir xəyalə məni.
Könül sərvəri, mahi-Ənbərim,
gözüm nuru,
Təğafül etmə, yetir bir o məhcamalə məni.
Yetiş
harayıma, qəmdən
məni xilas eylə,
Yəqin
ki, öldürər axır
bu ahü nalə məni.
(Natəvanın
şair qohumları. Bakı: "Yazıçı",
1989, s. 76-77)
Qeyd etdiklərimizi ümumiləşdirərək
belə bir qənaətə gəlirik
ki, şairlik Allah vergisi
kimi Qarabağ xanlığının əsasını
qoyan Cavanşirlər
nəslinin kişilərində
olduğu kimi (Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Abdulla bəy Asi və s.), qadınlarında da olmuş,
bu qadın şairlər X.Natəvan səviyyəsinə yüksələ
bilməsələr də,
hər halda XIX əsr Qarabağ ədəbi mühitinin formalaşmasına müəyyən
töhfələr verə
bilmişlər.
Təranə ABDULLAYEVA
Ədəbiyyat qəzeti.- 2024.-
20 dekabr, №50.- S.31.