Bakıdan Toğan
ailəsinə göndərilən məktub
Tanınmış türk tarixçisi Əhməd Zəki Vəlidi Toğanın Azərbaycan tarixşünaslığında önəmli yeri vardır. İstər Azərbaycan mövzusunda yazdığı məqalələri,
istərsə də azərbaycanlı mühacirlərlə
olan əlaqələri onun fəaliyyətini bizim
üçün olduqca əhəmiyyətli etməkdədir.
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə
çap etdiyi ilk jurnal olan "Yeni Kafkasya" dərgisində
Zəki Vəlidinin üçhissəli - "Kommunistlərin
Şərq politikası" adlı məqaləsi dərc
olunub. 17-31 dekabr 1926-cı ildə isə İstanbulda Azəri
Türk Gənclər Birliyində Toğan "Azərbaycan
etnoqrafiyasına aid" adlı geniş məruzə ilə
çıxış edib. Bu məruzə də "Yeni
Kafkasya" jurnalında 4 hissə şəklində dərc
olunub. Bu mətn daha sonra Əhməd Cəfəroğlunun rəhbərliyində
çıxan "Azərbaycan yurd bilgisi" jurnalında da
işıq üzü görüb. Bu jurnalda Toğanın
1932-ci ildə "Azərbaycanın tarixi coğrafiyası"
adlı 4 hissəli məqaləsi də verilib.
Zəki Vəlidi
M.Rəsulzadə ilə yanaşı Əlimərdan bəy
Topçubaşı, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, Əhməd Cəfəroğlu kimi
şəxslərlə daimi əlaqələr saxlayıb.
Professor Vilayət Quliyev "Zəki Vəlidi Toğanın
"Xatirələr"ində Azərbaycan" və "Zəki
Vəlidi Toğan, Əlimərdan bəy Topçubaşı
və Məhəmməd Əmin Rəsulzadə
"üçbucağı"" adlı məqalələrində
bu barədə geniş bəhs edib.
Toğanın
Rəsulzadənin vəfatı münasibətilə etdiyi
çıxışındakı fikirləri də onun azərbaycanlı
xadimlərə olan ehtiramını göstərməkdədir.
Ankarada çıxan "Azərbaycan" jurnalının
36-cı sayında (1955-ci il) yer alan həmin
çıxışında Toğan Rusiya Müsəlmanlarının
Qurultayı dövrünü yada salıb:
"Biz
Rusiya əsiri türklər 1917-ci il inqilabına qüvvətli
və yetişkin bir zümrə olaraq girdik. Bunu təmsil edən
Əmin bəy oldu. Rusiyada inqilab başladıqdan sonra Azərbaycan
Türk Ədəmi Mərkəziyyət Müsavat
Partiyasının proqramı bizə gəldi. Əmin bəyin
bir məktubu da var idi. Əmin bəyin göndərdiyi proqram
və məktub Peterburqda bir bomba kimi partlamışdı.
Daşkəndə
gedirdim. Əmin bəyə bir məktub yazaraq Daşkənddə
toplanacaq Müsəlman Qurultayına proqramı müdafiə
etmək üçün bir neçə dost göndərilməsini
rica etdim. Üç adam göndərdi. Bir məktub da
yazmışdı. Çox uzaqgörən olduğunu o zaman
anlamışdım. Bu məktubda rus olmayan istiqlalçı
millətlərlə bərabər yürümək lazım
olduğunu işarə edən Əmin bəy: "Bizim
türklük davamızla birlikdə bir də Qafqaz məsələsi
vardır. Onsuz edə bilmərik. Məsələ Rusiyanı
parçalamaqdan ibarətdir. Ondan sonra biz bir-birimizi
taparıq!" deyirdi.
Bu məktub
1917-ci ilin mart ayında yazılmışdı. 15-20 gün
sonra Daşkənddən Moskvaya gəldik. Orada toplanan
Ümumrusiya Müsəlmanları Qurultayına azərbaycanlı
Əlimərdan bəy Topçubaşı
başçılıq edirdi. Əmin bəy
danışırdı. Bütün qurultaya azərbaycanlıların
hakim olduğu görünür və Azərbaycan liderlik
edirdi. Əmin bəyin sıx-sıx alqışlanan həyəcanlı
çıxışları 700 nəfərlik qurultay nümayəndəsindən
600-nü onun proqramı ətrafında birləşdirdi.
Əgər 700 nəfər içərisində Əmin bəy
və dostları olmasaydılar, qurultay istiqlal və muxtariyyat
tezisinə rəy verməzdi. Əmin bəyin
çıxışları və müdafiələrini də
özündə ehtiva edən qurultayın müzakirələri
Musa Cərullah tərəfindən nəşr olunmuşdur.
Ayrıca Əmin bəyin nitqi bir qırğız şairi tərəfindən
nəzmə çəkilmişdir".
Zəki Vəlidini
Azərbaycana bağlayan bağlardan biri də 15 iyul 1927-ci ildə
İstanbulda qurulan "Türküstan və Azərbaycanı
Öyrənmə Dərnəyi" adlı elmi cəmiyyətdir.
Bu cəmiyyəti Türküstandan və Azərbaycandan olan
mühacir alimlər yaradıblar. Dərnəyin qurucuları
bu şəxslərdi: İstanbul Universitetinin türk tarixi
müəllimlərindən Əhməd Zəki Vəlidi
Toğan, Türkiyə Dövlət Muzeyinin İslam Sənəti
şöbəsinin müdir müavini Məhəmməd
Ağaoğlu (azərbaycanlı), Halqalı Ziraət Məktəbinin
Nəbatət İstasyonu müdiri Mirzə Hacızadə (azərbaycanlı),
Əbdüməhəmməd (ədəbiyyat fakültəsi
müdavimi) və Əbdülqədir İnan (İstanbul
Universiteti Türkiyyat İnstitutu assistantı).
Zəki Vəlidi
1950-ci ilin may ayında Ankarada Azərbaycan Kültür Dərnəyində
"Türklərdə tarix şüuru" adlı məruzə
ilə də çıxış edib.
Qeyd edək
ki, Zəki Vəlidi Toğan Başqırdıstanın
muxtariyyat qazanması uğrunda mübarizə aparıb. 1925-ci
ildə Türkiyəyə gəlib, universitetdə
çalışıb, 1932-ci ildə Vyanaya gedib. 1935-ci ildə
ildə Vyana Universitetindən fəlsəfə doktoru
ünvanını alıb, 1935-1937-ci illərdə Bonn
Universitetində, 1938-1939-cu illərdə Göttingen
Universitetində professor olaraq dərs deyib. 1939-cu ildə yenidən
Türkiyəyə gəlib, İstanbul Universitetində
Ümumi Türk Tarixi kursunu qurub. 1948-ci ildən etibarən
İstanbul Universitetində dərs deyib. 26 iyul 1970-ci ildə
İstanbulda vəfat edib.
Zəki Vəlidinin
Azərbaycan tarixi, coğrafiyası ilə bağlı tədqiqatlar
aparması təkcə azərbaycanlı mühacirlərə
bəlli deyildi. Professor Abbas Zamanovun arxivində qorunan məktublarda
onun Zəki Vəlidinin irsinə bələd olduğu, ona
görə də əsərlərinin Ədəbiyyat Muzeyinə
göndərilməsini istədiyini görürük.
Abbas
Zamanovun
Zəki
Vəlidi Toğana məktubu
Professor
Abbas Zamanov 8 iyul 1969-cu ildə Zəki Vəlidinin
İstanbuldakı ünvanına məktub göndərib. Abbas
Zamanov fondunda qorunan bu məktubun əski əlifbada olan
nüsxəsində yazılıb:
"Hörmətli
professor Əhməd Zəki Vəlidi Toğan əfəndiləri!
Azərbaycan
Respublikasının mərkəzi Bakı şəhərində
Nizami Gəncəvi adına azəri dövlət ədəbiyyat
müzesi vardır. Burada azəri ədəbiyyatı ilə
yanaşı şərqşünasların və türk
alimlərinin də əsərləri nümayiş etdirilir.
Çox təəssüf ki, müzemizdə sizin əsərlərinizdən
bir nüsxə də yoxdur.
Sizdən
acizanə xahiş edirik, əgər mümkündürsə,
əsərlərinizdən, xüsusən, Azərbaycana dair əsərlərinizdən
müzemizə də birər nümunələr göndərəsiniz.
Bu məktubla bərabər sizə iki paket kitab göndərdik.
Bağlamada aşağıdakı kitablar vardır:
1.
"Hop-hopnamə" farsca, 1 nüsxə.
2. Cəlil
Məhəmmədquluzadə, 1 nüsxə.
3. Vaqif, əsərləri,
1 nüsxə.
4. Vaqif,
farsca, ərəbcə, türkcə, hərəsindən 1
nüsxə.
5.
"Leyli və Məcnun", 1 nüsxə.
6. Sabirin əsərləri
iki əlifba ilə, 1 nüsxə.
Mən
güman edirəm ki, bundan sonra Nizami müzesiylə sizin
aranızda möhkəm qarşılıqlı əlaqə
olacaqdır.
Hörmət
və salamlarımı qəbul ediniz.
Müze
müdiri Doktor Abbas Zamanov".
Təəssüf
ki, Zəki Vəlidi Toğanın vəfat etməsi onun azərbaycanlı
professorla tarixi yazışmalarının
qarşısını alıb, bu gün biz ortaq türk tarixi
üçün olduqca əhəmiyyətli ola biləcək
materiallardan məhrum qalmışıq. Buna baxmayaraq, Sovet Azərbaycanından
Toğanın vəfatı ilə bağlı verilən tək
başsağlığı da, yəqin ki, yenə Abbas müəllimin
onun xanımına göndərdiyi məktubdur. Əski əlifbada
yazılmış məktubda Zamanov
aşağıdakıları qeyd edib:
"Hörmətli
Nəzmiyyə Toğan xanım əfəndiləri!
Çox
hörmətli professor Zəki Vəlidi Toğan bəy əfəndilərinin
vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Bu ağır itki münasibətilə sizə və mərhumun
digər ailə üzvlərinə dərin hüznlə
başsağlığı veririk. Mərhum ustadın əsərlərindən
müzemizdə nümayiş etdirmək istərdik.
Nizami
adına Azərbaycan Ədəbiyyat Müzesinin müdiri
doktor Abbas Zamanov
1970/9/10"
Nəzmiyyə
xanım A. Zamanovun bu ehtiramını yüksək qiymətləndirərək
ona 10 noyabr 1970-ci il tarixli cavab məktubu göndərib:
"Pək
möhtərəm Dr. Abbas Zamanov bəy əfəndi.
Mərhum
eşimin vəfatı dolayısı ilə
yazdığınız təziyyə məktubunuza candan təşəkkürlərimi
sunarım. Acımın çox böyük olmasından
dolayı cavab verməkdə qüsur etdim.
Bağışlayın. Məni əsasən ayaqda tutan
dostlarından gələn bu kimi məktublardır. Əlimdə
bulunan bəzi əsərlərini 7.XI.1970 tarixində sizə
postaladım. İnşallah alarsınız.
Aldığınız təqdirdə mənə bildirirsəniz,
minnətdar qalardım. Bunlardan "Tarixdə üsul"
ölümündən bir qaç ay əvvəl və
"Ümumi Türk tarixinə giriş" isə
ölümündən 20 gün sonra II basqı olaraq
çıxdı. Qızım İsenbike Harvard Universitetində
atasının yolunda. İnşallah o da atası kimi millətinə
və elmə xidmət edər.
Bilvəsilə
dərin sayğılarımı sunarım.
Nəzmiyyə
Toğan".
Təəssüf
ki, Zəki Vəlidi Toğanın arxivi tədqiqatçılar
üçün hələ də açıq deyil.
Şübhəsiz ki, orada Toğanın azərbaycanlı
mühacirlərlə məktublaşmaları da yer
almaqdadır.
Dilqəm
ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2024.- 20
dekabr, №50.- S.2.