Bir səyahətin
tarixçəsi:
türkoloq
İ.N.Berezin Azərbaycanda
Elmi
araşdırma
XIX əsrdə
Şərq dillərinin tədris edildiyi rus universitetlərində
diqqətəlayiq ənənə vardı - gələcəkdə
elmlə məşğul olmaları nəzərdə tutulan,
magistr dərəcəsinə yiyələnmiş
hazırlıqlı məzunlar dil, ədəbiyyat, tarix və
mədəniyyətini öyrəndikləri ölkəyə
uzunmüddətli elmi səyahətə göndərilirdi.
Ənənə Rusiyada özünəməxsus şərqşünaslıq
mərkəzinə çevrilən Kazan Universitetindən də
yan keçməmişdi. 1842-ci ildə Kazan təhsil dairəsinin
hamisi qraf M.N.Musin-Puşkinin sərəncamına əsasən
universiteti Şərq dilləri magistri dərəcəsi ilə
bitirmiş gələcəyin məşhur türkoloqu
İ.N.Berezin (1818-1896) və V.F.Dittel (1816-1848) Dağıstan,
Cənubi Qafqaz, Ərəbistan yarımadası, Türkiyə,
İran, Misir və Suriyaya üç il sürən elmi səyahətə
göndərilmişdi. Marşrut eyni olsa da, təəssüratların
bir-birini təkrarlaması, yanaşma və təsvirlərin
müxtəlifliyi, fakt və hadisələri fərqli
baxış bucaqları altından qiymətləndirə bilmək
məqsədi ilə gənc alimlər ayrı-ayrılıqda
yola çıxmışdılar.
Universitet
professoru kürsüsü tutmağa hazırlaşan Berezin və
Dittel bu müddət ərzində ilk növbədə, ərəb,
fars, türk dilləri sahəsində praktiki biliklərini təkmilləşdirməli
idilər. Eyni zamanda olduqları ölkələrin tarixi,
coğrafiyası, ədəbiyyatı, mədəniyyəti,
etnoqrafiyası, iqtisadi vəziyyəti, ictimai-siyasi quruluşu,
elm adamları, mədəniyyət, din və ictimai xadimləri
ilə tanışlıq və əlaqə də ümdə
vəzifələri sırasına daxil idi. Nəhayət,
günbəgün aparmaqla, mütəmadi şəkildə
Kazana göndərməli olduqları yol qeydlərində
bütün bu məsələləri fakt və sənədlər
əsasında işıqlandırmalı idilər.
Əməkdaşların
səfər proqramının tərtibi həmin dövrdə
şərqşünas-alim kimi artıq ümumrusiya
miqyasında tanınan professor Mirzə Kazımbəyə həvalə
olunmuşdu. Onun hazırladığı sənəd
universitet şurasında müzakirə olunub
razılaşdırıldıqdan sonra yerli mətbəədə
"Kazan Universitetinin magistrləri Dittel və Berezinin Şərqə
səyahət planı" (1842) adı altında kitabça
şəklində çap edilmişdi. Burada səyyahların
Kazandan çıxandan vətənə dönəcəkləri
günə qədər bütün səfər proqramı əksini
tapmışdı.
Gənc
alimlərin qarşısına həm də universitetin
kitabxana və muzeyini yeni əlyazmaları, eksponatlar, nadir
çap kitabları, sikkələr və s. ilə zənginləşdirmək
vəzifəsi qoyulmuşdu. Onlar Rusiya tarixi üçün əhəmiyyətli
olan Şərq mənbələrinin əslini, yaxud surətini
əldə etməli, bu mümkün olmadığı təqdirdə
isə üzünü köçürməyə
çalışmalı idilər. Yolları Babilistan,
Persepolis, Misir ehramlarının yerləşdiyi Qiza bölgəsi
və s. qədim mədəniyyət mərkəzlərindən
keçən Dittellə Berezinin tarixi abidələri, antik
sivilizasiya nümunələrini və s. diqqətlə
araşdırmaları, sxem və eskizlərini çəkmələri,
hətta müəyyən ölçü işləri
aparmaları da nəzərdə tutulmuşdu. Hər ikisi təfərrüatlı
səfər gündəliyi tutmalı, Dərbənd,
İstanbul və Qahirədə Kazan Universitetinin müxbirləri
ilə görüşüb ətraflı fikir mübadiləsi
aparmalı, lazımi məsləhətlər almalı idilər.
Beləliklə,
gənc magistrlər üçillik səyahət zamanı
yalnız canlı Şərq danışıq dilləri sahəsində
bilik və vərdişlərini inkişaf etdirməklə
kifayətlənməyəcəkdilər. Səyahət
planı onlara gəzdikləri ölkələrin tarixinə, ədəbiyyatına,
yerli sakinlərin həyat və məişətinə,
yaşam şərtlərinə, siyasi və iqtisadi əlaqələrinə,
şəhər mədəniyyətinə, memarlıq abidələrinə,
müqəddəs yerlərə və s. dair kompleks tədqiqatlar
aparmaq imkanı verirdi.
Planda səfər
marşrutunun bütün məntəqələri dəqiq
göstərilmişdi. Səyyahlar Kazandan Həştərxana
gəlib buradan gəmi ilə Tarki üzərindən Dərbəndə
yollanmalı, ardınca Quba, Bakı, Şəki və
Qarabağ əyalətlərindən keçib Lənkəran
vasitəsi ilə Təbrizə varid olmalı idilər.
İki ay Azərbaycanın cənubundakı ən
böyük şəhərdə qalıb Gilan və Mazandaran
yolu ilə Tehrana getmələri nəzərdə
tutulmuşdu. Səfər marşrutu bilərəkdən
İranın şimalından - avropalıların az-az hallarda
ayaq basa bildikləri Mazandaran və Gilan vilayətlərindən
salınmışdı. Mirzə Kazımbəyin fikrincə,
böyük yolların üzərində yerləşən
yaşayış məntəqələrində orijinal və
maraqlı məlumatlar əldə etmək elə də asan
deyildi. Çünki hər şey az və ya çox dərəcədə
öyrənilmişdi. Nisbətən az işlək
marşrutlar isə, necə deyərlər, həm ölkənin
"arxa həyəti"ni görmək, həm də yad təsirlərə
uğramadan ilkinliyini qoruyub saxlayan mühit, dil və məişət,
etnoqrafiya və s. tanış olmaq imkanı yaradırdı.
Mövcud
plana uyğun şəkildə hərəkət edən Dittel
və Berezin Tehran-İstəxr-Xazerun-Şapur-Xuzistan yolu ilə
Dəclə sahillərinə çıxmalı, qədim
Babilistan xarabalıqları ilə əhatəli
tanışlıqdan sonra Bağdad, Mosul, Diyarbəkr, Semisat və
İskəndərundan keçərək indiki Suriya ərazisinə
çatmalı idilər.
Sonrakı
tanışlıq məntəqələrinin sırasına
Şərqin qədim yaşayış məskənləri -Hələb,
Antioxiya, Palmira, Baalbek, Dəməşq, Akra, Yaffa, Yerusəlim
və Qaza daxil idi. Dittel və Berezin nəzərdə tutulan
zaman çərçivəsində həmin ərazilərlə
tanış olub İskəndəriyyəyə gəlməli,
buradan isə Nil çayı vasitəsi ilə Qahirəyə
üz tutmalı idilər. Fiv xarabalıqlarını və məşhur
ehramları ziyarət edəndən sonra Qahirə üzərindən
İzmirə (Smirna) gəlmək
planlaşdırılmışdı. Kiçik Asiyanı əhatə
edən marşrutun sonuncu dayanacağı Osmanlı
paytaxtı idi. Gənc alimlərin bir neçə ay
İstanbulda qalıb Odessa-Krım yolu ilə
çıxış məntəqəsinə - Kazana
qayıtmaları nəzərdə tutulurdu.
Səyahət
planı Mirzə Kazımbəyin Yaxın və Orta Şərqin
tarix, coğrafiya, etnoqrafiya və etimologiyasına dərin bələdliyini
nümayiş etdirir. Təsadüfi deyil ki, proqramda alimin vətəni
Azərbaycana da xüsusi yer ayrılmışdı. Məsləhət
görülürdü ki,
Qafqazda qaldıqları müddət ərzində Dittel
və Berezin Osmanlıca və Volqaboyu tatarlarının dilindən
müəyyən leksik-semantik xüsusiyyətləri ilə fərqlənən
yerli türkcə ilə davamlı məşğul olsunlar.
Mirzə Kazımbəy yetirmələrinin Bakıda,
Şamaxıda, habelə Azərbaycanın digər bölgələrində
tarixi abidələrlə maraqlanmalarını, xüsusən,
"Bakının şimal-şərqində hind atəşpərəstlərinin
məbədini - Atəşgahı, Qarabağ vilayətində
isə Bərdə şəhərinin
xarabalıqlarını ziyarət etmələri"ni zəruri
sayırdı.
Alim
yazırdı ki, "bəzi tədqiqatçıların
fikrincə, Bərdə amazonkaların qədim paytaxtı, digərlərinin
ehtimalına görə isə, Makedoniyalı İskəndərlə
rusların döyüş meydanı olmuşdu. Onun
xarabalıqları altında xəlifə Harun ər-Rəşidin
adı ilə bağlı məscidin qalıqlarına da təsadüf
edilə bilər. Deyilənə görə, xəlifə
memarlıq baxımından bənzər olan məscidin birini
Bağdadda, digərini isə Bərdədə
tikdirmişdi".
Dittel və
Berezin Mirzə Kazımbəyin səyahət planına
uyğun şəkildə üzərlərinə qoyulan vəzifələrin
öhdəsindən bacarıqla gəldilər. Üç ildən
artıq çəkən səyahət ərzində nəzərdə
tutulan bütün işləri görüb, 1845-ci ilin
avqustunda Peterburqa qayıtdılar. Sankt-Peterburq EA-nın
akademikləri - Fren, Dorn, Brosse və Betlinqdən ibarət
nüfuzlu komissiya hesabatlarını dinləyib nəticələri
yüksək qiymətləndirdi. Praktiki fəaliyyətlə
daha da zənginləşən əsaslı bilikləri sayəsində
V. Dittel Peterburq, İ. Berezin isə Kazan Universitetinə
ekstraordinar professor vəzifəsinə təyin edildilər.
Şübhəsiz,
istər Dittellə Berezinin, istərsə də sonrakı
dövrlərdə Yaxın və Orta Şərq ölkələrinə
uzunmüddətli elmi səyahətə, yaxud ezamiyyətə
göndərilən digər gənc şərqşünasların
yüksək səviyyəli mütəxəssis kimi yetişməsində
Mirzə Kazımbəyin dərin məzmunlu universitet
mühazirələri ilə bir sırada tərtib etdiyi səfər
marşrutunun və onun lazımi şəkildə yerinə
yetirilməsi ilə bağlı izahedici qeydlərin, aydın
və ensiklopedik xarakterli izahatların da böyük əhəmiyyəti
olmuşdu. Əslində Universitet Şurasının qərarı
ilə elmi əsər kimi nəşr edilən planın əsas
məziyyəti də elə bunda idi.
***
Səyahət
iştirakçılarının taleləri fərqli oldu.
Dittel səfərdən qayıdandan az sonra
topladığı zəngin materialları sahmana salmağa
imkan tapmadan tətil üçün gəldiyi Kazanda vəba
xəstəliyindən öldü. Paytaxt universitetinin türk
və ərəb dilləri, Şərq tarixi və
coğrafiyası professoru vəzifəsində
çalışdığı bir il ərzində yalnız
iki məqalə çap etdirə bildi. Bunlar Rusiya Xalq Maarifi
Nazirliyinin jurnalında çıxan "Səfər
hesabatının konspekti" və populyar "Biblioteka dlya
çteniya" dərgisində artıq ölümündən
sonra çap olunan "Səyahət qeydləri" adlı
iri həcmli yazılar idi. Təbii ki, elm aləmi İranda
xalq dialektlərinin müxtəlifliyinə diqqət yetirən
və rus şərqşünasları arasında ilk dəfə
kürd dilini öyrənməyə başlayan, Təxti-Cəmşiddə
(Persepolis) o dövrə qədər
araşdırılmamış mixi yazıların
üzünü köçürən, Nimrud dağında
(Osmanlı imperiyası) arxeoloji qazıntı işləri
aparan gənc, enerjili, tədqiq etdiyi mövzulara həqiqi alman
prinsipiallığı və dəqiqliyi ilə yanaşan gənc
şərqşünasdan daha çox şeylər gözləyirdi.
İlya
Berezin isə Şərqə səyahətdən qayıdandan
sonra uzun və məhsuldar alim ömrü yaşadı.
Türkoloq, iranist və monqolşünas kimi adını
şöhrətləndirən xeyli əsər çap
etdirdi. Sankt-Peterburq Universitetinin ordinar və əməkdar
professorluğuna yüksəldi, Mirzə Kazımbəyin
ölümündən sonra Şərq dilləri fakültəsinin
dekanı (1870-1873-cü illər) seçildi, yüksək
mülki rütbə - gizli müşavir (1885) çini
aldı. Hökumətin rəsmi Şərq siyasətinin
ideoloqlarından biri kimi tanındı.
Onun
elmi-publisistik üslubda yazılmış canlı və
dinamik səfər qeydləri hələ səyahətin davam
etdiyi 1844-1845-ci illərdə "Kazanskiy vestnik"
jurnalında çıxmağa başlamışdı.
Üç il ərzində metodiki dəqiqliklə toplayıb
sistemə saldığı zəngin materiallar əsasında
"Şərqə səyahət" (iki cilddə,
1849-1852), "Dağıstana və Zaqafqaziyaya səyahət"
(1850), "Şimali İrana səyahət" (1852) kimi
fundamental elmi-populyar əsərlər çap etdirdi.
Berezinin tərtib
olunmuş plan üzrə Şərq səyahəti 1842-ci il
iyulun 23-də başlamışdı. Volqa çayı ilə
üzən kiçik "Astarabad" paraxodu onu Kazandan Həştərxana
gətirmişdi. Burada isə "Kama" gəmisi ilə
indiki Mahaçqala yaxınlığındakı Tarku şəhərinə
yollanmışdı. İlk dəniz səyahəti boş
keçməmişdi. Səfər gündəliyində Xəzərin
keçmişi və indisi, müxtəlif dillərdəki
adları, qidalandığı əsas su mənbələri,
Xəzərətrafı xalqlar, rus silahının bu bölgədəki
qələbəsi, dəniz ticarətinin vəziyyəti,
qabarma və çəkilmələr haqda antik və şərq
məxəzlərinə, Avropa və rus alimlərinin əsərlərinə
əsaslanan mühüm xeyli qeydlər etmişdi.
Romantik
rus yazıçısı A.Bestujev-Marlinskinin əsərlərində
Amalat bəylə sevgilisi Səltənətin,
döyüşkən müsəlman knyazlarının -
şamxalların vətəni kimi təsvir olunan kiçik
şəhər İ.N.Berezinə o qədər də
maraqlı və cəlbedici görünməmişdi. Amma
Rusiyanın Şərqə açılan qapısı,
Qafqazın astanası kimi Tarkunun siyasi-coğrafi dəyərini,
əhəmiyyətini dəqiq təyin edə bilmişdi.
Səyyah-alim
olduğu bir sıra digər yerlər kimi, Dərbəndi də
şəxsi müşahidə və araşdırmalardan əvvəl
müxtəlif mənbələrdən aldığı tarixi
məlumatların təqdimi ilə tanıdır. Sünni əhalinin
üstünlük təşkil etdiyi Dağıstandan fərqli
olaraq burada şiələrin yaşadığını,
öz aralarında "Aderbidjan ləhcəsində"
danışdıqlarını xüsusi vurğulayır.
Müəllifin diqqətini çəkən toponimlər -
"Xan bulağı", "Qırxlar qəbiristanlığı",
Dərbəndin qədim qala divarındakı qapı adları
- "Daş qapı", "Qırxlar qapısı",
"Yeni qapı", "Carçı qapısı",
"Bayat qapısı", "Orta qapı",
"Türkmən qapısı" - hamısının
türk mənşəliliyi də onun diqqətindən
yayınmamışdı. Bu da ərazinin ən əski
zamanlardan türk yurdu kimi tanındığını göstərən
sübutlardan hesab oluna bilər.
Dərbəndin
müəllimi və xeyirxahı Mirzə Kazımbəyin
kiçik vətəni olduğunu unutmayan Berezin "Kazımbəy
fenomeni"nə də aydınlıq gətirməyə
çalışmışdı. Bu məqsədlə şəhərin
elmi-mədəni mühiti, təhsil şəbəkəsi,
din alimləri ilə də imkan daxilində yaxından
maraqlanmışdı. Təbii ki, universitet elmi
baxımından müşahidə etdiyi mənzərə onda
xüsusi heyranlıq doğurmamışdı. Amma istənilən
halda burada doğma şəhərin tarixini öyrənmək
istiqamətində atılan addımlara təqdirlə
yanaşmışdı:
"Yeri
gəlmişkən, Dərbənd kimi qədim şəhər,
hətta yerlilər arasında da maraq doğurmaya bilməz.
Odur ki, burada müsəlman arxeoloqların olması qətiyyən
qəribə görünməməlidir. Onlardan Kazan
Universitetinin müxbiri Molla Tağını və Mirzə
Heydəri ziyarət etdim. Dərbənd müdrikliyinin bu iki
şamı bütün elmi məsələlərdə
bir-biri ilə düşmənçilik aparır. Hərəsinin
də ətrafında öz pərəstişkar dəstəsi
var. Mən orada olanda Molla Tağı xəstə idi, çətinliklə
danışırdı. Lakin onun Mirzə Heydərlə
müqayisədə daha böyük və dərin tənqidi
ağla malik olduğunu gördüm. Haqqında yuxarıda
söz açdığım Arslan bəy adlı başqa bir
müsəlman arxeoloq da var".
Dərbəndin
sıravi insanları da ilk dəfə Şərq mühitinə
düşən alimin diqqətini çəkmişdi.
Onları təsəvvür etdiyindən daha canlı,
maraqlı, fiziki baxımdan yaraşıqlı və cazibədar,
nikbin və həyatsevər görmüşdü. Hətta
şəriət qanunlarının sərt basqısı
altında da həyatdan zövq almağa
çalışdıqlarını müşahidə
etmişdi. Və bütün bunları yumor qarışıq
bir rəğbətlə işıqlandırmışdı:
"Dərbəndin kişi və qadın sakinləri
yaraşıqlıdır. Qadınlar burada örtülü gəzirlər.
Dərbənd qadınının gözəlliyini mənim
kimi öz gözü ilə görmək istəyənlər
isə gərək, ya axşamlar dama dırmaşsınlar, ya
da çeşmə başında otursunlar. Çünki
samaryankalar (İakov bulağında İsa Məsihə su verən
yəhudi qadınlar nəzərdə tutulur - V.Q.) kimi
başlarında kuzə olan gənc qadın və qızlar bu
çeşməyə gəlirlər. Ancaq bulaq başında
saldıqları qara-qışqırıq, dava-dalaş
qadın gözəlliyinin ən atəşin aşiqlərini
də buradan qaçaq salmağa kifayətdir".
Ərəb
istilası dövründə binası qoyulan Cümə məscidi,
sünni məzhəb əhalinin müqəddəs
saydığı Qırxlar qəbiristanlığı, Tuti
Bikə xanımın məqbərəsi, dəniz kənarında
yerləşən şəhərin kəskin su problemi, qədim
Dərbənd məhəllələri, yəhudi, erməni və
azsaylı rus icması haqqındakı kaleydoskopik məlumatlar
da maraq doğurur və XIX əsrin 40-cı illərindəki
şəhərin ümumi mənzərəsini göz
önündə canlandırmağa yardımçı olur. Nəhayət,
Berezin Mirzə Kazımbəyin müxtəlif əlyazma
nüsxələri əsasında ingilis dilinə tərcüməsi
ilə birlikdə elmi nəşrini hazırlamağa
başladığı Məhəməd Əvvabinin Dərbənd
tarixindən bəhs edən "Dərbəndnamə" əsərinin
mükəmməl variantını tapmağa
çalışsa da, istəyinə nail ola bilməmişdi.
Dərbənddən
yolunu vaxtı ilə tarixi şəhərin də tərkibinə
daxil olduğu Quba xanlığına salmışdı. Qubada
bəxti gətirmişdi. Səfərə
çıxdığı gündən bəri ilk dəfə
axtardığı həqiqi "müsəlman
intellektualı" - rus ordusunun zabiti, şair,
yazıçı, tarixçi və filosof Abbasqulu Ağa
Bakıxanovla görüşüb, uzun-uzadı, hər ikisini
maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparmışdılar. Berezin bu haqda
yazırdı: "Tezliklə yerli alim Abbas-Qulu Xanovu
axtarıb tapdım. İki gün onunla çox xoş vaxt
keçirdik. Ömrümdə ilk dəfə həqiqi Şərq
qonaqlığının şahidi oldum. Allah elə eləsin
ki, bütün başqa qonaqlıqlar da ona bənzəsin!
Abbas-Qulu Xanov bu arada Şərq müəlliflərinin əsərləri
əsasında Dağıstanın tam tarixini
("Gülüstani-İrəm" nəzərdə tutulur
- V.Q.) tərtib edirdi. Çox ciddi bir maraq doğuran kitabdır.
Amma təəssüf ki, müəllifin ölümü səbəbindən
indiyə qədər çap edilməmiş qalıb".
Günümüzün
saxtakar erməni "alimləri"ndən fərqli olaraq
İ.N.Berezin Quba əhalisinin guya başdan-başa
Dağıstan əsilli xalqlardan ibarət olduğunu görməmişdi.
Əksinə, burada əhalinin yalnız türkcə
danışdığının şahid olmuşdu:
"Qubalılar türk dilinin ümumi Dağıstan ləhcəsində
danışırlar. Amma möhkəm qala divarları ilə əhatə
olunan Dərbənddən fərqli olaraq sözləri
qısaltmaq əvəzinə daha da uzadır, feilin əmr
şəklinə bir "ginən" hissəciyi
artırırlar (məs. "gəl", "get" yerinə
"gəlginən", "getginən" və s.). Dərbəndlə
müqayisədə burada fars dilindən çox az istifadə
edilir.
Quba səyyah
alimə uzaqdan yaşıllıqlar içində
itib-batmış gözəl şəhər kimi
görünsə də, ilk təəssüratın aldadıcılığı
tezliklə üzə çıxmışdı.
Palçıqlı, əyri-üyrü küçələr,
hər addımda diqqəti çəkən yoxsulluq və səfalət,
adamların fəqir, çarəsiz görkəmi müəllifə
Rusiyanın hər yerində olduğu kimi, Qafqazda da təbiət
gözəlliyinin sosial dəhşətləri gizlətməyə
qadir olmadığını anlamaq imkanı vermişdi.
Amma istənilən
halda Berezinin təsviri XIX əsrin 30-40-cı illərində
bir sıra rus şairlərinin, hərbçilərinin yolunun
düşdüyü mühüm tarixi şəhəri, məşhur
Quba üsyanının baş verdiyi yeri, sanki əyani şəkildə
"görməyə" imkan yaradır: "Quba haqda daha nə
demək olar? Yerlilər ona yaxınlıqdakı
Qudyalçayın adı ilə Qudyalqala deyir. Şəhərdə
hündür dördkünc damlı üç taxta cami, evlərdə
fəaliyyət göstərən bir neçə məscid,
bir pravoslav və bir erməni kilsəsi var. 600 ev, 2000 sakin, 160
dükan mövcuddur. Qubanın müxtəlif rənglərə
çalan meşələrlə çevrələnmiş ətrafı
çox mənzərəlidir. Quba bağları ləzzətli
alması və iri armudları ilə hər yerdə
şöhrət tapıb. Şəhərin iqlimi gəlmələr
üçün zərərlidir. Yağış çox
yağır, çayın suyu içməli deyil. Yayı
isti yox, bəzən, hətta soyuq keçir, Hərdən zəlzələ
də olur. Əslində bunlar hamısı məlum
faktlardır. Elmi baxımdan xüsusi məlumat əldə edə
bilmədiyimdən yalnız Qudyalçayın sahilindən
şəhərin mənzərəsini çəkdim. Amma
indiki halda onu oxucuya təqdim etməyə cürətim
çatmır".
(Davamı
olacaq)
Sarayevo,
dekabr, 2024-cü il
Vilayət
QULİYEV
Ədəbiyyat
qəzeti.- 2024.- 20 dekabr, №50.- S.6-7.