Hidayət: "Nəbi Xəzri mənim üçün
böyük şair, dəyərli insan, əziz dost idi!"
Hidayətlə müsahibə
- Hidayət müəllim, Xalq
şairi Nəbi Xəzrini necə xatırlayırsınız?
- Nəbi Xəzri istedadlı
şair kimi geniş tanınanda, Azərbaycan Yazıçılar İttifaqının katibi olanda, - o zaman ittifaqın rəhbərliyində
iki katib vardı, - mən Zəngəzurda
məktəbli idim.
Əlbəttə, adlı-sanlı
şairin dillər əzbəri olan şeirlərini mən də sevə-sevə oxuyurdum. Sonralar tələbəlik illərində
bu istedadlı şəxs barəsində
çoxlu məlumatlar
əldə etdim: gəncliyi sevir, dəyərləndirir, dəstəkləyirdi.
Elə mənlə eyni dövrdə ədəbiyyata gələn
neçə şairə
mətbuatda "Uğur
olsun" yazdı. Ümumiyyətlə, Nəbi
müəllim gənclərin
hamisi kimi tanınırdı. Lakin biz şəxsən
görüşmədik. Həyatımın
İrəvan dövrü
başlayandan sonra isə təbii ki, ilk illər bu görüş
baş tutmadı. İllər ötəndən
- mən yazıçı
kimi də, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram teatrının direktoru
kimi də tanınandan sonra ilk görüşümüzdə birinci cümləsi indi də yadımdadır:
"Axır ki, biz görüşdük!"
Demə, yazılarımı
oxuyurmuş, mənlə
maraqlanırmış.
Mən teatrda fəaliyyətə
başlayandan klassik dramaturgiyanın nümunələri
ilə yanaşı,
o illərin çağdaş
dramaturqlarının əsərlərinin
repertuara salınıb
hazırlanmasına xüsusi
önəm verirdim. Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə,
Anar, İmran Qasımov,
Həsən Seyidbəyli,
Şıxəli Qurbanov,
Yusif Əzimzadə,
Mustafa İsgəndərzadə kimi müəlliflərin pyesləri üzrə hazırlanmış tamaşalar
ciddi maraqla qarşılanırdı. Növbəti
müraciət etmək
istədiyimiz pyes Nəbi Xəzrinin "Əks-səda" dramı
idi. Quruluş üçün tanınmış
rejissor Ağakişi Kazımovu dəvət etdik.
- Maraqlıdır, Nəbi Xəzrinin bu pyesi İrəvanda da oynanılıb?
- Əlbəttə, biz, İrəvan
Teatrını Azərbaycanın
əsl mədəniyyət
ocağına çevirmişdik:
əksər istedadlı
qələm adamlarının
dəyərli əsərlərinə
müraciət etdiyimiz
kimi, növbə Nəbi müəllimin yaradıcılığına da çatdı. Xatırlayıram,
Nəbi Xəzri İrəvana - əsərinin
ilk tamaşasına baxmağa
gəlmişdi. Tamaşa
boyu da, tamaşadan sonra da heyranlıq içindəydi. Tez-tez deyirdi: "Açığı,
mən belə gözləmirdim". Bizim
tamaşanı Milli Akademik
Dram Teatrında qoyulmuş
eyniadlı tamaşa ilə müqayisə edirdi. Təvazökarlıqdan
uzaq olmasın - xeyli məqamlarda üstünlüyü bizim
tamaşaya verirdi. Deyirdi: "Qürur duyuram - İrəvanda belə yüksək peşəkar səviyyəli
teatrımız var!"
O zaman Ermənistan mətbuatı,
televiziyası tamaşa
haqqında müsbət
rəylər, materiallar
verdi. "Sovetskaya kultura" qəzeti (keçmiş SSRİ Mədəniyyət
Nazirliyinin orqanı) özünün Cənubi
Qafqaz və Mərkəzi Asiya üzrə müxbirinin dəyərli, geniş müsbət rəyini çap elədi. O illərdə mədəniyyət,
mətbuat sahələrində
işləyənlər bilirlər:
"Sovetskaya kultura"
qəzetində müttəfiq
respublikaların teatrlarının
tamaşaları (o da ola İrəvanda
Azərbaycan Teatrı!)
haqqında nadir hallarda
geniş rəy verilirdi, əsasən, kiçik informasiyalar ilə
ötüşürdülər. Müəllifi İrəvan
televiziyasının əsas
kanalına dəvət
etdilər, geniş müsahibə aldılar.
Nəbi
müəllimin partiyanın
Mərkəzi Komitəsində,
Mədəniyyət Nazirliyində,
Yazıçılar İttifaqında,
digər qurumlarda maraqlı görüşləri
keçirildi. Vedibasarın
Xalsa kəndindəki görüş isə unudulmazdır. Ağzınacan
dolu böyük mədəniyyət sarayında
üç saatdan çox davam edən tədbir, şübhəsiz, iştirakçıların
yaddaşına ömürlük
həkk olundu. İran
səfərindən yenicə
qayıtmış şair
inqilabın nəticələrindən,
on milyonlarla soydaşımızın
ovqatından maraqlı
söhbətlər açdı.
Şair
o vaxt dörd gün İrəvanda qaldı, onunla keçirilən hər saat maraqlı, unudulmaz idi. Mən o ilin özündə Ermənistan
mətbuatında bu səfəri İrəvanın
Nəbi Xəzrili günləri adlandırmışam.
Bundan sonra bizim aramızda
telefon əlaqələri
intensivləşdi, mənim
zəngim ləngiyəndə
özü zəng açardı. İlk sözü:
"Haralardasan? Nigaran
qaldım..." Mənim
Bakıya köçməyim
hazırlananda, çox
həyəcan keçirirdi.
Böyük dövlət
xadimi Heydər Əliyev Siyasi Büro üzvü,
SSRİ Nazirlər Sovetinin
birinci müavini seçilərək Moskvaya
getmişdi. Milli siyasətdən
xəbərsiz rəhbərliyə
təyin olunmuş
Kamran Bağırov isə
sanki Heydər Əliyev məktəbini keçməmişdi.
"Görəsən, İrəvandakı
fəaliyyətini buranın
rəsmiləri lazımınca
dəyərləndirib ona
layiq işlə təmin edəcəklər?"
- deyə düşünən
Nəbi müəllimin
özü də imkanları daxilində bu problemlə ardıcıl məşğul
olurdu. Mən "Gənclik" nəşriyyatının
əvvəlcə baş
redaktor müavini, az sonra baş
redaktoru təyin olunanda, azacıq da olsa, təsəlli tapdı.
- Biz çox vaxt şəxsiyyətlərimizə
qiymət verməkdə,
onları dəyərləndirməkdə
yubanırıq...
- Nəbi
Xəzri nəhəng
Sovetlər Birliyi məkanında geniş tanınan şairlərimizdən
biri idi. Dostları sanki ulduz-ulduz səpələnmişdi.
15 müttəfiq respublikada
şeir topluları
"SSRİ xalqları" dillərində də, xaricdə də ardıcıl çap olunurdu, nəşr edilirdi. Ümumittifaq komsomol mükafatı laureatı oldu, sonra - SSRİ Dövlət
mükafatı laureatı!
Qalırdı bircə
o dövrün nüfuzlu
Lenin mükafatı!
Mən bu barədə Nəbi müəllimlə
neçə dəfə
danışdım. Susurdu,
fikirləşirdi... Bir gün
ona şeirlər toplusunu "Gənclik"
nəşriyyatının tematik
planına salmaq istəyimi bildirəndə
dedi: "Rus dilinə
tərcümələri sal".
Rus dilində irihəcmli
şeirlər və poemalar kitabını tematik plana daxil etdim. Köhnə tərcümələrin təkrar
nəşrini istəmədi.
Moskvadan iki gənc, istedadlı tərcüməçi dəvət
olundu. Onlar bir aydan çox
Bakıda qaldılar, gərgin işlədilər.
Kitab hazırlandı və
yüksək poliqrafik
icrada nəşr olundu. Bu toplunun Lenin mükafatına təqdim olunduğunu eşidəndə,
nəşriyyatın bütün
kollektivi sevinc içindəydi, ədəbi
ictimaiyyət isə həm bu nəşrlə
maraqlanır, həm də təəccüblənirdi.
Axı o illərdə
müttəfiq respublikalarda
nəşr olunan kitablar (özü də uşaqlar və gənclər üçün ədəbiyyat
çap edən nəşriyyat ola) Lenin mükafatına
təqdim olunmazdı.
Təəssüf ki, əsər
Lenin mükafatı komitəsində
sonuncu müzakirədən
keçmədi. Onu da
deməyə bilmirəm
ki, Nəbi Xəzrinin
artıq dediyim kimi - hər yerə səpələnmiş
ulduz-ulduz dostları kimi qısqancları, paxılları da varmış,
Moskvada da, qəribə
səslənsə də,
Bakıda da.
- Nəbi Xəzrini şair kimi tanısaq da, o, həm də maraqla qarşılanan pyeslər
müəllifi idi...
- Nəbi Xəzrinin dram yaradıcılığı əsl
şair dramaturgiyasının
nümunələri idi.
Bu baxımdan, onun rejissor Mərahim Fərzəlibəyovun quruluşunda
Milli Akademik Dram Teatrında
uğurla tamaşaya qoyulan "Torpağa sancılan qılınc"
əsəri son dərəcədə
maraqlı və xarakterikdir. Bir neçə
dəfə baxdığım
"Dədə Qorqud"
dastanının motivləri
əsasında yaranmış
bu monumental tamaşa haqqında o vaxtlar rəy də yazdım, o məqalə mətbuatda çap da olundu. Televiziyaya geniş müsahibə verdim. Amma ürəyim soyumadı, düşüncələrim
misralara çevrildi:
Dədə, necə gəldin
payi-piyada
Bu uzaq yolları qoca çağında?
Əsrlər üstüylə addımlasan
da, -
Gəldin
əsrlərin öz qucağında.
Bu şeirin davamı yadımda deyil. O illərdə mətbuatda çap olunub, televiziyada oxunub, kitablarıma salınıb...
- Nəbi müəllimi şəxsiyyət olaraq səciyyələndirən əsas
xüsusiyyət hansı
idi?
- Nəbi Xəzri dostla dost, rəqiblə rəqib idi. Dostdan hər məsələ üstündə
inciməzdi, inciyəndə
isə barışığı
çətin məsələyə
çevrilirdi. Bu baxımdan
bir epizod heç yadımdan çıxmır. Bu barədə
"Əziz Əliyev,
Səməd Vurğun,
Rəsul Həmzətov
və... mehriban düşmənlərin barışığı"
essemdə yazmışam,
"Ədəbiyyat qəzeti"ndə
də, Dağıstanda
da çap olunub. Ancaq indi də
xatırlamaya bilmirəm:
Səməd Vurğunun
anadan olmasının
90 illiyinin keçirilməsinə
hazırlıq vaxtlarıydı.
Mən növbəti dəfə Ulu Öndər
Heydər Əliyevin qəbulunda olanda, öz sahəmlə bağlı məruzələri
etdikdən, tapşırıqları,
tövsiyələri dinlədikdən
sonra dəftərçəmi
örtüb kabinetdən
çıxmaq üçün
icazə istəməyə
hazırlaşanda, Prezident
əliylə işarə
etdi ki, hələ əyləşim.
"Sən Rəsul Həmzətovu Səməd
Vurğunun yubileyinə
gətir." "Dəvət
elə", ya "gətirməyə çalış"
demədi, tapşırdı:
"gətir". "Aydındır,
cənab Prezident,"
- dedim.
Düşüncələr içində öz kabinetimə qayıtdım.
Fikir məni götürdü: "Nə
edəcəyəm, necə
gətirəcəyəm?"
Rəsul
Həmzətovun poeziyasını,
"Mənim Dağıstanım"
esse-romanını çox
sevmişəm, hətta
gəncliyimdə ona şeir də həsr etmişəm. Amma
1988-ci ildə, onun
SSRİ Ali Soveti Rəyasət
Heyətinin iclasında
həqiqətin astar üzündən də uzaq çıxışına
qədər. O çıxış
bütün Azərbaycanı
ayağa qaldırdı,
onun Azərbaycan və rus dillərində
çıxan kitablarını
oxucu "avtoqrafları"
ilə geriyə - Dağıstan Yazıçılar
İttifaqına, Mahaçqaladakı,
Moskvadakı mənzillərinə
göndərirdilər. Rəsul
Həmzətov isə...
yaxın dostu Nəbi Xəzriyə məktub yazıb "Literaturnaya qazeta"da çap etdirmişdi. Sözünün canı:
"Mən nə demişdim ki?.."
Nəbi
Xəzri ona cavab yazdı, ancaq "Literaturnaya qazeta" dərc eləmədi. O illərdə
mətbuatda dedim ki, Nəbi Xəzrinin cavab məktubu cibində qalıb. Nəbi müəllim onu Azərbaycan mətbuatında dərc etdirməli oldu.
Mənim
bu mövzuda Nəbi müəllimlə
də, Rəsul Həmzətovun tərcüməçiləri
Vilayət Rüstəmzadə,
Sabir Azəri ilə də ciddi söhbətlərim oldu. Üçünün də
fikri eyni idi. Belə gözləmirdik.
Beləcə, Rəsul Həmzətovu
Bakıya gətirməliydim,
amma necə? Yəqin ki, o məni tanımırdı. Anarı
dəvət elədim,
məsələni ona
açdım, dedim:
"Siz başlayın,
mən davam edim".
Mahaçqalanı caladılar. Anar
müəllim ona dedi: "Səməd Vurğunun yubileyidir." Rəsul Həmzətov o andaca soruşdu: "Teleqramı hara göndərim?
Yazıçılar İttifaqına?"
Yəni gəlmək məsələsi söhbət
mövzusu deyil.
Anar müəllim ona dedi: "Çoxdan Bakıda olmayıbsınız.
Azərbaycanın Milli Siyasət
məsələləri üzrə
Dövlət müşaviri
sizlə əlaqə saxlayacaq..."
Ertəsi
gündən mənim
telefon zənglərim
başladı. İlk söhbətimizdə
dedi: "Sizi burda yaxşı tanıyırlar..." "Dedim:
"İnşallah, Sizlə
də tanış olarıq..." Çox çalışdım, bu
barədə söz açmaq istəmirəm,
bircə onu deyirəm ki, hətta Dağıstan Dövlət
Şurasının sədri
(Prezident statusunda) Məhəmmədəli Məhəmmədovla,
Baş nazir Xizri Şıxsəidovla, Milli Siyasət,
mədəniyyət, təhsil,
hətta səhiyyə
nazirləri ilə də danışıqlar
apardım. Axır ki,
gəlişi reallaşdı.
Yubileyə 3-4 gün qalmış
Rəsul Həmzətov
mənə zəng çaldı, söhbətimiz
sona yaxınlaşanda
dedi: "Patimatın sözü var, dəstəyi
verirəm ona."
Patimat xanım dedi: "Biz Bakıya çatan kimi, bəlkə hoteldə yerləşməkdən
öncə Nəbigilə
getməliyik. Gülara
üçün başsağlığı
verməliyik..."
Ona zəng etdim: "Nəbi müəllim, köhnə dostunuz Bakıya gəlir." Soruşdu: "Kim?" "Rəsul
Həmzətov." Susdu.
Mən davam etdim: "Nəbi müəllim, Bakıya çatan kimi Sizə gələcəklər."
"Mən satqınları
qəbul etmirəm,"
- qəti bildirdi.
"Nəbi müəllim,
Gülara xanım üçün başsağlığı
verməyə gəlir".
"Mənim arvadım
doqquz ildir dünyasını dəyişib."
- Söhbətimiz davam
etdi, qonağı qəbul etmək fikri ondan çox
uzaq idi. Onu yormaq, əsəbiləşdirmək
istəmədim: "Mənim
xahişim bağlanmır,
yenə qaydacağıq
bu söhbətə".
Sonra bu mövzuda söhbətim yalnız Nəbi müəllimlə
olmadı, oğlu Arzu ilə, kürəkəni ilə
(adını unutmuşam, o vaxtlar Səbael Rayon İcra Hakimiyyətində işləyirdi)
danışdım. Rəsul
Həmzətovun gəlməsinə
bir gün qalmış Nəbi müəllim mənə zəng çaldı:
"Havaxt gələcəksiniz?"
Ertəsi
gün qonaqlar Prezidentin Qonaq Evində yerləşən
kimi, Nəbi Xəzrinin evinə gəldik, qapının kandarında Gülara xanımın xatirəsi ehtiramla yad olundu. Uzun müddət şam süfrəsi ətrafında oturduq. Ali Sovetin o bədnam sessiyası xatırlanmadı.
Rəsul
Həmzətov etiraflarını
Səməd Vurğunun
yubiley gecəsində
etdi: "Səməd
Vurğun torpaqları
işğal etmirdi, ürəkləri fəth
edirdi!.."
Səməd Vurğunun
Ev Muzeyində isə çoxsaylı jurnalistlər önündə:
"O vaxtlar mənim dörd yanımı yalanlar bürümüşdü..."
- dedi.
Qonaqlar hələ Bakıdaykən,
bizə məlumat daxil oldu ki, Rəsul Həmzətov
Fondu (rəhbəri erməni
idi) üç gün sonra Dağlıq Qarabağ məsələsinin "həlli
yolları"nı müzakirə
edəcək. Bunu Rəsul Həmzətova bildirən kimi dərhal fonda zəng çaldı və tədbiri ləğv etdi.
Ulu Öndər Rəsul Həmzətovu xanımı
ilə qəbul etdi, şam ziyafəti verdi. Rəsul etiraflarından sonra yenə oldu Azərbaycanın və Nəbinin dostu. Ulu Öndərin böyüklüyü həm
də bundaydı.
Sonra mənim Rəsul Həmzətovla çox görüşlərim oldu.
- Mahaçqalada, Elistada...
Deyərdi: "Hidayət
mehriban "düşmənləri"
barışdırdı". Deyirdim: "Rəsul Həmzətoğlu, mehriban
"düşmənləri" Heydər Əlirza oğlu barışdırdı,
mən onun köməkçisi kimi vəzifəmi yerinə yetirmişəm".
Bu barışıq Azərbaycanla
Dağıstan arasında
mehriban qardaşlıq
münasibətlərinin bərpasında
mühüm rol oynadı. Bu, ayrıca bir geniş söhbətin mövzusudur.
- Nəbi Xəzri həm də ictimai xadim kimi
mədəni əlaqələrimizin
genişlənməsində xüsusi xidmətləri ilə tanınır.
- Nəbi Xəzri uzun illər Azərbaycanın Xarici Ölkələrlə Mədəni
Əlaqələr Cəmiyyətinin
sədri oldu. Bu vəzifədə özünü
bacarıqlı ictimai
xadim kimi təqdim edirdi. Sovetlər Birliyi dönəmində respublikalarda
Xarici İşlər
Nazirlikləri sırf
rəmzi məna daşıyırdı. Nəbi
Xəzrinin rəhbərlik
etdiyi Cəmiyyət isə ölkəmizin həqiqətlərinin xaricdə
yayılmasında çox
iş görürdü.
Mən bunun 1988-ci ildə cəmiyyətin xətti ilə Macarıstanda keçirilən
ölkəmizin mədəniyyət
günlərində əyani
şahidi oldum. On günədək davam edən səfərdə Budapeştdə və digər şəhərlərdə
xalqımızın zəngin
mədəniyyət nümunələrini
təqdim etməklə
yanaşı, yeni başlamış
erməni təcavüzünün
törətdiyi və
törədəcəyi fəsadlar
barədə macar ictimaiyyətinə və rəsmilərinə hərtərəfli
məlumatlar verilirdi.
O illərdə bu cəmiyyət Xarici İşlər Nazirliyinin
görə bilməyəcəyi
işləri həyata
keçirirdi. Və hər il bir neçə ölkədə
belə tədbirlər
baş tuturdu. Üstəlik də, milli diasporumuzun formalaşmasına
xüsusi təkan verirdi...
- Bəs görkəmli şairin sizinlə dostluğu necə möhkəmləndi?
- Bizim dostluğumuz başlayanda, Nəbi müəllim iyirmi yaş məndən böyük idi, o illərdə Sovetlər Birliyində və xaricdə çox tanınırdı, amma mənlə, az qala, öz həmyaşıdı
kimi davranırdı. Əlbəttə, mən də onun yerini
bilirdim və gözləyirdim. Nəbi Xəzridən nə qədər danışsam
da, ürəyim yenə
dolu qalacaq. Sonda ürəklə demək istəyirəm: Nəbi Xəzri - böyük şairimiz, dəyərli insan, əziz dostum idi!..
Söhbətləşdi: Azər TURAN
Ədəbiyyat qəzeti.- 2024.- 20 dekabr, №50.- S.8-9.