Salam çörəyə,
gülə, Günəşə
Salam sənə, İnsan!
Salam sənə, doğma yurd!
Doğma
lisan!
Salam sənə, ən ulu eşq!
Bu torpaq!
Salam sənə, odlu diyar!
Yanar çıraq!
Salam sənə, anam!
Can yadigarım!
Salam sənə, nakam sevgim!
Rüzgarım!
Salam sənə, bircəciyim!
Evladım!
Salam sənə, kövrəkciyim!
Qanadım!
Salam sənə, dünyam!
Sərhədli dünyam!
Salam sənə, dumanlı, dərdli dünyam!
Salam sizə, dərin-dərin dəryalar!
Salam sizə, yalqız, yalçın qayalar!
Salam olsun, salam!
Bir də sizlərə -
Salam olsun, Təbrizli əzizlərə!
Salam olsun, ulduzlara, atəşə!
Salam, bir də çörəyə,
gülə, Günəşə!..
Mənim eşqim
Mənim
eşqim rüzgarlardır
-
dağ tanımaz, dərə bilməz.
Mənim
eşqim ilk bahardır
-
sevincləri saya gəlməz.
Mənim
eşqim azad quşlar -
nə bənd bilər, nə də çəpər.
Mənim
eşqim qaranquşlar
-
ruhuma müjdələr səpər.
Mənim
eşqim al səhərlər
-
çiçəklər huşun itirər
Mənim
eşqim ağ kəhərlər -
Təbrizə təbrik yetirər.
Mənim
eşqim atəş, ocaq -
Novruzgülüm qızınacaq!
Mənim
eşqim qucaq-qucaq -
Anam torpağa qonacaq...
Ulu nənəm, Gün xanım, hey...
Bu torpağın öncə
Günəşi doğub.
Bu torpaq sarı tellərdən yoğrulub.
Bu torpağın ulu nənəsi
Gün xanım olub...
Gün xanım, Günəş xanım!
Andım,
tanrım, imanım!
Yadındamı,
tellərindən bir cüt hörük toxudun,
bağışladın anama?
Hə, bax onu deyirəm,
ey!
Allah apardı, getdi...
O telləri bu torpaqdan
uf demədən,
zorla qopardı, getdi.
Gün xanım, Günəş xanım!
Gözəlim, mehribanım!
O titrək əllərinlə
titrək
kirpiklərimə
bir yol sığal çək!..
Yoxsa, yoxsa...
göz yaşlarım... donacaq,
qırov
tutacaq onları...
Gün xanım, Günəş xanım!
eşqim,
duam, qızıl banım!
Uzat sarı tellərini,
uzat, əllərim çatmır.
Uzat, uzat, sarıl mənə,
sarıl
mənə, çək
məni,
çək məni, apar məni.
Agah ol! Çatarsam,
odundan ovuc-ovuc udacağam...
Boğazımda qurşun qalacaq,
Günəş!
Ləçəyinin istisinə... möhtacam...
Eşidirsənmi, ulu nənəm, hey!
Gün xanım, Günəş xanım!
Sapsarı xanımanım!
Yol
gedirəm
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından
qırılanadək.
Saçlarımda rüzgarım,
Ruhumda
ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz
Qərib
canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.
Mənə yaman soyuqdur, Günəş...
Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum
mənzərəsinə dözümsüz
oluram.
Axı üşüyürəm mən
hərdən
azad qanad yoluna atəş
açan
zalım
ovçu üzündən.
...Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar,
apar!..
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Bilməz idim
Bilməz
idim eşq nədir, qəm nədir,
Bilməz
idim gül nədir, şəbnəm
nədir.
Bilməz
idim kiprik nədir, nəm nədir,
sən öyrətdin, qaytar apar, istəməm!
Bilməz
idim ay necə dolanarmış,
Bilməz
idim ay gecə dolanarmış,
Bilməz
idim sinəm belə yanarmış,
sən öyrətdin, qaytar apar, istəməm!
Bilməz
idim üzün belə dönükmüş,
Bilməz
idim eşqin belə sönükmüş,
Sevdamıza yağış da, qar
da çökmüş
bilməz
idim, qaytar apar, istəməm!
Biz ki qu quşlarıydıq
İkimizə bir yuva,
İkimizə bircə dən...
Bəs idi.
Qonşularımız idi yaşıl göllər.
Amma dimdiyimizə sıxılan
"o tək damla"
demə
təsəlli imiş
göylərdən. Bəs
idi.
Biz ki, qu quşlarıydıq.
Bizim öz mahnımız vardı,
Sədasına üfüqlər oyanardı...
Biz vardıq. Biz asimandaydıq.
Biz buludları yarırdıq,
qıyy
vururduq, yorulmayırdıq!
Günəşi çətir tutub
başımız üstünə
Kimdən
ki, qorunduq?
Biz ki, qu quşlarıydıq!..
Başımız "cənnət ağacının"
budaqlarında,
üzümüz "Xədicə çiçəyi"
dodaqlarında,
dilimiz üstündə buğda
duası öldük.
Təəssüf yox idi ölümümüzdə,
O imiş deyirəm gördüklərimiz.
Nə dəryaz var idi, nə xırmanımız,
Aman, ovçu!!!
İndi, qov kimi bu
boşluqda
Hey uçur, hey uçar...
Günahsız ruhumuz, xəyallarımız.
Ah, biz ki,
qu quşlarıydıq!?.
Apar, məni də apar
Mən gedirəm axar çaya deyəm ki,
Mənim
sadiq yarım ol,
Al məni də qoynuna,
apar get.
Mən gedirəm axar çaya deyəm ki,
Mən burda darıxıram, ögey kimiyəm sanki.
Apar məni uzaqdakı məcrana,
Ört üstümü çınqıl-mərcanlarınla,
Apar, get.
Könül yaman sıxılır...
Apar get, ən dərin dəryaçana
O sözü də...pıçılda sən
ona.
De ki, asimanla aranızda qalacaq
Mənim
sənə sonuncu dediklərim.
Apar get...
Apar, apar,
Yadlardan
yorulmuşam, aşiyan
ol,
Sərinlik istəyir can...
Apar, məni də apar,
Daha könül qəhr edir.
Apar, apar!
Axar çay...
Məni mənə vermədilər
Nə dərd, nə ələm bildilər,
Nə istədim vermədilər.
Əslində nə istədim
ki?
Düzləri görmək istədim
-
ürək üçün.
Bir veyl külək istədim -
seyr edib yer üzünü,
azadə
nəfəs dərib,
asudə
ölmək üçün.
Vermədilər.
Könlüm bir könül
istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq... istədi
sinəm
ilə bərabər
dərdlərinə çökməyə!
Vermədilər.
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim,
Yollarımı hördülər
məni
məndən aldılar,
məni
mənə vermədilər.
Hey yandım, hey çırpındım,
çırpındım fəğan eylədim,
Vermədilər, vermədilər,
məni
məndə görmədilər,
məni
mənə vermədilər.
Ürəyimi eşit, dünya
Dünya
çiyinlərimdə,
çiynim dünyadan ağır,
endirdim başımı çiynimin
üstə
gördüm qollarım yoxdur.
İki qolum - iki budaq.
İki qolum ikisi də
dirəndilər göy
üzünə.
Baxdım
bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir göy
üzündən.
Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş.
Torpaq iki haçadır,
Körpu
heyrət içində,
Məftillər qocalıbdır,
gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
Dünya,
mənə həyan ol,
Göyləri səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!
Dünya,
mənə yiyə
dur!
O sahilə... baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır
Dağlar
boy vermir mənə,
barı
Allah göyündə
qollarıma yol eylə!
Dünya,
özün cavab ver!
Mənim
bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündəcə
bədənsiz necə uçacaq?
Ömrü darda, başı
qalda,
o təklənən torpağımı...
görən, havax, hansı üzlə
hansı
təşviş içində...
necə,
nə cür qucacaq?!.
Nurəngiz Gün
Ədəbiyyat qəzeti.- 2024.-
20 dekabr, ¹50.- S.11.